525.Az

Xalq Cümhuriyyəti dönəmində ədəbi dil məsələsi


 

Xalq Cümhuriyyəti dönəmində ədəbi dil məsələsi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci il tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzaladı.

Ölkə prezidentinin 2018-ci il 10 yanvar tarixli  fərmanı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olundu. Bu tarixi qərarlar dövət başçımızın Azərbaycanın istiqlal tarixinə böyük dəyər verməsinin əyani sübutudur.

1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisidir. Hər bir Azərbaycan türkünün qürur mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi. XX əsrin əvvəllərində 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr xalqımızın dövlətçilik tarixində şərəfli bir dönəmdir. Azərbaycan xalqının müstəqillik arzusunun XX əvvəllərində gerçəkləşməsi böyük tarixi zəfər idi. Cümhuriyyət qısa ömrlü olsa da, dövlətçilik tariximizdə dərin izlər buraxdı, milli oyanışın, özünüdərkin əsasını qoydu.

İstiqlal, müstəqillik hər bir xalqın arzusudur. Bizi bu istiqlala qovuşduran dəyərli ziyalılarımız: Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad, Həsən bəy Ağayev, Yusif Vəzir Çəmənzəminli, Məmməd Həsən Hacınski, Sadıq bəy Ağazadə, Əhməd bəy Pepinov, Xəlil bəy Xasməmmədov, Xosrov bəy Sultanov kimi aydınlarımız milli məfkurə uğrunda, Azərbaycançılıq yolunda misilsiz xidmətlər göstərmiş, qəhrəmanlıq salnaməsi yazmışlar.

Cümhuriyyətin mövcud olduğu 1918-1920-ci illərdə Azərbaycan dilinə dövlət dili statusu verildi, dil haqqında bır sıra mühüm qərarlar qəbul olundu, mətbuat dili cilalandı, rəsmi-işgüzar üslub inkişaf etdi. 1918-1920-ci illər Azərbaycan mətbuatının tərəqqi dövrü idi. Əgər 1875-ci il 22 iyul tarixindən, yəni ilk mətbu orqanımız olan "Əkinçi" qəzetinin nəşrindən 2018-ci ilə qədər cəmi 40 adda qəzet və jurnal çıxmışdısa,  1918-1920-ci illərdə 200-ə qədər qəzet və jurnal nəşr olunmuşdu. Yəni cümhuriyyət dönəmində publisistik üslub sürətlə inkişaf etmişdi. 1918-1920-ci illərdə Bakıda rus, gürcü, yəhudi, polyak, fars və başqa dillərdə mətbuat orqanları fəaliyyət göstərirdi.  Bu fakt cümhuriyyətin demokratik mahiyyətinin təzahürü idi.

Cümhuriyyət dönəmində milli mətbuatın aparıcı orqanı "Azərbaycan" qəzeti idi. Bu qəzet həm Azərbaycan, həm də rus dilində dərc edilirdi. "Azərbaycan" qəzetinin əvvəl redaktoru Ceyhun Hacıbəyli, sonra isə Üzeyir bəy Hacıbəyli idi. "Azərbaycan" qəzetinin ilk dörd nömrəsi Azərbaycanın müvəqqəti paytaxtı olmuş Gəncədə, sonrakı 75 nömrəsi isə Bakıda çıxmışdı. Bu qəzetin cüm-huriyyət dönəmində Azərbaycan dilində 463 sayı nəşr olunmuşdu. "Azərbaycan" qəzetinin məzmununu milli istiqlal məfkurəsi təşkil edirdi. Üzeyir bəyin ən dəyərli publisistik məqalələri məhz "Azərbaycan" qəzetində dərc edilmişdi. Üzeyir Hacıbəyli satirik felyetonlarında Azərbaycan dilinin düzgün şəkildə işlədilməsini təbliğ edirdi. Böyük ədib "Hansı vasitələrlə dilimizi öyrənib kəs-bi-maarif etməliyik" adlı məqaləsində yazırdı: "Bizim türk lisanımız ən vəsi və kamil bir dildir, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir".

Azərbaycan mətbuatında türkçülük ideyalarının təşəkkül və inkişafında, doğma dilin saflığı uğrunda mübarizədə Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin misilsiz xidmətləri olmuşdur. Böyük demokratın publisistikasının mühüm bir qolu ana dili mövzusuna həsr edilmişdi. O, Bakıda "Açıq söz" qəzetini nəşr etdirmişdi. 1917-ci ildə həmin qəzetdə onun məşhur "Cümhuriyyət" məqaləsi dərc olunmuşdu. Rəsulzadə "Dil ictimai mühüm bir amil kimi" adlı məqaləsində yazırdı: "Əvət, dil təbiidir, binaən əleyh əslidir, millətlə bərabər hasil olur. Dilsiz bir millət olmadığı kimi, millətsiz də dil olmaz...Dil milyonlarla insanların və bir çox nəsillərin müştərək vücuda gətirdikləri bir mohibədir. Dil qanlı və canlı, adətən üzvi və zihəyat bir vücuddur. Dil millətin canıdır...İştə bunun üçündür ki, bir dili öldürmək, bir milləti öldürmək deməkdir. Və yenə buna görədir ki, hər bir təmsil həmən dili təzyiq etməklə başlar. Dil durduqca, millət də durar, öldümü, millət də canını bağışlar. Dillərini unutmağa başlayan millətlər axırı qəti bir ölüm olan fəlakətli bir yola girişmişlərdir.

