Ağsaqqal və ağbirçəklərimizdən belə nəsihət-duaları çox eşidirik: "Dünyamız salamat olsun", "İşimiz xeyirə calansın", "Məmləkətimiz abad və firəvan olsun", "Layiqlilər önə keçsin", "Allah cavanlarımızı qorusun".
Biz gənclər onların nəsihətlərinə əməl etməkdən ötrü dövlətimizin, millətimizin yolunda bilik və bacarığımızı əsirgəməməli, doğma Vətənimizin daha da çiçəklənməsi üçün əlimizdən gələni etməliyik. Həm bizim, həm də dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımızın bir vətəni, doğma ocağı - Azərbaycan var. Buna görə dövlətimizin müstəqilliyinin qorunmasında hər birimiz məsuliyyət daşıyırıq. Müstəqil respublikanın azad vətəndaşları olaraq cəmiyyətdə gedən proseslərə biganə qalmamalı, hər sahədə uğur qazanmağa çalışmalı, müsbət işləri təqdir və təbliğ, yaramaz halları ifşa etməli, belə hallara qarşı mübarizə aparmalıyıq. Dünyanın indiki kəşməkeşli çağında dövlətimizin başçısına dəstək olmaq hər birimizin mənəvi borcudur. Cənab Prezident Qarabağ problemimizdən tutmuş, yaşıllıqların qırılması kimi yolverilməz hallar barədə ürək yanğısı ilə danışır. Nə gizlədək, bəzən belə hərəkətlərin sadə insanlar deyil, imkanlı şəxslər, işbazlar tərəfindən törədildiyinin şahidi oluruq. Cinayət hesab olunan belə halları görüb, ona göz yummağın özü də cinayətdir. Bu sahədə həm yazılı, həm də elektron informasiya vasitələrinin çiyninə böyük yük düşür. Əslində, ictimai nəzarət Həsən bəy Zərdabinin cəmiyyətin aynası hesab etdiyi medianın əzəli missiyalarından biridir.
Bu gün beynəlxalq aləmdə baş verən hadisələri bəzən dərk etməkdə nəinki sadə vətəndaşlar, bəzən biz müəllimlər də çətinlik çəkirik. Son illər dünyada müşahidə olunan kəskin qütbləşmə, müharibələr, qarşıdurmalar, diplomatik savaşlar, sanksiyalar heç bir dövlətə təsirsiz ötüşə bilməz. Əslində, belə bir şəraitdə balanslı siyasət yürütmək elə də asan deyil. Qloballaşan dünyamızda Azərbaycanın sözü və tutduğu mövqeyi elə olmalıdır ki, bu zaman bütün tərəflərin mənafeyi, eləcə də digər amillər gözdən qaçırılmasın. Bunun üçün isə dövlətin başında durandan, liderdən parlaq diplomatik bacarıq, böyük dünyagörüşü, təcrübə, həm də intuisiya tələb olunur. Aprelin 11-də xalqın iradəsilə yenidən Azərbaycanın Prezidenti seçilən cənab İlham Əliyev sadaladığımız bu keyfiyyətlərin hamısına malikdir. Onun Vətəni və milləti yolunda gördüyü işlər gözümüzün önündədir. İlham Əliyev xalqını sevən, xalqına güvənən lider, bu səbəbdən də xalqın Prezidentidir.
Azərbaycandan kənarda yaşayan bəzi üzdəniraq, "psevdo-patriotların" mədəni və sivil siyasi mübarizədən uzaq, milli-mənəvi dəyərlərlə, mentalitetimizlə bir araya sığmayan formada bağırtılarını eşidəndə təəccüb edirsən. Doğrudanmı onlar dediklərində, hərəkətlərində səmimidirlər? Əlbəttə, yox! Şübhəli, qaranlıq mənbələrdən dilənçi payı alan belələri sadəcə düşmənin dəyirmanına su tökənlərdir. Amma xalqımız artıq doğrunu yalandan, əyrini düzdən ayırmağı bacarır. Belə məqamlarda hamımız, xüsusilə də gənclər ayıq-sayıq olmalı, əsl milli birlik, milli iradə göstərməli, Vətənimizin gələcəyi naminə düzgün mövqe tutmalıyıq. Əsas hədəfimiz isə cənab prezidentimizin ətrafında daha sıx birləşməkdir. Niyə də olmasın? Məgər bayrağımızı təhqir edən erməni dığasının layiqli cəzasını verən Ramil Səfərovu bədxahların caynağından alıb sağ-salamat Azərbaycana gətirən, ermənilərin nəşindən belə qorxduqları milli qəhrəmanımız Mübariz İbrahimovun, Çingiz Qurbanovun adlarını əbədiləşdirən, həbsdə olanları əfv etməklə yüzlərlə ailəyə sevinc bəxş edən, ən mötəbər tribunalardan ölkəmizin haqlı mövqeyini cəsarətlə ortaya qoyaraq hər bir azərbaycanlıya qürur hissi yaşadan cənab İlham Əliyev deyilmi?
Cənab İlham Əliyevin yenidən prezident seçilməsi bir azərbaycanlı gənc kimi məni qürurlandırır və məhz onun rəhbərliyi ilə Vətənimizin bütün sınaqlardan üzüağ və uğurla çıxacağına qətiyyən şübhəm yoxdur.
Babacan ZƏKİYEV
Qusar rayonu Balaqusar kənd orta məktəbin direktoru