Son günlər Azərbaycan manatının zəifləyəcəyi, dolların isə bahalaşacağı ilə bağlı həm bəzi media orqanlarında, həm də sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır.
Baxmayaraq ki, bu cür məlumatların iqtisadi cəhətdən heç bir əsası yoxdur, müvafiq rəsmi qurumlar, o cümlədən, Mərkəzi Bankın rəhbərliyi devalvasiyanın olmayacağına dair açıqlama verib, amma istər-istəməz insanlar arasında narahatlıq yaşanır. Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı direktoru İbrahim Alışov da mətbuata açıqlamasında Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsasın olmadığını vurğulayıb. O, əlavə edib ki, son bir həftə ərzində Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə, Türkiyə, Rusiya kimi ölkələrdə valyuta qiymətlərinin milli valyutaya nisbətdə volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi: "Bizim müşahidələr və apardığımız təhlillər onu göstərir ki, bankların heç birində nağd valyuta tələbatlarını qarşılamamaq kimi problemləri yoxdur. Mərkəzi Bank yetərincə banklara, bank filiallarına yetərincə nağd valyuta satışını həyata keçirir. Bu, sadəcə psixoloji amildir. Bizim apardığımız təhlil göstərir ki, burada alışı həyata keçirən daha çox əhali qrupudur. Bizim apardığımız hesablamalara görə, son 1 həftə ərzində ortalama valyuta alışı adambaşına 800-1300 dollar olub. Bu, onu deməyə əsas verir ki, sadəcə qonşu ölkələrdə baş verən hadisələrlə əlaqədar psixoloji amillərdən əhali qrupu bir az təşvişə düşüb. Azərbaycanda bunun üçün heç bir makroiqtisadi əsas yoxdur".
Həqiqətən də devalvasiya xəbərləri məhz Rusiyaya qarşı sanksiya məsələsinin gündəmə gəlməsi ilə rublun, həmçinin, Türkiyə lirəsinin ucuzlaşması fonunda yayılmağa başladı. Yəni belə ehtimallar irəli sürüldü ki, əgər Azərbaycanın yaxın qonşularında, regiondakı əsas ticarət tərəfdaşlarında bu proses baş verirsə, təsiri mütləq bizdə də hiss ediləcək. Amma həm ölkədəki iqtisadi durum, son üç ayın yekunları ilə bağlı açıqlanan rəqəmlər, qeyri-neft sektorunda, həmçinin, turizm sahəsindəki inkişaf, neftin qiyməti bu ehtimalları alt-üst edir. Başqa tərəfdən, devalvasiya üçün iqtisadi əsaslar, səbəblər olmalıdır. Əgər bu səbəblər yoxdursa, ehtimallar irəli sürüb, ajiotaj yaratmaq əlbəttə ki, düzgün deyil.
Məlumat üçün bildirək ki, cari ilin birinci rübünün yekunlarına görə, Azərbaycan iqtisadiyyatı 2,3 faiz, qeyri-neft sektoru isə təxminən 3 faiz artıb. Bu isə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir.
Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz, kənd təsərrüfatı 4,2 faiz, o cümlədən, bitkiçilik 50 faizdən çox artıb. Ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bunun da böyük hissəsi xarici sərmayədir. Valyuta ehtiyatları 2,2 milyard dollar artıb və hazırda 44,2 milyard dollara bərabərdir. Xarici ticarət dövriyyə 31 faiz, neft və qeyri-neft ixracı 37 faiz, ümumi ixrac 24 faiz artıb. Bütün sadalanan faktlar, ölkəmizə valyuta gətirəcək sahələrdəki inkişaf əlbəttə ki, manatın sabitliyini qoruyacağını deməyə əsas verir. İqtisadçı deputatlar və ekspertlər də devalvasiya üçün heç bir iqtisadi əsas görmürlər. Onların sözlərinə görə, əksinə, manat bahalaşa bilər.