Bu qədər bir əhəmiyyətə malik olan dilin mühafizəsi bittəb dil sahiblərinə ən çox lazım olan şeylərdən biri,  bəlkə də, birincisidir. Çünki o, dindən daha qüvvətli bir amili-ittihad və millətin ən doğru bir müməssili olduğu kimi, millətlərin yeganə vəsileyi-tərəqqisidir də. Millətləri maddədən etila etdirmək, mədəni və mütərəqqi qılmaq üçün dinlərdən deyil, dillərindən istifadə edilir. Hətta dinin tərcivi içün belə dilə ehtiyac vardır. Dilimizi, həqiqətən də, millətimizin ruhu və onun vasiteyi-bəqası məqəamında görmək istəyirsək və onu cameiyyəti - milliyyəmizdə ən mühüm bir ittihad və tərəqqi amili ədd edirsək, yazımız ilə danışığımız arasında olan fərqi azaltmalıyız". Beləliklə, M.Ə.Rəsulzadə XX əsrin əvvəllərində ədəbi dillə canlı xalq danışıq dili arasında yaxınlaşmanı təbliğ edirdi.

XX əsrin əvvəlləri Azərbaycan tarixinin elə bir dövrüdür ki, həmin zamanda cəmiyyətdə siyasi təbəqələşmələr şiddətlənir, milli özünüdərk prosesi gedir, siyasi mənafelər toqquşurdu. İri dövlətlərin siyasi maraqlarının toqquşduğu, geopolitik mənafelərin dərinləşdiyi bir dönəmdə Azərbaycanda aparılan dil siyasətinin, dil situasiyasının lokal özəllikləri mövcud idi. Qısaca ömür sürmüş cümhuriyyət vaxtında milli dilin qəliz ərəb və fars sözlərindən təmizlənməsi əsas piaritet məsələlərdən biri olmuşdur. Məhz cümhuriyyət dönəmində Azərbaycan türkcəsinə dövlət dili statusu verilmişdi. XVI əsrdə Səfəvilər dönəmindən sonra bu Azərbaycan türkcəsinə verilən ikinci belə bir status idi.

M.Ə.Rəsulzadə bu dönəmlərdə ana dili məsələləri ilə bağlı olaraq yazırdı: "Milliyyət naminə aparılan mübarizələrin tarixi öyrənilsə, aydın olar ki, bu mübarizədə ən çox müdafiə olunan dildir. Millət və milli mədəniyyət uğrunda mübarizə dil uğrunda və dilə bağlı olan məktəb, ədəbiyyat, mətbuat uğrunda mübarizədir. Həqiqətən, milləti hər şeydən artıq dil təmsil edir".

XX əsrin əvvəllərində istər bədii dilə, istərsə də ictimai-siyasi leksikaya, rəsmi-işgüzar üsluba Osmanlı türkcəsinin böyük təsiri var idi. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi danışıqlarında və rəsmi sənədlərində osmanlı dilinə aid bir çox fonetik, leksik, qrammatik xüsusiyyətlər özünü göstərir. Xüsusilə, Demokratik Cümhuriyyət dönəmində siyasi xadimlərin nitqində Osmanlı türkcəsinin elementlərinə təsadüf olunurdu. Bu faktı cümhuriyyət dönəmində Azərbaycan parlamentində millət vəkillərinin çıxışları bir daha sübut edir. Yəni XX əsrin əvvəllərində Osmanlı (türk) dilinin Azərbaycan ədəbi dilinə təsiri yalnız bədii və mətbuat üslubu ilə məhdudlaşmırdı, həmçinin, siyasi-işgüzar üsluba da təsir edirdi. Tanınmış siyasi xadimlərin nitqində osmanlı türkcəsinə aid ifadələr, kəlmələr bu ziyalıların həmin dili Azərbaycan ədəbi dili statusunda, səviyyəsində görmələri ilə bağlı idi.

Cümhuriyyət dönəmində milliləşmə siyasəti aparılır, ana dilinin statusu ali səviyyədə təsbit edilirdi. 1918-ci il 27 iyun tarixli qərarla Azərbaycan (türk) dili dövlət dili elan olundu. 13 noyabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası məktəblərin milliləşməsi ilə bağlı qərar vermişdi. Həmin qərarda göstərilirdi ki,  rus dilli məktəbələrdə dövlət dili kimi türk dili mütləq tədris olunmalıdır. 11 fevral  1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası "Azərbaycan ordusunun geyim formasının və süvari nizamnaməsinin türk dilində təsdiq edilməsi haqqında" qərar vermişdi. 21 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası "Ərəb əlifbası islahatı üzrə komissiyasının yaradılması haqqında" qərar vermişdi. 18 sentyabr 1919-cu ilə tarixində "Xalq məktəblərinin kitabxanaları üçün türk  dilində kitablar əldə edilməsi üçün 1 milyon manat ayrılması haqqında Parlament qanunu" qəbul olunmuşdu. Bütün bu qərarlar Azərbaycan Xalq Cümhuriyyəti dövründə ana dili məsələsinə həssas münasibətin inikasıdır. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində aparılan dil siyasəti bu gün müstəqil Azərbaycanımızda uğurla davam etdirilməkdədir.

Baba MƏHƏRRƏMLİ
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent

 





25.05.2018    çap et  çap et