525.Az

Bursada keçən unudulmaz günlər


 

Bursada keçən unudulmaz günlər<b style="color:red"></b>

Salam Türkiyə. Salam Bursa. Salam ASKEF ailəsi...

Gözəl, yaşıllıqlar məskəni Bursam! Sənin görüşünə necə sevinə-sevinə, necə həyəcanla gəldim. Çünki doğma vətənim, anam Azərbaycanımda Cumhuriyyətin qurulmasının 100 illik yubileyini qardaş Türkiyədə, 17 ölkədən gəlmiş türkdilli xalqların nümayəndəsi olan bacı və qardaşlarımla qeyd etməyə gəldim. Ömrümə yazılacaq ən xoş günlərimdən birini yaşadım.

Düzdür, qardaş ölkəyə gəlişim birinci dəfə deyildi, ancaq budəfəki gəliş bayram əhval-ruhiyyəli bir gəliş idi. Həm dostların, həm ASKEF ailəsinin isti münasibəti, bayramsayağı əhval-ruhiyyəsi çox gözəl təsir bagışlayırdı. Bu layihənin koordinatoru Hüseyn bəy Vəliyev, ASKEF-in başqanı Savaş bəy Unal, başqan yardımçısı Yahya bəy Azəroğlu, ASKEF-in "anası" adlandırdığımız Qonça xanım bizə öz isti və geniş qucaqlarını o qədər doğmalıqla açdılar ki, sevincimdən lap mütəəssir olmuşdum. Hələ qabaqda bizi çox isti münasibətlər gözləyirmiş.

Millət vəkilimiz Fazil Mustafa, ASKEF-in Azərbaycan üzrə başqanı Sayman Aruz, Azərbaycan təmsilçisi Sona xanım İsmayılova və digər nümayəndələr bu isti münasibətə və belə bir tədbirin təşkilinə görə çıxış edib öz minnətdarlıqlarını bildirdilər.

Bizi sazla-sözlə qarşıladıqlarına görə Bursada AYŞAD-ın başqanı Vahdəttin İşıldaka (şair Nizamoğlu) və digər üzvlərinə dərin təşəkkür edirəm. Mayın 7-də Bursa "Təyyarə" kültür mərkəzində millət vəkili Fazil Mustafa, Bursa bələdiyyəsinin və İstanbuldan gəlmiş səfirliyimizin nümayəndə heyətinin və digər iştirakçıların alqışları altında tədbirimizi açıq elan etdi. Qardaş Türkiyənin və doğma Azərbaycanımızın himnlərinin sədaları altında tədbirimiz başlandı. Söylənən təbriklər, sənət ustalarının konsert proqramı, Azərbaycanın və digər ölkələrin şairlərinin çıxışları mənə qürur hissi yaşatdı. Bu hisslər ömrüm boyu yaddan çıxmayacaq.

Mayın 8-i Şuşamızın işğal günü, bizim dərdimizin çağlayan, göz yaşlarımızın axdığı bir gün idi. Bütün heyət bizim bu acımıza ağlayırdı, bütün çıxışlar Şuşamıza, Qarabağımıza həsr olunmuşdu. Elmira Aslanxanlı, Bəsti Bərdəli, Svetlana Rüstəmova, Azadə Novruzova, Zaməddin Ziyadoğlu və mən Şuşamıza, Qarabağımıza, Xocalımıza həsr etdiyimiz şeirləri oxuduq. Gənc müğənnilər Samir Abdullayev və Aygün xanım "Şuşanın dağları" mahnısını ifa etdilər. Azadə xanımın Xocalıya həsr etdiyi şeir bütün zalı göz yaşına qərq etdi.

Mayın 9-da "İncirli" kültür mərkəzində tədbirimiz davam edərkən hər kəsə təşəkkür bəlgəsi təqdim olundu.

Artıq vətənə dönmək zamanı çatmışdı. Qrupun bir neçə üzvü Isparta şəhərinə gül festivalına dəvət aldıqlarına görə mayın 11-də yola davam edəcəkdilər. Hamıya uğurlar arzuladıq. Bursanı gəzərkən, onun füsunkar təbiətinə, tarixi abidələrinə və gözəlliklərinə heyran olmuşdum. Çox maraqlı tarixi məlumatlar əldə etmişdim. Türbələri gəzdikcə onların gözəl memarlıq incisi olduğuna əmin oldum. Çox qədim tarixə malik bu türbələrin necə ustalıqla inşa edilməsinə heyran qaldım. Bursada qaldığım müddətdə buranı çox sevdim və təəssüf hissi ilə ayrıldım.

Güc birlikdədir, deyib atalarımız. Var olsun dostluğumuz! Yaşasın bir millət, iki dövlət olan Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Anam Azərbaycan, Cumhuriyyətin 100 illik bayramı mübarək!

Rəfiqə QASIMQIZI

 





25.05.2018    çap et  çap et