525.Az

İbrahimbəyovun antimilli və antibəşəri mövqeyi


 

VƏ YA "QAFQAZ TRİOSU"NDA ÜZƏ ÇIXAN XƏYANƏTKARLIQ

İbrahimbəyovun antimilli və antibəşəri mövqeyi<b style="color:red"></b>

Bu yazı, təxminən, iki ay əvvəl yazılıb. "Youtube" internet kanalında xeyli müddətdən bəri tapıb, baxmaq üçün ekrana "bərkitdiyim" "Qafqaz triosu" filminə, nəhayət, baxa bildikdən sonra çox mütəəssir olub, öz mülahizələrimi yazmaq qərarına gəldim. Lakin filmlə bağlı ilk vaxtlarda yaranan və  o qədər də uzun sürməyən narazılıq dalğasının keçib getdiyini, indi bu məsələyə qayıtmağın, bəlkə də, yersiz olacağını düşünüb, yazını dərc etdirmək fikrindən daşındım.

Bir neçə gün əvvəl tanınmış kinorejissor Ayaz Salayevin bu film barədə fikirləri ilə tanış olduqdan sonra Rüstəm İbrahimbəyovun antimilli və antibəşəri mövqeyi haqqında mən də öz mülahizələrimi ictimailəşdirməyi vacib saydım...

...Kinonun gücü haqqında indiyədək çox yazılıb, çox deyilib.

Kinonun yüz iyirmi ildən çox tarixi olsa da,  öz aktuallığını və populyarlığını hələ də itirməyib. İnternet yaranıb, sosial şəbəkələr peyda olub, ünsiyyətin yeni formaları meydana gəlib, amma incəsənətin bu növünün insan şüuruna və davranışına təsiri azalmayıb. Çünki kino, əsasən, bəşəri məsələlərə toxunur... Əsl kino xadimləri məhz bəşəri məsələləri qabardır, qlobal ideyaları dəstəkləyir, xırda, cılız hisslərdən yüksəkdə dayanmaqla digər sənət adamlarından fərqlənirlər.

Dünya kino tarixinə belə adamların adı qızıl hərflərlə yazılır.

Bu mötəbər siyahıya daxil edilə biləcək azərbaycanlı sənət adamlarının adını çəkmək lazım gələndə, yəqin ki, hamıdan əvvəl Rüstəm İbrahimbəyov yada düşməlidir. Ən azı, dünyada tanınan kino xadimidir, bir neçə filmi yüksək mükafatlara layiq görülüb və s. və i.a.

Təəssüf ki, ssenari müəllifi və prodüseri olduğu "Qafqaz triosu" filmi R.İbrahimbəyovun adının məhz kinonun METRləri sırasında çəkilməsini  mümkünsüz edir.

Səbrsiz oxucu dərhal soruşacaq: niyə?

Ona görə də birbaşa mətləbə keçək.

"Qafqaz triosu"nu 2015-ci ildə gürcü rejissor Eldar Şengeliya Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkib. Adından göründüyü kimi, filmdə Qafqazın üç əsas etnosunu - azərbaycanlıları, erməniləri və gürcüləri təmsil edən üç dostun taleyindən bəhs olunur.

Milli məsələ bütün dövrlərdə həssas mövzu olub. Hətta milli məsələnin guya həll edildiyi sovet dövründə belə... Artıq 30 ildir davam edən Ermənistan-Azərbaycan münaqişəsi fonunda isə bu mövzu nəinki həssas, hətta son dərəcə incə mövzuya çevrilib. Çünki bu və ya digər xalqın nümayəndəsi barədə bircə ehtiyatsız söz bəzən ciddi milli problemlərə səbəb olur. Lakin bu ehtiyatsız söz və ifadələr, görüntülər üç dostdan birinin, azərbaycanlının timsalında özünü göstərirsə, onda vəziyyət bir az da qəlizləşir. Xüsusən ona görə ki, bu ehtiyatsız söz və ifadələrə görə qətiyyən rejissoru günahlandırmaq olmaz, söhbət konkret mətndən getdiyi üçün bütün məsuliyyət ssenari müəllfinin üzərinə düşür.

Ona görə də filmin quruluşçu rejissoru E.Şengeliyanın işi barədə danışmaq istəmirəm.

Əvvəla, filmin süjeti barədə. Doğrusu, Qafqaz xalqlarının dostluq və münaqişə tarixi barədə bundan da naqis bir süjet fikirləşmək, yəqin ki, mümkün deyildi. Atası erməni olan uşağı azərbaycanlı kişi oğulluğa götürür və ona öz familiyasını verir. Artıq SSRİ dağılandan sonra erməninin hansısa ölkədən gəlmiş qohumu var-dövlətini ona bağışlamaq qərarına gəlir, amma bir şərtlə: erməni öz oğlunun familiyasını dəyişdirməlidir. Hadisələr bu dolaşıq, uydurma süjet ətrafında cərəyan edir. Və elə bütün problemlər də buradan başlayır.

