525.Az

Pedaqoji Universitetdə elmi konfrans


 

TƏDBİR MİR CƏLAL PAŞAYEVİN 110 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLİB

Pedaqoji Universitetdə elmi konfrans <b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunan Respublika Elmi Konfransı keçirilib.

ADPU-dan verilən məlumata görə, tədbirdə universitet rəhbərliyi, tanınmış alimlər, ziyalılar iştirak ediblər.

Konfrans iştirakçıları öncə professor Mir Cəlal Paşayevin əsərləri ilə tanış olublar.

Daha sonra tədbirdə çıxış edən unive

rsitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, bugünlər respublikamızda professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş müxtəlif silsilə tədbirlər həyata keçirilir: "Pedoqoji Universitetdə keçirilən bu konfrans da həmin silsilə tədbirlərdən biridir".

Rektor qeyd edib ki, Mir Cəlal Paşayev böyük alim, örnək pedaqoq, tanınmış yazıçı olub: "Onun yaradıcılığında insan və zaman haqqında düşüncələr xüsusi yer tutur".

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Təhsin Mütəllibov "Mir Cəlal xatirələrdə" mövzusunda məruzə ilə çıxış edib. Professor T.Mütəllibov qeyd edib ki, nəcib və xeyirxah insanların əməlləri onların özlərindən sonra da yaşayır: "Bu konfrans bunu bir daha təsdiqləyir. Xatirələr insanın ikinci ömrüdür. Bu baxımdan, professor Mir Cəlal Paşayev zəngin, mənalı, şərəfli bir müəllim-alim-yazıçı ömürü yaşayıb. Müəllimlik onun fəaliyyətində aparıcı yer tuturdu. Müəllim öz ləyaqəti, mədəniyyəti, yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə əsl şəxsiyyət olmalıdır. Professor Mir Cəlal Paşayev əsl şəxsiyyət idi. Səbirli, müdrik, alicənab, həssas, sadə və səmimi bir insan olan professor Mir Cəlal Paşayev həmişə tələbələrin mövqeyindən çıxış edər, onların qayğısına qalardı. O, səmərəli elmi-pedaqoji fəaliyyət göstərib. Ona görə də, Mir Cəlal Paşayevin xatirəsi həmişə bizim üçün əzizdir".

Professor Buludxan Xəlilov isə "Yazıçı-alimin və müəllimin manifesti" mövzusunda məruzə ilə çıxış edib. B.Xəlilov bildirib ki, professor Mir Cəlal Paşayev müəllim, alim və yazıçı kimi cəmiyyətə layiqli bir nümunə olub: "Mir Cəlal Paşayev Məhəmməd Füzulini böyük lirik şair kimi təqdim etməyi bacarıb, ədəbi məktəblərin tədqiqində bir ardıcıllıq yaradıb. Onun sadə, səlis dili, özünəməxsus yaradıcılıq üslubu, insanlara və hadisələrə aydın yanaşma tərzi olub. Dil, vətən, ana, klassiklərlə müasirlərin varisliyi, vəhdəti məsələlərini gündəmə gətirib. "Bir gəncin manifesti" romanı yazıçının yaradıcılığında xüsusi yer tutur. Bütövlükdə, professor Mir Cəlal Paşayev ədəbiyyatşünaslığın inkişafında mühüm xidmətlər göstərib".

Konfransda professorlar - Asəf Zamanov, Qəzənfər Paşayev, Şirindil Alışanlı, Cəlil Nağıyev, Təyyar Cavadov, Abdulla Abasov, dosent Məti Osmanoğlu, yazıçı Elçin Hüseynbəyli çıxış edərək Mir Cəlal Paşayevi XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələrindən biri kimi səciyyələndiriblər və onun roman yaradıcılığını yüksək qiymətləndiriblər.

CEYHUN

 





23.05.2018    çap et  çap et