525.Az

Parlamentdə "Azərbaycan ailə modeli: müasirlik və dəyərlər" müzakirələri


 

DİN RƏSMİSİ: "XARİCDƏN İNTERNET VASİTƏSİLƏ ÖTÜRÜLƏN CİZGİ FİLMLƏRİ VƏ DİGƏR MATERİALLAR UŞAQLARDA AQRESSİVLİK YARADIR"

Parlamentdə "Azərbaycan ailə modeli: müasirlik və dəyərlər" müzakirələri<b style="color:red"></b>

Dünən Milli Məclisdə (MM) ailə məsələlərinə həsr olunmuş ictimai müzakirələr keçirilib.

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən "Azərbaycan ailə modeli: müasirlik və dəyərlər" mövzusunda ictimai müzakirələrdə millət vəkilləri ilə yanaşı, bir sıra dövlət qrurmlarının, o cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin (DİN), Qeyri-Hökumət Təşkilatlarının (QHT) təmsilçiləri iştirak ediblər. MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycanda ailə məsələlərinin dövlət siyasəti səviyyəsinə qaldırılması mərhum dövlət başçısı Heydər Əliyevin adı ilə bağlıdır.

O qeyd edib ki, ölkədə ailə institutunun qorunub-saxlanılması, milli-mənəvi dəyərlərin yaşadılması istiqmətində Heydər Əliyev siyasətinin davamçısı ölkə Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən çox mühüm addımlar atılıb və atılmaqdadır. Azərbaycanda ailə dəyərlərinə böyük üstünlük  və əhəmiyyət verildiyini deyən komitə sədri bu yöndə qanunvericilik bazasının formalaşdırıldığını, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunduğunu bildirib. O, bununla yanaşı, Azərbaycanda boşanmaların və erkən nikahların ciddi problem olaraq qaldığını söyləyib: "Ailələrdə boşanmaların sayında artım özünü göstərir. Rəsmi rəqəmlər də ciddi narahatlıqlar üçün əsas yaradır". Komitə sədri deyib ki, konfliktli ailələrdə uşaqlar zəif, iradəsiz uşaqlar kimi böyüyürlər.  A. Naxçıvanlı erkən nikahlarda və boşanmalarda dini kəbinlərin və qeyri-rəsmi nikahların "böyük" rol oynadığını da sözlərinə əlavə edib.

Parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun dediyinə görə, dünya statistikası da göstərir ki, son on ildə nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada boşanmalarda, ailələrin dağılmasında say artıb: "Ən azı boşanmalar iki dəfə artıb ki, bu, çox ağır və dəhşətli göstəricidir". Komitə sədri deyib ki, erkən, qeyri-qanuni nikahlardan, boşanmalardan ilk əziyyət çəkən uşaqlar və qadınlar olur: "Xüsusilə də, uşaqlar boşanmaların, ailədaxili konfliktlərin yaratdığı problemlərin fəsadlarından ciddi əziyyət çəkirlər. Onlar bir çox hallarda qorxulu, keçici xəstəliklərə  tutulurlar ki, sonradan həmin uşaqların müalicəsi, müayinəsi çox çətin olur. Bununla yanaşı, uşaqlarda çəki problemi özünü göstərir. Səhv etmirəmsə, o gün millət vəkillərindən biri də bu məsələyə toxundu. Bəzən biz belə məsələlərə ciddi əhəmiyyət vermirik, amma əslində, bunlar ciddi problemlərdir. Onlara ciddi əhəmiyyət verməliyik. Çünki çəki məsələsi də uşaqların sağlamlığına ciddi təhlükə yaradır. Ümumiyyətlə, bu məsələlərdə maarifləndirmə, təbliğat işlərini də gücləndirməliyik..."

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ən çox müraciətlər ailmentlərlə bağlı müraciətlərdir: "Komitəmizə ən çox müraciətlər alimentlərlə bağlıdır". O qeyd edib ki, neçə illərdir bu istiqamətdə addımlar atılsa da, aliment problemi hələ də ciddi problem olaraq qalmaqdadır: "Bizə edilən müraciətlərin ön sırasında aliment problemi gəlir. Çünki boşanmalardan sonra bir çox atalar aliment verməkdən yayınır, boyun qaçırırlar. Bununla yanaşı, bizə ən çox edilən müracətlərdən biri də ailə-məişət zorakılığı ilə bağlıdır. Hələ də bölgələrimizdə ailə-məişət zorakılığından əziyyət çəkən insanlarımız var və bunlar azlıq təşkil etmir. Mən heç də o fikirlə razılaşmıram ki, ailədaxili konfliktlərin, zorakılıqların, boşanmaların kökündə maddiyyat, iqtisadi məsələr dayanır. Bu, belə deyil. Burada daha çox mənəvi faktorlar özünü göstərir...".