Təbii ki, Dağlıq Qarabağ ətrafında baş verən hadisələr ermənilərlə azərbaycanlıları bir-birinə düşmən edib. Və bu düşmənçilik zəminində, ola bilsin, hansısa xalqın nümayəndəsi bəzən ifrata varır, bəzən yerli-yersiz millətçilik edir, aqressiya nümayiş etdirir və s. Amma R.İbrahimbəyovun filmində, nədənsə, bütün aqressiyalar, bütün millətçilik elementləri, necə deyərlər, məhz azərbaycanlıların boyuna biçilib.

Erməni Aqayants Moskvada məşhur göz həkimidir. Elə filmin ilk kadrlarında pasiyentin gözlərini müayinə edərək onu 15 minlik əməliyyata göndərən həkimin diaqnozunu alt-üst edir və yüngül müalicə ilə pasiyenti xoşbəxt yola salır. Hətta pasiyentin təklif etdiyi "zəhmət haqqını" da götürmür, "apar ailənə xərclə" deməklə... Humanizm nümunəsi! Bu, erməni Aqayantsdır!

Bəs azərbaycanılar nə edir?

...Aqayantsın oğlu Timur qəfildən Bakıya qayıdır. Amma bu qayıdış qohumlar arasında ciddi narazılıq yaradır. Həyat yoldaşının qardaşı Zaurun familiyasını dəyişməklə erməniyə çevrilən kürəkənə münasibəti daha sərtdir: sən bu gündən erməni olursan, mənim bacım erməninin həyat yoldaşı ola bilməz!

Bu narazılıq zəminində Zaurun Timurla söhbətini eşidən 10-12 yaşlı azərbaycanlı uşaq bağ evində Timurun başına daş yağdırır: "Siz ermənilər bizim düşmənimizsiniz! Sizinkilər metronu partlatdı, mənim dayım da orda həlak oldu" və s.

Beləcə, azərbaycanlı yeniyetmə milli münaqişənin daşıyıcısı kimi təsvir olunur! Hətta bu uşaq Timurun qatilinə çevrilmək təhlükəsi qarşısında qalır...

10-12 yaşlı yeniyetmədə bu aqressiya hardandır?

Bəşəri kino bu aqressiyanı qabartmaz! Humanizm prinsipini ön plana çəkər. İbrahimbəyov isə azərbaycanlı yeniyetmənin timsalında millətçiliyin bütün diapazonunu açıq-aşkar qabardır...

Əslində, kinonun vəzifəsi, bir qayda olaraq, belə məqamlarda məhz bəşəri hisslər aşılamaq olur. Məsələn, dünya kinosunun heç bir korifeyi bu məqamda, milliyyətindən asılı olmayaraq, 10-12 yaşlı körpəni bu cür millətçi ruhda təqdim etməzdi! Kinonun təsiri, böyüklüyü də məhz bundadır ki, insanlarda bəşəri hisslər oyatsın. Ötəri, cılız hissləri qabartmasın! İbrahimbəyov isə qabardır! Özü də azərbaycanlı uşağın timsalında! Bax, ürək ağrıdan məqam budur!

Hələ bu, harasıdır?

Artıq Tbilisdə olan Eduard Aqayants oğlunun itkin düşməsi ilə əlaqədar təcili Bakıya gəlməlidir. Gürcü dostları onun sərhəddən qanunsuz keçməsini təşkil edirlər. Bu işdə yardımçı olan azərbaycanlı Gürcüstan sakini sərhədə çatanda Aqayantsın erməni olduğunu təsadüfən bilir və ona köməklik göstərməkdən imtina edir. Bu da azərbaycanlıların millətçiliyinin daha bir "təzahürü"...

Aqayantsın Bakıda yaşayan dostu Fərhad Ağayev yüksək vəzifəli məmurun kabinetinə gedir ki, erməninin sərhəddən buraxılmasına icazə alsın. Həmin nazir bu işə qol qoyur, amma... burda da incə bir məqam görünür. Əvvəla, həmin erməni azərbaycanlı nazirin bir telefon zəngi ilə, sərhədi qeydiyyatsız-filansız keçir... Ən başlıcası isə, İbrahimbəyovun həmin siyasi qərarlar vermək iqtidarında olan azərbacanlı naziri... ixtisasca botanikdir, indi məsul olduğu sahədən uzaq birisi... Bu da azəbaycanlıdır! İbrahimbəyovun yaratdığı azərbaycanlı obrazı!

