525.Az

Prezident növbəti əfv sərəncamı imzaladı


 

ƏLİMƏMMƏD NURİYEV: "BU SƏRƏNCAM DÖVLƏT BAŞÇISININ CƏZALARIN HUMANİSTLƏŞDİRİLMƏSİYLƏ BAĞLI HƏYATA KEÇİRDİYİ MÜHÜM SİYASƏTİN TƏRKİB HİSSƏSİDİR"

Prezident növbəti əfv sərəncamı imzaladı<b style="color:red"></b>

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən, 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub.

Bundan başqa, Nardaran hadisələrində təqsirləndirilən Babayev Nadir Ağaəli oğlu, Qasımov Əliağa Mahmud oğlu, Cabbarov Hilal Dəmir oğlu, Qurbanov Ələkbər Tofiq oğlu, Şahbazov Fail Atabala oğlu, Şahbazov Natiq Atabala oğlu, Quliyev Məmmədhənfə Əbdülrəhman oğlu, "2012-ci il Avroviziya işi"ndə təqsirləndirilən Abdullayev Valeh Məmmədağa oğlu, həmçinin, AXCP üzvü Fərəcov Elnur Hüseynqulu oğlu və yazıçı Şəkərov Saday Əsəd oğlu da əfv olunanlar arasındadır.

Prezidentin imzaladığı əfv sərəncamıyla bağlı “525”ə fikirlərini bildirən Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əlimməməd Nuriyev ölkə başçısınn Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzaladığı müvafiq sərəncamı yüksək qiymətləndirir: "Bu, indəyədək prezident İlham Əliyevin imzaladığı ən böyük əfv sərəncamıdır. Dövlət başçısının müvafiq qərarı ilə xeyli məhkum yenidən azadlığa qovuşur. Prezident Cümhuriyyətin 100 illiyində böyük humanizm nümayiş etdirərək yüzlərlə ailənin sevincinə səbəb olub. İnanıram ki, əfv olunan insanlar bu şansı lazımınca dəyərləndirəcəklər".

Ə.Nuriyev bildirib ki, sərəncam imzalanana qədər Əfv Komissiyasının çoxsaylı iclasları olub: "Fevral ayından may ayının ortalarınadək iclaslar davam edib. Bu iclaslarda daxil olan müraciətlərin hər biri böyük diqqətlə, ətraflı şəkildə araşdırılıb və müvafiq tövsiyə xarakterli rəylər hazırlanıb".

Əfv Komissiyasının üzvünün sözlərinə görə, ictimaiyyət onların bu fəaliyyətini, keçirilən iclasları çox ciddi şəkildə izləyib: "Komissiya öz işini aşkarlıq şəraitində qurub, hər bir iclas haqqında ətraflı məlumatlar verilib. Hesab edirəm ki, bu şəffalıq baxımından çox mühüm xüsusiyyətlərdən biridir".

Ə.Nuriyev qeyd edib ki, qərarların qəbulu zamanı bir çox meyarlar nəzərə alınıb: "Məhkumun şəxsiyyəti, onun etdiyi cinayətin xarakteri, təhlükəlilik dərəcəsi, cinayətin nəticələrinə münasibəti, davranışı, dəymiş ziyan, zərərçəkmişin mövqeyi, dövlətin və cəmiyyətin maraqları, milli təhlükəsizlik məsələləri əsas götürülüb".

Komissiya üzvü vurğulayıb ki, bu sərəncam prezident İlham Əliyevin cəzaların humanistləşdirilməsiylə bağlı həyata keçirdiyi mühüm siyasətin tərkib hissəsidir.

Ceyhun ABASOV

 





25.05.2018    çap et  çap et