"Bu il Azərbaycanda milli-mənəvi dəyərlərin təbliği istiqamətində ciddi tədbirlər görülüb. İslam Həmrəyliyi ili çərçivəsində mühüm işlər həyata keçirilib".
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M. Qurbanlı deyib ki, Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi hüquq-mühafizə orqanları ilə birlikdə dini radikalizm, xurafat və ekstremizmə qarşı mübarizə sahəsində hüquqi, ideoloji və iqtisadi müstəvidə tədbirlər həyata keçirib:
"Nəticədə Azərbaycanda radikal qrupların əsasları, onların hansısa formada kök atması və bu istiqamətdə genişlənmələrinin qarşısı alınıb. Azərbaycanda ictimai-siyasi, dini sabitlik mövcuddur. Ölkədə din amilindən sui-istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd yolverilməzdir. Bu hərəkəti etməyə imkanı olan qruplar yox dərəcəsindədir. Azərbaycan İslam aləmində bu yöndə özünəməxsus rolu olan ölkələrdən biridir".