İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının Fövqəladə zirvə toplantısında iştirak üçün İstanbulda səfərdə olan Fələstin dövlətinin prezidenti Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT Gənclər Forumu) sədri səfir Elşad İskəndərovun rəhbərlik etdiyi heyət ilə görüş keçirib.
İƏT Gənclər Forumundan APA-ya verilən məlumata görə, görüş zamanı Fələstin dövlət başçısı Mahmud Abbas, Azərbaycan prezidentinin təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumunun müsəlman ölkələri gəncliyinin inkişafı və həmrəyliyinə yönəlmiş fəaliyyətlərini təqdir etdiyini qeyd edib, eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda keçirilmiş İƏT Fövqəladə zirvəsində Qüds məsələsi ilə bağlı nümayiş etdirdiyi ədalətli və cəsarətli mövqeyini də yüksək qitmətləndirdiyini bildirib.
Daha sonra Mahmud Abbas, İƏT Gənclər Forumunun Qüds şəhərini 2018-ci il üçün “İslam Dünyası Gəncik Paytaxtı” elan etməsi haqda qərarına və eyni adlı proqramın icrası üçün gələn ilə nəzərdə tutulmuş tədbirlər proqramına görə təşəkkürünü bildirib.
Görüş zamanı İƏT Gənclər Forumu sədri Elşad İskəndərov Fələstin dövlətinin başçısına gələn il “Qüds - İslam Dünyası Gənclik Paytaxtı” proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan tədbir və fəaliyyətlər haqda məlumat verib.
Görüşün sonunda E. İskəndərov Azərbaycanın zəngin İslam irsini, bu irsə verilən dövlət qayğısını, həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam irsinə qarşı apardığı vandal siyasəti əks etdirən, İƏT Gənclər Forumu tərəfindən hazırlanmış “Azərbaycan – İslam Mədəniyyəti İncisi” adlı ensiklopedik kitabın xüsusi nüsxəsini Fələstin prezidentinə hədiyyə edib.