525.Az

İstiqlal şairi Ümgülsüm


 

İstiqlal şairi Ümgülsüm<b style="color:red"></b>

Adı istiqlalımızla qoşa çəkilən Rəsulzadələr ocağında doğulan, aylı-ulduzlu bayrağına tapınan, türklüyü ilə qürur duyan, sözü qılıncdan kəsərli, özü hələ yazılmayan şeirlərin ən gözəli, duyğuları çiçəklərin ləçəyindən incə şair Ümgülsüm xanım haqqındadı bu yazı.

O, Azərbaycanda müstəqil dövlət quran, bayraq ucaldan M.Ə.Rəsulzadənin əmisi qızıdır. O, Müsavat Partiyasının yaradıcılarından biri, Cümhuriyyət dövründə Parlamentin üzvü olan Məmmədəli Rəsulzadənin bacısıdır. O, ən çətin məqamda-NKVD-nin zəhmi dağlar yaran zirzəmilərində belə heç kəsin üzünə durmağı özünə sığışdırmayan, dünyadan kişi kimi köçən, mərdliyi ilə əbədi ömür qazanan yazıçı Seyid Hüseynin həyat yoldaşıdır. O, Azərbaycanın istiqlalını tərənnüm edən, Cümhuriyyətin süqutundan sonra sovet rejiminə etiraz eləyən, nifrətini gizləməyən, 37-ci ildə repressiyaya uğrayan yeganə xanım şairimizdir. Ədəb-ərkanı, incə əl işləriylə xanımlığa, həyat yoldaşına sədaqətiylə qadınlığa, övladlarına olan sevgisiylə analığa şərəf gətirən, şeirləri, hekayə və məktublarındakı düşüncələri, misraları, sətirləriylə heyrət və qibtə doğuran bənzərsiz, təkrarsız bir söz adamıdır.

Tanrı ona o qədər yüksək keyfiyyətlər vermişdi ki, əgər bəxt də versəydi, bəlkə basqalarına qarşı ədalətsizlik eləmiş olardı... Ədalətin bu cür tənzimləndiyi bu Yer üzündə Ümgülsüm kimi şairin taleyi elə belə də olmalıydı...”Necə?”sualının cavabını o, özü verəcək-məktubları, şeirləri, yadigar yazılarıyla...Onları oxuduqca qəlbinizdə Ümgülsüm xanıma sevgi, ehtiram və heyrətdən yoğrulmuş bir heykəl ucalacaq. Bu yazı da mənim öz qəlbimdə ona ucaltdığım heykəli önundə düşüncələrdi.                     

MƏN SARALIB SOLLAM QƏRİB ELLƏRDƏ

Ədəbiyyat Arxivində onunla bağlı sənədləri vərəqləyirəm. Kağız qovluqlarda  şəkillər, məktublar...Burda həyatda olduğu kimi onları - Seyid Hüseynlə Ümgülsümü bir-birindən ayırmadıqları, hər ikisiylə bağlı sənədləri eyni fondda saxladıqları üçün sevinən kimi oluram, sonra sevincimin acı təbəssümdən başqa bir şey olmadığının fərqinə varıram...Bunca ayrılıqlardan, həsrətdən, zülümlərdən, gözləntilərdən, ölümlərdən  sonra vüsala bax, qovuşmağa bax...Bu, əslində onun alın yazısıydı...14 yaşında ədəbiyyata gələn  qızcığaz öz ilk yazılarıyla sanki öz tale yolunu cızmışdı...

Ümgülsümün ilk yazısı 1914-cü ildə “Dirilik” jurnalında çap edilən“Vətən sevgisi” idi. Novxanı bağlarında bir gecəlik duyğularının ifadəsi olan, amma hər sətri, hər cümləsi adamın ürəyini didən “Vətən sevgisi”...”Bu bağların gözəlliyini deyil, yıxıq, dağınıq, köhnə daxmalarını belə sevirəm: şimal yelinin güclü zərbələri ilə yandırdığı, qurutduğu, əzdiyi çılpaq ağaclarını xoşlayıram. Mən buranı vətən məhəbbəti ilə sevirəm. Bəlli bir işdir ki, ananın gözəli ilə çirkinində əsla təfavüt olmaz. Ikisi də öz övladı üçün əziz və möhtərəmdir. Bunun üçün də mən buranın gözəlliklərini də, xarabalıqlarını da sevirəm.”

Necə gözəl ifadə eləyib duyğularını. Hər kəlməsi oxucuda bircə anlıq tərəddüdə belə imkan verməyən gerçək vətən sevginin təsdiqidi. “Qəlbimdə yeganə bir eşq, məhəbbət vardı...Əcaba bu eşq kimə və nəyə idi...Gözəlliklərəmi? Yaxud insanlaramı?...Xayır...Mən gözəllikləri də, babalarımı, qardaşlarımı, bacılarımı da doğan vətənimə aşiq və məftun idim.”

Ümgülsüm həyatında iki dəfə böyük eşq yaşadı. Biri vətənin, o biri yazıçı Seyid Hüseynin adıyla bağlı oldu. Hər iki sevdası illər sonrası onu məhvə aparıb, həyatını cəhənnəmə çevirdi, əzablara düçar eləyib, ölümə sürüklədi.  Yazıçı Seyid Hüseynlə gənc şair Ümgülsüm bütün Azərbaycan tarixi, eləcə də Rəsulzadələr ailəsi üçün uğursuzluq gətirən 1920-ci ildə evləndilər. Ondan 3 il əvvəl Ümgülsüm Nargin əsirlərinin dilindən  hər kəsin daha çox “Dərdli nəğmə” kimi tanıdığı “Turan düdüyü” şeirini yazmışdı.

Dərdli-dərdli sürükləndim, inlədim,
Acı-acı fəryadları dinlədim.
Gəldim iştə, dərdim sana söylədim,
Ərzimi dinləyən, soran nerədə? 

Unudulmaz dərdim, ovunmaz qəlbim,
Gülsə cahan, gülməz bənim taleyim,
Gəl yaramı sən özün sar, sevgilim,
Duyulmaz dərdimə dərman nerədə? 

Dağıtdılar yuvasını bülbülün,
Xəzan vurdu yarpağını hər gülün,
Susdurdular nəğməsini bir elin,
Canana can verən o can nerədə? 

Məskənimiz həp fəlakət bucağı,
Bəstərimiz fırtınalar qucağı,
Sönmüşmüdür əcəb türkün ocağı,
Anadolu nerdə, Turan nerədə? 

Halətimə uğramışız həpimiz:
Cavanlarmız, ixtiyarmız, yigitmiz,
Bir sahil yoxmudur çıxa gəmimiz,
Ağlaşır analar, duyan nerədə?

Qərib, sürgün, öksüz cocuqlar ağlar.
Ninni söylər uğultulu dalğalar:
Mərhəmət namına səni haraylar?
Ədalətin nerdə, vicdan nerədə? 

Səba, yetir sevgilimə sözümü,
Mükəddər halımı, gülməz üzümü,
Yanıqlı halımı, ağlar üzümü,
Aşiqlərim nerdə, canlar nerədə?

Düz 17 il sonra Ümgülsüm xanımın həyat yoldaşı Seyid Hüseyni həmin Nargin adasında “xalq düşməni” damğası ilə güllələdilər, onun özünü isə “xalq düşməni” nin ailəsi kimi sürgünə göndərdilər...Bu şeir sanki illər öncə onların başına gələcəkləri, onların qəmli həyat hekayəsinin misra-misra anlatmaq üçün yazılmışdı. 

Seyid Hüseynlə Ümgülsümün  bütün övladları vaxtilə 15 yaşlı qızın bəlkə də fəhmlə qələmə aldığı “Solğun çiçək” yazısınıdakı cocuğun taleyini yaşadı...”Öksüz qızcığaz bütün günlərini, saatlarını, bəlkə dəqiqələrini böylə anasının xıyalı ilə məşğul.

