|
|
|
|
"Hazırda Türkiyə-Azərbaycan strateji müttəfiqliyi ilə bağlı müzakirə olunan bir sıra məsələlər var. Birincisi, Ankara ilə Moskva arasında əməkdaşlıq getdikcə artır, siyasi və iqtisadi əlaqələr genişlənir. Türkiyə ilə Rusiya tarixdə olmamış qədər bir-birinə yaxındırlar. İki ölkə prezidentləri ildə bir neçə dəfə görüşürlər. Moskva Türkiyədə dəyəri 20 milyard dollar civarında atom elektrik stansiyasının tikintisinə başlayıb. Kreml Ankaraya S-400 raketləri satacaq. Tarixdə ilk dəfə Rusiya NATO üzvü dövlətə bu cür silah növü satır. Digər tərəfdən, iki ölkə Suriyada əməkdaşlıq edir. Bütün bunları nəzərə alaraq Azərbaycanda ən çox gündəmə gətirilən suallardan biri budur: Türkiyə-Rusiya strateji tərəfdaşlığının yaxın perspektivdə Cənubi Qafqaza, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsiri ola bilərmi? İkincisi, Türkiyə-Rusiya-İran üçlüyü Suriya ilə yanaşı, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul ola bilərmi? Üçüncüsü, Türkiyə Azərbaycanda hərbi baza yarada bilərmi? Dördüncü sual isə Türkiyə ilə Azərbaycan arasında konfederasiyanın qurula bilməsiylə bağlıdır".
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O, bu suallara aydınlıq gətirmək üçün bir həftə Ankarada olub, Türkiyə parlamentində və Türkiyə Xarici İşlər Nazirliyində görüşlər keçirib, suallara cavab tapmağa çalışıb. E.Şahinoğlu, ayrıca, türkiyəli alim və siyasi ekspertlərlə də görüşərək fikir mübadiləsi aparıb. Mərkəz rəhbəri Türkiyə parlamentində 3 partiyanın - Ədalət və İnkişaf Partiyasının, Milliyətçi Hərəkat Partiyasının və Cümhuriyyət Xalq Partiyasının 15-ə yaxın deputatı ilə görüşüb.
Politoloq bildirib ki, rəsmi Ankaranın bölgədəki rolu getdikcə artır: "Azərbaycanın strateji müttəfiqi olan Türkiyə Avrasiya bölgəsinin əsas fiqurlarından birinə çevrilib. Ona görə də qardaş ölkə ilə bağlı baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənir".
E.Şahinoğlunun sözlərinə görə, Türkiyədə daxili və xarici siyasət məsələlərində bir-birini kəskin tənqid edən partiyalar və deputatlar Azərbaycan və Dağlıq Qarabağ məsələsində faktiki eyni mövqedən çıxış edirlər: "Əsas fikir bundan ibarətdir: Türkiyə həmişə Azərbaycanın yanında olmalı və Azərbaycanın haqlı maraqlarını qorumalıdır. Deputatların suallara cavablarını bu şəkildə qruplaşdırmaq olar: Türkiyə Dağlıq Qarabağ məsələsində dialoqu Azərbaycanın lehinə dəyişdirməyə çalışmalıdır; Azərbaycan və Türkiyə iqtisadi və hərbi baxımdan güclü olmalıdırlar ki, Qarabağla bağlı danışıqlarda güclü olsunlar; Rusiya-Türkiyə ittifaqını pozmağa çalışan qüvvələr var. Bu ittifaq dağılmasa, Suriya ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul ola bilər. Türkiyə-Rusiya ittifaqı iradə ortaya qoyarsa, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll oluna bilər; Ankara Moskvanı inandırmalıdır ki, Qarabağ münaqişəsi həll olunmadan bölgədə sabitlik olmayacaq; Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə qoşulmağa çalışmalıdır; Dağlıq Qarabağın işğaldan azad olunması Türkiyənin Afrini terrorçulardan təmizlənməsindən daha çox sevindirər; Əgər Rusiya Azərbaycana silah satmaq istəməsə, Bakının müraciəti əsasında Türkiyə Azərbaycana silah sata bilər, bundan başqa Azərbaycana logistik dəstək də verə bilər; Türkiyə enerji məsələsində Rusiyadan çox Azərbaycanla əməkdaşlığı genişləndirməlidir, TAP və TANAP boru xətlərinin tikintisini sürətləndirmək lazımdır. Elə etmək lazımdır ki, Azərbaycan qazı Rusiya qazından daha tez Türkiyəyə və Cənubi Avropaya çatsın".
