Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycandakı görüşlərini yekunlaşdırdıqdan sonra Ermənistana yollanıb.
Bakıda prezident İlham Əliyev və həmkarı Elmar Məmmədyarovla bir araya gələn, təkbətək və geniş nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edən Kreml rəsmisi problemin həllini zəruri hesab etsə də, o qədər də nikbin açıqlamalar verməyib. Lavrov Qarabağ danışıqlarının davam etdirilməsini zəruri hesab edir, lakin konfliktin həlli üçün müəyyən vaxtın tələb olunduğunu gizlətmir. Eynilə bu əhval-ruhiyyədə İrəvanda görüşlər keçirən Rusiya xarici işlər naziri Ermənistan prezidenti Serj Sarkisyan və həmkarı Edvard Nalbandyanı Bakı müzakirələri barədə ətraflı məlumatlandırıb. Bütün bunlar danışıqların ictimaiyyətə açıq tərəfləridir. Həm Bakıda, həm də İrəvanda S.Lavrovla bağlı qapılar arxasında aparılan müzakirələr isə mətbuata açıqlanmır. Hər halda Rusiyanın xarici siyasət idarəsi rəhbərinin regiona səfər edəcəyini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rus həmkarı Vladimir Putinlə Soçi görüşündən dərhal sonra açıqlaması, bunun ardınca Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ayrı-ayrılıqda müzakirələr aparması çox ciddi mətləblərdən xəbər verir. Lakin Rusiyanın bu fəallığının son günlər Qarabağ prosesi ətrafında hökm sürən intensivliyin lehinə, yoxsa, əleyhinə yönəldiyi aydın deyil.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qeyd edib ki, ötən ilin aprel döyüşlərindən sonra Rusiyanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına dair ümidlərimiz var idi: "Kreml rəhbərliyinin təkidli xahişləri ilə Azərbaycan ordusu əks-hücum əməliyyatlarını dayandırdı. Rəsmi Moskva münaqişənin danışıqlar yolu ilə qısa müddət ərzində həll olmasına dəstək verəcəyini bildirmişdi. Lakin gözləntilərimiz özünü doğrultmadı. Münaqişənin tənzimlənməsi məsələsində hələ də irəliləyiş əldə olunmayıb. Halbuki Rusiya bu problemi həll etmək iqtidarındadır".
Azərbaycan ordusunun xeyli gücləndiyini deyən E.Həsənli bildirib ki, əgər aprel döyüşləri bir həftə davam etsəydi, münaqişə çoxdan həllini tapmışdı: "Dördgünlük müharibə Azərbaycanla Ermənistan arasında bütün fərqləri ortaya qoyub. Beynəlxalq ictimaiyyətə bir daha sübut olundu ki, dövlətimiz bütün parametrlərə görə işğalçı ölkədən üstün vəziyyətdədir. Ermənilərin "keçilməz Ohanyan səddi" adlandırdıqları müdafiə xəttinin Silahlı Qüvvələrimiz tərəfindən qısa vaxt ərzində darmadağın edilməsi düşmən ölkəyə baha başa gəldi. Bundan sonra Ermənistan ordusunda başda müdafiə naziri Seyran Ohanyan olmaqla, bir çox generalın istefaya göndərilməsinin şahidi olduq. Əgər atəşkəs bərpa edilməsəydi, bir neçə gün ərzində işğal altındakı torpaqlarımızı geri qaytarmaq mümkün olacaqdı. Əfsuslar olsun ki, düşmən yenə də ağlını başına yığmır, münaqişənin yenidən danışıqlar masasına qaytarıldığı bir vaxtda konstruktiv mövqe nümayiş etdirmək istəmir".
Rusiyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olduğunu xatırladan hərbi ekspert qeyd edib ki, Kremlin bölgədə böyük təsir gücü var: "Region ölkələrindən Ermənistan Rusiyanın forpostudur. Azərbaycan isə şimal qonşusu ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinə malikdir. İki ölkə arasında əməkdaşlıq münasibətləri olduqca genişdir. Həmçinin, dövlətimizin beynəlxalq müstəvidə digər xarici ölkələrlə əlaqələrində də müsbət dinamika hökm sürür. Lakin bu əlaqələr heç bir halda nə Rusiya, nə də digər bir ölkənin maraqlarına qarşı yönəlməyib. Müstəqil siyasət xətti yürüdən Azərbaycan bütün dövlətlərlə əlaqələrini bərabərhüquqlu əməkdaşlıq əsasında qurub. O cümlədən, regionda Rusiya və İran kimi qonşu dövlətlərlə əlaqələrin inkişafına həmişə önəm verilib. Belə olan təqdirdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təsir imkanlarını işə salmasına heç nə mane olmur".
E.Həsənlinin sözlərinə görə, ABŞ, Rusiya və Fransa kimi ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri üçün şans yaranıb ki, heç olmasa, dünyada mövcud olan münaqişələrdən birini - Dağlıq Qarabağ problemini danışıqlar yolu ilə həll etsin: "Münaqişə ilə bağlı vəziyyət tam aydındır. Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalaraq torpaqlarının 20 faizini itirib. İşğalçı ölkə dinc azərbaycanlılara qarşı Xocalıda dəhşətli soyqırım aktı törədib. Bütün bunlar dünya ictimaiyyətinə çatdırılıb. Lakin hələ də ədalət bərpa olunmayıb. Ermənistan işğalçılıq siyasətini davam etdirir. Əgər buna son qoyulmasa, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini əldə rəhbər tutaraq hərbi yolla işğalçı qüvvələri öz ərazilərindən təmizləyəcək. Azərbaycan Silahlı Qüvvələri buna tam hazırdır".
Ermənistanda dərin miqrasiya böhranının yaşandığını deyən ekspert bildirib ki, ermənilər öz ölkələrini surətlə tərk etməkdədirlər: "Sosial-iqtisadi problemlərdən əziyyət çəkən işğalçı ölkə vətəndaşları, erməni gənclər Dağlıq Qarabağa görə vuruşmaq istəmirlər".
E.Həsənli qeyd edib ki, Azərbaycanda isə vəziyyət tamam fərqlidir: "Aprel döyüşləri zamanı universitet tələbələri də könüllü şəkildə səfərbərliyə can atırdılar. Lakin dövlətimiz nə səfərbərliyə ehtiyac duyub, nə də tam hərbi gücündən istifadə edib. Azərbaycan dövləti bu döyüşlər zamanı yalnız ön xətdəki qüvvələrindən istifadə edərək düşmən üzərində böyük üstünlük əldə etməyə nail olub. Heç şübhəsiz, döyüşlər davam etsəydi uğurlarımız daha da böyük olacaq, işğal olunmuş torpaqlarımız düşməndən tam azad ediləcəkdi. Hər halda ölkə rəhbərliyi bu döyüşləri dayandırmaqla bir daha sülh danışıqlarına sadiqliyini nümayiş etdirib. Ona görə də belə bir hadisənin növbəti dəfə təkrarlanması işğalçı Ermənistana baha başa gələcək".
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Ceyhun ABASOV