-Ah!...anacığım! Gedib də məni kimlərin ümidinə buraxdın. Atamınmı? O da on bir aydan bəri qara torpaların ağuşnda yatıyor. Barı məni də özünlə bərabər aparıaydın. Tamam qızlar geyinər, oynar və gülərlər. Anaları onları alqışlar. Bir az pozğun durarlarsa anaları oxşar və öpər. Lakin mənim üçün heç birisi yox!..

Yoldaşlarım “ana!”-deyə səslənirlər, mənim ana deyəcəyim bir kimsə yox.

Ah, nə qədər gözəl olardı mənim də atam-anam olaydı. Əvət, günə günlük həyatı verən günəş üful edincə həzin bir qürub mənzərəsi təşkil ediyor. Bir ananın ölümü dəxi o qürub qədər həzin, öksüz bir cocuq buraxmış.

Hava məzhun-cocuq məzhun!”

Bu kədərli duyğuları qələmə aldığı zaman necə qüssə içində olduğunu anlayıram. Çünki Ümgülsüm özü də çox kiçik yaşlarında anasız qalmışdı və bu yazıdakı qızcığaz bəlkə də elə onun özüydü. Ən kədərlisi isə odu ki, anasız böyüyən Ümgülsümün öz övladları da həmin taleyi yaşadı. İllər sonra Ümgülsüm anasız övladlar mövzusuna yenidən qayıdası oldu. Amma yazıçı kimi yox, ana kimi...Bayıl həbsxanasında sürgünə göndəriləcəyi günü gözləyən məhbus kimi...

 “Günəşin şüası mənim də üstümə düşmüşdür, üzüm yanır. Yəqin ki, indi Toğrul və Qumral da günəş altında oynayırlar. Yanaqları qıpqırmızı qızarmışdır. Əgər indi onların üzlərindən öpən olsa, üzlərinin od kimi yandığını dodaqları ilə hiss edər. Fəqət, indi onların üzlərindən öpən kimdir?” Bu, onun məhbəs həyatının bəzi məqamlarını yazıb övladlarına ötürə bildiyi  “Qala xatirələrim” adlı dəftərindən sətirlərdi. Heyflər olsun ki, Ümgülsüm taleyin ona yaşatdığı amansız anasızlıq ağrısını da övladlarına ötürəsi oldu...

Bunun da kədərli olduğu qədər də şərəfli bir tarixçəsi var. Ümgülsüm soy-kökünə bağlı, minilliklərdən soraq verən tarixiylə, keçmişiylə qürur duyan və bu tarixi gələcəyə ötürməyə çalışan türk xatunudur. Türkün bayrağını göylərin və yer üzünün ən gözəl bəzəyi bilən şair “Səs verəlim” şeirində öz dövrünün xanımlarına tarix boyu at belində, öz ərinin, xaqanının yanında, döyüş meydanında olduğu zamanları xatırladır.

Dəyərlidir ehtiyacı millətin,
Yaradcısı bizik, istiqbalına
Yüksəldəlim bayrağını türklüyün,
Şan verəlim qafqaslılıq namına. 

Türklük deyil, biz türklüyün özüyük,
Millətimiz bizim ilə canlanır.
Qazanalım, Fateh xanın qızıyıq,
Türklük adı fütuhatla şanlanır.
           Səslənməli, varlığımız bilinsin,
Türk oğlunu yadlar öksüz sanmasın,
Güc verəlim, qüvvətimiz görünsün,
Qız, gəlinlik həyansız kibi qalmasın.

“Türklük deyil, biz türklüyün özüyük”, “Qazanalım, Fateh xanın qızıyıq” deyən şairin arzularını 1918-ci ildə doğmalarının fədakarlığı bahasına qurulan Cümhuriyyətin  Parlamentində gerçəklşədi. Şərqdə qadına ilk dəfə seçki hüququ məhz Azərbaycanda, Məhəmməd Əmin Rəsulzadənin qurduğu dövlətdə verildi. Bu qərarın Ümgülsüm xanımı nə qədər xoşbəxt elədiyini təsəvvür eləmək elə də çətin deyil...Heyflər olsun ki, bu xoşbəxtliyin ömrü uzun sürmədi...

Cümhuriyyətin sovet işğalıyla süquta uğradığı zaman Ümgülsümü ən çox ağrıdan, inlədən məsələlərdən biri yenə də türklüyümüzlə, ayrı salınan, pərən-pərən düşürülən türk elləri ilə bağlı idi. Hələ 1917-ci ildə “Turan düdüyü” şeirindəki “Sönmüşmüdür əcəb türkün ocağı, Anadolu nerdə, Turan nerədə?” misralarıyla haray çəkən Ümgülsümün 1920-ci ildə yazdığı “Bayrağım enərkən” şeirindəki “Bağlandımı üzünə türk elinin qapısı?” sualı əslində sual deyil, bütün bu suallara ən doğru, dəqiq, kədərli və ağrılı bir cavabdı...

***

Ümgülsüm istiqlalımızla, bayrağımızla qürur duyan və bu dəyərləri sözə çevirən yeganə xanımdır. Hər kişinin cəsarət edib deyə bilmədiklərini bu zərif olduğu qədər də üsyankar qadın bütün sərtliyi ilə ifadə edib. Bu mənada o, qardaşı Məmmədəli, əmisi oğlu Məhəmməd Əminlə birgə istiqlal mübarizəsinin önündə gedənlərdən biri sayıla bilər. Zamansa o zaman idi ki, istiqlal sevdasilə yaşayanlar üçün ölümdən,  sürgündən, qürbətdən başqa yol görünmürdü. Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə ucaltdığı bayrağın könüllərə endiyi məqam bir tarixi sənədlərdə, bir də Ümgülsümün şeirində öz həzin kədəri, orman yanğınları kimi qarşısıalınmaz nifrətiylə yaşamaqdadı...   

Sən Bayrağım! O yüksək şanlarınla enərkən,
Mavi göyə bir duman gəldiyini sezdim mən.
Qoynundakı ağ nurlu ay-yıldızım sönərkən
Üzərimə doğacaq günəşlərdən bezdim mən. 

Al-yaşıllı bağında çiçəklərin solurkən
Sən enərkən ruhumdan bir inilti yüksəldi.
Hıçqırıqlar içində düşüyorkən, ölürkən
Məni tutub qaldıran xain, murdar bir əldi.

Yazıq səni, Bayrağım, endirdilər, eyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar.
O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar,
Yanar ocağımı da söndürdülər, öyləmi?

Bir röyamı oldu o gördüklərim həpisi?
Ürəklərə həp ölüm qorxuları çökdümü?
Yurdumuza ədalət...döndümü?
Bağlandımı üzünə türk elinin qapısı?        

Aman, mənim bu yanıq fəryadımı dinləmə,
O əməlin, o parlaq ümidlərin sönməzdir.
Dönük üzlü fələkdən heç şikayət eyləmə,
Haqqın qolu bükülməz, doğru üzü dönməzdir. 

Tufan olsa yenə də, uca dağlar aşamaz,
Bir qaplanın dişləri, bir arslanın dırnağı,
Bir zalımın zülm əli, haqq çeynəyən ayağı,
Bir caninin qılıncı həşrə qədər yaşamaz.

Bu şeir zərif vücudlu bir qadının böyük bir imperiyaya, mənəvi dəyərləri ayaq altına alıb əzən quruluşa qarşı təkbaşına üsyanı idi...Repressiya maşınının işə düşdüyü zaman sovet rejiminin başında dayananları ”O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar” adlandıran şairin üzünə açılan yalnız həbsxana qapıları ola bilərdi.  

1920-ci ildə qardaşı - “Müsavat” Partiyasının yaradıcılarından biri, Parlamentin üzvü  Məmmədəli Rəsulzadə və əmisi oğlu - Azərbaycanda dövlət quran, bayraq ucaldan Məhəmməd Əmin Rəsulzadə ilə vidalaşan Ümgülsüm xanım  1937-ci ilin 15 iyununda həyat yoldaşı Seyid Hüseyndən də ayrı düşdü. Əslində o, bu ayrılığın müvəqqəti olduğuna, yenidən görüşəcəklərinə ümidlər bəsləyirdi.  Amma ümidlər özünü doğrultmadı. Həmin ilin noyabrında onun özünü də həbs eləyib bir müddət sonra uzaq Mordva vilayətinə sürgünə göndərdilər. Uzun yolçuluqdan öncə Bayıl həbxsanasında yaşanan, bəlkə daha çox yaşanmayan, günsüz günlər Umügülsüm xanımın “Qala xatirələri”ndə hələ də dipdiridi...

