Filologiya elmlər doktoru, professor Təyyar Salamoğlunun yenicə çapdan çıxmış "Mir Cəlalın bədii nəsri və müasirlik" (metodoloji münasibət konteksində)" (Bakı 2018) adlı elmi monoqrafiyasını diqqətlə oxudum və kitabla bağlı fikirlərimi oxucularla bölüşmək istəyirəm.
Təyyar Salamoğlunun irəli sürdüyü "yenidən oxu" konsepsiyası elmi ədəbiyyatşünaslıqda və tənqiddə nə dərəcədə özünü doğrulda bilibmi? O, Mir Cəlalın romanlarının inqilabi ruhda olmadığını iddia edir. Və öz fikirlərini sübuta yetirmək üçün Mir Cəlalın "Dirilən adam", "Bir gəncin manifesti" və "Açıq kitab" romanları üzərində dərin konseptual araşdırmalar aparır. Sadaladığımız bu əsərlər haqqında vaxtı ilə ədəbiyyatşünas alimlərimiz öz dəyərli fikirlərini söyləmiş, bu əsərlərin hərtərəfli elmi təhlilini vermişdilər. Düzdür, 40-50-ci illərdə bu araşdırmaların hamısı sosrealizim ideologiyasının prinsipləri əsasında həyata keçirilirdi. Bu gün bu metodologiya iflasa uğradığından tənqidçi-ədəbiyyatşünas ailmlərimiz öz dərin müşahidə qabiliyyətinə arxalanaraq aysberqin görünməyən tərəflərinə güzgü tutaraq "reallığın acı mənzərəsini" bütün təfərrüatı ilə dərindən açıb göstərə bilmişdilər.
Bu əsərlərin hamısında "sosial ədalətsizlik", "insana antiinsani münasibət" özünü açıq şəkildə göstərir. Biz bunun bariz nümunəsini M.Cəlalın "Dirilən adam" romanında daha yaxşı görə bilirik. Çünki 30-cu illərin bədii nəsrində həmin dövrün doğru-dürüst bədii təsvirini M.Cəlal öz əsərlərində əks etdirə bilmişdir. Müəllif qələmə aldığı hadisələri, insan xarakterlərini, onların arzu və istəklərini fərdi düşüncə tərzini, psixologiyasını inandırıcı bir şəkildə qələmə almışdır. O, dərin ümumiləşdirmələr apararaq, konkret şəraitdə müəyyən sinif və ictimai təbəqələrin meyl və arzularını təmsil edən tiplərin daxili aləmini açmaq yolu ilə getmişdir. "Dirilən adam"da Qədirin başına gələn faciə təkcə bir kəndin deyil, bütöv bir məmləkətdə hökm sürən acınacaqlı vəziyyəti səciyyələndirir. Öz haqqını, tələb etmək məqsədi ilə gedib şəhər və kəndləri dolaşan Qədrə deyirlər ki, "sən ölmüsən. Özünün də dirilməyin məsləhət deyildir". Çünki varlı və sözükeçən adamlara onun diriliyi yox, məhz ölülüyü lazımdır. Qədir özünün "diriliyini" sübut edə bilmir. Çünki kəndin yüzbaşısı Bəbir bəyin onun arvadı Qumruya gözü düşmüşdür. M.Cəlal Qədirin başına gələn bu hadisəni kəndin hacı və ruhanilərini, axundlarını ifşa edən bir vasitəyə çevirməyi bacarmışdır. Arvadı əlindən alınan Qədir axund və hakimlərə şikayət edir. O inanır ki, şəhərdəki "böyüklər" onu diqqətlə dinləyəcək, nəinki itirilmiş ailəsini ona qaytaracaq, hətta Bəbir bəyi cəzalandıracaqlar da.
Tənqidçi monoqrafiyada M. Cəlalın "Dirilən adam" romanını Mirzə Cəlilin "Əhvalatlar"ı və Balzakın "Polkovnik Şaber" povestləri ilə birlikdə müqayisəli təhlilini verir. Mirzə Cəlilin "Əhvalatlar"ında Xudayar bəy Zeynəbi özünə zorla övrət edir. M.Cəlalın "Dirilən adam" romanında isə Bəbir bəy Qumruya sahib ola bilmir. Müəllif yazır: "Danabaş kəndinin əhvalatları"nda Xudayar bəy Zeynəbin həyatını faciəyə döndərir. Bu faciəni Bəbir bəy Qumruya yaşadır". Tənqidçi daha sonra qeyd edir ki, "M. Cəlalın yaratdığı "situasiya", "Əhvalatlar"dakılardan daha sərtdir. Xudayar bəy heç olmasa əri ölmüş qadını özünə övrət etmək istəyirsə, Bəbir bəy isə əri sağ ola-ola Qumrunu özünə arvad etmək istəyir".
