Ölkəmizdə multikulturalizm, tolerantlıq və dini dözümlülüyün təşəkkül taparaq inkişaf etməsinin dövlət siyasəti səviyyəsinə qədər yüksəlməsi, ilk növbədə Azərbaycanın qədim dövlətçilik tarixi və milli-mədəni dəyərlərin inkişafından qaynaqlanır.
Tarixin müxtəlif dövrlərinə diqqət etdikdə, həm Səfəvilər dövləti dövründə, həm XIX-XX əsr maarifçilik dövründə, eləcə də Azərbaycan Demokratik Respublikasının mövcud olduğu illərdə bütün etnik və dini icmaların azərbaycanlılarla dinc, yanaşı, sülh şəraitində yaşadıqlarını görürük.
Tarixi faktlardan da göründüyü kimi, uzun bir tarixi dövrdə bu fenomenin mövcudluğuna baxmayaraq, "multikulturalizm" termini 1960-cı illərin sonlarında və ötən əsrin 70-ci illərində siyasi lüğətə daxil olmuşdur. Bu termin vahid bir mədəni məkanı ifadə etmək üçün istifadə olunur və multikulturalizm mədəniyyətlərin assimilyasiya edilmədən inteqrasiyasını nəzərdə tutur. Əslində, ötən əsrdə bəzi Avropa ölkələrində immiqrant mədəniyyətləri ilə bağlı istifadə olunan bir strategiya kimi assimilyasiya siyasəti özünü doğrulamamışdır. Hətta bu gün də Avropa ölkələrində belə maneələrə rast gəlmək mümkündür. Məsələn, məscidlərin tikilməsinə, müxtəlif geyim paltarlarına, dini simvolların istifadəsinə qadağa qoyulmaqla etnik əsaslarda dövri təqib halları baş verməkdədir. Bu, bir çox Avropa ölkələrinin çoxmədəniyyətlilik prinsipindən imtina etdiyini göstərir və hətta bu gün də bu dövlətlər multikulturalizmin uğursuzluğa məhkum olduğunu etiraf edirlər. Həm regionda, həm də qlobal olaraq, bəzi qüvvələrin öz mədəniyyətlərinin üstünlüyünü müxtəlif cazibədar şüarlar altında təmin etməklə assimilyasiya obyekti kimi digər mədəniyyətlərin daşıyıcılarına nəzər yetirməsi mədəni mühiti daha da çətinləşdirməkdədir.
Azərbaycanda isə müxtəlif mədəni dəyərlərin cəmiyyətdə yerini və rolunu müəyyənləşdirmək üçün İtaliyanın Padova Universitetinin tədqiqatçısı Asessio Stilonun "Multikulturalizm hələ də yaşayır" başlıqlı məqaləsinə nəzər yetirmək kifayət edər. Məqalə müəllifi Azərbaycanı tarixin bütün dövrlərində tolerant, dini, etnik və mədəni müxtəlifliyi özündə birləşdirən, atəşpərəstliyin, Qafqazda xristian etiqadının ilk beşiyi, daha sonra İslam dəyərlərinin üstünlük təşkil etdiyi, fərqli millətlərin mehriban şəraitdə birgə yaşadıqları ölkə kimi vurğulayır. A.Stilo qeyd edir: "Azərbaycanın Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, ölkənin rəhbərliyi çoxmədəniyyətlilik və tolerantlığın daha da möhkəmləndirilməsi və inkişafı üçün lazımi siyasi və sosial şərait yaratmışdır. Tarixi olaraq bir çox etnik və dini qrupun nümayəndələri Səfəvilər dövründə, 19-cu və 20-ci əsrlərdə və eyni zamanda Sovet Sosialist Respublikaları Birliyində yaşayırdılar".