“12 noyabr 1937-ci il

Bu gün iki gündür ki, burdayam. Bu iki gündə keçirdiyim həyat mənə yuxu kimi gəlir. Başım bir qovğa içində kimidir. Səhər saat 10-dur. Nadzor gəlib qapının qıfılını açdı. Kamerada elə qarışıqlıq var ki, belə bir şeyi mən ömrümdə təsəvvürümə gətirməmişəm.  Adam adam ayağı altında gedir. Bütün yorğan-döşəklər yerə sərilib. Axşamdan bəri 36 adamın (bir su başı kimi) istifadə etdikləri ağzına qədər dolu çirkab vedrəsinin və onunla yanaşı qoyulmuş natəmiz su-çay vedrəsinin ağzı açıqdır. Nə bu mundarlığı və üfunəti, nə də bu qədər adamın balaca, hər tərəfi bağlı otaqda bütün sutka ərzində aldıqları nəfəsdən kəsif havanı təmizləyəcək bir şey yoxdur. Burada heç bir iş adi qayda üzrə getmir. Hər şey fövqəladə bir şəkildədir. Axşam yatanda soyunmayan məhbuslar yenidən geyinmə işindən azaddırlar.”

Sonuncu cümlədəki “azadlıq” sözü diqqətimi çəkir. Bu, mənəvi əzablar içində qıvrılan, təhqir edilən, alçaldılan qadınlara dörd divar arasında verilən yeganə “azadlıq” idi. Azadlığın gerçək anlamından söhbət belə gedə bilməzdi.

***

“Çay vedrəyə tökülüb qoyulmuşdur. Kamerda çay içmək və xorək yemək üçün cəmi on səkkiz qab vardır. 36 arvad bu qabda həm xorək yeyəcəyik, həm də çay içəcəyik.  Xorəkdən sonra yuyulmayan qablarda növbə ilə çay içmək qanımızı yemək kimi bir şeydir.”

Bu, ərləri, ataları, qardaşları istiqlal yolunda çarpışan qadınları təkcə fiziki baxımdan deyil, həm də mənən sındırmaq, təhqir etmək, incitmək  üçündü. Molla Əbdüləzizin sevimli qızı, mükəmməl tərbiyə almış, yüksək mədəniyyət sahibi,  xanımlar xanımı Ümgülsümün belə bir şəraitdə nələr çəkdiyini anlamaq elə də çətin deyil...

***

“Yeməkdən sonra kameramızda starosta təyin etdiyimiz Mariya rusca yanıqlı bir şey oxudu. Bütün kameradakılar hamı bir yerdə yana-yana ağladılar. Bu göz yaşları bizim ən yaxın, ən səmimi yoldaşlarımızdır. Hər qəlbdə eyni atəş yanır. Hər kəsdə ən əziz balalarından ötrü yanan isti ana qəlbləri çırpınır.

Kamera adlanan bu on beş kvadratmetrlik otağın yarım kvadratmetr böyüklüyndə olan pəncərəsindən saçılan günəşin ziyası bir payız gününün son saatını andırır. Sanki bu qırmızı şux havada qəlblərimiz eyni bir ahənglə ağlayır.”

Həbsaxana pəncərəsindən düşən işıq da kədər gətirər əlbəttə... Bu divarlar arasında hamını birləşdirən də həmin kədər olur...

***                             

 “14 dekabr 1937

Bu gün peredaça günüdür. Uşaqlardan, Seyid Hüseyndən xəbər biləcəyəm.  Daha tabım qalmamışdır. Ürəyim çox bərk döyünür. Bu gecə yenə də Qumuş yuxuma girib. Gördüm əyninə təzə paltar geyinib, alnına xırdaca qızıllar bağlamışdır. O, gülür, yanaqları qıpqırmızıdır. Toya gedirdi. Yuxudan ayılmağıma peşiman oldum. Nə olaydı, gecəni səhərə qədər onunla məşğul olaydım.

Mən aşiq xuda səni,
         saxlasın xuda səni.
Ümidim ona qaldı,
Görəm yuxuda səni.

Siyahı gəldi, adlar oxundu. Mənim adım vardır. Allaha çox şükür! Keçən dəfəkilər kimi peşman olmadım. Görəsən nə xəbər alacağam? Ürəyim aramsız vurur, parçalanır.

Peredaçamızı almaq üçün gəlib bizi həyətə aparırlar. Nadzorun nəzarəti altında gedirik. Birinci həyətdən keçib ikinci həyətdə dururuq. Hava nə qədər xoşdur. Səmaya baxıb üzərimizdə heç bir şey olmadığı halda, açıq havada dayanırıq...

Hava çox gözəldir. Gərək bu yüksək təbiət buralara qədər gəlib çıxmağa cürət etməyəydi. Günəşin şüası mənim də üzümə düşmüşdür, üzüm yanır. Yəqin ki, indi Toğrul və Qumral da günəş altında oynayırlar. Yanaqları qıpqırmızı qızarmışdır. Əgər indi onların üzlərindən öpən olsa, üzlərinin od kimi yandığını dodaqları ilə hiss edər. Fəqət indi onların üzündən öpən kimdi?”

Duyğuları necə zərif, həsrəti necə güclü, yazısı necə gözəldi. Hər sətrindən bir şair qələmindən çıxdığı bəlli olur. Həm də bu sətirlərdə məhbəs həyatı yaşayan, 37-nin alovlarında yanıb kül olan bütün anaların yaşantıları var.

***  

“4 fevral 1938

Bir neçə gündür yenə halım çox pisdir. Nigarançılığın son pilləsindəyəm. Canım köz üstündə kabab kimi yanır. Iki aydan bir qədər artıqdır ki, uşaqlarımın heç birindən məktub almıram. Istər peredaça, istər poçta ilə aldığım məktublar ancaq Səyyarədəndir. Necə ola bilər ki, mənim uşaqlarım mənə məktub yazmasınlar? Bunu mən heç ağlıma sığışdıra bilmirəm. Əgər onların başında bir şey olmasa, mənə məktub yazmamış qalmazlar.  Hətta Səyyarə də öz məktubunda uşaqlardan ayrı-ayrı bəhs etməyir. “Uşaqlar yaxşıdır, bizdən nigaran qalma, kefimiz kökdür” kimi sözlər yazır. Bu, yalan  da ola bilər. Ürəyimdən bəzi şeylər keçir. Ola bilər Oqtay allah eləməmiş tutulmuş olsun, bunu mənə bildirməmək üçün o biri uşaqları da yazmağa qoymurlar. Bundan daha da müdhiş şeylər fikrimdən keçir. Allah! Nə qədər iztirab içindəyəm. Qumuşa yazmışdım ki, mənə öz əlinlə yaylıq tik və göndər. O da “baş üstə, göndərərm” deyə cavab vermişdi. Bəs indi nə üçün bu vaxta qədər göndərmədi? Hər məktubda şəkillərini istəyirəm, nə üçün göndərmirlər? Allah, mən nə haldayam?! Ürəyim partlayır. Doğrudan da ürək qəfəsimin məhvərinə sığışmadığını hiss edirəm. Off!!!

Daha tablaşa bilmirəm. Qumuşun yaşlı gözləri, Toğrulun saralmış rəngi heç gözümün qabağından getmir. Bu dərdləri çəkməkmi olar?!..”

Bu şübhələr, bu nigaranlıq zamanın diqtəsiydi.  1920-ci ildən doğmalarını itirə-itirə gələn, 37-də isə Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri olan şair və yazıçı dostların bir-bir “xalq düşməni” damğasıyla sürgünə və ölümə göndərildiyinin şahidi olan Ümgülsüm repressiya dalğasının hər şeyi bir andaca yuyub apara biləcəyini hər kəsdən yaxşı bilirdi.

