|
|
|
|
Bir-birindən zəngin muzeylərimizdə müxtəlif dövrlərə aid milli eksponatlarımızı ən ideal görkəmdə və xüsusi təqdimatda müşahidə edə bilirik. Əslində, çox illəri və məkanları adlayan bu qüsursuz gözəlliyin qorunması üçün "səhnə arxasında" nələrin baş verməsindən çoxlarımız xəbərsizik.
Tarixi ənənələri özündə əks etdirən muzey sərvətlərimizin qorunmasında muzey əməkdaşları ilə çiyin-çiyinə çalışan mütəxəssis bərpaçıların əməyindən söz açmaq istərdik. Bərpaçı peşəsi çox lazımlı və gözəl sənətdir. El arasında əvvəllər bu işə "yamaqçı" adı verilsə də, zaman keçdikcə bərpa sənəti elmi status səviyyəsinə qalxmış və öz növbəsində, yeni elmi araşdırmaların əsasını qoymuşdur. Bərpaya ehtiyacı olan hər hansı dəyərli incəsənət nümunəsi üzərində "Bərpa laboratoriyalar"ında elmi-bərpa və konservasiya prosesi həyata keçirilir. Qeyd etmək lazımdır ki, Azərbaycanda elmi bərpa sənətinin təməlini qoymuş rəssam Fərhad Hacıyevın (1929-1987) fədakar əməyi neçə-neçə unikal sənət əsərinə "yeni həyat" qazandırmışdır.
Ölkəmizin fərqli muzeylərində saxlanılan dekorativ tətbiqi sənət nümunələrinin qorunub tədqiq olunmasında Azərbaycan bərpaçılıq sənəti önəmli yer tutmaqdadır. Dəyərli, tarixi əhəmiyyətə malik sənət nümunələri; istər xalça, istər dulusçuluq, istərsə də bədii metal olsun, hər hansı zədələnməyə məruz qala bilər. Eksponatların korlanmasında ən mühüm zahiri səbəblər: temperatur və rütubət normalarının kəskin dəyişməsi və pozulması, işığın zərərli təsiri, havanın zərərli qazlarla, his və tozla çirklənməsi, bioloji ziyanvericilər, əsərin hazırlanmasında keyfiyyətsiz materiallardan istifadə edilməsi, nümunəni mexaniki zədələnməyə məruz qoyan etinasız münasibət, eksponatın muzeyə daxil olmasından əvvəlki vəziyyətinə diqqətsizlik və muzeyin özündə düzgün qorunmaması, qoruyucu vasitələrdən düzgün istifadə edilməməsidir. Bu zədələnmə vaxtında aşkarlanıb, peşəkar bərpaçılar tərəfindən bərpa və ya konservasiya olunmazsa, sənət əsərinin məhv olmaq təhlükəsi qaçılmazdır.
Bərpa sənəti təyinatına görə müxtəlifdir. Ölkəmizin xalçaçılığı dünyada tanınmaqla yanaşı, bu sahədə olduqca səriştəli, bacarıqlı, savadlı bərpaçılar nəsli də yetişmişdir. Azərbaycanda illərin təcrübəsini qazanmış xalça üzrə bərpaçı-rəssamlardan Zibaxanım Hüseynova, Gülminə Əhmədova, Qənirə Məmmədova, Xatirə Əmirova, Sima Quliyeva, Ədilə Əsədzadə və başqalarının adlarını qeyd etmək olar.
