32 RƏHBƏR VƏZİFƏNİ XƏLİFƏLƏR İDARƏ ETDİ
Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günü keçirilib.
Əsasını Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın qoyduğu “Bir günlük xəlifə” layihəsi universitetdə ilk dəfədir keçirilir. Bu, ADU-da yeni yaradılan Auditoriya+ şöbəsinin ilk böyük layihəsidir. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə ediblər. Yəni bir günlük rektor, prorektor, dekan, mərkəz müdiri, mətbuat katibi, müəllim, həmkarlar təşkilatının sədri tələbə, magistr və doktorantlar olublar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edib, bir sıra yeniliklər həyata keçiriblər.
Rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alıblar.
Bu layihə ilə tələbələr bəlkə də illər sonrakı arzularını həmin tarixdə bir günlük də olsa gerçəkləşdirmə şansı qazanıblar.
XƏLİFƏ REKTOR
Rektorun səlahiyyətlərini universitetin Təhsil fakültəsinin 3-cü kurs tələbəsi Nicat Aşurov icra edib. Rektor Kamal Abdullanın iş otağında əyləşən xəlifə bir günlük Azərbaycan Dillər Universitetinin rektoru olub. Xəlifə-rektor universitetin aktiv tələbələrindəndir və rektor seçilməyində də bu, əhəmiyyətli rol oynayıb.
Xəlifə rektorun dediyinə görə, bu günün önəmi vəzifəyə gəlmək yox, tələbələrə yönəlmiş normal qərarlar verməklə bağlıdır: “Biz özümüz də tələbə olduğumuz üçün onların problemlərini rəhbərlikdən daha yaxşı bilirik. Bu mənada elə qərarlar verməliyik ki, onlar qanuna zidd olmasın və biz növbəti gün universitetə tələbə kimi qayıdarkən həmin qərarlardan dolayı çətinliklər yaşamayaq. Biz gün ərzində müxtəlif qərarlar verdik. Qanun çərçivəsindən kənara çıxmamaq şərti ilə. Eyni zamanda, səsvermələr zamanı platformamız haqqında danışarkən tələbələrə müəyyən sözlər vermişik. Çalışdıq ki, verilən vədləri elə yerinə yetirək ki, həm tələbələr, həm də rəhbərlik bizdən razı qalsın. Bu vəzifənin necə çətin və məsuliyyətli olduğunu xəlifə rektor olduqdan sonra hiss etdim. Vəzifəmi icra edərkən stress, həyəcan yaşadım”.
“TƏDRİS İŞLƏRİ ÜZRƏ PROREKTORU ƏVƏZ ETMƏK ÇOX MƏSULİYYƏTLİ BİR İŞDİR”
Tədris işləri üzrə prorektoru əvəz edən bir günlük “xəlifə” - Elşən Qəhrəmanov Azərbaycan Diər Universitetinin Təhsil fakültəsinin 4-cü kurs tələbəsidir. E.Qəhrəmanov deyir ki, tədris işləri üzrə prorektoru əvəz etmək çox məsuliyyətli bir işdir: “Çox sevindirici haldır. Həmin gün həmişə tələbə kimi gəldiyim otağa, vəzifənin icraedicisi kimi gəldim. Bu, çox möhtəşəm hiss idi. Tələbə yoldaşlarım platformamı bəyəndikləri üçün məni bu vəzifəyə layiq gördülər. Düşünürəm ki, seçilməyimdə çıxışımın əvvəlində və axırında dediyim sözlərin təsiri böyükdür. Sonda dedim ki, əsas olan doğru yolu getmək deyil, getdiyin yolu doğru etməkdir”.
“İŞİN AĞIRLIĞINI ELƏ GÜNÜN İLK SAATLARINDA HİSS ETMƏYƏ BAŞLADIQ”
“Bir günlük xəlifə” layihəsinin seçimlərində ADU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə seçilən Oruc Nəsirov prorektorluğun gündəlik iş planları ilə bağlı fikirlərini bölüşür: “Biz səsvermə prosesində artıq bu işin məsuliyyətini dərk edərək hazırlaşmağa çalışdıq. İşin ağırlığını elə günün ilk saatlarından hiss etməyə başladıq. Həmin gün bir neçə tələbə müəyyən təklif və şikayətlərlə müraciət etdi. Təbii ki, müraciətlərin hamısına baxıldı və günün sonunda rektorluqda müəyyən qərarlar verməyə çalışdıq. Biz həmin gün kafedra müdirləri ilə də görüşlər keçirdik ki, tələbələrin şikayətləri və mövcud olan çatışmazlıqları onlara bildirək. Düşünürəm ki, bu, həm tədrisin keyfiyyətini artıracaq, həm də universitetin digər ali təhsil müəssisələri ilə müqayisədə nüfuzunu yüksəldəcək”.
