|
|
|
|
Son illərdə Azərbaycan televiziyasında kino və serial sahəsində ciddi irəliləyiş müşahidə edilir.
Əvvəllər bir və ya iki televiziya bu sahəyə maraq göstərirdisə, indi az qala bütün kanallarımızda bir neçə serial nümayiş olunur: istər komediya, istərsə də dram janrında. Bu cür sürətli irəliləyiş, təbii ki, sevindirici olsa da, hər bir iş kimi bunun da çatışan və çatışmayan tərəfləri var. "Hələ hər şey yenidir", "hələ bu sahədə öyrənmək prosesini keçirik" - deyib bir çox əyər-əskikləri gözardı edir, bəzən "yəqin belə olmalıdır, sadəcə biz bilmirik" deyərək özümüzə təskinlik də verir, yaxşıları qabardaraq, zibili xalçanın altına süpürürcəsinə, çatışmazlıqları da yaxşıların arxasına gizlədirik.
Ancaq hərdən elə nüanslarla qarşılaşır, elə halların şahidi oluruq ki... Bir müddət susub, həm özümüzə, həm də serial çəkənlərə zaman veririk ki, bəlkə düzəldi. Ancaq olmur: nə nöqsan düzəlir, nə də sonadək susmaq olur.
Seriallardakı "saqqallı cavanlar məsələsi" də susmaq mümkün olmayan cəhətlərdəndir.
Zəruri qeyd: Saqqal - cinsi yetkinlik dövründə tük folekullarının aktiv olduğu sahələrdə alt çənədə, üst dodaqda, yanaqlarda və boyunda yetişir. O, kişilərdə tarix boyu müxtəlif formalarda qiymətləndirilib. Müdriklik, cəsarət, cəmiyyətdə yüksək status, seksuallıq və yaraşıqlılıq və əksinə, pintilik. İnsan yaranandan kişilər saqqallı olub. Təxminən 40 min il əvvəl Avropa ərazisində yaşayan kişilər saqqallarına xüsusi şəkil verib, onu rəngləməyə başlayıblar. Saqqal kişilərin üzünü bəzəyən bir vasitəyə çevrilib. Buna kimi isə artıq qədim assuriyalıların qayçı və maqqaşlar vasitəsi ilə saqqallarını səliqəyə salması barədə tarixdə məlumatlar var.
Müxtəlif xalqlar saqqala fərqli yanaşıblar. Məsələn, qədim misirlilərdə firondan başqa hər kəsə saqqal saxlamaq yasaqlanmışdı. Fironun saqqalı isə taxma idi. Yəhudilərdə isə bununla bağlı bir qadağa yox idi. Əksinə, inanclı yəhudilər saqqallarına xüsusi diqqət göstərirdilər. Makedoniyalı İsgəndər öz əsgərlərinə saqqallarını kəsib, üzlərini təmiz qırxmağı əmr edibmiş. Döyüş zamanı düşmən əsgərinin onun əsgərlərinin saqqalından tutub dartmasına, yerə yıxmasına imkan verməmək üçün. Ancaq İsgəndərin bu qərarı çoxları tərəfindən etirazla qarşılanmışdı. Buna öz etirazını bildirənlərdən biri də Aristotel imiş.
Romada isə saqqalın qırxılması müasirliyi, kişi səliqəsini və aristokratlığını, "barbarlardan fərqliliyi" simvolizə edirdi. Eradan əvvəl 299-cu ildə ilk dəfə Sçipion adlı biri saqqalını qırxmaqla tarixə düşüb. Yunanlarda saqqal kişilik, müdriklik rəmzi hesab olunurdusa, Yaponiyada saqqalın uzunluğu hərbi rütbəyə görə təyin edilirdi. Antik Yunanıstanda həddi-buluğa çatan oğlan saqqal uzadaraq seksual zorakılıqdan qurtulur, eyni zamanda, böyüdüyünü sübut edirdi. Hindistanda isə saqqal müdriklik və qürur rəmzi olduğundan uzunluğu nə qədər çox olardısa, sahibi bir o qədər hörmətli sayılardı. Avropada isə XIV-XV əsrlərdə təraş olmaq dəbə mindi. "İdeal kişi sifəti hər yaşda təmiz olmalıdır" devizi Qərbi Avropa kişisinin qanununa çevrildi. Saqqaldan sonra 1680-ci illərdə bığ da tarixə qovuşdu. İndi ancaq İspaniyada və şərqdə saqqallı, bığlı kişilərə rast gəlmək olardı. Şərq kişiləri tarix boyunca saqqala xəyanət edə bilməyib. Saqqal və bığ onlar üçün rəmz sayılıb. Hətta qarşı tərəfi sözünün düzlüyünə inandırmaq üçün şərq kişisi öz saqqal və bığına and içib. Saqqal və bığ 1848-ci ildən Avropa kişisi üçün yenidən dəbə mindi. Şekspir bu haqda "saqqallı kişi digərlərindən bir addım öndədir" deyirdi.