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli qeyd edib ki, feysbuk, mesajlaşma ailələrin dağılmasında "böyük" rol oynayır. O, ailədaxili konfliktlərdə övladların ələbaxımlılığa öyrədilməsinin də "böyük" rol oynadığını bildirib: "Ailələrdə qızı da, oğulu da ələbaxımlılığa öyrədirlər. Onlar hər ikisi də işləyə, pul qazana bilər, amma valideynlər bunu etmirlər və həmin gənclər sonradan ailə quranda ciddi problemlər yaranır. Bununla yanaşı, ailələrin dağılmasında, boşanmalarda, erkən nikahlarda sosial şəbəkələr, "Facebook", mesajlaşma...və sair kimi zərərli amillər böyük rol oynayır. Çünki çoxları sosial şəbəklərdən əyləncə kimi istifadə edirlər və nəticədə də ciddi problemlərlə qarşılaşırlar..." Komitə sədri sonra təklif edib ki, çoxuşaqlı ailə məfhumu 5-dən 3-ə endirilsin O qeyd edib ki, buna səbəb müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalmasıdır. "Bununla bağlı hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur" - deyən, H. Rəcəbli təklif edib ki, Azərbaycanda nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilsin: "Həmin bir ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq".

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov isə çıxışında evlənmək məqsədi ilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib. S.Novruzov bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil:  "Bir var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik". Komitə sədri çıxışında həmçinin bildirib ki, ailələrin dağılması ciddi problemə çevrilib: "Bunun səbəblərin biri də valideynlərin ailəyə müdaxiləsidir. Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var... Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil". Onun qeyd etdiyinə görə, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var: "Bir çox hallarda telekanallara ailədən xəbəri olmayanları çıxarırlar, təbliğ edirlər. Mən şou-biznes əhlini nəzərdə tutmuram, çünki onların öz dünyası, öz yaşam tərzi var, amma bəzən elələrini efirə çıxarırlar ki, onun "ailə nədir" anlayışı belə yoxdur... Və yaxud, bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər, gizlədirdilər. İndi isə bunları yayırlar, təbliğ edirlər və nəticədə də bu cür ağrılı hallar yaşanır".

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov deyib ki, ölkə mətbuatında yetkinlik yaşına çatmayan uşaqların zorakılığa məruz qalması ilə bağlı məlumatlar şişirdilir: "Azərbaycanda son 5 ildə bu istiqamətdə artım müşahidə edilməyib. Törədilən hər bir faktla bağlı araşdırma aparılır, hüquqi qiymət verilir". Onun sözlərinə görə, son 5 ildə bu statistikada artım yoxdur:  "Təbii ki, dünyada cinayətlər var və Azərbaycan da dünyanın bir hissəsidir. İndiki zamanda hamımıza məlumdur ki, internet çox geniş yayılıb və hər bir uşaq internetdən rahat istifadə edir. Bəzən o fəsadlar da internet vasitəsilə yayılır". DİN rəsmisi qeyd edib ki, internetdən istifadə ilə bağlı tədbirlər görülməlidir. A. Adıgözəlovun iddiasına görə, xaricdən internet vasitəsilə ötürülən cizgi filmləri və sair materiallar uşaqlarda aqressivlik yaradır: "Bununla bağlı təkliflərimizi təqdim etmişik. Uşaqların internetdən istifadəsi, uşaq televiziyasının yaradılması ilə bağlı yaxın vaxtlarda addımlar atılacaq".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda din xadimlərinin azyaşlıya kəbin kəsməsi halları mövcuddur. G.İsmayılovun sözlərinə görə, belə faktlara görə cinayət məsuliyyətinə cəlb olunanlar da var.  "Dini nikahla bağlı Qafqaz Müsəlmanları İdarəsi fətva verib. Amma gəlin görək buna əməl olunurmu? Təəssüf ki, yox. Bəzən rəsmi təyinat almayan din xadimi fəaliyyət göstərir, dini nikahla bağlı fətvaya əməl etmir. Belələri hətta azyaşlıya da kəbin kəsirlər" - deyə o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





24.05.2018    çap et  çap et