525.Az

Fransada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans


 

Fransada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans <b style="color:red"></b>

Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Fransa Beynəlxalq Diplomatiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans keçirilib. 

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, konfransın moderatoru Fransa-Azərbaycan Dialoq Assosiasiyasının vitse-prezidenti Loran Pultye tədbirin əhəmiyyətindən danışıb. 

Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimov müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirərək Heydər Əliyevin uğurlu siyasəti sayəsində müstəqilliyimizin qorunub saxlandığını və möhkəmləndiyini vurğulayıb. O, müasir Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyətinin müqayisəli təhlilini verərək, hər dəfə müstəqilliyimizin çətin əldə edildiyini diqqətə çatdırıb. R. Kərimov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, xalqımızın ermənilər tərəfindən soyqırımı aktlarına məruz qalması barədə də danışıb. 

Tarix elmləri doktoru, AMEA-nın Tarix institutunun şöbə müdiri Natiq Məmmədzadə AXC-nin nümayəndə heyətinin Paris Sülh Konfransında fəaliyyətindən, Paris Sosial Elmlər üzrə Qabaqcıl Tədqiqatlar Məktəbinin tədqiqatçısı, tarixçi Jorj Mamulya 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti, Paris Sülh Konfransına gələn nümayəndə heyətinin fəaliyyəti və Cümhuriyyətin tanınması istiqamətində onun səyləri ilə bağlı Fransa arxivlərindəki sənədlər və məlumatlardan, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru İlqar Niftəliyev Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan arasında ərazi məsələsindən danışıblar. 

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəblərinə toxunub.

Fransa Senatının üzvü Alen Uper Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlardan, xüsusilə də qadınlara səsvermə hüququ verməsindən söz açıb. O, Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı Əhmədiyyə Cəbrayılovdan da bəhs edib.  

AMEA-nın Tarix İnstitutunun şöbə müdiri Nərgiz Axundova və tədqiqatçı Edit İber Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət, yaradıcılıq və nəşrlər haqqında məlumat veriblər. 

“MEDEF International” təşkilatının Avropa və Asiya bölməsinin keçmiş direktoru Boqdan-Qaden-Firçak Azərbaycanın iqtisadi inkişafı haqqında danışıb. 

Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən film nümayiş etdirilib.

 





25.05.2018    çap et  çap et