***                               

“20 aprel 1938-ci il

Bu gün beş ay on gündür ki, burada Bayıl qazamatındayam. Yüz altmış gün! Bir o qədər də gecədir ki, uşaqlarımı görmürəm. Uşaqların simalarını düşündükcə onları sanki tül bir pərdə dalından kimi üzlərini xatırlaya bilmirəm.  Ancaq Qumralın surəti, sonuncu dəfə gördüyüm siması yadımdan çıxmır. Elə bilirəm ki, nə qədər uzun illər keçsə o an yadımdan çıxmayacaqdır.

O gecə onu şirin yuxusundan oyadıb, ağlaya-ağlaya qollarım üstünə alıb o biri otağa apardığım halda iki gözdən ibarət otaqların qapısını bağlayıb peçatlayırdılar. Onun kəsilməyən saçları alnına dağılmış, yanaqları qızarmışdı. Qumral ağlayırdı. Onu qucağımda arxası üstə tutduğum üçün gözündən axan yaş gözlərinin çuxurunda toplanıb böyük bir brilyant kimi parıldayırdı. Uşağı yatmağa uzandırdığım zaman brilyant yaşlar yanaqları üzərində zolaqlar buraxaraq axırdılar. Son dəfə dönüb ona baxarkən o, yenə gözlərinin çuxurunda yaşlar məzhun halda dalımca baxırdı...Bu lövhəni mən ölənə qədər unuda bilmərəm...Və onu yuxudan oyadıb o biri otağa apardığım zaman uşağın o saçlarını, Toğrulun saralmış rəngini, Qumuşun yaşlı gözlərini həmişə çox aydın xatırlayıram.”

Bir ana üçün övladını həmişə gözü yaşlı xatırlamaq sözə sığmayacaq qədər böyük əzabdır. Sovet işğalından sonra Ümgülsüm xanımın  bu əzablardan başqa heç nəyi yox idi. Qumuş deyib əzizlədiyi qızı Qumral xanımsa ömrünün son günlərinə qədər anasını elə o balaca vaxtlarındakı kimi, göz yaşları içində xatırlayırdı...  

***

“21 aprel 1938

Nadzor Mariya Vasilyevna başını içəri uzadıb gur səslə bağıırdı”İkinci siyahıda adı olanlar hazırlaşsınlar!” Biz çoxdan hazırıq-deyə xorla cavab verdik. Ah, ürəyim! Ürəyim! Elə çırpınır ki, elə bil yerindən çıxmaq istəyir. Burada indi mərdlik lazımdır. Ağlamaq qətiyyən olmaz. Uşaqlara özümü ağlar göstərə bilmərəm. Yazıqdırlar. Bəlkə uzun illər ayrı düşdüm, sonra onlar məni gözü yaşlı xatırlamasınlar.”

Necə güclü qadın imiş! Uzun illərin ayrılığına hazır, dözümü, iradəsi yenilməyən...Dərdini, ağrı-acısını yalnız ağ vərəqlərlə bölüşən...Uşaqlarını necə sonsuz sevgilərlə sevən, dərd ortağı eləməyə qıymayan...

***

“... Onları görmək üçün yalnız gözümlə deyil, bütün varlığımla hazıram!

... O qələbəlikdə hər kəs dəlicəsinə öz adamını axtarırdı. Mən də qələbəlikdə gözləri ilə məni axtaran Oqtayımı gördüm. Gözlərimə inana bilmirəm. Doğrudanmı mən onu görürəm?! Qqtayla qucaqlaşdıqdan sonra Bircəbacı ilə görüşdük. Sonradan orada durmuş tanınmaz bir şəklə düşümüş Qumuşcığazımı gördüm. O, doğrudan da tanınmaz olmuşdur. Elə tanınmaz ki, mən onu tanıya bilmədim. Əgər Oqtayın yanında durmayıb, paltosu ilə şərfi üstündə olmasaydı, mən ona diqqətlə baxmayınca tanıya bilməyəcəkdim. O, mənim qoyub getdiyim Qumuş deyildir. Son dərəcə arıqlamış, yanaqları çəkilmiş, üzü solğunlaşmış, gözləri açılmışdır. Bu uşaq siması qırmızı, mənim oynar-gülər, tumbul yanaqlı, dəyirmi üzlü Qumuşuma qətiyyən bənzəmir. Demək, mənsizlik mənim bu nazlı balamı bu hala salmışdır. Bu lövhəyə mənim qəlbim dözərmi, ah?! Var qüvvəmlə bağırmaq istəyirəm”Mənim Qumuşum belə nə üçün oldu?” Toğrul da az arıqlamamışdır, amma qıza nisbətən çox yaxşıdır. O da Qumral kimi belə qəmgin, belə məzhun olmuşdur. Uşaqların üçünü də bütün varlığımla bağrıma basıram, yazıqların üçünü də birdən.

Qumralın qızılca xəstəliyi nəticəsində bu qədər arıqladığını qandırırlar. Mən buna inanıram. Ancaq belə bir xəstəliyi heç təsəvvür etmədiyim üçün uşağın bu görkəmi mənə çox pis təsir edir. O, tamamilə dəyişmiş, arıqlamağı ilə bərabər boyu uzanmış, saçları da uzanıb alnına tökülmüşdür. Onun üzünə bir də baxır, Seyid Hüseyni görən kimi oluramş Heç bir zaman atasına qətiyyən bənzəməyən bu uşaq indi atasının 20 yaşında çəkdirdiyi şəklinə sıxı bir surətdə bənzəyir. O şəkildəki bütün mühüm xətlər bu gün Qumralın üzərinə çəkilmişdir. Mən bu məlul, bu məsum simada Seyid Hüseyni görürəm.”

Ümgülsüm xanım ömrünün sonuna kimi Seyid Hüseyni elə övladlarının cizgilərində axtarıb tapacaqdı. Çünki 1938-ci ilin 5 yanvarında yazıçı Seyid Hüseyni  ailəsindən xəbərsiz Qum adasında güllələmişdilər...Ümgülsüm onda hələ Bayıl həbsxanasında idi. Oğlu Cığataya yazdığı şeirdə Seyid Hüseyndən bir xəbər gözləyirdi...

Oxudum şeirini, sevimli gülüm,
Göz ağladısa da, sevindi könlüm.
Bir həsrətim budur, üzünü görüm,
Hər nə olur olsun, xilqət olmasın. 

Deyirsən ki, mənə özündən söylə,
Mən də karandaşı alıram ələ.
Yazmağa yaxşı söz gəlməyir dilə,
Nə söyləyim? Qoy şikayət olmasın. 

Siz yaxşı olsanız, mən də yaxşıyam,
Sevinərəm tez-tez məktublar alsam.
Pis olmaram əgər xatircəm olsam,
Məktub göndər, könül həsrət olmasın. 

Oğum, can sağ olsun, hər zəhmət keçər,
Dünya gərdişidir, bu gəlib gedər.
Təcrübədir, insanlara dərs verər,
Ayıq olsun adam, qəflət olmasın. 

Şerinin mənimçün qiyməti çoxdur,
Bəzi sözün qəlbə dəyən bir oxdur.
Babadan yaz mənə, xəbərim yoxdur,
Dərdli könül ta narahat olmasın. 

Cığatayım, məni çox yada salma,
Dərdimə qal, amma özün dərd alma.
Gəl-get bu yolları, lakin saralma,
İstəmərəm, səndə halət olmasın!

Ümgülsüm bu şeiri yazdığı vaxt Seyid Hüseynin güllələndiyi gündən aylar keçirdi...Amma həbsxanada günlər keçmirdi, orda nigaranlçılıq, qorxu, iztirab içində həsrətdən uzun gecələr vardı...Oxumaq nə qədr ağır olsa belə, kaş ki, Ümgülsüm xanım bütün duyğularını, bütün yaşantılarını söz-söz yazıb azadlıqda qalan doğmalarına ötürə biləydi. Təəssüf ki, yazılar 1938-ci ilin 21 aprelində bitir. Bayıl həbsxanasından yadigar qalan bir “Qala xatirələrim”, bir də bir neçə şeirdi. Məşhur “Vətən ayrısı” şeiri də o vaxt yazılmışdı....

