525.Az

Qızlardan ibarət "Cənab leytenant" musiqi qrupu yaradıldı - Fotolar


 

Qızlardan ibarət "Cənab leytenant" musiqi qrupu yaradıldı - <b style="color:red">Fotolar </b>

Azərbaycan Yazıçılar Birliyi Hərbi Vətənpərvərlik Komissiyasının yaratdığı "Cənab leytenant" patriot musiqi qrupu dünən AYB-də birliyin sədri, Xalq yazıçısı Anarla görüşüb.

Görüşdə AYB rəhbərliyi, birliyin Gənclərlə iş üzrə katibi Rəşad Məcid, birliyin mətbuat katibi Xəyal Rza, yazarlar, qrup üzləri, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən qrupun rəhbəri, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri Şahin Musaoğlu deyib ki, qrup yeddi qızdan ibarətdir. Bədii rəhbəri Fərahim Sadiq, musiqi rəhbəri Kəmalə Murtuzovadır. Qrupun üzvləri İlyas Əfəndiyev adına Elitar gimnaziyanın 3-4-cü sinif şagirdləridir. Qrupun yaradılmasında məqsəd milli vətənpərvərlik mövzulu mahnıları təbliğ etmək və yaşatmaqdır: "Qrupu yaradarkən düşündüm ki, artıq bu cür mövzuları böyüklərlə yox, azyaşlılarla işləmək lazımdır. Yeddi üzv hərəsi geyim, forma olaraq bir dövlət strukturunu təmsil edir. Məsələn, Milli Ordu, Dəniz Qüvvələri, Hərbi hava qüvvələri, Fövqəladə, Daxili qoşunlar və s. Hamısı leytenant rütbəsinin geyimlərindədir. Yaradılandan artıq bir neçə tədbirlərdə yüksək səviyyədə çıxış etmişik. Repertuarımızda retro və müasir vətənpərvərlik mövzulu mahnılarımız yer alıb".

Şahin Musaoğlu qrupun məhz qızlardan təşkil olunması haqqında danışarkən deyib: "Düşündük ki, bizim bu addımımız həm tamaşaçılarda, dinləyicilərdə maraq oyadacaq, həm də məqsədli şəkildə göstərək ki, bizim qızlarımız da oğlanlarımızdan geri qalmırlar. Onlar da bütün dövrlərdə böyük bir cəsarətlə, şücaətlə, qorxmadan vətənin keşiyində kişilərlə çiyin-çiyinə dayanmağa hazırdılar".

Sonda qrupun rəhbəri deyib ki, yeni yaradılan "Cənab leytenant" qrupunun Xalq yazıçısı Anarla görüşməsində də məqsəd ondan xeyir-dua almaqdır.

"Cənab leytenant" qrupunun musiqi rəhbəri, Elitar Gimnaziyanın müəllimi Kəmalə Murtuzova deyib ki, gənclərimizə millilik, vətənpərvərlik hissi məhz Anar kimi yazıçıların əsərləri ilə təlqin olunur.

Daha sonra qızlardan ibarət patriot qrup Kəmalə Murtuzovanın müşayiəti ilə Şahin Musaoğlunun sözlərini və musiqisini yazdığı, məşhur "Cənab Leytenant" və sözləri Xəyal Rzaya aid olan "Çağırış marşı"nı ifa ediblər. Onların bu ifası görüş iştirakçılarının böyük marağına səbəb olub.

Sonda AYB-nin sədri, Xalq yazıçısı Anar yeni yaradılmış qrup münasibətilə başda Şahin Musaoğlu olmaqla, qrupun musiqi və bədii rəhbərini, üzvlərini təbrik edib, onlara bu müqəddəs işi öz öhdələrinə götürdükləri üçün təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib: "Bu gün milli vətənpərvərlik ruhlu bu cür qrupların yaradılması çox sevindirici haldır. Həm də onların üzvlərinin azyaşlı qızlardan ibarət olması isə daha mühüm addımdır. Çox şadam ki, bu gün uşaqlarımız məhz bu ruhda tərbiyə alır, bu cür şəraitdə böyüyürlər. Bu cür övladların varlığı bizim dövlətimizin gələcəyinə olan inamımızı daha da artırır. Sizin tutduğunuz bu yol çox önəmli və müqəddəsdir. Biz də Yazıçılar Birliyi olaraq hər zaman sizin yanınızdayıq. Uşaqlara, onların valideynlərinə və müəllimlərinə təşəkkür edirəm".

Sonda qrup üzvləri AYB sədri ilə xatirə şəkilləri çəkdiriblər.

Şahanə MÜŞFİQ

 





23.05.2018    çap et  çap et