525.Az

Penitensiar Xidmətdə əfv sərəncamının icrasıyla bağlı tədbirlər - Fotolar


 

7 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ CƏZA ÇƏKƏN 3 NƏFƏR MƏHBUS DA ƏFV OLUNARAQ AZADLIĞA BURAXILIB

Penitensiar Xidmətdə əfv sərəncamının icrasıyla bağlı tədbirlər - <b style="color:red">Fotolar </b>

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin mayın 24-də imzaladığı əfv sərəncamının icrasıyla bağlı Penitensiar Xidmətdə tədbirlər keçirilib.

Bu gün Penitensiar Xidmət əməkdaşları, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvləri ictimaiyyət nümayəndələriylə bərabər müxtəlif cəzaçəkmə müəssisələrində olublar.

Əfv Komissiyasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 7 saylı Cəzaçəkmə Müəssisəsində təşkil olunan tədbirdə iştirak edib.

Tədbiri həmin müəssisənin rəisi vəzifəsini icra edən ədliyyə polkovnik-leytenantı Rasim Bayramov giriş sözü ilə açaraq, Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı barədə geniş məlumat verib.

Daha sonra Rəşad Məcid çıxış edərək, Əfv Məsələləri Komissiyasının keçirdiyi iclaslar haqqında danışıb. O, komissiyanın fevral ayından may ayına qədər 13 iclas keçirdiyini, 1500-ə qədər ərizəyə baxıldığını və 600-dən çox müraciətə müsbət rəy verildiyini bildirib.

Rəşad Məcid qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı bu sərəncam böyük, humanist addımdır: “Arzu edirəm ki, cəzasının çəkilməmiş hissəsindən azad olunan məhbuslar cəmiyyətə qaynayıb qarışsınlar, onun həyatında yaxından iştirak etsinlər, prezidentin bu humanist aksiyasından bəhrələnərək dövlətimizin inkişafına öz töhfələrini versinlər”.

Penitensiar Xidmətin idarə rəisi Nadim Babayev isə əfv olunan bütün məhbusların günortaya qədər azad edilməsi istiqamətində lazımi tədbirlərin görüldüyünü və digər cəzaçəkmə müəssisələrində bu cür tədbirlərin keçirildiyini deyib.

7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı 3 nəfərə - Günəşov Vüqar Ələkbər oğlu, Həsənov Rza Həsən oğlu və Çin Xalq Respublikasının vətəndaşı Vong Kong Yonga şamil olunub. Onlara azad olunmaları barədə sənədlər təqdim edilib.

Sonra Əfv Komissiyasının üzvü Rəşad Məcid cəzaçəkmə müəssisəsində yaradılan şəraitlə tanış olub, orada yaradılan Heydər Əliyev guşəsini ziyarət edib və azad olunan məhbuslarla birgə şəkil çəkdirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. 

Ceyhun ABASOV

 





25.05.2018    çap et  çap et