Azərbaycan növbəti ay daha bir önəmli və vacib hadisə yaşayacaq. Belə ki, iyun ayında Azərbaycan təbii qazını Türkiyəyə və oradan da Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) istismara veriləcək.
Məlumat üçün bildirək ki, TANAP-ın təməli üç il əvvəl, 2015-ci il martın 17-də Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Giorgi Marqvelaşvilinin iştirakı ilə Qars vilayətinin Selim rayonunda qoyulub.
Bu, Azərbaycanın müəllifliyi ilə həyata keçirilən növbəti beynəlxalq əhəmiyyətli bir layihədir. Belə ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra reallaşdırdığı beynəlxalq neft-qaz layihələri təkcə region üçün deyil, Avropa, ümumilikdə, dünya üçün mühüm əhəmiyyətə malikdir. 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində "Əsrin müqaviləsi"nin imzalanması ilə əsası qoyulan Azərbaycanın neft-qaz strategiyası bu gün də uğurla həyata keçirilməkdə, öz töhfələrini verməkdədir. Bakı-Tbilisi-Ceyhanla başlayan yol bu gün qitələri birləşdirən layihələrlə davam etdirilir.
Məlumat üçün bildirək ki, TANAP layihəsinin iki fazası üzrə işlərin ümumilikdə 93 faizdən çoxu icra edilib. TANAP-ın 56 düymlük 1350 kilometr uzunluğundakı hissəsinin inşası tamamlanıb, boru kəmərinə sınaq məqsədilə qaz vurularaq Əskişəhərə çatdırılıb.
Bu il iyulun əvvəlindən etibarən TANAP-la Türkiyəyə kommersiya məqsədilə ilk qaz veriləcək. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə iki milyard kubmetr qaz veriləcək. Daha sonrakı üç il ərzində bu həcm altı milyard kubmetrə çatdırılacaq. Bundan başqa, TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəmərinin tikintisi və fiber optik kabelin dəniz altına döşənməsi işləri də artıq yekunlaşıb. Boru kəmərinin üzəri örtülərək mühafizə olunub. Xəttin quruya çıxdığı hər iki sahildə isə bərpa işləri görülüb.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihədir. Uzunluğu 1850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
İnauqurasiya mərasimindən sonra ilk səfərini qardaş Türkiyəyə edən Azərbaycan prezidenti İlham Əliyev TANAP-ı tarixi layihə adlandırıb. Dövlət başçısı deyib ki, bu gün Türkiyə və Azərbaycan birgə səylərlə bölgədə çox böyük layihələr gerçəkləşdirir: "Bakı-Tbilisi-Qars, TANAP tarixi layihələrdir. Bizim iradəmiz, bizim təşəbbüsümüz və birliyimiz bu layihələri həyata keçirdi. Bu gün biz Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik. Bu layihələr bizim gücümüzü artırır, regional işbirliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir. Yəni bizim birgə həyata keçirdiyimiz təşəbbüslər və layihələr, sadəcə olaraq, iqtisadi məna daşımır, bunların çox böyük siyasi mənası var. Bu layihələr təhlükəsizliyi, sabitliyi möhkəmləndirən layihələrdir.
Əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz layihələr uğurla başa çatacaq. Biz qarşılıqlı sərmayə qoyuluşunu da artırırıq. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoyub. Ancaq qardaş ölkələrə bu qədər yatırım qoyula bilər. Yaxın gələcəkdə TANAP-ın, "Star" neft emalı zavodunun açılışı, əlbəttə ki, bizim imkanlarımızı daha da artıracaq. Onu da qeyd etməliyəm ki, Azərbaycan sərmayəsi hesabına Ege bölgəsinin ən böyük limanı olan "Petlim" limanı inşa edilib. Bu, Türkiyənin üçüncü böyük limanıdır. Biz bu gün güzəştli ticarət anlaşmasının imzalanmasına yaxınlaşdıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu anlaşma imzalanacaq və beləliklə, ticarət dövriyyəsi daha da artacaqdır.
Öz növbəsində prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, hazırda önümüzdəki ən böyük layihə məlumdur: "Yaxın vaxtlarda Transanadolu təbii qaz kəməri - TANAP-ın açılışını edəcəyik. Bu açılış mərasimi, inşallah, iyunun əvvəllərində olacaq. Bu, seçkiöncəsi həm xalqımıza, həm də bütün dünyaya bizim ən yaxşı müjdəmiz olacaq. Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsini nəzərdə tutmur, eyni zamanda, bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
Digər tərəfdən, hazırda İzmirin Əliağa rayonunda inşası davam edən "Star" neft emalı zavodunun tikintisi də yaxın vaxtlarda başa çatacaq. İnşallah, onun da açılışını sentyabr-oktyabr aylarında yenə qardaşımla birgə edəcəyik. Beləliklə, Azərbaycan Türkiyədə ən böyük investora çevrilir. Beləliklə, Türkiyədə bir nömrəli sərmayəçi Azərbaycan olacaq. İqtisadi və ticari əlaqələrimizin daha da inkişaf etdirilməsi prioritet hədəfimizdir".
Qeyd edək ki, ilkin mərhələdə TANAP üçün əsas mənbə "Şahdəniz - 2" qaz yatağıdır, lakin TANAP-a qoşulmaq, imkanlarından istifadə etmək üçün digər mənbə ölkələri də böyük maraq göstərir. Bu da təbii qarşılanmalıdır. Çünki TANAP artıq real və müsir infrastruktura malik bir boru xəttidir. Ona görə də bu kəmərə sadəcə tranzit haqq ödəməklə qoşulmaq imkanı mövcuddur. Ekspetlər hesab edilər ki, əsas mənbə ölkələri İran, Qazaxıstan və Türkmənistan ola bilər.
Məlumdur ki, Türkmənistan öz qaz ehtiyatlarına görə dünyada ilk dördlüyə daxildir. Amma əsas istehlak bazarına çıxışla bağlı infrastruktur problemi var. Türkmənistan Trans-Xəzər qaz boru kəmərinin reallaşdırılması ilə qısa müddət ərzində böyük infrastruktura çıxış əldə edə bilər. Bu da az xərclə böyük gəlir əldə etmək deməkdir. Bir sözlə, TANAP layihəsi bütövlükdə Azərbaycan qazının Avropaya çatdırılmasında əhəmiyyətli rola malik olacaq. Bu kəmərlə gedən qazın bir hissəsi Türkiyədə qalsa da, 10 milyard kub metr qaz Avropaya ixrac olunacaq. Bu, faktiki olaraq Xəzərin hövzəsinin enerji ehtiyatlarının Avropaya çatdırılmasında ilk layihə olacaq. Layihə həm də Azərbaycanın iqtisadi gücünü, dünyadakı nüfuzunu artıracaq, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.
İşğal siyasəti nəticəsində faktiki iqtisadi blokadaya düşən, çıxılmaz vəziyyətdə olan Ermənistanın durumu isə daha da ağırlaşacaq. Çünki günü-gündən inkişaf edən, güclənən, iqtisadi qüdrətini artıran Azərbaycan həm də dünyada özünün sülhməramlı missiyası, bütün dövlətlərlə dostluq, əməkdaşlıq münasibəti ilə tanınır. Ermənistan isə getdikcə düşdüyü bataqlığın dərinliklərinə qərq olmaqdadır.
PƏRVANƏ