525.Az

Azərbaycanın Ermənistana cavabı necə olacaq?


 

SERJ SARKİSYANI DEVİRƏRƏK HAKİMİYYƏTƏ GƏLƏN NİKOL PAŞİNYAN SƏLƏFİ KİMİ QOŞUNLARIN TƏMAS XƏTTİ VƏ ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ TƏXRİBATLARA ƏL ATIR

Azərbaycanın Ermənistana cavabı necə olacaq?<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistanda seçkilərlə əlaqədar verilən müəyyən fasilədən sonra danışıqları davam etdirmək üçün təmaslara keçdiyi dövrdə vəziyyət yenidən gərginləşib.

Buna səbəb Serj Sarkisyanı devirərək hakimiyyətə gələn Nikol Paşinyanın sələfi kimi qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədində təxribatlara əl atmasıdır.

Mayın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Fransanın paytaxtı Parisdə həmsədrlərlə görüşdüyü vaxtda işğal olunmuş Dağlıq Qarabağ torpaqlarında hərbi təlimlər keçirilməsi N.Paşinyanın baş nazir kreslosuna əyləşdikdən sonra danışıqlar prosesiylə bağlı verdiyi sərsəm bəyanatların ardınca atılmış ilk təxribat xarakterli addım idi. Ermənistanın yeni baş naziri sülh danışıqlarının bərpa olunması üçün Dağlıq Qarabağdakı separatçı rejimin də bərəabərhüquqlu tərəf kimi iştirakını əsas şərt olaraq irəli sürməklə prosesin bərpasında maraqlı olmadığını ortaya qoymuşdu. O, həmçinin, Türkiyə ilə sərhədlərin ilkin şərtsiz açılmasını tələb etməklə Ermənistanı Serj Sarkisyan hakimiyyətindən daha pis günə qoyacağına dair "mesaj" vermişdi. Çünki Azərbaycanın Dağlıq Qarabağ torpaqlarının işğalında görə düşmən ölkə ilə sərhədlərini bağlayan Türkiyə münaqişənin ədalətli həllinə nail olunmadan İrəvanla münasibətləri bərpa etmək fikrində deyil. Belə olan halda, işğalçı ölkənin blokada şəraitindən çıxa bilməyəcəyi hər kəsə aydındır.

Mayın 20-də isə Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Müdafiə Nazirliyinin məlumatına görə, törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətində yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Trend"ə bildirib ki, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir: "Bu bir daha onu göstərir ki, Ermənistanın münaqişənin "yalnız sülh yolu ilə həlli" barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyildir və cəfəngiyatdır".

H.Hacıyev qəti şəkildə bildirib ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Azərbaycan işğalçı ölkənin təxribatına mütləq cavab verəcək.

M.Əhmədoğlu hesab edir ki, Ermənistanın təxribat nöqtəsi kimi Naxçıvan istiqamətini seçməsinin səbəbləri var: "Qoşunların təmas xəttində düşmən təxribatlarına verilən sərt cavablar, xüsusilə 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibə erməniləri bu istiqamətdə fəaliyyətdən çəkindirir. Həmçinin, Azərbaycan-Ermənistan sərhədinin Tovuz-Qazax istiqamətində fəallaşan düşmən ölkə Azərbaycan Ordusunun qətiyyətli cavabları ilə üzləşir, eyni zamanda, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını məsələyə qarışdırmaq cəhdləri nəticə vermir".

Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri Naxçıvanla sərhədə səfər etdikdən sonra təxribat həyata keçirildiyini xatırladan politoloq qeyd edib ki, bu istiqaməti seçməklə Ermənistan Dağlıq Qarabağ münaqişəsində vəziyyəti gərginləşdirmək üçün vaxtilə imzalanmış Qars müqaviləsinə görə, Türkiyə ilə Rusiyanı qarşı-qarşıya gətirmək istəyir: "Ankara ilə Moskva arasında münasibətlərin pozulmasına hesablanan bu addım, həm də NATO ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını üz-üzə qoya bilər. Ona görə də, Ermənistanın bu cür təxribatlarını Azərbaycan olduqca dəqiq analiz edərək, cavab tədbirləri hazırlayır".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Naxçıvanda atəşkəsin pozulmasından iki gün əvvəl Ermənistan-Naxçıvan sərhədinə müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnatsakanyan gəlmişdilər: "Onların gəlişinin məqsədi aydın idi. Azərbaycan prezidenti İlham Əliyev erməni nazirlərin sərhədə gəlişindən iki gün əvvəl Naxçıvanda olmuş və hərbi hissələrdən birində çıxışı zamanı düşməni darmadağın edəcək silahlara malik olduğumuzu söyləmişdi. Bu baxımdan Ermənistanın yeni baş naziri Nikol Paşinyanın buna cavab olaraq nazirlərini Naxçıvanla sərhədə ona görə göndərib ki, ordakı ermənilərə və hərbçilərinə ürək-dirək versinlər. Bunlar aydındır. Aydın olmayan odur ki, hərbi bölmələrə müdafiə naziri ilə yanaşı, xarici işlər nazirini niyə göndərib? Xarici işlər nazirinin funksiyası başqadır axı. Görünür, Paşinyan bu yolla xarici işlər nazirinin indidən barıt qoxusu almasını və bunu gələcək danışıqlara şamil etməsini istəyir".