Azərbaycan Respublikasında fərqli mədəni dəyərlərin dirçəlişinə və inkişafına dəstək verməklə yanaşı, ölkədə müxtəlif mədəni qrupların sosiallaşması üçün geniş imkanlar yaradılmışdır. Təkcə Bakıda bir çox sayda mədəni icmalar - ruslar, ukraynalılar, laklar, ləzgilər, slavlar, tatlar, tatarlar, gürcülər, inqiloylar, talışlar, avarlar, axıska türkləri, Avropa və dağ yəhudiləri, almanlar və yunanların icmaları var. Demək olar ki, milli azlıqların kompakt olaraq yaşadığı bütün regionlarda belə cəmiyyətlər var. Bu, dünyanın müxtəlif bölgələrində ksenofobiya kimi mənfi hadisələrin sayının artması dövründə Azərbaycanda dünyanın bir çox ölkələri və dünya ictimaiyyəti üçün xüsusi nümunə ola biləcək dinlərarası dialoq və tolerantlıq nümunəsinin yaradılmasını əminliklə söyləmək imkanı verir. Şübhəsiz ki, multikulturalizmin inkişafı maddi və qeyri-maddi irsin mövcudluğunu tələb edir. Şamaxı şəhərində 743-cü ilə aid məscid, Şəki şəhərində Qafqaz Albaniyasının ən qədim kilsəsi, Bakıda Zərdüştlük məbədi Azərbaycanın zəngin mədəni irsi kimi tarixən multikultural dəyərlərin bariz nümunəsidir. Bu gün ölkəmizdə dövlət qeydiyyatından keçən müxtəlif dinlərin icmaları fəaliyyət göstərir.
Bu gün Bakı şəhərində 3, Gəncə şəhərində və Xaçmaz rayonlarının hər birində Rus Provaslav Kilsəsi mövcuddur. 1999-cu ildə ölkəmizdə Katolik icması qeydiyyatdan keçmişdir. 2007-ci ildə Azərbaycan hökuməti ilə Vatikan arasında imzalanmış sazişə müvafiq olaraq Bakıda Roma katolik kilsəsi tikilmişdir. Ölkədə 6 yəhudi icması və 7 sinaqoq vardır. Azərbaycanda məskunlaşmış fərqli dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanı ideal birgəyaşayış modeli kimi müsbət qiymətləndirirlər.
Dövlətin maliyyə dəstəyi ilə respublikada müxtəlif millətlərin nümayəndələrinin mədəni mərkəzləri fəaliyyət göstərməkdədir. Kürd mədəniyyət mərkəzi "Ronai", ləzgi milli mərkəzi "Samur", Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, Axısxa türklərinin milli mərkəzi "Vətən", Axısxa türk qadınlarının mərkəzi - "Sona" cəmiyyəti, "Yaşlıq" tatar mədəniyyət mərkəzi, Krım tatarları cəmiyyəti "Krım", "Tuqan-tel" tatar mədəniyyət cəmiyyəti, Yəhudilərin qadın humanitar assosiasiyası, "Kapelhaus" alman mədəniyyət icması, Polyak mədəniyyət mərkəzi "Polonia", Talışların "Mada", "Avesta" mərkəzləri, Udin mədəniyyət mərkəzi "Orain", "Buduq" mədəniyyət mərkəzlərini sadalamaq olar. Müxtəlif millətlərin nümayəndələrinin kompakt məskunlaşdığı rayonlarda həmçinim, milli və dövlət teatrları da fəaliyyət göstərir.
Ötən əsrin sonlarına yaxın bir dövrdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində tolerant siyasi davranış dövlətin əsas ideologiyasına çevrildi, tolerantlıq və multikulturalizmin ənənələri yeni mərhələyə qədəm qoydu. Azərbaycanda multikulturalizmin hüquqi əsasları Azərbaycan Respublikası Konstitusiyasının, qanunverici aktlarının, dövlət başçısının fərman və sərəncamlarının müvafiq müddəalarında əksini tapır.
