525.Az

"Azərsu" yeni elektron xidmətini istifadəyə verdi


 

"Azərsu" yeni elektron xidmətini istifadəyə verdi <b style="color:red"></b>

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir.

Cəmiyyətdən verilən məlumata görə, "Elektron hökumət" portalında "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" adlı elektron xidmət istifadəyə verilib.

Yeni xidmətin təqdimatına həsr olunmuş mətbuat konfransında "Azərsu"nun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı son illər elektron xidmətlərin tətbiqi dairəsinin genişlənməsi və bu xidmətlərdən istifadənin əhəmiyyətindən danışıb. O bildirib ki, "Azərsu" indiyədək 11 növdə elektron xidmət istifadəyə verib: "Sayca 12-ci olan "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" adlı xidmət mexaniki sayğacları olan əhali qrupu abonentləri üçün nəzərdə tutulub. Mövcud qaydalara görə mexaniki sayğaclar üzrə fakturaların (borc bildirişlərinin) verilməsi üçün sayğac göstəricilərini nəzarətçilər oxumalıdır. Bunun üçün mənzillərə daxil olmaq və sayğaclara baxış keçirmək zərurəti yaranır. Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğac göstəricilərinin oxunması mümkün olmur və ya qeyri-dəqiq məlumatlar verilir. Bu da sonradan bir sıra anlaşılmazlıqlara səbəb olur. Yeni xidmətin tətbiqindən sonra abonentlər sayğac göstəricilərini fərdi şəkildə, elektron qaydada təqdim edə biləcəklər".

"Azərsu"nun İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov isə yeni elektron xidmətinin təqdimatını edib. O bildirib ki, bu xidmətdən "www.e-gov.az" portalında qeydiyyatdan keçmiş şəxslər istifadə edə bilərlər.

Qeyd edək ki, "Elektron hökumət" portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 2017-ci il üzrə açıqladığı statistikaya əsasən, "Azərsu" elektron xidmətlərdən istifadə sayına görə 5-ci yeri tutub. Ötən il "Azərsu"nun təklif etdiyi 11 elektron xidmətlə əlaqədar 347 min müraciət, bu ilin 4 ayında isə 156 min müraciət qeydə alınıb. Bu göstəriciyə əsasən, "Azərsu" səhmdar cəmiyyətlər arasında ilk yeri tutur.

C.ABASOV

 





23.05.2018    çap et  çap et