|
|
|
|
Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Kabardin-Balkar şairi Qaysın Quliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir olub.
Tədbirdə, həmçinin, TÜRKSOY tərəfindən nəşr olunmuş Q.Quliyevin əsərlərindən və haqqında materiallardan ibarət “Tanrının qılıncı” kitabı təqdim edilib, Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar TÜRKSOY tərəfindən keçirilən tədbirlərə yekun vurulub.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, tədbir iştirakçılarını salamlayıb, TÜRKSOY-la birgə keçirilən tədbirlərdən danışıb.
Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev TÜRKSOY tərəfindən türk xalqlarının dahi şəxsiyyətlərinə verilən yüksək qiymətdən söz açıb, türk xalqlarının nümayəndələri, Azərbaycanda yubileyləri qeyd olunmuş Ə.Z.Validi Toğana, Abdulla Tuqaya, Toktakul Satılqanova, Yusif Xas Hacib Balasaqunluya, Xoca Əhməd Yasəviyə və başqalarına həsr olunmuş tədbirlərdən, TÜRKSOY-un türk mədəni irsinə verdiyi qiymətlərdən danışıb.
TÜRKSOY-un Baş katibi, professor Düsen Kaseinov tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirib.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, yazıçı Sona Vəliyeva, Kabardin-Balkar Yazıçılar İttifaqının sədri Mütalip Beppayev türk dünyasının böyük ədiblərinin təbliği istiqamətində TÜRKSOY təşkilatının xüsusi rolunu vurğulayıb, belə tədbirlərin bütün türk respublikalarında keçirilməsini arzulayıblar.
Xalq şairi Nəriman Həsənzadə, professor Rüstəm Kamal, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türkdilli ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Elman Quliyev çıxış edərək Qaysın Quliyev yaradıcılığından danışıb, şeirlərinin yeddi dilə - Azərbaycan, balkar, qazax, qırğız, özbək, rus, türk dillərinə tərcümə olunaraq kitaba daxil edildiyini təqdirəlayiq hal kimi vurğulayıblar.
Kabardin-Balkar Respublikasının Müasir Humanitar Akademiyanın Nalçik filialının direktoru, Qafqazın elm, təhsil və biznes üzrə İctimai Akademiyasının Prezidenti professor Aliy Atabiyev, Karaçay-Çerkez Respublikasının Xalq şairi, “Mingi-Tau” ədəbi-bədii və ictimai-siyasi jurnalının baş redaktoru, Rusiya Lermontov Komitəsinin həmsədri Askar Doduyev çıxışlarında Q.Quliyevdən söz açıb, onun şeirlərini söyləyiblər.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi M.P.Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına müvafiq olaraq bu yubileylə əlaqədar TÜRKSOY təşkilatı tərəfindən görülən işlər haqqında məlumat verib.
M.P.Vaqifin 300 illik yubileyi ilə əlaqədar TÜRKSOY tərəfindən keçirilən tədbirlərə yekun vurularaq, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev Milli Kitabxananın direktoru Kərim Tahirov, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Molla Pənah Vaqif medalı” ilə təltif olunublar.
Rusiya Lermontov Komitəsinin həmsədri Askar Doduyev Vaqif Əliyevə, Xalq şairləri Nəriman Həsənzadəyə, Fikrət Qocaya, TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlıya “Qaysın Quliyev medalı”nı təqdim edib.
Tədbir iştirakçıları Q.Quliyevin yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.
Şahanə MÜŞFİQ