...Üç dost Fərhad Ağayevin evindən çıxırlar. Gürcü Mika məhz rus dilində danışdığı üçün azərbaycanlı kütlə tərəfindən əzişdirilir.

Nəhayət, problemlər həll olunur, Eduard Aqayants oğlunu götürüb Moskvaya uçmalıdır.

Bakı aeroportu. Qeydiyyatdan keçən ermənini aeroport işçisi ayrıca bir otağa salır və... qəfildən onun zəif yerinə ağır zərbə vurur: erməni olduğuna görə! Bu da azərbaycanlıdır. İbrahimbəyovun "quraşdırdığı" azərbaycanlı məmur...

Hələ Azərbaycan bayrağının aeroportda baş-ayaq asılmasını demirik. Dövlət simvoluna bu hörmətsizliyi rejissor görməyə bilərdi, amma prodüser İbrahimbəyov görməyə borclu idi. Amma görmək istəmir...

Filmdə Azərbaycan dilində səslənən ifadə və cümlələrə görə də E.Şengeliya cavabdeh ola bilməz. Bu da İbrahimbəyovun sahəsidir. Amma o, burda da "dilin atasını" yandırmaqdan çəkinmir. Müxtəlif formalarda və hətta belə bir formada: "Aqayants saat 3.10-da reysi ilə Moskvaya uçmalıdır". Biz tərəflərdə belə cümlələrə vaxtilə "erməni budaq cümləsi" deyilirdi...

Film Qafqaz triosunun dağılması ilə başa çatır: Eduard Aqayantsın oğlu Moskva teatrında Rasputin obrazını yaratmaqla şan-şöhrətə çaıtır. Ata xoşbəxdir... Erməni göylərdədir!

Gürcü Mika azərbaycanlılar tərəfindən döyüldükdən sonra özünə gələ bilmir...

Azərbaycanlı Fərhad Ağayevə gəlincə... erməni Eduard Aqayantsa kömək etdiyinə görə hökumət onun ofisini möhürləyir, özünü isə küçəyə atır...

Bu da son!

Bəli, münaqişə zəminində filmdəki Zaur kimi hərdəmxəyal "millətçi"lər tapıla bilər.

Bakıda rus dilində danışdığına görə vaxtilə kimlərisə cəzalandıranlara da rast gəlmək olar...

Erməniyə yaxşılıq edəni düşmən sayanlar da o cümlədən...

Əlbəttə, 30 illik konflikt insan psixologiyasına təsirsiz ötüşə bilməz.

Amma maraqlıdır ki, niyə məhz bütün pis əməlləri məhz azərbaycanlılar törədir? Axı ermənilər bundan da betərini ediblər, amansız və qəddar olublar. Filmdə isə ancaq azərbaycanlıların "vəhşiliyi" göstərilir. Niyə?

Çünki İbrahimbəyov belə görür. Çünki İbrahimbəyov belə görmək istəyir...

Ona görə də "Qafqaz triosu" bəşəri film ola bilmir.     

Və nəhayət... Dünyadakı ermənipərəst qüvvələr, erməni diasporu Azərbaycana qarşı təbliğatı ilbəil gücləndirir. 11 aprel seçkiləri ilə əlaqədar belə antiazərbaycan təbliğatına, nə yazıq ki, vaxtilə ölkəni tərk edib Avropada bu və ya digər yollarla sığınacaq tapan, milli mənafelərimizi şəxsi maraqlarına qurban verən nanəcib soydaşlarımız da qoşulur.

Belə məqamda xalqımız Azərbaycan əleyhinə bu səlib yürüşünün qarşısına çıxa biləcək, bizim haqq işimizi dünyaya çatdıra və inandıra biləcək ziyalılarımızdan fəal vətəndaş və vətənpərvərlik mövqeyi umur, görkəmli elm və mədəniyyət xadimlərimizdən sərt və analitik şərhlər gözləyir. Ayrı-ayrı vicdanlı mədəniyyət və incəsənət xadimlərimiz məhz belə vətəndaşlıq mövqeyi nümayiş etdirməklə Azərbaycan dövlətinə və Azərbaycan dövlətçiliyinə dəstək olurlar. Amma, təəssüf  ki, qəfildən İbrahimbəyov kimilərə məxsus belə "trio"lar da meydana atılır ki, bu da beynəlxalq aləmdə azərbaycanlılar əleyhinə erməni təbliğatı üçün ən təsir vasitəyə çevrilir.

Belə antimilli və antibəşəri fəaliyyət isə nə ziyalılığa yaraşır, nə də böyük KİNO qarşısında duran böyük İDEALLARa!..

Elşən ƏLİYEV
"Azərbaycan işıqları" qəzetinin baş redaktoru, Ali Media Mükafatı laureatı 

 





25.05.2018    çap et  çap et