|
|
|
|
Avstriyanın paytaxtı Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında əsas müzakirə mövzusu olan məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və həll imkanları barədə idi.
Vyanada səfərdə olan Azərbaycan xarixi işlər naziri Elmar Məmmədyarov əvvəlcə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anje Kasprşiklə görüşüb. Həmsədrlər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla da görüş keçiriblər. Daha sonra vasitəçilər Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanı görüşdürüblər. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar masasında olan təkliflər üzrə intensiv və konkret müzakirələr aparılıb. Razılıq əldə olunub ki, intensiv və substantiv danışıqların davamı kimi, 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin.
Ancaq ATƏT-in Vyana toplantısı ərəfəsində Ermənistanın Azərbaycanın işğal olunmuş Ağdam rayonunda hərbi təlimlər keçirməsi danışıqları pozmağa hesablanmış növbəti təxribatçı addımdır. Rəsmi İrəvan bu cür addıma imza atmaqla görüşlərin intensivliyinin artmasında, substantiv danışıqların davam etdirilməsində heç də maraqlı olmadığını açıq şəkildə büruzə verir. İşğalçı ölkənin münaqişənin həlli istiqamətində intensiv danışıqların getdiyi zamanlarda bu cür addımlara imza atması cəbhədə vəziyyətin gərginləşməsi ilə nəticələnir ki, bu da prosesin irəliləyişsiz yekunlaşmasına səbəb olur. Düşmən bu dəfə də eyni taktikaya əl ataraq tərəflər arasında sülh danışıqlarının hərbi toqquşmalarla əvəz olunmasına çalışır. Təsadüfi deyil ki, Nazirlər Şurasının iclasında çıxış edən Azərbaycan xarici işlər naziri qeyd edib ki, növbəti aylar Ermənistanın sülhün əldə edilməsində ciddi tərəfdaş olub-olmadığını, münaqişənin həllində irəliləyişin əldə edilməsi və onun həlli üçün substantiv danışıqlarda konstruktiv şəkildə iştirak edib-etməyəcəyini və yaxud əlavə qeyri-sabitlik və münaqişəyə doğru yuvarlanacağımızı nümayiş etdirəcək.
E.Məmmədyarov qeyd edib ki, təmas xətti boyunca həyata keçirdiyi hərbi təxribatlar daxil olmaqla Ermənistanın işğal olunmuş ərazilərdə bu yaxınlarda keçirdiyi hərbi təlimlər və bu kimi digər addımları sülh səylərini pozur: "ATƏT-in Minsk qrupu və həmsədrlər tərəfindən bütün bunlarla bağlı hərtərəfli tədbirlər görülməlidir. Harada olmasından asılı olmayaraq, ATƏT üzv dövlətləri fiziki və hüquqi şəxslərin qeyri-qanuni iqtisadi və digər xarakterli fəaliyyətlərinin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə alətlərdə təsbit edilmiş öhdəliklərini yerinə yetirilməlidirlər".
ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli isə Dağlıq Qarabağ regionunda döyüşlərin intensivləşməsinin ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunub. O, Rusiyanın bu münaqişənin bütün tərəflər üçün qəbul olunan həllinin tapılmasına dəstək göstərəcəyini vurğulayıb və münaqişənin həlli ilə bağlı prinsiplərin Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları tərəfindən elan olunduğunu diqqətə çatdırıb.
İclasın sonunda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təşkilatın Vyanada keçirilən 24-cü Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan birgə bəyanatla çıxış ediblər. Bəyanatda həmsədr ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Helsinki Yekun Aktının prinsipləri əsasında həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq ediblər.
Həmsədr ölkələr Azərbaycan və Ermənistan prezidentləri arasında yüksək səviyyəli dialoqun bərpasını, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin Vyanada keçirilən görüşünü alqışladıqlarını bildiriblər.