Mən saralıb sollam qərib ellərdə,
Sözüm dastan olar bütün dillərdə.
Gözüm qaldı çiçəklərdə, güllərdə,
Gül dərmədim, düşdüm çəmən ayrısı,
Sürgünəm, düşkünəm, Vətən ayrısı. 

Ağlaram gözümün yaş bitincə,
Sızıldaram əlim sizə yetincə,
Şeirlər düzərəm incədən-incə.
Canım candan cüda, bədən ayrısı,
Sürgünəm, düşkünəm, Vətən ayrısı. 

Könül həsrətidir gül bənizlərin,
Lalə yanaqların, gülər üzlərin,
Xurmayı tellərin, ala gözlərin,
Gül dərmədim, düşdüm çəmən ayrısı,
Sürgünəm, düşkünəm, Vətən ayrısı.

Onda Ümgülsüm xanım hələ Bakıdaydı, ona bu şeiri yazdıran sürgün havasıydı. “Xalq düşməni”nin ailəsi kimi ora düşən hər kəsin qismətində vətən ayrısı olmaq əzabı vardı. Ümgülsüm xanımı da “Vətən xaini”nin həyat yoldaşı kimi 8 il azadlıqdan məhrum edib uzaq Mordvaya, Temlaq İslah Əmək Düşərgəsinə göndərdilər...

***

Evdə Rəsulzadələrlə bağlı şəkillərin arasında qara geyimli, dağınıq saçlı, yaxasında məhbus kimi nömrə yazılmış yaşlı bir qadının şəkli də var. Bu, Ümgülsüm xanımın Bayıl qalasında çəkilən şəklidi. Həmin şəkil çəkilən vaxt isə onun cəmi 37 yaşı vardı. Ömrünün qadın kimi çiçəklənən, bar gətirən vədəsində üzündəki məzhun ifadə, gözlərindəki kədər adamın ürəyini didim-didim eləyir. Gözümü şəkildən qaçırmaq istəsəm də, gündə neçə dəfə baxışlarımız toqquşur. O, sanki məndən “axı niyə belə oldu, bizim nə günahımız vardı, məni niyə əzizlərimdən, övladlarımdan ayrı saldılar?” suallarına cavab istəyir. “Mənim nə məhbəsdə, nə də sürgündə  nələr yaşadığımı, necə yaşadığımı siz heç vaxt anlaya  bilməyəcəksiniz, çünki orda sözə sığmayan, dilə gətirilməyən dəhşətlərdən, faicələrdən allahdan və bizim özümüzdən başqa heç kəsin xəbəri olmadı ”-deyir.



Mən ona cavab verməkdə acizəm. Mən bu qadının şəkildən boylanan bu ağır suallarla dolu baxışları qarşısında özümü günahkar sayıram. Bu baxışlar qarşısında mən öz yaşımdan, rahat yazı masamdan belə utanıram...Onun gözündəki kədərsə böyüdükcə böyüyür, gecənin səssizliyinə qarışır...Qaranlıq gecənin səssizliyində onun pıçıltılarını aydın eşidirəm. Dustaq həyatının həmişəki ağır iş günündən sonra bir küncə çəkilib övladlarına məktub yazır:

“Əzizim Oqtay! Sənin ilk məktubunu dünən axşam aldım. Heç bilmirəm bu sevincimi nə cür izah edim. Elə bil ki, mən bu gün anadan oldum.

Yazırsan ki, Rəssamlıq məktəbini bitirmisən. Bu münasibətlə səni təbrik edirəm! Mənim əziz Oqtayım! İndi mən özümü dünyada ən xoşbəxt ana hiss edirəm. Düşünürəm ki, indi bütün xoşbəxtliyim, həyatım mənə qaytarıldı. Təəssüflənirəm ki, sən imtahanlarını verəndə, diplom müdafiə edəndə sənin yanında olmamışam. Eybi yoxdur. Bütün bunlar keçib gedər. Tezliklə mən evə qayıdaram, inşallah, hamımız bir yerdə olarıq. Sən yaxşı elədin ki, bu il oxumağa Moskvaya getmədin. Bəlkə mən gələn il qayıtdım, evdə oldum, onda sən arxayın gedib oxuyarsan.

Oqtaycan! Sən mənə tez-tez məktub yaz. Yaz ki, harda işləyirsən, nə ilə məşğul olursan, maaşın nə qədərdir? İndi mən səndən alacağım ikinci məktubunun və şəklinin həsrətilə yaşayıram.

Nə üçün məktubunda xalan və onun ailəsi barədə yazmamısan? Onlardan mənə tez bir xəbər yaz! Öpürəm səni! Sən məktubunda məni öpməmisən, amma mən səni bərk-bərk öpürəm.

Anan Ümgülsüm mart 1939”

“Təəssüflənirəm ki, sən imtahanlarını verəndə, diplom müdafiə edəndə sənin yanında olmamışam...” Bu bir cümlədə nə qədər böyük ağrı, təəssüf, həsrət var...Övladı ilə bağlı sevincləri yalnız uzaqdan-uzağa yaşayan, o sevinclərin yalnız sorağını eşidən ananın əzabları var, amma özünü sındırmır, övladına dərd verməməkçün yenidən görüşəcəklərinə ümidini itirmədiyindən yazır.

Ümgülsüm xanımın oğlu Oqtayla bir neçə yazışması var. Bu, təkcə məhbəs həyatı yaşayan ananın və ana həsrətiylə yol gözləyən oğulun deyil, iki sənət adamının yazışmaları, məktublarıdı. Bu məktubların hər sətrində bəlkə onların fərqində belə olmadan biri-birinə ötürdükləri  nə qədər düşüncələri, sənətlə bağlı məlumatlar var.            

Onun 1940-cı ilin 15 dekabr günü Oqtaya yazdığı məktubunda belə sətirlər var:”Böyük və əziz oğlum Oqtay! Məktublarını aldım. Özün bilirsən ki, nə qədər şadam...

Bir neçə gün bundan qabaq sexdə işlərkən kultirnitsamız Tretyakov qalereyasının 58 illik müfəssəl tarixini oxuyurdu (bizim bütün iş zamanlarımız qəzet və kitab mütaliəsinə qulaq asmaqla keçir). Mən onu çox diqqətlə dinləyirdim. Çünki o, sənin məsləkinə və sənətinə aid idi. Qulaq asdıqca deyirdim ki, kaş indi o kişi sağ olaydı, mənim Oqtayımın da işlərinə qiymət verəydi.  

Oqtay! Axır vaxtlar məndə rəssamlığa qarşı bir meyl, həvəs oyanmışdır. Onsuz da burada qadınlar məni rəssam qoymuşlar. Çünki mən özümdən yaxşı işlər tikirəm. Məni bir-birlərinə tanıdanda naşa xudojnitsa Sadıxova Gülsüm deyirlər. Heç xəbərin yox, anan Potmaya gəlib rəssamlığı ilə tanınmışdır.

Oqtay, burada günəşin elə türlü qürub mənzərələri var ki, heç deyilməklə başa gələn deyil. Günəş doğarkən və batarkən üfüqdə elə gözəl rənglər, elə gözəlliklər yaranır ki, adam bunlara heyran qalır. Deyirlər ki, bu, bu yerlərin xüsusiyyətidir. Bir çox rəssamlar buradakı tülü və qürub mənzərələrini çəkmək üçün gəlirlər.” 