Gəlin etiraf edək ki, günümüzdə saqqal, yuxarıda göstərilənlərdən fərqli olaraq, heç bir mənanı ifadə etmir, ən azından dövlət, inanc və mental dəyərlər baxımından. Ancaq bir az Avropanın, bir az da qonşu Türkiyənin təsiri ilə gənclərimiz kirli saqqal deyilən növə daha çox meyl göstərirlər. Məsəl var, deyərlər, saqqalım yoxdur, sözüm keçmir. Yəni saqqal həm də böyüklük, müdriklik rəmzi kimi qəbul edilib vaxtilə. Deyəsən, indiki gənclərimiz də vaxtından tez "müdriklik qazanmağa" meyillidirlər. Ancaq bu işlər bir saqqalla olsaydı, nə vardı ki?!
Yeni yaranan bu dəb ən çox kinolarımızda, seriallarımızda özünü göstərir. Nə yazıq ki, hər serialda, gərək oldu-olmadı, səliqəsiz görünüşlü, üzü tüklü aktyora rast gələ bilirik. Demək olmaz ki, hər kəs şüşə kimi parıldayan üzlərlə gəzməyə borcludur. Əlbəttə, imic, zahiri görünüş hər kəsin öz seçimidir. Ancaq aktyor, göz önündə olan sənətçi bunun məsuliyyətini dərk etməli, ona uyğun davranmalıdır. Aktyor səhnədə, ekranda bilavasitə oynadığı rolun istər xarici, istərsə də daxili xüsusiyyətlərini daşımaqla hökmlüdür. Öz şəxsi imicini canlandırdığı obraza tətbiq etmək haqqı yoxdur. Bu mənada rejissorların, prodüsserlərin, stilistlərin də üzərinə çox böyük iş düşür. Rejissor obrazın daxili dünyası kimi zahiri görünüşünə də diqqət etməli, onu tamaşaçı üçün yaratmalıdır. Buna görə də aktyorları yönləndirmək ilk növbədə onun vəzifəsidir.
Saqqal dini inancın göstəricisi kimi də qəbul edilir. Bəlkə də bütün dinlərin peyğəmbərləri şəkillərdə saqqallı təsvir olunduğundan əksər dindarlar da saqqal saxlayırlar. Bəzi məzhəblərdə isə uzun saqqal saxlamaq qanundur. Buna görə də insanlarımız saqqallı şəxsləri görəndə həmin dini məzhəbdən olduğunu zənn edib çox zaman xoflanırlar.
Xaricdən ölkəmizə "ayaq açan" bu tendensiya gənclərimiz arasında çox yayğın olduğundan və bəlkə gənc qızlarımızın da marağını məhz saqqallı oğlanlar çəkdiyindən məsələ daha da qəlizləşir. Bununla bağlı səhnəmizin tanınmış simalarına, cəmiyyətimizin müxtəlif sahələrindəki mütəxəssislərinə müraciət etdik, onların da fikirlərini və tövsiyələrini öyrəndik. Görəsən, gənclərimiz bığı, saqqalı, uzun və dağınıq saçları, ümumən səliqəsiz görünüşü azadlıq rəmzi, müasirlik simvolumu hesab edirlər?!
Əməkdar artist Kazım Abdullayev buna yalnız rola uyğun olarsa yol verilə biləcəyini, əks təqdirdə rejissorların nəzarət etməli olduqlarını dedi: "Doğrusu, bu məsələ məni də narahat edir. Lazım oldu-olmadı, ekrana saqqallı çıxırlar. Əgər rola uyğundursa, buyurun. Bir də unutmaq lazım deyil ki, əgər ekrandasansa, müəyyən mənada millətin simasısan. Sənin saqqal xoşuna gələ bilər, ancaq bir fərd kimi. Ekranda isə bir qayda-ölçü gözlənməlidir. Bizdə dini dövlət deyil ki. Bu məsələdə rejissorların da günahı var. Onlar tələb etməlidirlər ki, aktyorlar üzlərini təmiz saxlasınlar. Hər xarici görünüşün yeri var. Tarixi filmdirsə, belə gərəkdirsə, buyurub saqqal saxlasınlar. Yoxsa müasir hadisələr verilirsə, saqqala nə ehtiyac var? Heç baxmaq da olmur, bir-birlərinə oxşayırlar. Mən şəxsən belə xarici görünüşün əleyhinəyəm".
