|
|
|
|
Martın 10-da Ermənistanda sosial-iqtisadi problemlərlə üz-üzə qalan əhali hakimiyyəti öz əlində saxlamaq üçün müxtəlif siyasi oyunlara əl atan Serj Sarkisyana qarşı kütləvi etiraz nümayişi keçirilib.
İrəvanın Azadlıq meydanına toplaşan ermənilər hazırkı prezidentin baş nazir postuna keçməsini istəmir. Düşmən ölkə vətəndaşları S.Sarkisyanın hakimiyyətdən birdəfəlik uzaqlaşmasını tələb edirlər. "Ermənistan naminə" hərəkatının təşkil etdiyi mitinqdə "İrs" partiyasından olan deputat Armen Martirosyan hazırkı hakimiyyətin rüsvayçı siyasətini tənqid edib. O qeyd edib ki, Ermənistanda bütün sahələr böhran vəziyyətindədir: "İdarəetmə sistemi bərbad, sosial-iqtisadi şərait acınacaqlı durumda, ölkənin təhlükəsizliyi sual altındadır. İnsan hüquqları tapdalanır, azadlıqlar boğulur".
Keçmiş parlamentari Karapet Rubinyan isə bildirib ki, Ermənistanda sosial-iqtisadi böhranın dərinləşməsi miqrasiya məsələlərinə çox böyük təsir edir, demoqrafik fəlakətə səbəb olur: "Bu problemlərin qarşısını ala bilməsək, Ermənistan mövcudluğunu qoruya bilməyəcək. Ermənilər öz ölkələrini itirmək təhlükəsiylə üz-üzədirlər".
Bu problemləri həll etmək üçün etirazçılar ilk növbədə Serj Sarkisyan rejiminə son qoyulmasını vacib hesab edirlər. Öz xalqının iradəsinə zidd şəkildə ölkə konstitusiyasına əlavə və dəyişikliklər edib, Qərbin agenti kimi tanınan Böyük Britaniya vətəndaşı Armen Sarkisyanı qanunsuz olaraq prezident kürsüsünə gətirən S.Sarkisyan isə bütün maneələrə baxmayaraq, aprelin 9-da baş nazir postuna keçərək hakimiyyəti öz əlində saxlamağı hədəfləyib. Ancaq onun prezident olduğu ötən illər ərzində Ermənistanın yalnız geriyə getdiyini, yaşayış şəraitinin günü-gündən daha da pisləşdiyini görən və dərk edən ermənilər vəziyyətin bu cür davam etməsini qəbul edə bilmirlər. Əksər Ermənistan gəncləri onlara məxsus olmayan işğal altındakı torpaqlara - Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarına görə nəinki canlarından keçmək, heç tər tökmək də istəmirlər. Buna görə də ordudan yayınma halları sürətlə artır, gənclər onsuz da yoxsulluq şəraitində yaşayan ailələri ilə birlikdə korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığının hökm sürdüyü ölkəni birdəfəlik tərk edirlər. Lakin hakimiyyət bu vəziyyətdən də çıxış yolu tapmaq üçün sosial proqramlar həyata keçirmək əvəzinə, vətəndaşların ölkədən çıxışına mane olur, onlara qarşı məhdudiyyətlər tətbiq edir. Vəziyyət o yerə çatıb ki, qəbul olunan yeni qanunla məktəbi bitirən gənclərə təhsillərini davam etdirmək üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi də dayandırılıb. 18 yaşı tamam olan gənclər dərhal hərbi xidmətə çağrılırlar. Bu və digər çətinliklər Ermənistanda xalqla dövlət arasında uçurumun daha da dərinləşməsinə gətirib çıxarır.
Ermənistan mətbuatında gedən yazılarda vurğulandığı kimi, vətəndaşların rifah halının yaxşılaşdırılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli, ölkədə geniş yayılmış yoxsulluğun qarşısının alınması hərbi xunta rəhbərinin planlarına daxil deyil. İnsan hüquqlarının tapdalandığı, media nümayəndələrinə qarşı təqbilərin artdığı, söz və ifadə azadlığının zor gücünə boğulduğu işğalçı ölkədə seçkilərin də xalqın iradəsinə uyğun keçirilməsindən söhbət belə gedə bilməz. Ermənistan konstitusiyasında prezident seçilmək üçün ən azı 6 il ölkə vətəndaşı statusunu daşımaq əsas tələblərdən biri kimi göstərilsə də, bu şərtə əməl olunmadan A.Sarkisyanın dövlət başçısı kürsüsünə əyləşdirilməsi yeni dövrdə də işğalçı ölkədə qanunların, insan hüquq və azadlıqlarının ayaqlar altında olacağından xəbər verir. Ona görə də Ermənistan vətəndaşları qeyri-bərabər, antidemokratik şəraitdə keçirilən seçkilərin nəticəsini qəbul etmək istəmirlər.
Ermənilərin "Hraparak" qəzeti Konstitusiyanın kobud şəkildə pozulmasının qarşısını almaq üçün hakimiyyətə maraqlı təklif də ünvanlayıb: "Qəzet kinayəli şəkildə əsas qanunvericiliyinin tələblərini pozmaqdansa, bəri başdan müddəaları dəyişməyi, yəni prezident olmaq üçün xarici vətəndaşların da seçkilərdə iştirakının təmin olunmasını təklif edib.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, Ermənistan keçirilən prezident seçkiləri heç bir halda erməni xalqının iradəsini ifadə etmirdi: "Çünki bu seçkiləri keçirən və yeni prezidenti təyin edən Serj Sarkisyan idi. Heç onun özünü xalq seçməmişdi. 2008-ci ilin mart ayında o, öz xalqını gülləbaran edib 10 nəfərin ölümünə, xeyli sayda insanın yaralanmasına səbəb olaraq hakimiyyəti zəbt etmişdi. Ona görə də qeyri-legitim yolla seçilmiş bir adamın namizədliyini irəli sürdüyü başqa bir Sarkisyanın prezident olması heç bir halda Ermənistanın nə daxili, nə də xarici siyasətində vəziyyəti dəyişməyəcək. İşğalçı ölkənin yeni prezidentinin söylədiyi kimi, o, öz ağası Serj Sarkisyanın təlimatları əsasında işləyəcək".