Tanrı incə ruhlu şeirlər yazan, gözəl əl qabiliyyəti olan Ümgülsüm xanımdan  bəxtdən başqa heç nəyi əsirgəməmişdi. Ömür vəfa eləsəydi, dünyanın düz vaxtı olsaydı,  Ümgülsüm şeirlərini bir kitabda toplayar, bəlkə çəkdiyi rəsmlərlə də vərəqlərini bəzəyib-süsləyərdi. Amma Ümgülsüm xanımın təkcə şeirləri, əl işləri deyil, adi məktubları da onun sənətkarlığından xəbər verir. Bu məktublar sanki hansısa bir əsərdən parça kimi oxunur. Yəqin ki, Ümgülsüm xanım yaşasaydı, illər sonra öz xatirələri əsasında sürgün həyatı ilə bağlı böyük əsərlər də yazardı. Təəssüf ki, ondan qalan yalnız bu məktublar oldu:”Bu gün 30 dərəcə şaxta var idi. Biz işə gedirdik. Təmiz və quru hava ilə qarşılaşan nəfəsimiz buz bağlayıb qaşlarımıza, kirpiklərimizə qonurdu. Havanın saflığını ləkələyəcək nə üfüqdə duman, nə göydə bulud yoxdu. Meşənin üstündən yüksələn istisiz mart günəşi öz şüalarını qarlı dağlara, bacalardan çıxan tüstülərə, qaranlıq meşələrə, ağaran çöllərə səpirdi. Bizi əhatə edən çılpaq təbiətin bu gözəllikləri, görkəmi qarşısında adam bir söz söyləməmiş dura bilmir. Mən də özüm-özümə dedim: heç olmasa Cığatayıma bunlarısa yazım...

Bir azdan sonra meşə ağ xalatını çıxarıb yaşıl köynəyə bürünəcək. onda biz xoşbəxt olacağıq! Cığatay, burada təbiət zəngindir. Ancaq bu zənginlik həmişə işıqlı səhərlərdən, günəşli göylərdən ibarət olmur. Təsəvvürünə gətir ki, 40-45 dərəcəyə enmiş bir şaxta, çox bərk qarlı günlər də olur. Şiddətli küləklər, çovğunlar, boranlar, aysız-ulduzsuz gecələr də olur. Mən-sənin memən işdən çıxıb bu “zənginliklərin” arasında zonaya gedir. Ölümləri xatırladan qəzəbli bir tufan yeri göyə, göyü də yerə qatmışdır. Qardan dərələr, təpələr əmələ gəlmişdir. Qaşlar, kirpiklər qar dustağı kimi burunların deşiyini də bağlayır. Nə göz açmaq, nə də nəfəs çəkmək mümkün deyil. Adama elə gəlir ki, həyatın, daha doğrusu, dünyanın son günü, son saatıdır.”    

Tale ona qarşı çox amansız oldu. Yazı masası arxasına keçib öz duyğularını, yaşantılarını qələmə almaq belə ona qismət olmadı. 1937-ci il onun həyatını darmadağın elədi, bütün doğmalarından həmişəlik ayrı saldı... Ümgülsüm xanım hər məktubunda Qazaxıstana sürgün edilmiş bacısı Ümbülbanunu və uşaqlarını soruşur, onlardan bir xəbər gözləyirdi.

1940-cı ilin yanvarında Səyyarəyə yazdığı məktubunda belə sətirlər var: “Səyyarə, bu dəfə pasılka ilə bacımla mənim bir yerdə olan şəklimizi, Oqtayla Cığatayın matros paltarında olan şəkillərini, Qumralın balacalıq şəklini və özünüz beşiniz bir yerdə şəklinizi yaxşı çəkib göndərin.

Lətifədən və uşaqlardan mənə bir xəbər yazın. Bacıgilə yazın ki, mən onlardan bir dəfə məktub almışam, cavabını da yazmışam, onlardan çox nigaranam, neyçün mənə məktub yazmırlar? Siz onlara deyin mənə yazsınlar.”

Sürügündə olan bacısı-Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı kimi Qazaxıstana sürgün edilən Ümbülbanu, oğlu Azər imkan düşdükcə Ümgülsümə yazırdı, elə Ümgülsümün öz övladları da xalasıgildən ara-sıra aldıqları məlumatları ona ötürürdülər, amma bu məktublar ömürlük ayrı salınmış bacıların həsrətini ovutmağa yetərli deyildi.  

1939-cu ilin noyabrında Səyyarə Ümgülsümə məktubunda yazmışdı:” Anam, Azərdən aldığımız məktuba görə Azər bir Naxçıvanlı qızla evlənmişdir. Onların işi yaxşıdır. Onlar işləyirlər. Musagil də yaxşıdır. Onlar da işləyir.”

Səyyarənin naxçıvanlı qız dediyi –Naxçıvanda məşhur olan Məşədi Böyük Ağanın nəvəsi Şölə xanım idi. Atası Rəhim ağa Sultanov sovet hakimiyyətini qəbul etmədiyindən bolşeviklərə qarşı vuruşub dağlara çəkilmiş, daha sonra Türkiyəyə mühacirət etmişdi. 1937-ci ildə onun ailəsini-həyat yoldaşı Hümay xanımı övladları ilə bərabər kulak adıyla Qazaxıstana sürgünə göndərmişdilər. Azər də Şölə xanımı orda görüb sevmişdi...

Ümgülsüm xanıma bacısının bəy nəslindən olan əsilzadə gəlinini görmək nəsib olmadı. Şölə xanım çox gənc yaşlarında, iki övladı doğulduqdan sonra  dünyasını dəyişdi, Rəsulzadələr ailəsinin sürgün həyatı yaşayan bütün üzvləri kimi məzarı belə qalmadı. Özü sürgündə neçə xəstəlik tapan, əlil olan Ümgülsüm xanımın onun sonrakı taleyindən əlbəttə ki, xəbəri olmadı... 

1941-ci ilin dekabrında Oqtay anasına yenidən xalası Ümbülbanunun ailəsi haqqında məlumat verirdi: “Dünən Azərdən məktub gəlmişdi. Ordakılar hamısı salamatdır. Sənin adresini bilmədikləri və özlərinin bir qədər başqa yerə köçdükləri üçün məktub yaza bilmirlər.”

Amma bir-birinə deyiləcək o qədər sözləri vardı ki, bəlkə sürgündən qayıtmaq, bir yerdə oturub dərdləşmək imkanları olsaydı, yaşananları anlatmaq üçün onlara bir ömür belə bəs eləməzdi. 1943-cü ilin martında Oqtay anasına yazdığı məktubunda  yenidən Azər haqqında məlumat verir:”Azərin dəqiq ünvanını bilmirəm. Təkcə onu bilirəm ki, indi o, Alma-Ata şəhərində yaşayır və şəkər zavodunda işləyir. Onun oğlu dünyaya gəlib, uşağa deyəsən “Sahib”, ya buna bənzər bir ad qoyublar. Qalanlar da hamısı sağ və salamatdı. Amma indi heç kəs əvvəlki ünvanda yaşamır.”

Ümgülsüm bacısı və onun ailəsi haqqında uzaq Mordvaya gedib çıxan bu qıt xəbərlərlə belə təskinlik tapırdı. Çünki həyatındakı yeganə təsəllsi övladlarından aldığı məktublar idi. O məktubların sətirlərində iynə ulduzu boyda bir işıq vardı...Çünki sürgündə olsalar belə, bir-birindən ayrı düşsələr belə hələ ki, hamısı sağ-salamat idi. Hərçənd ki, Ümgülsümün həyat yoldaşı Seyid Hüseyn və Ümbülbanunun oğlu Rəsul  çoxdan güllələnmişdi. Bacılar bu ölümlərdən xəbərsizdilər, onları üzən nigarançılıqdı. Günlərin birində həqiqətin üzə çıxacağına, bütün doğmaların qayıdacağına, bir yerə toplaşacağına inamını itirməyən Ümgülsüm Moskvaya-Stalinə, Beriyaya əfv olunması üçün məktublar yazırdı.

“Əziz İosif Vissarionoviç!

Səkkiz aydır ki, mən göz yaşı tökürəm. Sizdən gözü yaşlı xahiş edib yalvarıram ki, mənə və uşaqlarıma rəhm edəsiniz, məni onların yanına qaytarasınız. Mənə onları böyütməyə, tərbiyə etməyə imkan verəsiniz.

