525.Az

Azərbaycanlı müəlliflər Tatarıstan mətbuatında


 

Azərbaycanlı müəlliflər Tatarıstan mətbuatında<b style="color:red"></b>

Milli kökə qayıdış, milli mənlik şüurunun oyanması, milli istiqlal düşüncəsinin, milli ideologiyanın formalaşması müstəqillik illərində Azərbaycan mətbuatında türk dünyası mövzusuna qarşı böyük maraq oyatdı.

Bu səbəbdən ortaq mədəniyyətə və düşüncə sisteminə malik türksoylu xalqların, eləcə də tatar mətbuatının Azərbaycanla bağlı ədəbi əlaqələrinin araşdırılması bu gün aktuallıq kəsb edir.

XIX əsrdə türk dünyasının böyük mütəfəkkiri, krımlı tatar türkü İsmayıl bəy Qaspıralının (1851-1914) "Dildə, fikirdə, işdə birlik!" ideyası bu gün də türk xalqları arasındakı birliyin şüarlarından biridir.

Azərbaycan və tatar ədəbi-mədəni əlaqələrinin tarixi keçmişə dayansa da, bu sahədə araşdırmalar hələ də azlıq təşkil edir. Hələ ilk mətbu orqanımız olan "Əkinçi" çapa başlayanda onun ilk abunəçiləri Orenburq, Ufa, Volqaboyu tatarları idi. Milli mətbuat tariximizdə satirik jurnalistikanın bünövrəsini qoyan, mübariz ruhlu satira mək-təbi yaradan, klassika ilə müasirliyin vəhdətinə mühüm töhfələr bəxş edən "Molla Nəsrəddin" jurnalı Tatarıstanda o dövrdə inqilabi ideyaların və yeni tipli realist ədəbiyyatın yaranmasında böyük rol oynadı. Eləcə də "Molla Nəsrəddin" jurnalının təsiri ilə "Çəyirtkə", "Çəkic", "Karçıqa", "Yalt yılt", "Çayan" kimi tatar satirik jurnalları çap olunmağa başlanıldı. Türk-müsəlman dünyasının milli oyanışına xidmət edən "Həyat" (1905-1906) qəzetinə tatar şairi Abdulla Tukay (1886-1913) şeir həsr etmiş və uzaqgörənliklə ermənilərin bu qəzetə düşmən kəsiləcəklərini qeyd etmişdir.

Tatarıstan mətbuatında Mirvarid Dilbazinin "Sevinc sevgi öyrədəndə" şeiri ("Yalkın" jurnalı, 1969, № 8), Qasım Qasımzadənin "Səndən öyrənib", Mədinə Gülgünün "Mənim vətənim", İskəndər Axundovun "Azərbaycanım" şeirləri, Mirzə İbrahimovun "Qardaşlara" ("Sotsialistik Tatarıstan" qəzeti, 3 dekabr 1972), Məmməd Arazın "Araz üstə çinar gördüm" şeiri ("Sotsialistik Tatarıstan" qəzeti, 27 oktyabr 1973), "Şair vüqarı" şeiri ("Tatarıstan yaşılare" qəzeti, 4 dekabr 1975), Fikrət Qocanın "Azadlıq adası" ("Tatarıstan yaşılare" qəzeti, 7 iyul 1975), Bəxtiyar Vahabzadənin "Abdulla Tukaya" şeiri ("Şəhri Kazan" qəzeti, 25 aprel 1977), Mikayıl Müşfiqin "İliç buxtası", "Şair" ("Sotsialistik Tatarıstan" qəzeti, 7 iyun 1978), Mirzə Ələkbər Sabirin "Camuş", "Təbib və xəstə" ("Kazan utları", 1979, №12), Vaqif Bəhmənlinin "Sabir heykəli yanında fikirləri" ("Sotsialistik Tatarıstan" qəzeti, 1983), Əlfi Qasımovun "Gecikdi" hekayəsi ("Kazan utları", 1982, №5), İbrahim Göyçaylının "Bütün güc-qüdrət qadın qızda" ("Sotsialistik Tatarıstan" qəzeti, 5 sentyabr 1982), Sabir Azərinin "Qocalıq" hekayəsi ("Tan yıldızı" qəzeti, 1 sentyabr 2001), İmadəddin Nəsiminin qəzəlləri ("İdel" jurnalı, 2014, №4), Rəsul Rzanın "Gələcək birlik üçün" ("Mədəni jomqa" qəzeti, 30 may 2014), Sabir Rüstəmxanlının "Vətəndaşlar ölməz" ("Kazan utları", 2014, № 8), Faiq Balabəylinin "Həyat payız atına qaçır" ("İdel" jurnalı, 2014, №11), Yazıçılar Birliyinin Tukay klubunda Azərbaycan yazıçısı və publisisti Sona Vəliyevanın "Arazbarı" kitabının təqdimat mərasimi ilə bağlı Lusiya Qalimcanovanın "Azərbaycan şairləri tatarca" məqaləsi ("Şəhri Kazan" qəzeti, 17 fevral 2017) və başqalarının əsərlərinə rast gəlmək mümkündür.