E.Nəsirov bildirib ki, sosial bazası olmayan Serj Sarkisyanın namizədliyini irəli sürərək prezidentlik kürsüsünə qaldırmağa nail olduğu bir adamın hakimiyyətdə təmsil olunması müsbət heç nə vəd etmir: "Ermənistanın iqtisadi iflası daha da sürətlənəcək, iqtisadi təcridi daha da dərinləşəcək, demoqrafik böhran daha da güclənəcək, əhalinin yoxsulluq səviyyəsi isə daha da artacaq. Bütün bunlar reallıqdır. Yeni dövrdə də biz bunun şahidi olacağıq".
Dünən Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirildiyini xatırladan deputat deyib ki, gələn həftə isə Gürcüstanın xarici işlər nazirinin iştirakıyla dördtərəfli sammit keçiriləcək: "Azərbaycan həm iki, həm üç, həm də dördtərəfli formatda əlaqələri genişləndirir. Ermənistanın isə bu formatlardan kənarda qalır və heç bir regional layihədə iştirak edə bilmir. İşğalçı ölkənin əməkdaşlıq üçün ən çox ümid bəslədiyi dövlət İran olsa da, rəsmi Tehranın Azərbaycanla əlaqələri daha da dərinləşir. Bu mənada, yaxın günlərdə İran prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri gözlənilir. Eyni zamanda, "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu xəttinin işə salınması planlaşdırılır".
Bundan başqa, Gürcüstanın həm baş naziri, həm də müdafiə nazirinin Azərbaycanda səfərdə olduğunu xatırladan E.Nəsirov hesab edir ki, dövlətimizin həyata keçirdiyi fəal xarici siyasət nəticəsində Ermənistanın blokada vəziyyəti daha da dərinləşib: "İşğalçı ölkənin yeni prezidenti isə bütün bu problemləri həll etmək iqtidarında deyil. Ən azından ona görə ki, Armen Sarkisyanı prezidentlik kürsüsünə gətirən Ermənistanı bərbad vəziyyətə salan Serj Sarkisyandır".
"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə bildirib ki, Ermənistanda cinayətkar rejim hakimiyyətdədir: "Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyan qatildilər. Onlar dünyada ən ağır cinayət hesab olunan soyqırımı həyata keçirib, Xocalıda dinc azərbaycanlıları qətlə yetirib, işgəncələrə məruz qoyublar. Ermənistanda hakimiyyətdə olan rejim terror, işğalçılıq, təcavüzkarlıq, separatizm və digər cinayətlərlə məşğul olmaqdadır. Onlar hətta öz xalqına qarşı silah çevirmiş, hakimiyyətdə qalmaq naminə qətllər törətmiş adamlardır. Həmin şəxslər bu cinayətlərinə görə gec-tez cavab verəcəklər".
Ermənistanın oyuncaq dövlət olduğunu deyən ekspert qeyd edib ki, düşmən ölkə Rusiyanın forpostu rolunu oynayır: "İşğalçı dövləti Rusiyanın səfiri, ordusunu isə Gümrüdə yerləşən rus hərbi bazasının komandiri idarə edir. Buna görə də Ermənistan müstəqil qərar qəbul edə bilmir. Biz bunun dəfələrlə şahidi olmuşuq. İşğalçı ölkə ilə həm Azərbaycan, həm Türkiyə ilə, həm də digər beynəlxalq danışıqlarda bu hiss edilir. Buna görə də Ermənistana ciddi dövlət kimi yanaşılmır, beynəlxalq əhəmiyyətli layihələrə cəlb olunmur".
Ermənistan vətəndaşlarının ölkənin acınacaqlı daxili və xarici siyasətiylə bağlı dəfələrlə etiraz aksiyaları keçirdiyini deyən E.Həsənlinin sözlərinə görə, cinayətkar rejim hakimiyyəti öz əlində saxlamaq üçün ən radikal üsullara əl atıb, öz əleyhdarlarına qarşı silah tətbiq edib.
Ermənistanın yeni prezidentinə heç bir səlahiyyətin verilməməsinə diqqəti çəkən ekspert Armen Sarkisyanın təhlükəsizlik şurasında da təmsil olunmadığını deyib: "Serj Sarkisyanın hakimiyyətdə qalmaq üçün hər şey edər. Sabah o, şəhər meri, kənd təsərrüfatı naziri kürsüsündən də ölkəni idarə edə bilər. Buna qədər o, Ermənistanda müdafiə naziri, xarici işlər naziri, prezident administrasiyasının rəhbəri, baş nazir, prezident vəzifələrini icra edib. İndi yenidən baş nazir olmağa hazırlaşır".
E.Həsənli qeyd edib ki, parlamenti qəbul etməyən Ermənistan əhalisi təbii olaraq deputatların seçdiyi prezidenti də qəbul etmir: "Heç bir səlahiyyətə sahib olmayan Armen Sarkisyanın prezidentliyi də heç kəsə lazım deyil. Ermənistan vətəndaşları bu prosesin yalnız Serj Sarkisyanın hakimiyyətini möhkəmləndirməyə hesablandığını yaxşı bilirlər".
Ceyhun ABASOV