Həmsöhbətimiz ömrünün 36 ilini fasiləsiz olaraq xalça sənətinə həsr etmiş xalça üzrə bərpaçı-rəssam Qənirə Məmmədovadır. O, on yeddi yaşından (1981-ci ildən) Azərxalça İstehsalat Birliyində xalçaçı vəzifəsində işə başlayıb və 1987-ci ilə qədər xalçaçı kimi fəaliyyət göstərib. Qənirə xanım peşə təhsilini Bakı Yüngül Sənaye Texnikumunun "Boyaq-bəzək texnologiya" fakültəsində alıb. Hətta mahir ustanın toxuduğu xalçalar xaricə də ixrac olunub. 1987-ci ildən Qənirə Məmmədova İçərişəhərdə Bəylər məscidində yerləşən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində xalça üzrə bərpaçı-rəssam kimi işə başlayıb. Burada xalça üzrə bərpaçı-rəssam Zibaxanım Hüseynovadan bərpa sənətinin sirlərini öyrənib. Bərpa Mərkəzində çalışdığı müddətdə, Bakıda yerləşən muzeylərdə, həmçinin, Xalça Muzeyində saxlanılan qədim xalça və xalça məmulatlarına "ikinci həyat" verərək bərpa edib. Hazırda Milli Azərbaycan Tarix Muzeyinin bərpa laboratoriyasında xalça üzrə bərpaçı-rəssam vəzifəsində çalışır. Görkəmli xalça biliciləri Lətif Kərimov və Kamil Əliyevin xalçalarını da bərpa edən Qənirə Məmmədova xalça üzrə XII dərəcəli (yüksək kateqoriya) bərpaçı rəssamdır.
Qənirə xanım xalçaçılıqdan bərpa sənətinə gəlişini maraqlı hadisə ilə xatırlayır: "- Deməli, mən öz evimdə cehizlik xalça toxuyarkən qardaşımdan xananı (dəzgahı) bərkitməyi xahiş etdim. Qardaşım xananı həddindən artıq bərkitdi və xalça gözümün önündə 70 sm enində cırıldı. Mən səriştəli bərpaçı axtarmalı oldum. O zaman Xalça Muzeyində Babayı adlı bərpaçı çalışırdı. Mən ona yaxınlaşdım və kədərli halda nə baş verdiyini danışdım: "- ... xanada xalçam cırıldı... ". O, mənə şifahi olaraq xalçanı necə bərpa edəcəyimi izah etdi. Xalçaçı olduğum üçün hər detalı başa düşdüm və özümün ilk bərpamı reallaşdırdım. Haqqında danışdığım xalça - öz cehizim üçün toxuduğum sevimli Pirəbədil xalçası idi. Bu hadisədən sonra bərpaçılığın necə lazımlı peşə olduğunu anladım. Yeri gəlmişkən deyim ki, xalçaçılıq sənətini öyrəndiyim üçün doğma bacım Gülnarəyə minnətdaram".
Yüzlərlə dəyərli xalça və xalça məmulatlarını bərpa edərək yeni həyat verən bərpaçı-rəssam Qənirə Məmmədovanın yaradıcılıq fəaliyyəti olduqca zəngindir. Peşəkar bərpaçı sənətinin ən ümdə keyfiyyətlərinə yiyələnən Qənirə xanım məsuliyyətli və çətin tapşırıqların öhdəsindən məharətlə gəlmişdir. Hazırda Xalça Muzeyinin ekspozisiyasında 1989-cu ildə bərpa etdiyi "Kürdəmir xalçası" sərgilənir. Milli Azərbaycan Tarix Muzeyində isə Şirvan qrupuna aid iki hissədən ibarət "Dəvə çulu" (21 əsr, təbii boyaqlı) nümayiş olunur.
Söhbətimiz zamanı xalça üzrə bərpaçı-rəssam Qənirə xanım bərpa prosesindən bəzi maraqlı məqamlara toxundu. O, Lətif Kərimovun və Kamil Əliyevin müəllifi olduğu xalçaların nə səbəbdən korlandığına aydınlıq gətirdi. Hər iki müəllifin xalçaları saxlama şəraitinin düzgün olmaması nəticəsində ziyanverici həşəratların - güvələrin xalçaya zərər verməsindən ciddi zədələr almışdı. Bərpadan sonra hazırda, Lətif Kərimovun xalçaları Xalça Muzeyində qorunub saxlanılır. Kamil Əliyevin axırıncı bərpa edilən xalçası (Pirəbədil xalçası) xana üzərində partlamışdı. Uğurlu bərpadan sonra Kamil Əliyevin xalçaları İçərişəhərdə yerləşən ev muzeyində qorunur.
