525.Az

"Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər" kitabı təqdim olundu


 

ÜLKƏR HÜSEYNOVA: "CÜMHURİYYƏT QURUCULARININ HƏYAT VƏ FƏALİYYƏTİ BARƏDƏ İCTİMAİYYƏTİ MƏLUMATLANDIRMAQ VƏTƏNDAŞLIQ BORCUMUZDUR"

"Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər" kitabı təqdim olundu<b style="color:red"></b>

Dünən "Azərkitab" Kitab Təbliğatı Mərkəzində "Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)" kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, Əlimərdan bəy Topçubaşov: İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)" kitabını tanınmış jurnalist Ülkər Hüseynova öz öhdəsinə götürüb və həmin kitabı Azərbaycan dilinə tərcümə edərək nəfis şəkildə nəşr etdirib: "Kitab onu tərcümə edən Ülkər Hüseynovanın öz şəxsi təşəbbüsü və zəhməti sayəsində ərsəyə gəlib. Uzun onilliklər Azərbaycan Milli  Elmlər Akademiyasının "Elm və Həyat" jurnalında çalışan tanınmış jurnalist  və nəşriyyat işi mütəxəssisi Ülkər Hüseynova Azərbaycanın görkəmli elm və sənət  xadimləri  haqqında yüzlərlə məqalənin, müsahibə və yazıların, eləcə də kitab və dərsliklərin müəllifi və tərcüməçisidir. Bu nəşrlərin arasında 2006-cı ildə görkəmli azərbaycanlı alim Lütfi Zadənin xanımı Fey Zadənin öz həyat yoldaşına həsr etdiyi "Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim" adlı kitab xüsusi yer tutur. Bu kitabı Ülkər xanım öz təşəbbüsü və vəsaiti ilə rus dilindən Azərbaycan dilinə tərcümə və çap etdirib".

Əlimərdan bəy Topçubaşovun Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətlərindən danışan Ə.Amaşov onun müstəqilliyimizin tanınması, dünya dövlətləri tərəfindən qəbul edilməsi yolunda əzmlə çalışdığını, əvəzsiz işlər gördüyünü bildirib: "Əlimərdan bəy Topçubaşov hələ Çar Rusiyası dövründə bütün fəaliyyətini müsəlmanların müdafiəsinə yönəldib və bu istiqamətdə böyük səylə çalışıb. Daha sonra cümhuriyyətin əsasını qoyanlardan biri kimi, o, İstanbulda ayrı-ayrı xarici ölkələrin diplomatik nümayəndələri ilə görüşlər keçirib, Azərbaycanın tanınması naminə dayanmadan, usanmadan fəaliyyət göstərib.

Azərbaycanın fövqəladə səfiri və səlahiyyətli naziri olan Topçubaşov ümumilikdə 37 görüş keçirib ki, bütün bunlar da son nəticədə xarici ölkələrin Paris Sülh Konfransına qədər cümhuriyyətimiz barədə məlumatlanmasına imkan verib. Ümumilikdə, bütün bunlar Azərbaycan Xalq Cümhruiyyətin tanınması istiqamətində atılan mühüm addımlar idi".

Mətbuat Şurasının sədri bildirib ki, kitabın ilk versiyası 1994-cü ildə rus dilində çap olunub: "Azərbaycanın o vaxtkı xarici işlər naziri, hazırda Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Nazirlər Kabineti yanında Baş Arxivlər  İdarəsinin rəisi Ataxan Paşayev və o zaman həmin idarənin rəis müavini olan Vaqif Ağayev  Ə.Topçubaşovun arxivlərdə qorunub saxlanan əlyazmaları əsasında "A.Topçubaşev. Diplomatiçeskie besedı" adlı bir kitab hazırlayıblar. Həmin kitabı şair Vahid Əziz nəşr edib".

Daha sonra Cümhuriyyət dövrünün görkəmli tədqiqatçısı, professor Şirməmməd Hüseynov çıxış edərək cümhuriyyət dövrünü özündə əks etdirən bu cür kitabların xüsusilə gənc nəslin milli ruhda tərbiyəsi, dövlətin qurucularının həyat və fəaliyyətinin dərindən öyrənilməsi istiqamətində dəyərli vəsait olduğunu bildirib.

Kitabın elmi redaktoru, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi isə bildirib ki, cümhuriyyət tarixini, həmin dövrün hadisələrini dərindən bilmədən bu cür kitabların ərsəyə gəlməsində iştirak etmək mümkün deyil.

S.R.Tohidi haqqında söhbət açılan Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri barədə fikirlərini bildirərək qeyd edib ki, Türkiyədə ayrı-ayrı ölkələrin səlahiyyətli nümayəndələri ilə aparılan danışıqları Paris Sülh Konfransına hazırlıq kimi qiymətləndirmək olar.

Professor Cahangir Məmmədli isə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ən fəal qurucularından biri, Məhəmməd Əmin Rəsulzadənin silahdaşı Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri birbaşa Şərqin ilk demokratik dövlətinin xarici siyasətini formalaşdırıb: "Topçubaşov cümhuriyyətin dünyada tanınması ilə bağlı böyük fədakarlıqlar göstərib. Rus imperiyasının Azərbaycan Xalq Cümhuriyyətini susdurmasından sonra siyasi mühacir həyatı yaşayan Əlimərdan bəy bütün ağır məşəqqətlərə baxmayaraq, ömrünün sonuna qədər müstəqil Azərbaycan, milli istiqlal ideallarından əl çəkməyib. Belə bir tarixi şəxsiyyətin, istiqlal fədaisinin ömür yolunun, milli ideallara xidmət missiyasının müasirlərimizə çatdırılması işində onun öz əsərlərinin toplu kimi nəşrindən daha dəyərli heç nə tapmaq mümkün deyil".

Kitabın tərcüməçisi Ülkər Hüseynova isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinin əbədiləşdirilməsinin, onların həyat və fəaliyyəti barədə ictimaiyyətə, o cümlədən, gənc nəslə daha geniş məlumatların çatdırılmasının vətəndaşlıq borcu olduğunu vurğulayıb. O qeyd edib ki, bu kitab Azərbaycanda milli-demokratik hərəkatın görkəmli nümayəndəsi, ilk Azərbyacan diplomatı Əlimərdan bəy Topçubaşovun 1918-1919-cu illərdə səlahiyyətli səfir və fövqəladə nazir qismində İstanbulda Türkiyənin bir sıra ali dövlət xadimləri, həmçinin, ABŞ, İngiltərə, İtaliya, Hollandiya, Rusiya, İran və digər ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərə dair Azərbaycan dövlətinə göndərdiyi sənədlərdən ibarət topludur. Azərbaycan Xalq Cümhuriyyətinin tanınması sahəsində Azərbaycan diplomatiyasının ilk addımlarını əks etdirən bu sənədlər xarici dövlətlərlə beynəlxalq əlaqələrin nə qədər mürəkkəb şəraitdə və ağır şərtlər daxilində qurulduğunu nümayiş etdirir".

Tədbirdə Milli Məclisin deputatları - Fazil Mustafa, Qənirə Paşayeva, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, şair Vahid Əziz və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ceyhun ABASOV

 





25.05.2018    çap et  çap et