525.Az

Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı


 

MALİYYƏ NAZİRİNİN MÜAVİNİ AZƏR BAYRAMOV: "İQTİSADİ İSLAHATLAR NƏTİCƏSİNDƏ ÖLKƏDƏ MAKROİQTİSADİ SABİTLİK TƏMİN EDİLİB, İQTİSADİ ARTIM QEYDƏ ALINIB"

Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı<b style="color:red"></b>

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında 3 məsələ müzakirə edilib.

Bunlar "2017-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, o cümlədən, "Lisenziyalar və icazələr haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri olub.

Komitənin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, Azərbaycan iqtisadiyyatında müsbət meyllər özünü göstərir. Qlobal iqtisadi-maliyyə kataklizmlərinə baxmayaraq, Azərbaycanın dinamik şəkildə inkişaf etdiyini xatırladan komitə sədri ölkədə maliyyə çatışmazlığının və maliyyə sıxıntılarının olmadığını da sözlərinə əlavə edib: "Azərbaycanın iqtisadi inkişafı, iqtisadi uğurlarımız göz önündədir. Bunları görməmək mümkün deyil. Azərbaycan hökuməti də son bir il ərzində ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafını təmin etmək üçün üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilib. Bunlar onu göstərir ki, Azərbaycanın sükanı etibarlı əllərdədir və ölkəmizin iqtisadi inkişafı bundan sonra özünü uğurlu şəkildə göstərə biləcək. Eyni zamanda, bəzən biz rəqəmlərə adi baxırıq, amma onların arxasında Azərbaycanın inkişafı, regional, transmilli layihələrin gerçəkləşdirilməsi, texnoparkların yaradılması, insanların maddi-rifah halının yaxşılaşdırılması və sair məqamlar dayanır". Komitə sədrinin bildirdiyinə görə, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsində əksini tapan rəqəmlər Azərbaycanın iqtisadi inkişafının növbəti və əyani təsdiqi, göstəricisidir: "Ona görə də biz bu rəqəmlərə elə-belə baxmamalıyıq".

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın büdcənin icrası ilə bağlı müsbət rəy verdiyini bildirib. Qeyd edib ki, dövlət büdcəsində ən yüksək gəlir göstərici yol vergisi ilə bağlı olub - 151 faiz. Onun sözlərinə görə, eyni zamanda, son iki illə müqayisədə hesabat ilində mərkəzləşdirilmiş və yerli gəlirlərdə azalma özünü göstərib: "Bununla yanaşı, hesabat ilinin ikinci yarısında mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər artıqlaması ilə icra olunub". V.Gülməmmədov sonra qeyd edib ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərin edilməsi ilə bağlı pensiyaların ödənilməsində əlavə vəsaitə ehtiyac yaranıb və bunun üçün 33 milyon manatlıq transfert edilib. Palata sədri, həmçinin, 127 qurumla bağlı təhlillər aparıldığını xatırladaraq, bildirib ki, dövlət büdcəsinin xərclər hissəsinə təsir edən amillər arasında həmin qurumların debitor və kreditor borclarının olması üstünlük təşkil edib.

Müzakirələrdə iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov  bildirib ki, həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım qeydə alınıb: "Ötən il ölkə iqtisadiyyatına əlavə xarici valyuta daxil olub. Borc öhdəliklərinin maliyyə təminatı formalaşdırılıb. Azərbaycanın xarici ticarəti 12,3%, əmtəə ixracı 18,1%, o cümlədən, qeyri-neft əmtəə ixracı 24,4% artıb. Ölkənin strateji valyuta ehtiyatları 4 mlrd. dollar artaraq ilin sonuna 41 mlrd. dolları keçib". 

Qeyd edək ki, 2017-ci ildə icmal büdcənin gəlirləri 24 mlrd. manat və yaxud 104,8%, xərcləri isə 25 mlrd. manat və yaxud 82,4% səviyyəsində icra olunub. İcmal büdcənin kəsiri 1,1 mlrd. manat təşkil edib ki, bu da ölkənin ümumi daxili məhsulunun 1,6%-i deməkdir və proqnozdan 9,5% bəndi azdır.  Ötən il dövlət büdcəsinin mədaxili 16,517 mlrd. manat və yaxud 98,5% icra olunub. Dövlət büdcəsinin tranfert nəzərə alınmadan gəlirləri 10,417 mlrd. təşkil edib. Bu da 2016-ci illə müqayisədə 526 mln. manat və yaxud 5,3% çoxdur. Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektorunun hesabına təmin olunub. Bu da 2016-cı ilə nisbətən 352 mln. manat və yaxud 4,3% çoxdur. 2017-ci ildə qeyri-neft sektorundan büdcə daxilolmalarının xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52,3% təşkil edib. Azərbaycan Dövlət Neft Fondundan 6,1 mlrd. manat vəsait tranfert olunub ki, bu da illik müqayisədə 19,9% azdır. Azərbaycan Mərkəzi Bankının mənfəətindən büdcəyə 250 mln. manat ödənilib.  2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1% və yaxud 17,595 mlrd. manat səviyyəsində icra olunub. Xərclərin 62%-ni cari xərclər təşkil edib.

"Mən ad çəkib reklam etmək istəmirəm, elə qurumlar var ki, dövlət zəmanəti ilə vəsait, kredit götürüb, onu da vaxtında və təyinatı üzrə xərcləyirlər". Bunu müzakirələr zamanı adıçəkilən komitənin üzvü, sabiq baş nazir Əli Məsimli bildirib. Millət vəkili onların fəaliyyətinin şəffaf və təqdirəlayiq olduğunu bildirib. Bununla yanaşı, Ə. Məsimli bəzi qurumların da dövlət zəmanəti ilə götürdüyü vəsaitləri, kreditləri təyinatı üzrə sərf etməmələrindən narazılığını dilə gətirib. "Onlar həmin pulları təyinatı üzrə xərcləmirlər, "yeyirlər". Bunlara çox ciddi şəkildə diqqət yetirilməli və ölçü götürülməlidir".

Müzakirələrdən sonra hər 3 qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





23.05.2018    çap et  çap et