525.Az

Avropa İttifaqı üçün prioritet layihə: "Cənub Qaz Dəhlizi" həlledici mərhələdə


 

Avropa İttifaqı üçün prioritet layihə: <b style="color:red">"Cənub Qaz Dəhlizi" həlledici mərhələdə</b>

Bu gün Azərbaycan regionda nəhəng enerji layihələrinin müəllifinə və fəal iştirakçısına çevrilib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır.

İllər əvvəl reallaşdırılması əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-Ərzurum, "dəmir ipək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bütün ehtimalları, şübhələri alt-üst etdi. Bu layihələr həm də onu sübut etdi ki, Azərbaycan başlatdığı ən çətin işləri, çoxları üçün reallaşması mümkün olmayan kimi görünən ideyaları belə, həyata keçirə bilir. Təbii ki, bunun üçün güclü iradə, uzaqgörən siyasət, hədəfləri, riskləri düzgün müəyyən etmək vacib şərt hesab edilir. Azərbaycanın dövlət başçısı bütün bu xüsusiyyətlərə malik bir liderdir. Şübhəsiz ki, ölkə daxilindəki sabitlik, uğurlu daxili və xarici siyasət, iqtisadi inkişaf beynəlxalq əhəmiyyətli layihələrin həyata vəsiqə almasında vacib rol oynayır. Azərbaycanda neft-qaz, iqtisadiyyatın digər sahələrinə investisiya yatıran beynəlxalq strukturlar, xarici şirkətlər ilk növbədə bu amilləri nəzərə alırlar.

Daha bir nəhəng enerji layihəsi olan "Cənub Qaz Dəhlizi" layihəsi Avropa ilə yanaşı, Qərb tərəfindən də fəal şəkildə dəstəklənir.

"Cənub Qaz Dəhlizi" ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Təxminən, 40 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulan, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən (-"Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) ibarət olan "Cənub Qaz Dəhlizi" layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə əvvəlcə Türkiyəyə, sonra isə Avropaya çatdıracaq. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya nəql edilməsi planlaşdırılır. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Boru kəmərləri sisteminin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq. "Cənub Qaz Dəhlizi" Avropa İttifaqı üçün prioritet enerji layihələrindəndir. Layihə Türkiyə ilə Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır və onun reallaşdırılması prosesi həlledici mərhələyə daxil olub.

Qarşıdakı günlərdə "Şahdəniz-2" layihəsin başa çatacaq. İyun ayında isə TANAP layihəsi istismara veriləcək. Bununla da Cənub Qaz Dəhlizinin əsas layihələri artıq bitmiş olacaq.

Prezident İlham Əliyev serbiyalı həmkarı Aleksandr Vuçiçlə birgə bəyanatında bu layihəni enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsi adlandırıb. Dövlət başçısı deyib: "Bu nəhəng enerji layihəsi geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərib. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır.

Ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə bağlı Bakıda mərasim keçirildi. Bu yol da çox böyük əhəmiyyətə malikdir. Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər ki, biz yükdaşımalarını artıra bilək. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır".

Həqiqətən də Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələri qonşu, region və digər qitələri əhatə etməklə geniş coğrafiyaya malikdir.

Türkiyə Prezident Administrasiyasının açıqlamasında deyilir ki, gələn ay istismara veriləcək TANAP layihəsi Ankara üçün prioritet təşkil edir: "Bakı və Ankara öz potensialını regionun xeyrinə istifadə etməyə başlayıblar. Hazırda Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və iki qardaş ölkə siyasi, iqtisadi və enerji baxımından regionun əsas dövlətləridir".

Millət vəkili Tahir Mirkişili bildirib ki, TANAP Azərbaycan və Türkiyə, ümumilikdə, Avropa üçün əhəmiyyətli bir layihədir: "Bu gün Ankara-Bakı siyasi münasibətləri yüksək səviyyədədir.  əlaqələri siyasi və iqtisadi İqtisadi cəhətdən baxsaq, təbii ki, hər iki ölkəni birləşdirən iqtisadi maraqlar var. Bir tərəfdən əgər Azərbaycan Türkiyə üçün Orta Asiya və Asiya bazarlarına çıxış rolunu oynayırsa, Türkiyə də Azərbaycan üçün Qərb bazarlarına çıxış rolunu oynayır. Bildiyiniz kimi, Azərbaycanın həyata keçirdiyi bütün nəqliyyat layihələrinin, - bu, həm dəmir yolu ilə bağlıdır, həm neft və qazın ixracı ilə bağlıdır, hamısı Türkiyədən keçir. Təbii ki, bu baxımdan yanaşsaq, Tükiyə Azərbaycan üçün mühüm bir nəqliyyat dəhlizidir, ənənəvi və qeyri-ənənəvi bazarlara çıxışda mühüm bir yoldur, istiqamətdir. Türkiyə bazarının özü də təbii ki, böyük bir bazardır".

Millət vəkili deyib ki, artıq TANAP layihəsi bitmək üzrədir, iyun ayında bu layihənin açılışı gözlənilir: "2020-ci ildə Türkiyə üzərindən Azərbaycan qazının Avropaya çatdırılması planlaşdırılır. Bu, Azərbaycanın iqtisadiyyatında çox mühüm istiqamətlərdən biridir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi konsepsiyasında mühüm bir rol oynayır. Bu cəhətdən baxsaq, Türkiyə, onun iqtisadi inkişafı, sabitliyi Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir.

Ölkəmizin başlatdığı yeni layihələr, o cümlədən, nəqliyyat sektorundakı layihələr onun əməkdaşlıq coğrafiyasını daha da genişləndirir. Təbii ki, bütün bunlar Azərbaycana təkcə iqtisadi dividentlər gətirmir, həm də onun dünyada nüfuzunu, gücünü artırır".

PƏRVANƏ

 





23.05.2018    çap et  çap et