Politoloq hesab edir ki, türkiyəli deputatların fikirlərindən bu qənaətə gəlmək olar ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllini gündəmə gətirməyə hazırdır. Deputatlar "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sualları üzərinə Suriya probleminin həllini gözləmədən də Türkiyənin Rusiya qarşısında Qarabağ məsələsinin həllini qaldırmasının mümkünlüyünü vurğulayıblar. Ancaq bunun üçün politoloqun fikrincə, Qarabağ mövzusunda Bakı-Ankara dialoqu genişlənməlidir: "Yəni Ankara bilmək istəyir ki, Bakı ondan Moskva qarşısında konkret olaraq hansı məsələlərin qaldırılmasını istəyir".
Mərkəz sədri deyib ki, türkiyəli deputatlar Qarabağla bağlı sülh danışıqlarının bundan sonra da nəticə verməyəcəyi qənaətindədirlər: "Deputatlar onu da vurğulayırlar ki, Rusiyasız bu münaqişəni həll etmək mümkün deyil, çünki Moskvanın müharibəyə də imkan verməyəcəyi düşüncəsindədirlər. Türkiyəli deputatlar Azərbaycanın gücləndiyini, Ermənistanın isə kasıblaşdığını, ayrıca bütün layihələrdən kənar qaldığını və bu faktorun gələcəkdə Qarabağ probleminin Azərbaycanın lehinə həll olunacağını fikrindədirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ən yaxın deputatlardan biri bu mövzudakı fikrini belə yekunlaşdırdı: "Kiçik və zəif dövlət olan Ermənistan üçün Azərbaycan və Türkiyə ilə sərhədlərin qapalı qalması İrəvana böyük zərbədir. Azərbaycanın indiki siyasəti doğrudur, Ermənistanı təcriddə saxlayıb işğalçı dövlətə təzyiqi artırmaq lazımdır".
Depuatların Türkiyənin Azərbaycanda hərbi baza yaratması ilə bağlı dəqiq fikri yoxdur. Buna baxmayaraq, bəzi deputatlar Bakının hərbi baza ilə müraciətinə "yox" deməyəcəklərini də bildirdilər. "Türkiyə Azərbaycanla konfederasiya yarada bilərmi və ya yaratmalıdırmı" sualına da eyni cavab verildi: "Azərbaycan Türkiyə ilə nə qədər çox yaxınlaşmaq istəsə, biz Bakının bu təklifinə "yox" deməyəcəyik. Bu qərar Azərbaycana bağlıdır". Doğrusu, konfederasiya ideyasını Azərbaycanda da səsləndirənlərin sayı çox deyil. Ancaq türkiyəli deputatlar və diplomatlar konfederasiya mövzusunun gündəmdə qalmasının əleyhinə olmadıqlarını da dedilər. Bu, onun üçün vacibdir ki, Rusiyaya güvənən işğalçı Ermənistan Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycana istənilən dəstəyi verməyə hazır olduğunu anlasın. Yəni Ermənistan təxribat yaradıb Rusiyanı da Azərbaycana qarşı hərbi həmləyə sürükləyərsə, 1990-cı illərin əvvəllərindən fərqli olaraq Türkiyə hökuməti və ordusu buna seyrçi qalmayacaq. Konfederasiya ideyası və ya Türkiyə-Azərbaycan hərbi ittifaqı mövzusu İrəvanla yanaşı, Moskvaya da mesaj olmalıdır".
Politoloq deyib ki, Türkiyə Xarici İşlər Nazirliyinin diplomatları ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həllini sürətləndirməyəcəyi fikrindədirlər: "Yeni model axtarılmalıdır. Rusiya Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyə ilə əməkdaşlıq etmək istəməsə də, Dağlıq Qarabağda yerləşdirilə biləcək sülhməramlı qüvvələrin tərkibində Türkiyənin olmasını qəbul edə bilər. Yəni əgər Moskva israr etsə ki, Rusiya hərbçiləri Dağlıq Qarabağda sülhməramlılar tərkibində iştirak etməlidir, Türkiyə hərbçiləri də Dağlıq Qarabağda yerləşdirilib bölgədəki azərbaycanlıların təhlükəsizliyinə cavabdeh ola bilərlər. Əlbəttə, bu münaqişənin sonrakı mərhələsində reallaşa bilər. Ancaq Ankarada bu mövzunu da müzakirə etməyə hazırdılar. Ancaq bunun üçün təşəbbüskar yenə rəsmi Bakı olmalıdır".
Mərkəz sədri əlavə edib ki, Türkiyə diplomatları ona da inanırlar ki, Dağlıq Qarabağda müharibə başlayarsa, Ermənistan bütün sərhəd boyu təxribat yaratmağa çalışacaq ki, prosesə Rusiya da qarışsın: "Ona görə də Ankara müharibənin necə riskli olduğunu və Bakının bu məsələdə bütün çətinliklərini anlayır".
Ceyhun ABASOV