Qeyd olunub ki, münaqişənin həll olunmasında əsas məsuliyyət Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə düşür.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Tenxologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əmhədoğlu qeyd edib ki, ATƏT-in Nazirlər Şurasının Vyana iclasında həmsədr dövlətlərin nümayəndə heyətlərinin başçılarının birgə bəyanatı bu günə qədər verilmiş anoloji bəyanatlardan fərqlənir: "Bu bəyanatda təzyiq elementləri özünü göstərir. Yəni hazırkı mərhələdə hansı tərəf münaqişənin həllini yubatmaqla məşğul olacaqsa, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən müəyyən cəza, sanksiya tədbirləri ilə üzləşə bilər. Eləcə də bəyanatın ən vacib hissəsi ondan ibarətdir ki, artıq prezidentlərin Cenevrə görüşü münaqişənin həlli istiqamətində aparılan danışıqlarda ayrıcı xətt kimi göstərilir. Cenevrə görüşünə qədərki prosesdə ermənilər çalışırdılar ki, prezidentlərin Vyana və Sankt-Peterburq razılaşmalarını ön plana çıxarsınlar. Ermənilərin versiyasına görə, guya qoşunların təmas xəttində monitorinq qurğuları yerləşdirilməli, insidentlərin tətqiqi mexanizmləri yaradılmalı, Kasprşikin missiyası genişləndirilməlidir. Əslində bütün bunların hamısı qoşunların təmas xətti anlayışının rəsmiləşdirilməsinə xidmət etdiyinə görə, Azərbaycan bunlara qarşı çıxmışdı. İndi təkcə rəsmi Bakı yox, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədrləri bunu rədd edirlər. Həmsədrlər son bəyanatlarında ümumiyyətlə Vyana və Sankt-Peterburq razılaşmaları terminindən istifadə etməyiblər".
Politoloq bildirib ki, həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının imzaladığı bəyanatda çox orijinal yanaşma var: "Bu sənədə prezidentlərin 2014-cü ildə Parisdə keçirdiyi görüşdə əldə olunan razılaşma əlavə olunub. Söhbət Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsindən gedir. Bu o deməkdir ki, döyüşlər baş vermiş ərazilərdə məzarlıqlar müəyyənləşdirilməli, meyitlərin üzərində DNT analizləri aparılmalıdır. Bu analizlərin aparılacağı halda məlum olacaq ki, həmin mərazlıqlardakıların hamısı həlak olan azərbaycanlılardır. Bununla ermənilər ifşa olunacaqlar. Çünki onlar bu vaxta qədər iddia edirdilər ki, guya azərbaycanlılar Dağlıq Qarabağa gəlib erməniləri qırırdılar. Lakin məzarlıqlardakı meyitlərin azərbaycanlılara məxsus olduğunu dəqiqləşdirəndən sonra əsl həqiqətlər dünya ictimaiyyətinə məlum olacaq".
Mərkəz sədrinin sözlərinə görə, bu məzarlıqların yerini müəyyənləşdirmək üçün işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonda yaşamış azərbaycanlılar gedib həmin ərazilərə baş çəkməlidirlər: "Serj Sarkisyan buna Parisdə razılıq versə də, ölkəsinə qayıtdıqdan sonra danışıqları pozub. O, işğal olunmuş Ağdamda hərbi təlimlər keçirərək Azərbaycana qarşı növbəti təxribata imza atıb. Həmin zaman Ermənistan qoşunlarına məxsus hərbi helikopterin vurulması hadisəsi baş verib".
M.Əhmədoğlu qeyd edib ki, Serj Sarkisyanın ən çox qorxduğu məsələ ermənilərlə azərbaycanlılar arasında dialoqun bərpa edilməsidir: "Həmsədr dövlətlərin nümayəndə heyəti başçıları yaydıqları birgə bəyanata bu məsələni daxil etməklə "Ermənistan-Azərbaycan Sülh Platforması" dəstək vermiş oldular".
Politoloq hesab edir ki, Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaqdır: "İşğalçı ölkə başa düşür ki, münaqişənin tənzimlənməsi istiqamətində aktivliyin artması onların ziyanınadır. Bu səbəbdən düşmən ölkə Azərbaycanın qaldırdığı humanitar məsələri siyasiləşdirməyə çalışır. Halbuki ölkəmiz həm sülh platformasına, həm də ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə humanitar konsteksdə baxır. Ona görə, həmsədrlərin sonuncu bəyanatında bu məsələlər Ermənistana irad formasında öz əksini tapıb".
Mərkəz sədrinin sözlərinə görə, həmsədrlərin sonuncu mesajı isə budur ki, Dağlıq Qarabağ münaqişəsi bitməlidir: "Əgər münaqişə dayanmasa, bunun məsuliyyətinin Azərbaycan və Ermənistan liderlərinin üzərinə düşəcəyi bildirilir. Hər kəs bilir ki, münaqişə Azərbaycan torpaqlarının işğal edilməsi faktına dayanır. Ona görə də rəsmi Bakı problemin tezliklə həll olunmasında maraqlıdır. Ermənistan isə danışıqlardan yayınan tərəfdir. Buradan belə nəticə çıxarmaq olar ki, problemin həllini tapmamasında məsuliyyət daşıyan əsas tərəf də işğalçı ölkə olan Ermənistandır. Həmsədrlər də yaydıqları bəyanatda məhz bu fakta işarə edirlər".
Ceyhun ABASOV