Ey vətən, ey ana, haray qoparın,
Qeyrət göstərməyin zəmanəsidir.
Bizim amalımız - haqqın işığı,
Yanan ürəklərsə pərvanəsidir.
Sanki ayrı düşüb ruhundan bədən,
Şuşa küsüb bizdən, yox gedib-gələn.
Ürək parçalayan, könül göynədən
Xocalı elinin ah-naləsidir.
Bir körpə can verir, "anacan" deyir,
Köksündən vurulmuş ana "can" deyir.
İgid qardaşlarım qana-qan deyir,
İntiqam yanğısı, divanəsidir.
Hardadır bu yerin firəvan çağı? -
Viranə qoyubdur yurdumu yağı.
Tabutum üstündə görsəz bayrağı,
Şərəfli ölümün nişanəsidir.
Qubadlı, Füzuli, Ağdamım mənim,
Kəlbəcər, Laçınım - yaylaq məskənim,
Azərbaycan kimi azad ölkəmin
Qarabağ incisi, dürdanəsidir.
Torpağım əsiri olun düşmənin,
Çəkirik həsrətin dağın, çeşmənin.
Döyüş yollarını keçən Rövşənin
Onu duyanlara bir naməsidir.
Rövşən NAĞIYEV
Qarabağ müharibəsi iştirakçısı