"Hamı saqqal saxlayır, bu, dəbdir" - deyib eyni şeyi, yaraşdı-yaraşmadı, mən də edirəmsə, demək ki, öz fikrim və öz tərzim yoxdur" - bu sözləri teatr və kino aktyoru, aparıcı, Azərbaycanda ilk seriallardan olan "Sirr"də Əziz rolunun ifaçısı Mehman Piriyev deyib. O, bunu bəzi insanların, xüsusən gənclərimizin kütləviliyə meyli ilə əlaqələndirir: "Əvvəla, onu deyim ki, hər bir insanın öz seçimi var. Biz buna qarışa bilmərik. Bəlkə də mənim dediklərim bəzilərinin xoşuna gəlməyəcək. Ancaq bu da mənim fikrimdir. Mənə elə gəlir ki, çox adam nə dəbdirsə, çox zaman onun arxasınca getməyə can atır. O ki qaldı saqqal uzatmalarına və yaxud geyim tərzinə, məncə, bunda "küyə düşmək" rol oynayır. Sanki bir çox cavanlar fərdilikdən daha çox kütləviliyə can atırlar. Belə olan halda isə, təəssüf ki, artıq özün olmursan. Məncə, rejissor peşəkardırsa, mütləq buna müdaxilə etməlidir. Çünki hər bir obrazın özünə uyğun tərzi, görünüşü olmalıdır".
Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Elxan Cəfərov məsələyə hər iki tərəfin gözü ilə baxıb, vəziyyəti nisbətən mülayim şəkildə şərh edir: "Ümumiyyətlə, gəncliyin problemi təkcə saqqalda, geyimdə deyil, azadlıq adı ilə qəbul olunmuş qaydalara tabe olmamaq arzusundadır. Bu, əlbəttə ki, yaşla, gəncliklə, öz şəxsiyyətini formalaşdırmaq istəyi ilə bağlıdır. Bu, əvvəlcə xarici görünüşlə fərqlənmək meylindən başlayır. Əslinə qalsa, müsbət bir şeydir. Amma təbii ki, bir aktyor bu və ya digər rolu oynamaq üçün səhnəyə, ekran qarışısına çıxırsa, səliqəsiz görünmək xoş deyil. Gənclərimiz nəzərə almalıdırlar ki, onlar Azərbaycan mədəniyyətinin, Azərbaycan insanının timsalıdır. Başa düşməlidirlər ki, hər bir mədəniyyətin, ictimai çıxışın incəsənət formatında mütləq bir etik və estetik qaydaları var. Mən demirəm ki, hər kəs kostyum geyinsin, qalstukda səhnəyə çıxsın. Ancaq kütləvi şəkildə səliqəsizlik də düzgün deyil.
Yapon fəlsəfəsində uşaqlara üç yaşına qədər heç bir qadağa qoymurlar. Onlar düşünürlər ki, bu yaşa qədər uşağa qadağa qoyursansa, ona müəyyən bir psixi təsir etmiş olursan. Bu məhdudiyyətlər onun gələcəyinə mənfi təsirini göstərə bilər. Üç yaşından sonra isə, təbii ki, müəyyən dərəcədə qadağalar olmalıdır. Digər bir psixoloqun sözüdür ki, beş yaşına qədərki uşaqlar sizə yalan danışırsa, bunu kütləvi yerdə ifşa etmək düzgün deyil. Çünki beş yaşına qədərki uşaqların yalanı onun fantaziyasının inkişaf faktorudur. Mən bu gün gəncliyimizin azad davranışında, dünyaya uyğunlaşmaq prosesində istərdim milli mənsubiyyətimizi unutmasınlar və müəyyən məhdudiyyətləri nəzərə alsınlar. Həmçinin, unutmaq olmaz ki, özünü dünyaya təqdim edərkən dünyayla onun dilində danışsan, bəlkə də uduzarsan. Dünyaya öz milliliyini təqdim etsən, bu onun üçün də maraqlı olar".