Sadıxova Ümgülsüm

15 iyul 1938”

 Bu məktubu yazanda Seyid Hüseyn artıq güllələnmişdi. Ümgülsüm faktiki olaraq ailənin yeganə ümid yeriydi, övladlarının yeganə valideyni idi. “Yuxarılar”da bunu çox yaxşı bilirdilər. Amma rejimin qəddarlığı sərhəd tanımırdı...Doğrudur, o vaxt Sovetlər Birliyində göz yaşı içində, övladlarından ayrı yaşamağa məcbur edilmiş minlərlə qadınlar vardı. Amma Ümgülsüm sıradan biri deyildi. O, Azərbaycanda dövlət quran Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı, məşhur olan yazıçı Seyid Hüseynin xanımı idi, özü də yazı adamı, qələm əhli, şairdi. Yəqin ki, Kremldə Azərbaycandan gələn bu məktubun fərqinə varanlar olmuşdu. Amma Stalin türk dünyasını bir-birindən ayrı saldığı üçün, üçrəngli bayrağı endirdiyi üçün ona və sovet rejiminə nifrət eləyən bu qadın şairdən  qisasını öz sükutuyla aldı...

Bir müddət sonra Ümgülsüm “Ellər atası”na növbəti məktubunu göndərdi.

“Əziz İosif Vissarionoviç!

İkinci dəfədir ki, mən öz dərdimi sizinlə bölüşdürürəm və ümid edirəm ki, Siz mənə rəhm edərsiniz. Mən, Ümgülsüm Əbdüləziz qızı Sadıqova Azərbaycan yazıçısı Seyid Hüseyn Sadıqovun həyat yoldaşı kimi 8 il müddətinə azadlıqdan məhrum edilmişəm. Altı ay Bayıl həbsxanasında qaldıqdan sonra Temlaqa göndərilmişəm. Mənim evdə dörd uşağım qalmışdır. Onlardan böyüyünün 17, kiçiyinin 8 yaşı var.

Əziz dahi rəhbərimiz! Uşaqlarla ayrılığın necə dəhşətli və ağır olduğunu Siz də bilərsiz. Mənim heç bir günahım yoxdur. Bir Azərbaycan atalar sözü var:”Ətlə dırnağı ayırmaq olar, ancaq ana ilə övladı yox...”Mən hər cür fiziki ağrıya dözərəm, ancaq uşaqlarımla ayrılığa yox...

Siz bizə doğmasız. Bizi Siz cəzalandırmısız, Siz də bağışlaya bilərsiz...”  

Bu məktubda diqqətimi ən çox çəkən bir cümlə oldu: “Mən hər cür fiziki ağrıya dözərəm, amma uşaqlarımla ayrılığa yox...” Bu cümlədə sanki həm də Stalinə gizli bir meydan oxumaq var. Sanki Ümgülsüm “mən heç vaxt sənin kimi cəlladın qarşısında əyilməzdim, sənə yazmazdım, bunu yalnız uşaqlarıma görə edirəm” deyir.

Stalinin illərlə ev dustağı elədiyi, həyat yoldaşını, oğlunu həbsə atdırdığı Anna Axmatovanın “dahi rəhbərə” onları əfv etmək üçün yazdığı məktubları xatırlayıram:”Çox hörmətli İosif Vissarionoviç!

Sizin ölkənin mədəni cameəsinə, xüsusən də yazıçılara diqqətli münasibətinizi bildiyimdən Sizə bu məktubla müraciət etməyə cəsarət edirəm.

Oktyabrın 23-də Leninqradda NKVD tərfindən mənim həyat yoldaşım Nikolay Nikolayeviç Punin (Rəssamlıq Akademiyasının professoru) və mənim oğlum Lev Nikolayeviç Qumilyov (LDU tələbəsi) həbs ediliblər.

Iosif Vissarionoviç, mən bilmirəm onları nədə günahlandırırlar, amma Sizə həqiqi sözümdür, onlar nə faşist, nə xəfiyyə, nə də əksinqilabi cəmiyyətin üzvüdürlər.

Xahiş edirəm, İosif Vissarionoviç, mənim həyat yoldaşımı və oğlumu qaytarın, inanıram ki, heç kəs buna görə heç vaxt təəssüflənməyəcək.

Axmatova 1 noyabr 1935”

Axmatova məktubunu hətta rəsmi qaydada deyil, öz xəttiylə yazıb göndərmiş, Stalin də onun xahişini yerinə yetirmişdi. Amma ikinci dəfə rus poeziyasının gümüş dövrünün şahzadəsi Axmatovanın məktubu da cavabsız qalmışdı. Yəqin ki, bunun iki səbəbi vardı. Birincisi, Stalin insan kimi olduqca sərt, amansız və qəddar olduğundan bağışlamağı bacarmırdı. İkinci səbəb isə onun rejimi sarsıda biləcək ən kiçik maneələrdən qorxusuyla bağlıydı. Rusiyada Axmatova, Azərbaycanda isə Ümgülsüm kiçik maneələr deyildi. Onlar söz adamıydı və azadlıqda qaldıqca düşüncə, fikir formalaşdıra biləcək böyük qüvvə idilər. Demək ki, dünyanı lərzəyə salan sovet rejiminin başında dayanan diktator bu zərif qadınların sözü, poeziyası qarşısında mənən məğlub idi və bu məğlubiyyətin hayıfını onları ev dustağı eləməklə, doğmalarından ayrı salmaqla, sürgünə göndərməklə çıxırdı.

Bütün diktatura rejimlərində azadlıq sözün buxovlarıyla boğulur. Cəmiyyətin azadlığı sözün azadlığı qədərdir. Ona görə də diktatorlar söz və qələm adamlarına qarşı həmişə həssas yanaşırlar. Hakimiyyət yazıçı və şairlərə həmişə ucalıqda yer verir-ya tribunada, ya dar ağacında. “Mükafat” yazı adamlarının öz seçimindən asılı olur...

Axmatova bu təlatümlər içində uzun bir ömür yaşadı, amma Ümgülsüm xanım 44 yaşında həyatla vidalaşdı. Amma adamı onun ölümü qədər sağlığında çəkdiyi mənəvi əzablar da ağrıdır. 1941-ci ilin fevralında Ümgülsüm uşaqları ilə görüş almaq xahişi ilə Temlaqın 4 nömrəli düşərgə rəisinə ərizə yazmışdı:”Xahiş edirəm 14 yaşlı oğlum Toğrula, 11 yaşlı qızım Qumrala və onların qəyyumu 23 yaşlı Rzayeva Səyyarəyə mənimlə görüşməyə icazə verəsiniz. Onlar Bakı şəhərində Qəsr döngəsi, 74 nömrəli evdə yaşayırlar. Mən 1938-ci ilin may ayından düşərgədəyəm. Hələ bir dəfə də olsa, görüş almamışam. 2 nömrəli briqadada işləyirəm.”

Bu görüş də baş tutmadı, Ümgülsüm uşaqlarının həsrətiylə yanıb-yanıb kül oldu. Övladlarına göndərdiyi məktublarında hər gecə onları yuxusunda gördüyündən yazırdı, amma bu yuxular heç cür çin olmurdu.  

1943-cü ilin noyabrında Səyyarəyə yazdığı məktubların birində belə sətirlər var:”Onu bilirəm ki, mən vaxtım qurtaranadək burada qalmayacağam. Əlilləri tez buraxırlar...Əlil olduğum üçün artıq məni gecə növbəsindən azad ediblər.”