Belə ki, Konstitusiyamızın 48-ci maddəsinə əsasən hər bir kəsin dini etiqad azadlığı ən yüksək səviyyədə qorunur. Konstitusiyanın 18-ci maddəsi isə ölkəmizin dünyəvi dövlət prinsiplərindən irəli gələrək dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər olması, humanizm prinsiplərinə, bəşəri dəyərlərə zidd olan dinlərin yayılması və təbliğini qadağa edir. Eyni zamanda, 1992-ci ildə qəbul edilmiş "Dini etiqad azadlığı" haqqında qanuna əsasən yenə də hər kəs sərbəst surətdə dini-etiqad azadlığı hüququndan istifadə edə bilər. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentinin 15 may 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Mərkəzin nizamnaməsində bu qurumun qarşısına cəmiyyətdə tolerantlıq və fərqli mədəni, dini, linqvistik dəyərlərin qorunmasını təmin etmək, eləcə də ölkəmizi bütün dünyada multikulturalizm mərkəzi kimi təbliğ etmək, qabaqcıl multikultural modelləri araşdırmaq kimi bir vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi isə bu siyasətin dövlətin xarici və daxili siyasətində necə mühüm əhəmiyyət kəsb etməsinin bariz ifadəsidir.
Azərbaycanda multikultural dəyərlər həmişə diqqət mərkəzində olmuşdur. Bu səbəbdən ölkədə çoxmədəniyyətlilik, etnik və dinlərarası münasibətlər və dialoq məsələlərinə həsr olunmuş çoxlu sayda beynəlxalq əhəmiyyətli tədbirlər keçirilməkdədir. 2010-cu ilin aprel ayında Bakı şəhərində "Qloballaşma, din, ənənəvi dəyərlər" adlı tədbir keçirilmişdir ki, burada ənənəvi dünya dinlərini təmsil edən müxtəlif ölkələrdən 200-dən çox nümayəndə iştirak etmişdir. Bu fakt, həmçinin, Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi, multikulturalizm mühitinin genişləndirilməsi ilə bağlıdır. 2011-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ideyası olaraq Bakıda hər iki ildən bir olmaqla keçirilən "Mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu" isə xüsusi əhəmiyyətə malikdir. Belə forumlar UNESCO, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı ilə birgə keçirilir. 26 sentyabr 2014-cü il BMT Baş Assambleyasının 69-cu sessiyasında 2016-cı ildə Bakıda VII Qlobal Sivilizasiyalar Alyansının keçirilməsi qərara alınmışdır. Bu qərara əsasən, 2016-cı il aprelin 25-27-də Bakıda BMT-nin Mədəniyyətlər İttifaqının 7-ci Qlobal Forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən həm dövlət və hökumət nümayəndələri, həm də qeyri-rəsmi tanınmış şəxslər iştirak ediblər. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkəmizdəki çoxmədəniyyətli və tolerant mühitin mövcudluğunun göstəricisidir. Multikulturalizmin bu formasının yaradılması və geniş tətbiq olunması Azərbaycanın Azərbaycanın dünya ictimaiyyətinə verdiyi töhfələrdən biridir. 26 noyabr 2015-ci il tarixində Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının 12-ci iclası keçirilmişdir. Bu iclasda çıxış edən Prezident İlham Əliyev xüsusilə vurğulayıb: "Biz çoxmədəniyyətliliyin gözəl gələcəyə malik olduğuna tam əminik. Bəzi siyasətçilər, ictimai xadimlər çıxışlarında daha diqqətli olmalıdırlar, çünki multikulturalizmə alternativ yoxdur. Alternativ isə ayrı-seçkilik, islamofobiya və ksenofobiyadır. Bu yol gələcəyə apara bilməz. Buna görə də, siyasətimiz və təşəbbüslərimizlə bu regionda olan dinlərarası əlaqələri inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyik".
Kamran İMANLI
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1-ci kurs magistr tələbəsi