E.Cəfərovdan münasibət öyrənmişkən, onun çəkdiyi "Dolu" filmindəki Pələng obrazı ilə karyerasına uğurla başlayan, əsas ixtisası kinorejissorluq olsa da, aktyor kimi tanınan Elvin Əhmədovu da, gəncliyin nümayəndəsi olaraq, dinləməyə qərar verdim: "Hər bir dövrün öz tərzi, dəbi var. Bizim dövrün stilistikasındakı cəhətlərdən biri də saqqaldır. Bununla əlaqədar bu yaxınlarda ətrafımdakı söhbətlər sayəsində müşahidə aparmalı olmuşam. Nəinki kinoda, serialda, eləcə də cəmiyyətimizdə gənclər "kirli saqqal" deyilən görünüşsüz saqqala meyl edirlər. Buna, həmçinin, "ilkin saqqal stili" də deyirlər. Mən gündəlik həyatımda üzümü təmiz saxlamağı xoşlasam da, sadəcə bir dəfə canlandırdığım obrazın tələbinə uyğun o cür kirli saqqal saxlamalı olmuşam. "Sənin deyil" serialında övladı oğurlanmış bir atanı oynayırdım. O, itmiş oğlunu axtardığı üçün pərişan halda idi və üzünü təmizləməyə vaxtı, marağı olmurdu. Bəzən olur ki, aktyorun özünün həyatdakı imici saqqallı olur və elə də çəkilişə gəlir, rejissor isə buna diqqət etmir, necə var, elə də çəkir. Ancaq bu işdə rejissorlar daha diqqətli olmalıdırlar. Şəxsi düşüncəmə görə mən də bunun əleyhinəyəm, ancaq zamanın tələbi bəzən bizi dinləmir".
Gənclərin zövqünə də hörmət etməyin tərəfdarı olduğunu deyən Sağlam Cəmiyyət İctimai Birliyinin sədri, jurnalist Lalə Mehralı müəyyən səliqəni və harmoniyanı qoruduğu müddətcə gənclərin saqqalı özlərinə tərz kimi seçməsinə pis baxmadığını deyir: "Deyirlər bu, dəbdir, zövqlər fərqli olduğu üçün müzakirəsini doğru hesab etmirəm. Bir şərtlə ki, bu vəziyyət xurafata və dinçiliyə çevrilməsin. Çünki uzun saqqallı insanlar bizdə birmənalı olaraq vahimə və şübhə oyadır. Bəlkə siz də eyni hissi yaşamısınız, ictimai nəqliyyatda və bəzi yerlərdə əli çantalı saqqallı birini görəndə hamı təşvişə düşür. Amma sadə və qısa saqqal bir çoxunda qıcıq yaratmır, bəlkə də dövrün imici kimi qəbul edilir. Sadəcə, bu görünüşü səliqəli saç düzümü və səliqəli geyimlə xoşagələn də etmək olur, pırtlaşıq saçla, dağınıq geyimlə ikrahyaradıcı da. Daha gənclər şüşə kimi parıldayan üzlə gəzmək istəmirlər, guya özlərinə xas imic yaradırlar. Bəzən rejissor və ya filmin imicmeykeri də tələb edər bunu, bilmirəm".
İdeal psixologiya və İnkişaf Mərkəzinin psixoloqu, Bakı Dövlət Universitetinin müəllimi Yetər Qüdrətli isə bu məsələyə daha geniş və hər tərəfli aspektdən yanaşır, bu tendensiyanın yaranma qaynaqlarını şərh edir: "Hər bir ekran işi cəmiyyətin vəziyyətini əks etdirdiyindən rejissorlarımız da bununla cəmiyyətimizdəki gəncliyin imicini göstərirlər. Yəni insanlar bunu serialdan, kinodan götürmür, seriallar insanlardan götürür. Biz bu halın motivlərini araşdırmalıyıq. Mənim fikrimcə, bəzi motivlər bu cür halı yaradır. İlk növbədə, vizual effekt. Yəni hər bir saqqal növü insanlara fərqli obraz verir. Məsələn, daha sərt, ciddi görüntü yaradır. İkincisi, saqqal yaşı çox göstərir. Adətən, xanımlar yaşından az görünməyə meyl etdikləri halda, gənc oğlanlarımız yaşından böyük, daha ağıllı, müdrik, sosial statuslu görünmək istəyirlər. Başqa bir motiv maskulinlik və ya gender məsələsidir. Yəni bir çox sahələrdə (geyimdə, həyat tərzində, sosial statusda) qadınlar kişilərin etdiklərini edə bilirlər, onlar arasındakı sərhədlər silinib. Saqqal isə yeganə bir şeydir ki, ancaq kişilərə məxsusdur, kişilik atributudur. Daha bir səbəb tez-tez üz qırxmaq əziyyətindən qurtulmaqdır. Yəni artıq belə bir trend yaranmışkən, dəb halına gəlmişkən, bir çoxları düşünür ki, hər gün üzümü qırxmaqdansa, saqqal saxlayım. Sonuncu və ən əsas motiv isə müasir gənclərimizin içindəki azadlıq, sərbəstlik və bunu ətrafına sübut etmək ehtiyacıdır. Sanki onlar bununla cəmiyyətə "mən azadam, mən istədiyim kimi davrana bilərəm" siqnalını ötürürlər".