XƏLİFƏ MÜŞAVİRDƏN REKTORA TƏŞƏKKÜR
Bir günlük “xəlifə” Səma Məmmədzadə isə Filologiya və Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsidir. O, Elm və Təhsil Məsələləri üzrə müşavir vəzifəsini icra edib: “Həmin gün elmi laboratoriyalarla, tədqiqat mərkəzləri ilə birlikdə bəzi işlər görüldü. Bəzən elm deyəndə, insanlar təkcə elmi məsələləri anlayır. Elm deyəndə, bura mədəniyyət və incəsənət sahələri də daxildir. Düşünürəm ki, bizi həm mədəni, həm də elmi cəhətdən irəli çəkəcək tədqiqatlarımızı həyata keçirməliyik. Mənə verilən səlahiyyətdən yararlanıb, bu istiqamətdə bir sıra tədbirlərdə iştirak etdim. Həmçinin, prorektorun bir gün ərzində edə biləcəyi işləri görməyə çalışdım”. S.Məmmədzadə onlara yaradılan bu şəraitə görə, rektor Kamal Abdullaya öz təşəkkürünü bildirir: “Biz tələbələrə yaratdığı bu şəraitə görə, rektorumuz, akademik Kamal Abdullaya təşəkkürümü bildirirəm. Həqiqətən çox möhtəşəm bir təcrübədir. Bu, tək mənim üçün yox, “xəlifə” seçilən bütün tələbələr üçün əvəzedilməz duyğudur. Bir günlük də olsa bu vəzifəni tutanda həm tələbənin, həm də rəhbər vəzifə sahibinin baxış bucağına mütənasib hərəkət edə bilirsən. Artıq götür-qoy edirsən ki, tələbə bunu istəyir və ortaq yol tapmağa çalışırsan. Bu mənada, qeyd etdiyim kimi, bu, çox xoş işdir mənim üçün, çünki mən həm də elm sahəsində ixtisaslaşmaq istəyirəm. Buna görə də, düşünürəm ki, bu layihə mənim gələcək karyerama da çox böyük töhfə verəcək və eyni zamanda, əvəzedilməz bir gün olaraq daim mənim yaddaşımda qalacaq”.
“BİR GÜNLÜK XƏLİFƏ” LAYİHƏSİ TƏLƏBƏLƏRƏ PEŞƏ MƏSULİYYƏTİNİ DƏRK ETMƏYƏ YARDIM EDƏCƏK
“Bir günlük xəlifə”nin mətbuat katibi Şahin Sərdarlının sözlərinə görə, bu layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişaf etdirilməsinə, onların peşə məsuliyyətini dərk etməsinə yardım etməkdir: “Bu gün universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla, 32 rəhbər vəzifəni tələbələrin açıq səsvermə yolu ilə seçildiyi “xəlifə”lər idarə edib. Həmin “xəlifə”lər universitetdə bir gün ərzində tədris prosesi, inzibati və digər işlərlə bağlı qərarlar qəbul edə, həmçinin, yeniliklər həyata keçirə bilmə hüququna malik olublar. “Xəlifə”lərin qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə malikdir. Onu da qeyd edim ki, xəlifələr 13 dekabrdan sonra “kölgə kabineti” tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələri davam etdirəcəklər”.
