525.Az

Etnik baxımdan zəngin bölgələrimiz- Quba


 

Etnik baxımdan zəngin bölgələrimiz- <b style="color:red">Quba</b>

Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.

Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.

(Əvvəli ötən sayımızda)

 Ərazisində çoxlu xalqların məskunlaşıb dostcasına yaşadığı Quba rayonunda daha bir diqqət çəkən yaşayış məntəqəsi dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədir.

Qırmızı Qəsəbə Quba rayon mərkəzinin iki-üç kilometrliyində, Qudyalçayın kənarında yerləşir. Paytaxt Bakıdan təxminən iki yüz kilometr şimalda yerləşən bu qəsəbənin əhalisi olan dağ yəhudiləri Şərqi Qafqazda, əsasən, Azərbaycan və Dağıstanda kök salmış yəhudilərdir. 1926-cı ilədək bu qəsəbə “Yəhudi qəsəbəsi” adlanıb. Sonra Sovetlər dövründə, rusların hərbi birləşmələri 11-ci Qırmızı Ordusu Azərbaycana daxil olarkən bu qəsəbədən keçib və bu ordunun şərəfinə qəsəbə “Qırmızı Qəsəbə”adlanıb. Əhalinin 99%-i dağ yəhudilərdən ibarət olan qəsəbədə azərbaycanlılar və ləzgilər də yaşayır.

Mənbələrdən verilən məlumata görə, Azərbaycanda yəhudi məskunlaşmaları təxminən 2,5 min il əvvələ təsadüf edir. Qırmızı Qəsəbənin tarixi isə üç əsrə yaxındır. Qəsəbənin mərkəzi küçəsi 18-ci əsrdə yaşamış Quba xanı Fətəli xanın adını daşıyır. Qubada yaşayan dağ yəhudiləri vaxtilə burada məskunlaşmalarını Hüseynəli xana və Fətəli xana borcludurlar. Onların Qubaya gəlməsi Nadir şahın dövrünə (1736 – 1747) təsadüf edir. Onun Qubanı istila edərkən özü ilə gətirdiyi yəhudilər əvvəlcə Qələdüz və Küpçal kəndləri arasında yerləşdirildilər. Təhlükəsizliklərinin təmin olunması üçün Hüseynəli xanın sarayına xahişə gələn yəhudi ağsaqqalları ondan razılıq aldıqdan sonra bugünkü Qırmızı Qəsəbənin yuxarı hissəsində onlara yer verilir. Yəhudiləri gecə talanlarından, qəfil basqınlardan qorumaq üçün Fətəli xan onları 1765-ci ildə indiki qəsəbə ərazisinə köçürür. Buraya saray məhsulları, nəqliyyat vasitələri cəlb olunur və altı gün ərzində yəhudilər yeni ərazidə məskunlaşırlar. Duz-çörəklə Fətəli xanın qarşısına çıxdıqları yerdə bu gün onların sinaqoqu yerləşir. Fətəli xan “Qırmızı Qəsəbə”də yaşayan yəhudilərə dostca yanaşıb, onları himayə edib. Azərbaycan müstəqillik əldə edəndən sonra da dağ yəhudiləri Leninin adını daşıyan bu küçəni Fətəli xan küçəsi adlandırıblar.

XVIII əsrdə bu qəsəbə “Qafqazın Yerusəlimi” adını almışdı.

İkinci dünya müharibəsindən sonra yəhudiəsilli əhalinin sayı kənddə daha da artıb. Azərbaycan müstəqillik olduqdan sonra İsrail dövləti burada yaşayan yəhudilərə kömək edir.

Əhalisi əsasən yəhudilərdən ibarət olsa da, burada azərbaycanlılar və ləzgilər də yaşayır.

Buradakı yəhudilər özlərini “cuğur” adlandırırlar. Dağ yəhudiləri farscaya yaxın olan ivrit dilində danışırlar. 1938- 1939-cu illərdə Qırmızı qəsəbədə 12-13 min yəhudi yaşayıb. SSRİ dağıldıqdan sonra İsrailə, ABŞ-a köç edən əhali, buranı tamamilə tərk etmədi. Hal-hazırda onların sayı 4-5 min arasındadır.

