Ukraynanın separatçıların nəzarətində olan Luqansk şəhərində yerli separatçıların rəhbəri İqor Plotnitskiyə yaxın şəxslərin həbsinə başlanıb, onun özü isə “hökumət evi”ndə mühasirədə saxlanılır.
APA-nın "unian.net" saytına istinadən verdiyi məlumata görə, “Luqansk Xalq Respublikası”nın vəzifədən çıxarılan daxili işlər naziri İqor Kornetə sadiq qüvvələr “rəsmi” binaları tədricən nəzarətə götürür.
Bu gün yerli vaxtla saat 11.50-də 200 hərbçi yerli Baş Prokurorluğa hücum çəkərək, baş prokuror vəzifəsini icra edən V. Podobrıy və idarə rəisi S. Raxnonu saxlayıblar.
Qeyd edək ki, noyabrın 20-də qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri İ. Plotnitskiy daxili işlər naziri İ. Korneti vəzifəsindən azad edib. Ancaq İ. Kornet İ. Plotnitskiyə tabe olmaqdan və istefa verməkdən imtina edib.