|
|
|
|
Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub.
Birlikdən 525.az-a verilən məlumata görə, təlimçi Tərxan Paşazadə gənclərə “Vikipediya”, ondan istifadə qaydaları mövzusunda təlim keçib.
Təlim çərçivəsində gənclərə “Vikipediya”nın əhəmiyyətindən, resursda informasiyanın yerləşdirilməsi qaydalarından bəhs edilib. Gənclərə praktiki şəkildə öyrədilib.
İnformasiya müharibəsi dövründə “Vikipediya” üzərindən Azərbaycan həqiqətlərini faktlara əsaslanaraq beynəlxalq auditoriyaya daha yaxşı çatdırmaq vacib məsələlərdəndir. “Vikipediya” təlimi gənclər üçün xüsusi əhəmiyyət daşıyır. Çünki multiplayerlərdən ibarət “Vikipediya” Qrupu azerbaijanhistory.az saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar.
Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada dünyaya çatdırılması layihənin ana məqsədidir.
Eyni zamanda, məqsəd Azərbaycan həqiqətlərini virtual məkan vasitəsilə dünyaya çatdırmaqdır. Layihədə “Araşdırma texnologiyası”, “Vikipediya” təlimləri”, “Sosial şəbəkələrdən səmərəli istifadə”, “Məqalənin düzgün yazılma qaydaları”, “Təlimçilər üçün təlim” kimi maraqlı mövzularda peşəkarların təcrübəsindən yararlanan gənclər, ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil edəcək, əldə etdikləri informasiyaları region gənclərilə bölüşəcəklər.
Daha sonra layihə komandası və multiplayer komandalarının qarşılıqlı fəaliyyəti şəklində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaq. Həmçinin, əldə olunan məlumat bazaları “Vikipedia”, “Twitter” və digər sosial şəbəkələrdə yerləşdiriləcək, təsdiqini tapmayan informasiyalar yenilənəcək.
CEYHUN