Uzun illər Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri olmuş Semyon İxiilov ötən il mətbuata açıqlamasında Azərbaycanda yəhudilərlə azərbaycanlıların həmişə qardaş kimi yaşadıqlarını diqqətə çatdırıb: “Yəhudilər buraya köçdükdə ilk növbədə sinaqoq tikdilər. Bu qəsəbəyə 13 kənd köçürüldü və 13 sinaqoq tikildi. XX əsrin əvvəllərində Qırmızı Qəsəbədə 18 min yəhudi yaşayıb. 1918-ci ildə yəhudilər də erməni-daşnaklar tərəfindən soyqırımına məruz qalıblar. Xudatda, Qubada, Qusarda, Şamaxıda azərbaycanlılarla birlikdə yəhudiləri də qırıblar. O zaman yəhudilər Bakıya qaçıb və burada məskunlaşıblar. Qeyd edək ki, əslən Qırmızı Qəsəbədən olan yəhudilər bu gün dünyanın müxtəlif yerlərində yaşayırlar. Onlar mütəmadi olaraq buraya gəlir, dini ayinləri yerinə yetirir, yaxınlarının qəbirlərini ziyarət edirlər. Qəsəbədə üç sinaqoq və dini ayinlərin icrası məqsədilə tikilmiş mikva (xüsusi hovuz ) var.

Bu gün azərbaycanlılarla yəhudilər dostluq və mehribanlıq içində yaşayırlar. Biz özümüzü azərbaycanlı hesab edirik. Təsadüfi deyil ki, bizə Azərbaycan yəhudiləri deyirlər. Görün, Azərbaycanda nə qədər millətlərin nümayəndələri var. Onların hamısı bərabərhüquqlu vətəndaşlardır və çoxmillətli ailə kimi bir yerdə yaşayırlar. Tolerantlıq Azərbaycan xalqının daxilindən gəlir. Azərbaycan İslam ölkəsidir və əhalisinin çox hissəsini müsəlmanlar təşkil edir. Amma bizim sinaqoqa bütün millətlərin nümayəndələri gəlir. Azərbaycana səfər edən digər dövlətlərin nümayəndələri bunu görəndə çox təəccüblənirlər. Yadımdadır, Almaniyanın Azərbaycanda olan səfirlərindən biri deyirdi ki, Azərbaycan bütün dünyaya təkcə neft yox, həm də tolerantlıq ixrac edir. Bu doğrudan da belədir. Ümid edirik ki, tezliklə Azərbaycanın İsraildə də səfirliyi açılacaq. Çünki İsrail və Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Yəhudilər Azərbaycanda heç vaxt hər hansı təqibə məruz qalmayıblar. Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə yüksəlib. Məhz bütün bunlara görə yəhudi icması ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hörmətli dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursu tam dəstəkləyir”.

Ümumilikdə, Azərbaycanda fəaliyyətdə olan 5 sinaqoqdan 2-si Bakıda, 2-si Qırmızı Qəsəbədə, 1-i isə Oğuzda yerləşir. Respublikamızda iki yəhudi məktəbi, kollec, uşaq bağçaları və dini məktəb fəaliyyət göstərir. 1993-cü ildə Bakı Dövlət Universitetində ivrit dili fakültəsi açılıb, ivrit dilində qəzet və jurnallar çap olunur. Bu gün Azərbaycanda yaşayan 20 min yəhudinin 95 faizini dağ yəhudiləri təşkil edir.

Qırmızı Qəsəbənin əhalisi əsasən ticarətlə məşğul olur. Qubanın ən zəngin məhəlləsində bir-birindən gözəl, möhtəşəm malikanələr gözə çarpır. Qırmızı Qəsəbə gözəlliyinə, möhtəşəmliyinə görə hazırda da turistlərin diqqət mərkəzində olan yaşayış məntəqələrindəndir. Qəsəbə əhalisi, onun ayrı-ayrı nümayəndələri ölkəmiz, dövlətçiliyimiz üçün səylə çalışması, bu yolda mühüm işlərə imza atması ilə hər zaman seçilir, önəmli uğurları ilə diqqəti çəkir.

lll

 Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini və lütfünü əsirgəməyib, yeraltı və yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanını bərabərhüquqlu vətəndaşı kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





10.07.2013    çap et  çap et