Milli Məclisin (MM) dünən keçirilən plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi davam edib.
Millət vəkili Yevda Abramov büdcə zərfi ilə tanış olandan sonra çıxış edib: "Keçənilki büdcədən sonra builki büdcənin belə olacağına mənim kimi həmkarlarımın da ümidi yox idi. Xalqın bir illik taleyi büdcənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Dünən qiymətlər haqqında həmkarlarım danışdı. Biz bilirik ki, respublikanın iqtisadiyyatı liberal iqtisadiyyatdır. Tələb və təklif qiyməti müəyyən edir. Dünya bazarında neftin qiymətinin qalxıb-düşməsi bir sıra ölkələrdə qiymətlərə elə də təsir etmir. Qonşu Rusiyada ən azı 18 məhsul dövlət tərəfindən qorunur. Bu da əhalinin rifahının qorunub saxlanılmasına xidmət edir. Ancaq bizdə təəssüf ki, neftin qiyməti 60 dollar olanda da qiymətlər eyni səviyyədə qalır. Azərbaycanda qiymət qalxdısa, onun enməsi çətin olur".
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, səhiyyə sahəsinə ayrılan vəsait çox azdır, bu vəsait artırılmalıdır. Komitə sədri qeyd edib ki, səhiyyə sahəsində çalışanların əmək haqları olduqca aşağıdır: "Bölgələrdə müasir infrastruktura malik səhiyyə müəssisələri tikilir. Amma əmək haqlarının aşağı olması bu mərkəzlərin effektiv çalışmasına mane olur. Mən büdcəyə diqqət elədim, gələn il səhiyyə sahəsinə ayrılan xərclər azalıb. Əgər biz səhiyyə sahəsinə ayrılan vəsaitləri sabit saxlasaq və ya azaltsaq, gələcəkdə səhiyyə sahəsində problemlərlə üzləşə bilərik. Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Səhiyyə sahəsinə ayrılan vəsait artırılmalıdır ki, adambaşına düşən səhiyyə xərcləri bu artıma uyğun olsun. Maliyyə Nazirliyindən bu cür ciddi məsələyə diqqət etməyi xahiş edirəm".
Millət vəkili Çingiz Qənizadə çıxışında Azərbaycanda polis müstəntiqlərinin sayının artırılmasını təklif edib. Ç.Qənizadə bildirib ki, ölkənin iri şəhərlərində polis orqanlarında müstəntiqlərinin sayı azdır: "Araşdırmalar nəticəsində bəlli olub ki, xüsusən də Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə hər bir polis müstəntiqinə 20-25 iş düşür ki, bu da normadan xeyli çoxdur. İşlərin sayının çoxluğu müstəntiqin keyfiyyətli istintaq araşdırmasına imkan vermir. Problemi aradan qaldırmaq üçün müstəntiqlərin sayını artırmaq lazımdır. Yaxşı olar ki, ən azı iri şəhərlərdə polis idarələrin əlavə 3-4 polis müstəntiqi ştatı ayrılsın. Bunun üçün büdcədən əlavə vəsaitin ayrılmasına ehtiyac var". Deputat daha sonra bazarda qiymət artımına etiraz edərək, bu sahəyə nəzarətin artırılmasını təklif edib.
Millət vəkili Fuad Muradov Maarifçi Tələbə Kredit Fondunun büdcədən maliyyələşdirilməsini təklif edib. O, deyib ki, bəzi tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkir: "Bizim komitəyə tələbələrdən çox müraciət daxil olur. Bu müraciətlərin çoxu onların təhsil haqlarını ödəyə bilməmələri ilə bağlıdır. Bilirsiniz ki, Gənclər Fondu yaradılıb və hər bir gənc öz layihələrini bu Fonda təqdim etməklə reallaşdıra bilirlər. Bu baxımdan dövlət büdcəsindən Maarifçi Tələbə Kredit Fondunun maliyyələşməsinin təmin edilməsi bu istiqamətdə irəliləyişə səbəb ola bilər". Millət vəkili "Azəristiliktəchizat" ASC-nin fəaliyyətindən narazı olduğunu da qeyd edib. O bildirib ki, Xətai rayonu vaxtilə sənaye regionu kimi tanınıb: "Bu rayondakı zavod, fabriklərə məxsus yataqxanalar olub. Bu yataqxanalardan bəziləri sökülüb. Amma qalanlarının istiliklə təchizatında problemlər var. "Azəriqaz" İstehsalat Birliyi və "Azəristiliktəchizat" ASC arasında problem var. "Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. "Azəristiliktəchizat" işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu, strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın".
Vitse-spiker Bahar Muradova qeyd edib ki, ölkədə insan hüquqlarına təsir edən amillər var: "Bu amillər, əsasən, hüquq mühafizə, təhlükəsizlik orqanları və məhkəmələrlə bağlıdır". O qeyd edib ki, bəzən işin çoxluğu, hakimlərin və müstəntiqlərin fəaliyyəti ilə bağlı yaranan problemlər insan hüquqlarına təsir edir. B. Muradova vəkillik sahəsində də ciddi problemlərin olduğunu bildirib. Vitse-spiker vurğulayıb ki, vəkilləri əvəz edən müdafiəçilərlə bağlı qanunvericiliyə tənzimləmə ediləndən sonra bu sahəyə ciddi diqqət yetirmək lazımdır. B. Muradova bildirib ki, insan hüquqlarına təsir göstərən bir sıra amillər birbaşa və dolayısı yolla hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlıdır: "Vəkillərin, hakimlərin, müstəntiqlərin fəaliyyəti zamanı rast gəlinən çətinliklər dolayısı ilə, yaxud birbaşa insan hüquqlarına təsir edir. Əlbəttə, hakimlərin sayı artırılmalıdır və bunun gələn ilin büdcəsində nəzərə alınması vacibdir".
Çıxışlardan sonra büdcə zərfi ilə bağlı müzakirələr dayandırılıb və müvafiq dövlət qurumlarının rəhbərləri, o cümlədən, büdcə zərfini təqdim edən maliyyə naziri Samir Şərifov tərəfindən iki gün ərzində səsləndirilən təklif və iradlar cavablandırılıb.
Kamil HƏMZƏOĞLU