Bu əsərlərdən fərqli olaraq Balzakın "Polkovnik Şaber" povesti daha çox maraq doğurur. Şaber döyüşlərin birində ağır yaralanır. Çoxları onu "ölmüş zənn edirlər". Bunu eşidən arvadı "ərindən qalmış var-dövlətə yiyələnərək" başqa birisinə ərə gedir. Bütün bu hadisələrdən sonra polkovnik Şaber sağalıb vətəni Fransaya qayıdır. Bu zaman cəmiyyət onu qəbul etmir. Hətta arvadı belə ondan imtina edir. Şaber özünü öldürmək dərəcəsinə çatır. Çünki o, heç kəsə "öz diriliyini" sübut edə bilmir. Əslində, Balzakı narahat edən əsas məsələ ədəbiyyatşünas-alimin qeyd etdiyi kimi, "insan taleyinin ucuzlaşması, büsbütün dəyərdən düşməsi və nəticə etibarı ilə isə cəmiyyət əxlaqının "pozulmasıdır".
Bu əsərlərin struktur-tipoloji müqayisəsi onu deməyə əsas verir ki, "Dirilən adam" süjeti M.Cəlalın romanlarını dünya ədəbiyyatının ən güclü ənənələri ilə birbaşa bağlayır.
M.Cəlalın məşhur əsəri olan "Bir gəncin manifesti" romanı "Dirilən adam"dan beş il sonra yazılmışdı. Şübhəsiz ki, bu illərdə ədibin qələmi daha da puxtələşmiş, yazı manerası cilallanıb təkmilləşmişdir. Buna görədir ki, haqqında bəhs etdiyimiz hər iki roman mövzu, zaman və ideya istiqaməti etibarı ilə bir-birinə yaxın olsalar da, "Bir gəncin manifesti" ədəbin ilk romanına nisbətən daha qüvvətli alınmışdır. Bu əsər həm M.Cəlal yaradıcılığında, həm də Azərbaycan ədəbiyyatında yeni bir ədəbi hadisə idi. Bəs bunun sirri nədədir? Bu sirri hər şeydən öncə romanın lirik səpkidə, "vətənpərvərlik" ruhunda yazılması ilə bağlıdır. T.Salamoğlu isə yazır: "Bəs bu gün necə? Bu gün də M. Cəlalın yaradıcılığı müasirdirmi?"
Tənqidçi onu narahat edən bu və ya digər suallara da aydınlıq gətirməyə çalışır: "Bir gəncin manifesti"ndə milli gerçəkliyin, milli həyatın bədii ifadəsi varmı? Var. Romanda inikasın xarakteri bəşəri səciyyə ala bilirmi? Ala bilir. Romanda "inqliabi məzmun" varmı? Var. Onda milli və inqlilabi məzmun - bir-birini inkar edən iki həqiqət eyni bir əsərdə necə birləşir?"
Biz bu gün əsəri yenidən oxuyub "alt qat"a nüfuz edə bilsək, "gizli mətləblərdən" xəbər verən bir çox hadisələrin şahidi ola bilərik. M.Cəlal ingilislərdən sonra XI Qızıl Ordunun Azərbaycana gəlişini işğalçılıq və müstəmləkəçilik siyasətindən başqa bir şey olmadığını yaxşı bilirdi. "Boz şeytanı" bu gün "ağ ayı" əvəz etmişdir". M.Cəlal bu əsərilə "Vətən övladlarını yeni bir mücadilə meydanı açmağa, "ağ ayı" ilə mübarizəyə səfərbər edirdi. "Bir gəncin manifesti" bir də bitib tükənməyən bu mübarizə pafosu ilə müasirdir".
Tədqiqatçı ilk dəfə olaraq "Bir gəncin manifesti"ni pritçalar romanı kimi təhlil obyektinə çevirir. "Gecənin hökmü" pritçasında ceyran, "Sonanın cavabı"nda "Yusif-Züleyxa" xalçası "Vətənin maddi sərvətlərinin simvolu kimi metaforalaşır".
