Moris Potsxişvili gürcü poeziyasının görkəmli nümayəndələrindən biridir. Ötən əsrdə yaşayıb-yaradan və 63 il ömür sürən bu söz-sənət adamının adı həm öz Vətənində, həm də onun sərhədlərindən kənarda həmişə hörmətlə çəkilmiş, yaradıcılığı, zəngin poeziyası diqqət mərkəzində olmuşdur.
Onun uşaqlıq, gənclik illərinə və ümumən həyat və yaradıcılığına yaxından bələd olan şair dostlarından biri qeyd edir ki, Moris insan qəlbinin gizli duyğularına olduqca yaxından bələd olan şairdir. O, tamaşaçı, dinləyici və oxucu alqışlarından kənarda qalmadı. Amma bir çox sənət adamları kimi, o, bu alqışların sədaları altında nə xumarlanaraq məst oldu, nə də sadiq qaldığı yoldan sapındı. Əksinə, bu alqışların məsuliyyətini duyaraq, özünün şair adını, Vətəninin və xalqının böyük ədibləri sırasına həkk elədi.
Hələ sağlığında oxucular onun şeir kitablarını səbrsizliklə gözləyirdilər. O, öz ölkəsində Qalaktion Tabidze adına Dövlət Mükafatına layiq görülmüş ilk şair idi. Moris Potsxişvili rus oxucularına da yaxşı tanışdır. Poeziyada, ədəbiyyatda olduğu kimi, tərcümə sahəsində də bəxti gətirmişdi. O, digər xalqların poeziyasından gürcü dilinə tərcümələr etmiş, öz şeirləri isə müxtəlif dillərə tərcümə olunmuşdu. SSRİ Dövlət Mükafatı laureatı, rus poeziyasının klassiklərindən sayılan Vladimir Sokolov Moris Potsxişvilini gürcü poeziyasının qəlbi adlandırırdı. Onun poeziyasını Rusiyanın çox görkəmli, sayılıb-seçilən şairləri rus dilinə tərcümə etmişdilər.
Azərbaycan oxucusu M.Potsxişvili poeziyası ilə çoxdan tanışdır. Ötən əsrin 90-cı illərində – hələ şairin sağlığında qələm dostumuz İmir Məmmədli onun şeirlərinin bir qismini dilimizə tərcümə edərək, kitab halında Azərbaycan oxucularına ərmağan etmişdi. Şairin bir neçə şeirini ana dilimizə çevirib, onları Azərbaycan oxucuları ilə bölüşüb, ruhuna Tanrıdan dualar diləyirəm.
Taleh HƏMİD
Yalvarış
Ana, yenə...
... yenə yuxuma gəl,
Ana,
Məndən istə nə istəyirsən.
Dolama pillələrlə qalx yanıma,
Bir ağrı kimi...
Ucal, fikirlərimin külündən
Sönməyən köz kimi.
Qaranquştək qanadlan,
Çəkdiyim rəsmlərin göylərindən,
Yan keçmə suyu sıxılmış
Şeirlərimdən.
O qəmli gözlərindən
Yenə, yenə üstümə
İşıq saçıb, nur ələ...
Alqı-satqı
Əgər həyat –
Ancaq alqı-satqıdırsa,
Hər şey çox sadədi.
Əzab çəkməyə dəyməz –
Sən satırsan, səni satırlar...
Yer üzünün bu köhnə bazarı
Nə vaxt bağlı qalacaq,
Haçan bu satqılara
Bir son tapılacaq.
Elə bu həyat – əzəldən-axıra
Ancaq alqı-satqı olacaq...
Vəzir qambiti
Tez hücuma keçmək məqsədilə
piyadanın qurban verilməsi
Bütün günü şahmat
Lövhəsini seyr eləsən də –
Sonda piyadaya yazığın gələcək.
Zavallı piyada!
O, məhkumdur.
Qisməti budur,
Ya duanın, ya istehzanın
Buyruğudur.
Amma bizim cəsur şah
Hökm ilə buyurduğutək,
Dəyişsə tacını, dəbilqəyə dəyişəcək.
Ah, şleyfə azacıq toxunub,
Kraliçanın şərəfinə
Necə idi ölmək?
Oyunçular yoruldu,
Hər şey bitdi.
Ura!
Açıldı qutu,
Piyada da, şah da
Atıldı ora.
Bunun üçün heyf ki,
Ağıla ehtiyac azdır.
Papağı da, tacı da
Bir yerə yığmaq
Nə qədər mənasızdır!
Şərəf və müharibə naminə
Biz düşmənə sinə gəririk,
Sonda isə hamımız
Hiss edirik bərabərik.
Kənardan baxan
Yorulmayan hakimdir.
Biz oynarkən bizimlə,
Görən, oynayan kimdir?
Nədən lövhə
Dama-dama bölünüb?
Taxta döyüşçü
Sonda hansı nəticəyə gəldi?
Adsız bir fiqurun dəli ahı
Sonsuz kədər olub,
Göyə yüksəldi...
Çörək tikəsi
Asfaltın üstünə atılı qalıb
Bir tikə çörək!
Müharibə illərinin –
Üç günlük payı.
Hamı ondan yan keçir,
Kimsə gəzişir, kimsə tələsir,
Heç kəs diqqət eləmir,
Başqası üzünü çevirib keçir.
Biri diz çökərək,
Ehtiyatla yerdən qaldırır onu.
Çiçək kimi,
Sonra ehmalca
Surahının üstünə qoyur.
Kim onun gözlərindəki
Şeir kitablarında
Misralara çökmüş kimi
Əzab və ağrıları oxuyacaq?
Təsadüfən keçən yolçu
İnsanların axınında
Birdən qeybə çəkilir,
Çoxsaylı nöqtələrtəki
Taxta ayağının
Səsləri gəlir –
Tıq... tıq... tıq...
Coşğun axır bizdə çay
Hədsiz sərin və dərindi bizdə çay,
Nabələd adam.
Coşğun, iti axır o,
Biləsən, müdam.
Əgər dost və qardaş kimi
Gəlməyəcəksənsə,
Nabələd adam,
Yoxdur üstündə
Körpülər bizim çayın.
Geriyə dön,
Biz tərəfə baxmayın.
Tənha qadın haqqında ballada
İndi o, getməyir daha heç yana,
Vaxtın ağrısından doyubdur cana.
Dostlar qapısını döyürlər hərdən,
Unutmaq öyrətsin kədəri ona.
Çiçəklər, gülüşlər – unudulan pay,
Neçə xatirə var – dost bilibdi o,
Büllur nəlbəkidə buza dönür çay,
Bir zaman sevibdi, sevilibdi o.
Hər yanda həsrətin gizli izləri,
Şkafda kitablar mürgülü, oyaq,
Acı balladadır şirin illəri,
Sakit gümbüldənir qarılarsayaq...