Millət vəkili Tahir Mirkişili deyib ki, 2018-ci ilin birinci rübünün iqtisadi yekunlarını təhlil etdikdə manatın zəifləməsinə dair yayılmış fikirlərin hər hansı əsasının olmadığı aydın şəkildə görünür. "Bizim əsas işimiz iqtisadi baxımdan əsaslandırmadır. İqtisadi səbəb isə yoxdur, əksinə, manat güclənə bilər. Manatın kursunda bir iqtisadi qanunauyğunluq, riyazi hesablamalar var, bundan kənara çıxmaq olmur. Yəni balans müsbətdirsə, valyuta ehtiyatları kifayət qədərdirsə, manatın kursunun zəfləməsinin heç bir mənası yoxdur və bu, baş verə bilməz".
Millət vəkili əlavə edib ki, birinci rübün nəticələrinə görə, ölkə iqtisadiyyatı, investisiyaların həcmi, valyuta ehtiyatlarımız artıb.
Qonşu ölkələrin, o cümlədən, Rusiya və Türkiyənin valyutalarının ucuzlaşmasının Azərbaycandan da yan keçməyəcəyinə dair fikirlərə də toxunan T.Mirkişili vurğulayıb ki, baş verən proseslər fərqlidir: "Rusiyanın valyuta ehtiyatları demək olar ki, tam tükənib, valyuta rublu sabit saxlamaq üçün xərclənib. Valyuta ehtiyatları tam tükəndiyi üçün hazırda rublun kursu daha çox yaranan sanksiyalardan və bir sıra iqtisadi qərarlardan, həcmlərdən asılıdır. Ona görə də Rusiyada baş verənlərin Azərbaycana təsir imkanları kifayət qədər azdır.
Türkiyəyə gəlincə, bu ölkənin iqtisadi əlaqələrinin böyük hissəsi Avropa İttifaqı ilə olduğu üçün təbii ki, orda baş verənlər ölkədən kapitalın axmasına, investisiyanın çıxmasına səbəb olur ki, bu da türk lirəsinin kursuna təsir edir. Azərbaycanda isə manatın kursunun müəyyən edilməsi səbəblərindən bir ölkədə qeyd etdiyim kimi, valyutaya olan tələb və valyuta ehtiyatlarının olması ilə müəyyən edilir. Bu da bildiyiniz kimi, həm neftin qiymətinin yuxarı olması, - büdcədə neftin bir bareli 45 dollar müəyyən edilib, amma 70 dollar üzərindədir - yaxud da üç ay ərzində bizim ixrac idxalı 1.2 milyard dollar üstələyib ki, bu da ölkədə 1,2 dollar profsitin yaranmasına səbəb olub. Yəni bunların hamısı ölkədə kifayət qədər valyutanın olmasına gətirib çıxarıb. Bütün bunlar onu deməyə əsas verir ki, bizim kifayət qədər valyuta ehtiyatlarımız var. Məhz bu ehtiyatlar manatın kursunun zəifləməsinə heç cür imkan yarada bilməz".
Dollara tələbat artarsa, vəziyyətin necə olacağından da danışan deputat deyib ki, birinci rübdə əhalinin gəlirləri 10 faiz artıb, inflyasiya cəmi 4 faiz olub. Tələbatın artması halında belə dolların kursunun sabit qalması üçün təklifin də artması vacibdir: "Təklifin artması, valyuta gətirən mənbələr bəllidir, yəni əsasən ixracdan gələn valyuta və özümüzün strateji valyuta ehtiyatlarımız. Eyni zamanda, neftin qiyməti, bütün bu təkliflərin yüksək səviyyədə olması yaxın gələcəkdə, konkret olaraq 2018-ci ildə manatın kursunun dramatik dəyişməsi ilə hər hansı hal baş verməyəcək".