Sürgün həyatının ağırlığına dözmədiyindən gözünün nurunu, sağlamlığını itirib əlil olanda onun cəmi 43 yaşı vardı!..O isə övladları ilə görüşünü tezləşdirdiyi üçün hətta əlilliyi ilə də barışmışdı. 1944-cü ilin aprelində onu azad etmək haqqında qərar verildi. Ümgülsüm xanım Bakıya iyun ayında gəlib çıxdı. Əslində bu, onun vətənə yaşamaq yox, ölməkçün qayıdışı idi. Ona Bakıda yaşamağa icazə verilmədiyindən Ümgülsüm xanım qızı Qumralla birgə Şamaxıya köçdü. Bu, onun Bakıdan son gedişi idi...Sürgündə tapdığı xəstəliklərin əlində aciz qalan Ümgülsüm xanım növbəti ağrının məngənəsindən çıxa bilmədi. Onu Şamaxıda, məşhur Şah Xəndan məzarlığında torpağa tapşırdılar. Ölümündən uzun illər keçəndən sonra Ümgülsüm xanıma “bəraət” də verdilər.

ARAYIŞ

Sadıxova Ümgülsüm Əbdüləziz qızı, 1900-cü ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilli, evdar qadın.

Ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur:

Həyat yoldaşı: Sadıxov Seyid Hüseyn Mirkazım oğlu(SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əks-inqilabi millətçilik fəaaliyyətinə görə güllələnməyə məhkum edilmişdir) Oğlanları-Oqtay-1921, Cığatay-1923, Toğrul-1926, qızı-Qumral-1929

Sadıxova Ümgülsüm SSRİ  MİK 04.07.1934-cü il qərarına əsaslanaraq 10 noyabr 1937-ci ildə tutulmuşdur. SSRİ XDİK Xüsusi İclasının 9 aprel 1938-ci il qərarına əsasən Sadıxova Ümgülsüm Əbdüləziz qızı vətən xaininin ailə üzvü kimi Az.SSR CM.72,73 maddələri ilə təqsirli bilinərək cəzasını İslah Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Az.SSR Prokurorluğunun 14 mart 1990-cı il rəyinə əsasən Sadıxova Ümgülsüm Əbdüləziz qızına bəraət verilmişdir.

Görən Ümgülsüm xanım necə, Seyid Hüseyni min bir işgəncədən sonra Qum adasında güllələyənləri, onu günahsız yerə həbs edib sürgünə göndərənləri, övladlarından ayrı salanları bağışladımı?..

Hər payız Ümgülsüm xanımın ölümü bir yaş da qocalır. Özü isə elə o vaxtkı kimi cavan-44 yaşında qalır. O, hər bahar yenidən doğulur. 28 May gününün Günəşinə, işığına Ümgülsüm xanımın təbəssümü çilənir. Bir kərə yüksələn bayrağımızın ucalığına Ümgülsüm xanımın məğrurluğu qarışır. O, illərlə həsrətində olduğu, ona həyatı bahasına başa gələn bu şərəfli günün sevincini bizimlə birgə yaşayır. Biz Cümhuriyyətin 100 illiyi ərəfəsində ən çox xatırlanmağa haqqı olan, istiqlal sevgisiylə yaşayan yeganə xanım şairimizi görməzdən gəlsək də...Haqqı olan bir heykəli, bir büstü demirəm, 37-ci ildən “bağlı” qalan qapılarına bir xatirə lövhəsini belə çox görsək də...Bütün Rəsulzadələr kimi Ümgülsüm xanımın çiləsi də çox çəkər oldu...Amma bilirəm ki, bu düyün də çözüləcək. Ümgülsüm xanım ədəbiyyat tariximizdə də, könlümüzdə də təkcə İstiqlal şairi kimi deyil, istiqlal sevgisinin özü kimi əbədi yaşayacaq.

Son söz əvəzi

Sənədlər, məktublar vərəqləndi, xatirələr çözələndi. İndi məni onun özüylə-istiqlal şairimiz Ümgülsüm xanımla görüş gözləyir...

Yağmurlu bir yaz günüdü. Yağışın yağmasına rəğmən Şamaxıya doğru yol alıram. Buludlar qəlbimdən keçənlərin nə yaxşı tərcümanıdı...



Nəvəsi Gülər xanımın nişan verdiyi ünvana gedirəm. Vaxtilə Şamaxıya  gəlişində Ümgülsüm xanıma, sonradan məzarının tapılmasında övladlarına köməklik göstərən ailənin qapısını döyürəm.  Şamaxıda yaşanan bir neçə ayda Qumral xanımla dost olan Hənifə xanımın evidi bura. İndi bu evdə oğlu Vüqar öz ailəsiylə yaşayır. Qısa, amma çox mehriban bir tanışlıqdan sonra Vüqar bəydən mənə Ümgülsüm xanımın məzarını göstərməyi xahiş edirəm. O an evin gəlini Arzu xanım məni olduqca təsirləndirən bir hadisəni danışır:”O vaxt məzar tapılandan sonra övladları  onu Bakıya köçürmək istəyirdilər.Yuxuda gördüm ki, ağ geyimli arıq, hündür boylu bir oğlan mənə deyir:-Anamın məzarını heç yerə aparmayın. Dedim ki, sən kimsən ki? Dedi-Cığatay. Mən zəng vurub bu yuxunu Qumral xanıma danışdım. Məzarı Bakıya köçürmək fikrindən daşındılar. Sonra Oqtay müəllim onu düzəltdirdi.”

Demək ki, Cığatayın ruhu da bu dünyada sözə sığmayacaq qədər incidilmiş anasının heç olmasa məzarda rahatlığını qorumağa çalışıb. Belə övladlar böyütmüşdü Ümgülsüm xanım...Bu ağır düşüncələr, bir də aramsız ağlayan buludlarla birgə məzarlığa yollanırıq. Bu da nə övladlarından, nə vətənindən  doymayan Ümgülsüm xanımın əbədi uyğuya daldığı həmin məzar. Sadə baş daşı üzərində “Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə (Rəsulzadə) 1900-1944 yazılıb. Sinə daşındakı yazını oxuyuram:

“Mən saralıb soldum
         qərib ellərdə.
Sözüm dastan oldu
          bütün dillərdə.
Gözüm qaldı çiçəklərdə,
          güllərdə.
Gül dərmədim düşdüm 
         çəmən ayrısı,
sürgünəm düşkünəm 
         vətən ayrısı
                    Ümgülsüm”

Yaxşı ki, yağış yağır...Gözümdən axan sellər yağan yağışa qarışır. Bu yaşımda heç kəsin mənim belə ağladığımı görməyini istəməzdim. Yüngülcə baş daşına toxunuram, gəldim, Ümgülsüm xanım, deyirəm. Gətirdiyim bu çiçəklər solana qədər məzarınızı öpüb oxşayacaq. Amma sizin yazdıqlarınız heç vaxt saralıb solmayacaq. Sizin qəmli həyat hekayəniz də, məğrur istiqlal sevginiz də dillərdə dastan olub əbədi yaşayacaq...

Onu bu yağmurların ümidinə qoyub Bakıya qayıtdığım üçün özümü qınayıram. Amma Ümgülsümün vətən sevgisini, istiqlal sevgisini bizdən sonra gələnlərə də ötürmək üçün mən qayıtmalıyam. Vüqar bəyə minnətdarlıq eləyib ayrılırıq...         

Yol boyu Bakının azad edilməsi uğrunda şəhid olan türk əsgərlərinin məzarlarını ziyarət eləyirəm. Türklüyü ilə qürur duyan Ümgülsüm xanım da belə eləyərdi, bilirəm...Onu da düşünürəm ki, Cümhuriyyətin 100 illiyinə sanılı günlər qalıb. İstiqlal poeziyamızın yeganə zərif nümayəndəsi olan Ümgülsüm xanımın xatirəsini əbədiləşdirmək üçün Bakıda və Şamaxıda yaşadığı evlərin qapısına bir xatirə lövhəsi vurulsa, adına bir küçə verilsə, büstü qoyulsa, şeirləri çap olunsa, istiqlalının 100 illiyini bayram eləyən bu məmləkətdə gözün aydın, Ümgülsüm xanım, sən daha vətən ayrısı deyil, ürəyimidzə olduğun kimi, vətənin də bir parçasısan, deyə bilərdik...

Bakı-Şamaxı 2018
Nəcibə BAĞIRZADƏ

 





25.05.2018    çap et  çap et