PLATFORMAYA DAXİL EDİLƏN MƏSƏLƏLƏR
Nərmin Məcidova Filologiya və jurnalistika fakültəsinin birinci kurs tələbəsidir. İki namizəd arasından xəlifə postuna sahib çıxıb. 38 balla seçilib. O deyir ki, rəqibinin balı 10 səs ondan az idi. Ona görə də üstünlüyü ələ alıb və seçilib. Xəlifə Nərmin Məmmədova birgünlük idarətmə formasını rəiyyə tin - tələbələrin istəkləri üzərinə hazırladığını deyir: “Həmin gün üçün platformamı müəyyənləşdirmək üçün tələbələrlə görüşdüm. Onların fikrini öyrəndim. Burada olan tələbələrin çoxu ailəlidir. Bəzi tələbələr deyir ki, bir illik ixtisasdəyişmə tədris ili müddətində əlavə tədirs materialları üçün verilən kitabları oxuyub çatdıra bilmirlər. Onlar əlavə oxu materiallarının ləğvini istəyirlər. Çünki ailəli tələbələr onları oxuyub çatdıra bilmirlər. Çalışacağam ki, onlar əsas ədəbiyyatlarla kifayətlənsinlər, əlavə ədəbiyyatları verməsinlər. Bugünkü platformamın əsas müddəalarından biri budur. Bəzi tələbələr “intermediate” (orta) səviyyəsində təhsil alırlar. Lakin onlara yüksək səviyyədə esselər verilir. Onlar da çatdıra bilmədiklərini deyirlər. Çünki o səviyyəyə çatmayıblar. Bu məsələni də platformama daxil etdim”.
N.Məmmədovanın dediyinə görə, onlar iclas da keçiriblər. İclasda rektor, prorektor və seçilən 32 xəlifə iştirak edib. İclasda müəyyən qərarlar qəbul edilib: “Mənim qərarlarım məntiqə və tələbələrin istəklərinə əsaslanır. Ona görə də, rektorluq tərəfindən qəbul ediləcəyinə inanıram”.
RƏNGARƏNG TƏDBİRLƏR, MÜHÜM GÖRÜŞLƏR
Artıq qeyd etdiyimiz kimi, “Bir günlük xəlifə” layihəsi çərçivəsində universitetin bir çox strukturuna rəhbərlik etmək xəlifələrin ixtiyarına verilib. Bu gün ərzində müxtəlif mərkəzlərin xəlifə rəhbərlərinin təşkilatçılığı ilə rəngarəng tədbirlər, mühüm görüşlər keçirilib. Məsələn, İndoneziya Araşdırma Mərkəzinin xəlifə müdiri tərəfindən İndoneziya dili fənni tədris olunub, İsrail və Yaxın Şərq Mərkəzində İsrailin milli bayramı olan Xanuka bayramına aid, Hind dili və Mədəniyyəti mərkəzində Hindistanın incəsənət nümunələrinə həsr olunan, Yaponiya Araşdırma Mərkəzində Yaponiya mədəniyyətinin simvolu hesab olunan çay mərasimi və oriqami sənəti haqqında tədbirlər keçirilib, eyni zamanda, Alman oxu zalında tələbələrə almanca alt yazılı “Rapunzel”, İtalyan dili Mərkəzində isə Qabriel Salvatoresin “Aralıq dənizi” filmləri nümayiş olunub.
“BİR GÜNLÜK XƏLİFƏ”YƏ TƏLƏBƏLƏRİN BÖYÜK MARAĞI
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli deyir ki, “Bir günlük xəlifə” layihəsinə iki ay hazırlıq işləri görülüb: “Tərcümə fakültəsinə birgünlük xəlifə postu üçün beş nəfər namizəd tələbə var idi. Rektor yerinə yetmişə yaxın tələbə namizədliyi vermişdi. 32 vəzifə üzrə ümumilikdə, 247 tələbə öz namizədliyini irəli sürmüşdü ki, bu da olduqca böyük rəqəmdir. Elə bu da layihəyə olan maraqdan xəbər verir: “Tələbələr həmin posta seçilməsələr belə, namizəd tələbələrin hamısı özlərində məsuliyyət hiss edir. Əslində, bu da böyük işdir. Ən azından, tələbə həmin işin ağırlığını, məsuliyyətini hiss edir”.
A.Cəfərli bildirib ki, ilk dəfə keçirilməsinə baxmayaraq tələbələr “Bir günlük xəlifə” layihəsinə çox böyük maraq göstərib: “Onlar bu günü böyük səbirsizliklə gözləyirdilər. Hər kəs də həvəslə, məsuliyyətlə layihədə iştirak etdi. Layihə tələbələrə ictimai həyatda fəal iştirak etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını genişləndirmək üçün şərait yaratdı”.
Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəni icra etdilər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırdı ki, bu kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirəcək.
S.QARAYEVA