Tatar mətbuatındakı azərbaycanlı şairlərin şeirlərinin adında sonrakı illərdə Azərbaycan mətbuatında çap olunanda fərqlilik və dəyişiklilik də özünü göstərir. Sovet dövrü Tatarıstan mətbuatında ən çox araşdırılan və əsərlərinə daha çox rast gəlinən M.Ə.Sabirin şeirləridir. İlk dəfə "Həqiqət" qəzetində (18 iyun 1910, №138) "Ə.Sabir Tahirzadə" imzası ilə çap olunan "Bir təbibə gedib də bir bimar" şeiri sonradan üzərində düzəliş olunaraq adı dəyişdirilmiş "Kazan utları" jurnalında 1979-cu il 12-ci sayında "Təbib və xəstə" ("Vraç həm sırxau keşe") adı ilə çap olunmuşdur. Qısa mənzum hekayədə xəstəyə əlac etməkdə acizlik çəkən savadsız həkimlər tənqid olunur.

M.Ə.Sabirin "Kazan utları" jurnalının 1979-cu il 12-ci sayındakı "Camuş" ("Buyvol") mənzum hekayəsi ilk dəfə "Günəş" qəzetində (26 dekabr 1910, № 101) "Bir kişi saxlayırdı bir camuş" adı ilə dərc olunmuşdur. Sonrakı illərdə Sabirin "Seçilmiş əsərləri" içərisində həmin əsər "Camuş və sel" adı ilə çap olunmuşdur. Məsnəvi şəklində yazılmış satirik mənzum hekayədə iki detal "camuş" və "sel" əsərin ideyasını həll edir. Camuşun südünə su qatan fırıldaqçı bir kişi selin suyu ilə bütün qazandıqlarını, üstəlik, əsas qazanc mənbəyi olan camuşu itirir. Oğlun kişinin zərər düşməsini fələk işi ilə əlaqələndirməyib, əməllərinin cavabı kimi dəyərləndirir.

M.Ə.Sabirin şeirləri Tatarıstanda geniş tədqiqat obyekti olmuşdur. Kazan şairi Kəridə Qəniyev "Şairin şöhrəti" məqaləsində ("Ədəbiyyat və İncəsənət" qəzeti, 5 iyun 1965) M.Sabirin şeirlərinin tatar dilinə tərcümə olunması, tatar satiriki Abdulla Tukayın yaradıcılığında Sabirin böyük təsir izi buraxması, "Hod-hod" imzası ilə satirik şeirlərini "Qarçına" (Qırğı) jurnalında çap etdirməsi, tatar tədqiqatçıları R.Nəfisov, R. Başkurov, M.Qaynulin və başqaları tərəfindən tədqiq olunduğunu qeyd edir.

Tatarıstan Sovet Yazıçılar İttifaqının sədri Qəvi Nəcmi öz məqaləsində ("Ədəbiyyat və İncəsənət" qəzeti, 28 dekabr 1936) tatar ədiblərinin M.Ə.Sabirin 25 illik yubileyini qeyd etdiyini, əsərlərinin çapı tatar şairi Toqayev kimi doğma olduğu barədə məlumat verir. Tatarıstan yazıçısı Xətib Osmanov ("Azərbaycan müəllimi" qəzeti, 31 may 1962) Sabirin şeirlərini Abdulla Tukayın tərcümə etmək, bütün tatar evində A.Tukay və Sabir şeirlərinin olduğunu qeyd edir.

Dahi söz ustadı Bəxtiyar Vahabzadənin böyük tatar şairi, 27 yaşında dünyadan köçmüş, lakin böyük bir ədəbi irs -10 min misradan çox şeir, 50 çap vərəqi nəsri olan Abdulla Tukayın yaradıcılığına bəslədiyi hörmət və sevgidən ona "Abdulla Tukaya" şeirini ("Şəhri Kazan" qəzeti, 25 aprel 1977) həsr etmişdir.

