525.Az

Cümhuriyyətimizin 100 illiyi Slovakiyada geniş konsertlə qeyd edildi


 

Cümhuriyyətimizin 100 illiyi Slovakiyada geniş konsertlə qeyd edildi <b style="color:red"></b>

Slovakiya Dövlət Filarmoniyasının "Reduta" zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycan-Slovakiya diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş təntənəli gecə keçirilib.

Tədbir Azərbaycanın Slovakiyadakı Fəxri Konsulluğu və Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyimizintəşkilatı dəstəyi ilə gerçəkləşib.

Konsertdə tanınmış musiqi kollektivlərindən biri olan Boqdan Varxal adına Slovakiya Filarmonik orkestri iştirak edib.

Orkestri Azərbaycanın Əməkdar artisti, Akademik Dövlət Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edib.

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Avstriyadakı səfiri Qalib İsrafilov, Slovakiyada Fəxri Konsulumuz Cəlal Qasımov, konsulluğun katibi Dominika Fifikova və Slovakiya hökümət nümayəndələri çıxış ediblər. Bədii hissədə dirijor Əyyub Quliyevin idarəsində Slovakiya Filarmonik orkestri, Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (soprano) və Babək Niftəliyev (xanəndə), Bratislava Musiqi Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Fərhad Aşumovun (skripka) ifasında Azərbaycan və dünya klassik musiqisinin parlaq nümunələri - Üz.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, R.Hacıyev, A.Əlizadə, H.Xanməmmədov, B.Kərimov, slovak bəstəkarı Şimon Yurovski və A.de Laranın əsərləri dinləyicilərə təqdim olunub.

Xanəndə Babək Niftəliyevlə bərabər çıxış edən milli üçlük - Ayaz İmranov (tar), Elnur Mikayılov (kamança) və Slovakiya filarmoniyasının orkestrinin ifasında Azərbaycan  xalq mahnıları böyük marağa səbəb olub. Konsertin sonunda səslənən "Qarabağ şikəstəsi" alqışlarla qarşılanıb.

 





25.05.2018    çap et  çap et