Təxribatın əvvəlcədən planlaşdırıldığını deyən politoloq hesab edir ki, bu, Ermənistanın yeni hakimiyyətindən Azərbaycana verilən ilk "mesaj" idi: "Doğrudur, cavabını dərhal aldılar, ancaq bu cavab birə-bir olmamalıdır. Vaxtilə müdafiə naziri Zakir Həsənovun dediyi kimi, bir şəhidimizin qarşılığında onlarla düşmən hərbçisi neytrallaşdırılmalıdır. Növbə bizimdir. Bu dəfə Azərbaycan ordusu cəbhə bölgəsindən Nikol Paşinyana mesaj yollamalıdır".

Mərkəz sədrinin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi də son açıqlamasında Azərbaycanın ərazi bütövlüyünə olan münasibətini ortaya qoyub: "Deməli, bir müddət əvvəl Abxaziyanın "prezidenti" Raul Xadjimba və Rusiya Xarici İşlər Nazirliyinin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Dnestryanı, Cənubi Osetiya və Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə görüşüblər. Separatçıların birgə nə müzakirə etdikləri məsələnin başqa tərəfidir. Hələlik görüşün özü haqqında danışaq. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev haqlı olaraq bu görüşü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib. Buna cavab olaraq da Rusiya Xarici İşlər Nazirliyinin məlumatında uzun cümlə yer alıb: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən "üz-üzə" gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb".

Bu açıqlama ilə demək istəyirlər ki, Rusiya rəsmilərinin Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə "təsadüfən üz-üzə" gəlmələrində heç bir qəbahət yoxdur. Birincisi, bu "təsadüf" deyil, Rusiya Xarici İşlər Nazirliyinin diplomatı separatçılarla görüşə bilərəkdən qatılıb. İkincisi, Abxaziyada separatçıların toplaşması da Moskvanın təlimatıyla həyata keçirilib. Bunu Abxaziya özbaşına edə bilməzdi, çünki bu bölgə tamamən Rusiyanın nəzarəti altındadır".

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir. O, SİA-ya bildirib ki, dünya siyasətini müəyyənləşdirən bəzi güclər bu layihə vasitəsilə bir neçə məqsədə çatmaq istəyirlər: "Onlardan biri regionda gərginliyi daha da artırmaqla qlobal terrorizmin coğrafiyasını böyütmək və terror siyasəti vasitəsilə regional aktorları qarşılıqlı müharibə vəziyyətinə gətirməkdir".

Deputatın sözlərinə görə, Naxçıvanda, Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat da elə bu məqsədə xidmət edir: "Hədəf Azərbaycan-Türkiyə-Rusiya münasibətləridir. Çünki bu münasibətlər regionda geostrateji müvazinəti saxlamaqla regional təhlükəsizliyi təmin edir. Bu vəziyyət Paşinyanın ağalarını qane etmir. Onların siyasi planlarına görə, Yaxşın Şərqdə yaratdıqları hibrid müharibə ssenarisi Türkiyə və Azərbaycan üzərindən Rusiyaya, xüsusilə onun cənub sərhədlərinə transfer edilməli, sonra isə şimal qonşumuzun digər subyektlərinə ötürülməlidir. Onlar hesab edirlər ki, Naxçıvanda vəziyyət gərginləşərsə, 1921-ci ildə imzalanan Qars müqaviləsinə əsasən, Naxçıvanın statusunun təminatçıları olan Rusiya və Türkiyə məsələyə müdaxilə etmək məcburiyyətində qalarlar və beləliklə, bu iki regional gücün Yaxın Şərq regionunda müttəfiqliyi pozular. Nəticədə, hər iki ölkəni bir birinə qarşı qoyub sonrakı mərhələdə onları qlobal terrorizmin poliqonuna çevirmək olar".

Bunun məsələnin birinci tərəfi olduğunu deyən H.Babaoğlu hesab edir ki, mümkun ssenaridə Azərbaycan da zəifləyər, sabitllik pozular və beləliklə, Qarabağ problemi asanlıqla ermənilərin lehinə həll olar: "Yəni hazırda regionda geostrateji vəziyyət bu qədər gərgin və təhlükəlidir. Ona görə də Paşinyanın əl atdığı təxribatlar diqqətlə izlənilməli və önləyici tədbirlər alınmalıdır. Hazırkı vəziyyətdə bu addımlar soyuqqanlılıqla izlənilir ki, bunun üçün də kifayət qədər əsaslar var. Çünki Azərbaycan tərəfi və onun müttəfiqləri birinci dəfə deyil ki, bu cür məkirli planla üzləşirlər".

Deputat bildirib ki, Azərbaycanın regional iqtisadi və hərbi-siyasi güc mərkəzi olması, qlobal aktorlarla müstəqil və milli maraqlara əsaslanan qarşılıqlı əlaqələr qurması, eyni zamanda, çoxtərəfli diplomatik platformalarda region ölkələri ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıması Paşinyanın təxribatını bəribaşdan uğursuzluğa düçar edir: "Ona görə də, əgər belə davam edərsə, Paşinyan siyasi layihə kimi ən uzağı bir il mövcud ola bilər. Ermənistanda bu reallıq nə qədər tez dərk edilsə, onların böhrandan xilas olmaları üçün bir o qədər tez perspektivlər yarana bilər".

Ceyhun ABASOV

 





23.05.2018    çap et  çap et