Tatarıstanın "Naş dom" jurnalının 2014-cü il 3-cü sayında Nailə Bilalova "Abdulla Tukayın dostu - Nəriman Nərimanov" məqaləsində "Sabirimizi Rusiya müsəlmanları, Tukayımızı Qafqaz müsəlmanları bilməlidirlər" ("Bəsirət" qəzeti, 20 sentyabr 1914) söyləyən, yazıçı Nəriman Nərimanovun A.Tukayla münasibətlərindən bəhs açır. 1911-ci ildə N.Nərimanov böyük tatar şairi, maarifpərvər A.Tukayla Həştərxanda tanış olur, bu tanışlıq sıx dostluq münasibətlərinə çevrilir, yaradıcılıq əlaqələri, Tukayın xəstə olan zaman ona həkim gətirməsi və s. məlumatlar yalnız iki ədib deyil, iki türk xalqı arasındakı səmimi dostluğa nümunədir.

Tatarıstan mətbuatında milli vətənpərvərlik mövzusunda şeirlər yer almışdır. İskəndər Axundovun "Azərbaycanım" ("Azerbaydjanım") şeiri ("Sotsialistik Tatarıstan" qəzeti, 3 dekabr 1972) Azərbaycanı sevən şairin doğma vətənə qarşı məhəbbəti əks olunmuş və tatar qəzetində bu cür şeir azərbaycanlı oxucusunda böyük qürur hissi oyadır:

Qürurum (Qorurlıqım),
Doğma yurdum (Tuqan Əqım),
Doğma evim (Tuqan yortım),
Doğma elim (Tuqan jirem) ,
Doğma Azərbaycanım (Tuqan Azerbaydjanım).
 

Qasım Qasımzadənin "Səndən öyrənib" ("Sinnən öyrənep") ("Sotsialistik Tatarıstan" qəzeti, 3 dekabr 1972) şeirində şair poeziyada güclü simvol olan qartalla texnikanın son nailiyyəti olan yüksək sürətli təyyarəni müqayisə edir və qartalın təyyarə arxasınca getməklə məğlub olub yerə sərilməsinə qarşı pessimist münasibət bəsləmir, əksinə təyyarəni ixtira edənlərin yüksəkliyə qalxmasını qartaldan öyrəndiklərini qeyd etməklə şeirdə qartalın faciəsini daha da vüqarlı şəkildə tərənnüm edir.

Məmməd Arazın "Şair vüqarı" ("Şoqırğ qorurlı") şeiri ("Tatarıstan yaşılare" qəzeti, 4 dekabr 1975) şairin şöhrətinin sərhədlərini müəyyənləşdirir, vüqarla yaşayan şairin böyüklüyü, əzəməti, bütün keçirdiyi hislər tərənnüm olunmuşdur. Oxucu vüqarlı şair obrazında müəllifin özünü görməkdə çətinlik çəkmir. Məmməd Arazın "Araz üstə Çinar gördüm" şeirində müəllif ("Sotsialistik Tatarıstan" qəzeti, 27 oktyabr 1973) Araz çayı kənarındakı adamların gülüşünə nəğmə qatan igid çinar ağacının əbədiliyi üçün narahatlıq keçirir.

"Sotsialistik Tatarıstan" qəzetinin 7 iyun 1978-ci il sayında böyük şair Mikayıl Müşfiqin 70 illik münasibəti ilə onun yaradıcılığı haqqında məlumat xarakterli məqalə dərc olunmuş və onun "İliç buxtası" ("İlğiç buxtası") (1932), "Şair" ("Şaqıyrğ") (1936) şeirləri dərc olunmuşdur. Neft hasilatı məqsədi ilə Sovet dövründə 1925-ci ildə Azərbaycanda yaradılmış ilk süni ada olan İliç buxtası Mikayıl Müşfiqin düşüncəsində böyük ümidlər oyadır. Müəllif "İliç buxtası" şeirində müxtəlif poetik lövhələrlə təbiət və zəhmətkeş insan obrazını İliç buxtasından ayrı təsəvvür edə bilmir.

Xalq şairi Sabir Rüstəmxanlının "Vətəndaşlar ölməz" ("Vatandarlar Ulmi") ("Kazan utları", 2014, № 8) şeirində poetik vətəndaş yanğısı üstündür, vətəni sevənlərə sanki şair nəsihət verir və nikbin olmağa çağırır.

Göründüyü kimi, tatar mətbuatında dərc olunan azərbaycanlı müəlliflərin əsərləri mövzu baxımından müxtəlif məzmunlu və rəngarəngdir.

Ümumiyyətlə, Azərbaycan və Tatarıstan eyni zamanda, digər türk dövlətləri ilə olan ədəbi-mədəni əlaqələrin daha geniş aspektdə öyrənmək və bu əlaqələri yeni kontekstdə izləməklə real fakt və münasibətləri qaldırmaq, türk xalqlarının elmi, mədəni mühitdə inteqrasiyasını önə çəkmək aktual məsələ kimi müasir dövrdə də mühüm əhəmiyyətə malikdir.

 





25.05.2018    çap et  çap et