Söz düşdükdə, Qənirə xanım ən çətin tapşırığından da danışdı: "İndiyə kimi çox xalça bərpa etmişəm, muzey fondlarında təxminən yüzlərlə bərpa etdiyim xalça var. Amma ən çətin tapşırıq 1994-cü ildə Azərbaycanın Fransadakı səfiri Ramiz Abutalıbova məxsus XIX əsrə aid "Qarabağ xalçası"nın bərpası olub. Xalçanın naxışları demək olar ki, çox yerdən üzülüb tökülmüşdü. Yalnız karkası qalmışdı. Xalça naxışları simmetrik olduğundan, qalan hissəyə baxıb, çatışmayan yerləri tamamlayaraq bərpa etdim..."
İxtisasca boyaqçı-texnoloq olan Qənirə xanıma bərpa zamanı bu sahədəki bilik və bacarığı çox kömək edir. Zədələnmiş xalçanı bərpa etmək üçün lazımi rəngdə ipi tapmaq vacib məsələdir. Qədim xalçaların ipləri təbii boyaqla boyandığından, mütləqdir ki, bərpa edilən hissəyə oxşar üsulla əldə edilmiş materialdan olsun. Bərpaçı rəssam istifadə etdiyi bir neçə boyaq vasitələrindən soğan qabığı, nar qabığı, əncir yarpağı və gövdəsi, üzüm yarpağı, gövdəsi və kökü, qoz ağacı, gicitkan kolu, yovşan kolu, itburnu, çobanyastığı, çay və s. bitkilərin adlarını qeyd etdi.
Bərpadan sonra xalça və xalça məmulatlarının qorunma şəraiti önəmlidir. Bərpaçı rəssam fəaliyyət göstərdiyi Milli Azərbaycan Tarix Muzeyində bərpadan sonra xalçaları saxlamaq üçün gözəl şərait olduğunu bildirdi. "Bərpadan sonra xalçalar muzeyin Etnoqrafiya fondunda, xüsusi şkaflarda, ayrı-ayrı, üst-üstə yığılmamaq şərti ilə, ağ pambıq parçalara bükülərək saxlanılır. Fondun şkafları və döşəməsi güvələrdən və müxtəlif ziyanvericilərdən qorunmaq üçün vaxtaşırı ağ neftlə silinir".
Yorulmaq bilmədən Azərbaycan xalça və xalça məmulatlarına "təcili yardım" göstərən xalça üzrə bərpaçı-rəssam Qənirə xanım hazırda Milli Azərbaycan Tarix Muzeyininın laboratoriyasında XIX əsrə aid Şirvan qrupuna məxsus xovsuz xalça və dəvə çulu üzərində bərpa işləri aparır. O, vaxtaşırı müxtəlif konfrans və simpoziumlarda iştirak edir. Qənirə xanım bu yaxınlarda Mədəniyyət və Turizm Nazirlyi, eləcə də Azərbaycan Xalça Muzeyi tərəfindən "Azərbaycan xalçaçılıq sənətinin yaşadılması və inkişafındakı əməyinə görə təşəkkürnamə" ilə də təltif olunub. Peşəsinin vurğunu olan, ömrünü xalçalara və onların qorunmasına həsr edən bərpaçı-rəssam Qənirə Məmmədovaya yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.
Azərbaycanda elmi bərpa və konservasiya sahəsində gün-gündən artan nailiyyətlər sayəsində çox sayda mədəniyyət abidələri, incəsənət nümunələri itib batmaqdan xilas olub. Onları yenidən həyata qaytaran "səhnə arxasındakı" bərpaçılarımızı, "mədəniyyət keşikçilərimizi" tanıyaq!
Nərgiz Əsgərova
Azərbaycan Dövlət Rəsm Qalereyasının Elmi araşdırma və innovasiya şöbəsinin müdiri. Magistr, sənətşünas