525.Az

Hekayənin bayramı - Fotoreportaj


 

MİR CƏLAL ADINA HEKAYƏ MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILIB

Hekayənin bayramı - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən "Ədibin Evi"nin (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1929-1941-ci illərdə yaşadığı ünvan) müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədilə elan etdiyi Mir Cəlal adına Hekayə Müsabiqəsi artıq yekunlaşıb.

Müsabiqənin yekun tədbiri və qaliblərin mükafatlandırılması dünən münsiflərin, Azərbaycanın tanınmış ziyalılarının və KİV nümayəndələrinin iştirakı ilə "Ədibin Evi"ndə keçirilib.

Tədbiri giriş sözü ilə açan Xalq yazıçısı, Müsabiqənin münsiflər heyətinin sədri Elçin bu haqda geniş məlumat verib. Mir Cəlalın ədəbiyyatın müxtəlif istiqamətlərində parlaq şəkildə fəaliyyət göstərdiyini, həm nasir, həm ədəbiyyatşünas, həm də tənqidçi kimi zəngin yaradıcılığa malik olduğunu deyən yazıçı 2017-ci ilin sentyabr ayında start verilən müsabiqənin hekayə janrına həsr edilməsinin heç də təsadüfi olmadığını deyib. Çünki hekayə janrı ədəbiyyatımızda çox gec yaransa da, tez bir zamanda təşəkkül tapdı və XX əsrin ortalarında artıq bədii estetik cəhətdən tam şəkildə formalaşdı. Bu işdə ədəbiyyatımızın görkəmli siması, ədəbiyyatşünas alim Mir Cəlalın rolunu xüsusi qeyd etmək lazımdır. O, hekayə janrının yüksək bədii-estetik forma almasında mühüm rola malikdir. Həmçinin, Mir Cəlal Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadıdır. İkinci səbəb isə çağdaş ədəbi prosesin, yazıçı və oxucuların diqqətini hekayə janrına yönəltməkdir.

Qeyd edilib ki, Elçin, Kamal Abdulla, Şirindil Alışanlı, Təhsin Mütəllimov, Nizami Cəfərov, İntiqam Qasımzadə və İlham Rəhimli kimi nüfuzlu söz bilicilərinin münsif olduqları müsabiqəyə Azərbaycanın 15 regionundan 389 hekayə təqdim edilib. Onların 165 nəfəri məktəblidir. Hekayələr, çoxluq Azərbaycan dilində olmaqla, ümumən altı dildə (rus, ingilis, ərəb, fars və s.) qəbul edilib. Geniş auditoriyanı özünə cəlb edən müsabiqəyə Azərbaycan vətəndaşlarıyla yanaşı, 20 əcnəbi vətəndaş da qatılıb.

Hekayə müsabiqəsinə bu qədər böyük maraq göstərilməsinin sevindirici hal olduğunu deyən Xalq yazıçısı Elçin təqdim edilən nəsr nümunələrinin ümumi keyfiyyətindən də danışıb. O, ustad ədəbiyyatşünas kimi mülahizələrini diqqətə çatdırıb, hekayələrdəki çatışmazlıqlara, zəif cəhətlərə də toxunub.

Münsif səsverməsinin tamamilə gizli şəkildə aparıldığını deyən sədir bildirib ki, bu da Mir Cəlal xarakterinə tam uyğun gələn bir nüansdır: "Mir Cəlal müəllim çox saf, dürüst, ədalətli insan idi. Buna görə də onun adıyla keçirilən müsabiqə də, əlbəttə, şəffaf, obyektiv olmalı idi. Ən sonuncu günə qədər bir bu şəffaflığı qoruduq və münsiflərimiz yenə də qaliblərdən başqa digər hekayələrin müəlliflərinin kimliyini bilmirlər".

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə müsabiqə haqqında fikirlərini bölüşüb, qalibləri təbrik edərək onların hekayələrinin jurnalın yeni nömrəsində dərc olunacağını deyib.

Həmçinin, qeyd edilib ki, qalib hekayələrlə yanaşı, 15 ən yaxşı hekayə toplanıb antologiya şəklində çap olunacaq.

Daha sonra qaliblər mükafatlandırılıb. Təqdim edilən əsərlərdən birinci yerə layiq görülən olmayıb. Yaşar Əhmədov və Şahin Sərdarlı II yerə, Vaqif Nəsib, Arif Quliyev, Mübariz Cəfərli, Dilsuz, Mülayim Hümbətova (Şəki şəhərində yaşayan 8-ci sinif şagirdi) və Elşad Barat III mükafatla təltif olunublar. Qaliblərə diplom və pul mükafatları təqdim edilib. Mükafatçılar müsabiqənin təşkilatçılarına və münsiflər heyətinə təşəkkürlərini bildiriblər.

Daha sonra söz münsiflər heyətinə və iştirakçılara verilib.

Azərbaycan Dillər Universitetinin rektoru, yazıçı Kamal Abdulla qalibləri təbrik edərək deyib ki, bu cür müsabiqələrin keçirilməsi Azərbaycan ədəbiyyatının inkişafına uğurlu bir təkandır.

Mir Cəlalın həyat və yaradıcılığı haqqında düşüncələrini və ədiblə bağlı xatirələrini bölüşən Xalq şairi Nəriman Həsənzadə müsabiqəni ədəbiyyatımız üçün dəyərli töhfə adlandırıb.

"Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev bu müsabiqənin hər il keçirilməsi təklifi ilə çıxış edib. Akademik bildirib ki, təkcə Mir Cəlalın deyil, həm də ayrı-ayrı nasirlərimizin adına hekayə günlərinin təşkil olunması və hər il müsabiqələr keçirilməsi bu sahədə tərəqqiyə ciddi təkan verə bilər.

Bu günü hekayənin bayramı adlandıran Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının - ADA Universitetinin rektoru Hafiz Paşayev müsabiqənin ilk uğurlu cəhətinin onun münsiflər heyətilə bağlı olduğunu vurğulayıb: "Burada Azərbaycan ictimai fikrinin və ədəbiyyatının dəyərli simaları toplaşıb. Onların ədəbiyyata, sözə qarşı həssaslığı hamımıza məlumdur. Buna görə də müsabiqənin obyektivliyinə və seçilən qaliblərin uğurlu yaradıcılıq nümunələrinə heç bir şübhə ola bilməz. Mən qalibləri bir daha təbrik edir və onlara yeni yaradıcılıq uğurları diləyirəm".

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışında deyib ki, qaliblər sırasında tanınmış yazıçılarla bərabər, gənc qələm sahiblərinin, hətta orta məktəb şagirdinin də olması bu layihənin obyektivliyindən və uğurundan xəbər verir.

Sonda münsiflər heyətinə "Ədibin Evi" tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

Şahanə MÜŞFİQ

 





24.05.2018    çap et  çap et