Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş "Uşaqlar və müharibə" adlı tədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbirdən əvvəl qonaqlar "Uşaqlar və müharibə" adlı sərgidə nümayiş etdirilən rəsm işləri ilə tanış olublar.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir: "Azərbaycan son 200 il ərzində erməni millətçilərinin etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir və bu yolda istənilən cinayətə əl atmaqdan çəkinmir".
H. Hüseynova qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müddətində 1450 nəfər əsir və girovluqdan azad edilib ki, onların 200-dən çoxu uşaqlardır: "Biz son dövrlər apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Xocalı soyqırımı zamanı öldürülən uşaqların sayı 63 yox, 76 nəfərdir. Atəşkəs dövründə isə 34 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 20-si yaralanıb, 14-ü isə həyatını itirib"
Xocalı soyqırımının ildönümü ərəfəsində bəyanat yaydığını xatırladan insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova qeyd edib ki, indiyə kimi 20-dən çox dövlətin parlamenti Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Tədbir çıxışlarla davam etdirilib.
Sonda xaricdə yaşayan uşaqların fikirlərinin əks olunduğu video nümayiş olunub.