M.Cəlal ilk dəfə olaraq Sonanın timsalında müsbət ana obrazı yaratmışdır. O, həyatda bütün çətinliklərə dözərək öz canını övladlarının yolunda qurban verməyə hazır olan fədakar bir anadır. Müəllif ana obrazını ümumiləşdirərək, onu ingilislə təkbaşına mücadilə meydanına çıxarır. "Gecənin hökmü" pritçasında Sona öz qəti qərarını verir: "Mən Sona deyiləm, əgər bu ceyrana ingilis əli dəyə!" Burada ceyran artıq "vətən sərvəti kimi mənalanır".
Monoqrafiyanın maraq doğuran hissələrindən biri də, tənqidçinin Sonanı Nayman-Ana obrazı ilə müqayisə etməsidir. Onları eyni, oxşar talelər birləşdirir. Hər iki ana elindən, obasından ayrılıb öz övladlarını axtarmağa gedir və çətinliklə də olsa onları tapırlar. Sona Mərdanı xəstəxanada yaralı vəziyyətdə tapır. Nayman-Ana da Sarı-Özək çöllərində öz oğlunu tapır. Ancaq oğlu şüursuz manqurta çevrildiyindən öz anasını tanımır, onu oxla vurub öldürür...
M.Cəlal "Bir gəncin manifesti"ni yazanda Ç.Aytmatov hələ "Gün var əsrə bərabər" romanını yazmamışdı. Ancaq "etnik-mifoloji yaddaşın ifadəsi kimi yaranan əfsanədə də, romanda da bu həqiqət əks olunmuşdur".
M.Cəlalın "Açıq kitab" romanı "həqiqətin üzünə dik baxan" (M.C.Cəfərov) bir əsər kimi təqdir olunduğu halda, sonrakı illərdə roman ciddi şəkildə tənqidə məruz qaldı. O dövrün tənqidçiləri Kərəm Gəldiyevi "antipod", "öz şəxsi mənafeyini güdən", "sosialist əxlaqına zidd ünsür" kimi xarakterizə edirdilər. Bundan fərqli olaraq ədəbiyyatşünas-alim T.Salamoğlu Kərəm Gəldiyev obrazının daxili aləmini açaraq, onun heç də ümumiləşdirilmiş obraz olmadığını göstərir: "M.Cəlal Gəldiyevi fərdi xarakterin ümumiləşdirilmiş obrazı kimi yaratmayıb. Onun simasında siyasi rejimin "mənəvi dünyası"nı əks etdirib. Kərəm Gəldiyev şərti-metaforik obrazdır. Zamanın xisləti Kərəm Gəldiyevin üzərinə köçürülüb".
Unutmaq olmaz ki, M.Cəlal "Açıq kitab" romanını epik planda yox, lirik planda işləmişdir. Buna görə də, roman günümüzün tələblərinə cavab verən bir əsər kimi müasirdir. Zamanla səsləşərək bir araya gəlir. Bunu əsas götürərək tənqidçi-alim yazır: "M.Cəlal Zamanın ruhunu satirik qəhrəmanın-Kərəm Gəldiyevin simasında ümumiləşdirmişdir".
Tənqidçi-alim bu əsərdə hər şeyi Zamanla bağlayır, onu Zamanla birlikdə vəhdətdə götürür.
Ədəbiyyatşünas alim T.Salamoğlunun "Mir Cəlalın nəsri və müasirlik (metodoloji münasibətlər konteksində. Bakı-2018)" monoqrafiyası öz müasirliyi, aktuallığı, obyektivliyilə seçilən, yüksək elmi dəyərlərə söykənərək bu günümüzün reallığını özündə əks etdirən dəyərli tədqiqat əsəridir. Tənqidçi bu monoqrafiyada böyük sənətkarımız Mir Cəlalın yaradıcılığı üzərində dərin elmi araşdırmalar aparmış, öz orijinal düşüncə tərzinə uyğun olaraq, bu əsərlərin dərin elmi təhlilini verə bilmişdir. İnanırıq ki, bu elmi əsər ədəbi ictimaiyyətin rəğbətini qazanacaq, onların stolüstü kitabına çevriləcək.
Vəliyulla NOVRUZ