İqtisadçı ekspert Emin Əliyev isə vurğulayıb ki, Azərbaycan neftinin qiyməti hər keçən gün artır. Birinci rübün nəticələri göstərir ki, balansımız çox yüksəkdir.
Onun sözlərinə görə, digər tərəfdən, manatın sabit qalmasının digər amillərindən biri odur ki, əgər neftin bir barelinin qiyməti dövlət büdcəsində baza qiyməti bir barel üçün 45 dollardan nəzərdə tutulubsa, artıq bir ildir ki, 60 dollara yüksəlib və bir həftə olar ki, bu, 70 dolları keçib. "Belə ki, ilkin mərhələ kapitalı 18 faizdir. Kapitalın adekvatlığı da elə bu göstəriciyə bərabərdir. Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara bərabər olub. Bütün sahələrdə artım var və bu, davam edəcək. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Bütün bunlar deməyə əsas verir ki, manat ucuzlaşmayacaq".
Millət vəkili Azər Badamov isə deyib ki, dünyada gedən siyasi oyunların sayəsində bir çox ölkələrin iqtisadiyyatlarına təsir halları baş verib: "Belə ki, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar rus rublunun on iki faizə qədər ucuzlaşmasına gətirib çıxarıb".
Onun sözlərinə görə, rublun ucuzlaşması manatın məzənnəsinə təsir edə bilməz: "Çünki rublun ucuzlaşması dayanıb və əksinə, yenidən güclənməsinə istiqamətlənib. Bundan başqa, Azərbaycan müstəqil ölkədir və ölkəni müstəqil şəkildə öz iqtisadi qanunları ilə idarə edir. Bu gün neftin qiyməti bahalaşmağa doğru istiqamətlənib. Bundan əlavə, Azərbaycanda qeyri-neft sektoru inkişaf edib və bir sıra Azərbaycan məhsulları dünya ölkələrinə istehsal olunur. Bu istehsal olunan mallar isə dünya ölkələrinə satılır. Düzdür, ölkəmizdə istehsal olunan malların müəyyən hissəsi Rusiya bazarlarına göndərilir. Amma sahibkarlara Rusiya bazarları sərf etməsə, ayrı ölkələrdə yeni bazarlar axtarıb tapacaq və istehsal olunan malları o ölkələrə satacaqlar. Cənab Prezident vaxtında deyib ki, biz yeni bazarları tapmalıyıq və bu gün Azərbaycanda istehsal olunan malların kifayət qədəri də müxtəlif ölkələrin bazarlarına ixrac olunur. Bütün bunları nəzərə alaraq düşünürəm ki, manatın məzənnəsində ucuzlaşma baş verməyəcək. Əksinə, manatın güclənəcəyini düşünürəm".
İqtisadçı ekspert Əkrəm Həsənov isə düşünür ki, Rusiyaya qoyulan sanksiyalar neftin qiymətinin bahalaşmasına gətirib çıxara bilər. Bu zaman təbii olaraq, manatın məzənnəsi də yüksələcək. Ekspert əlavə edib ki, manatın məzənnəsində müxtəlif vaxtlarda azalma, artma müşahidə oluna bilər, amma ciddi dəyişiklik müşahidə edilməyəcək: "Çünki Azərbaycanın valyuta gəlirləri əsasən neftdən əldə olunur. Ona görə, manatın məzənnəsinə təsir edən yeganə amil neftin qiyməti olacaq. Rusiya rublu və Türkiyə lirəsinin ucuzlaşması Azərbaycan manatına ciddi təsir göstərə bilməz. Əksinə, ola bilər ki, Rusiyaya qoyulan sanksiyalar neftin qiymətinin bahalaşmasına gətirib çıxarsın. Bu zaman təbii olaraq, manatın məzənnəsi də yüksələcək. Amma vəziyyət indiki kimi davam etsə, manat olduğu kimi qalacaq. Hətta manat bir az da güclənə bilər".
PƏRVANƏ