Ermənistanın yeni baş naziri Serj Sarkisyan ölkədəki kütləvi etiraz aksiyalarından sonra dünən istefa verib.
S.Sarkisyanın bununla bağlı yaydığı bəyanatda bildirilir:
"Əziz həmvətənlər.
Ermənistan Respublikasının bütün vətəndaşlarına - yaşlı nəslə və gənclərə, qadınlara və kişilərə müraciət edirəm. Gecə-gündüz "Serjdən imtina et!" çağırışı ilə küçələrdə dayananlara və öz borcunu yerinə yetirmək üçün çətinliklə iş yerinə çatanlara müraciət edirəm. Günlərlə canlı efiri izləyənlərə, ictimai təhlükəsizliyi təmin edənlərə müraciət edirəm. Sərhəddəki mərd döyüşçülərə və zabitlərə, öz silah yoldaşlarıma, partiyadaşlarıma, bütün siyasi qüvvələrə və xadimlərə müraciət edirəm.
Sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm.
Nikol Paşinyan haqlı idi. Mən yanıldım. Yaranmış durumda bir neçə qərar var, lakin onların heç birinə getməyəcəyəm. Bu, mənə görə deyil. Mən ölkə rəhbəri - Ermənistanın baş naziri vəzifəsini tərk edirəm. Mənim baş nazirliyimə qarşı küçə hərəkatına üz tuturam - mən sizin tələbinizi yerinə yetirirəm.
Ölkəmizə sülh, harmoniya və məntiq arzulayıram. Təşəkkür edirəm".
Qeyd edək ki, Sarkisyanın istefasından əvvəl dünən səhər paoyaxt İrəvanda etirazlar daha da genişlənib. 11 gün davam edən aksiyaya hərbi qulluqçular da qoşulub. Müdafiə Nazirliyinin sülhməramlı briqadasının bir qrup hərbi qulluqçusu dünən paytaxt etiraz aksiyasına qatılıb. Onların arasında aprel döyüşlərinin iştirakçılarl da olub. Nazrlik bununla bağlı bəyanat yayaraq bu davranışı qınayıb. Açıqlamada deyilir ki, bu hərbçilər qanunla müəyyən edilmiş qaydalara əsasən ən ciddi şəkildə məsuliyyətə cəlb olunacaqlar: "Belə ki, hərbçilərin istənilən toplanışlarda iştirakı qanunla ciddi şəkildə qadağan olunub. Onların fəaliyyəti həmçinin könüllü şəkildə hərbi hissəni tərk edərək öz səlahiyyətlərini icra etməkdən imtina kimi də qiymətləndiriləcək. Müvafiq hüquq-mühafizə orqanları bu barədə məlumatlandırılıb".
Qeyd edək ki, Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq aprelin 13-dən Ermənistanda kütləvi aksiyalar başlayıb. Aksiyanın lideri, deputat Nikol Paşinyan, onun həmkarları, deputatlar Ararat Mirzoyan və Sasun Mikaelyanın həbsi etiraz aksiyalarının miqyasını daha da böyüdüb. Lakin dünən günorta hər üç şəxs azadlığa buraxılıb.
Qeyd edək ki, aksiyaya Yerevan Dövlət Universitetinin tələbələri də qoşulublar. Onlar səhər saatlarında universitetin əsas binasının qarşısına toplaşıblar. Tələblər müəllimlərin də aksiyaya qoşulmasına çağırış ediblər. Sonra tələbələr yürüşə başlayıb.
Serj Sarkisyanın istefasında sonra etiraz aksiyanın iştirakçıları bayram etməyə başlayıb.
Qeyd edək ki, Sarkisyanın istefasından sonra onun anasının ölməsi xəbəri yayılıb.