525.Az

Unutmağın anatomiyası


 

Unutmağın anatomiyası<b style="color:red"></b>

Unutmaq cüzam xəstəliyinə bənzəyir. Cüzam pis qidalanma, avitaminoz, antisanitariya ilə yaranır. Unutmaq isə riya, xəyanət, pis münasibət, etinasızlıq görməklə başlayır. Hər iki illətin ortaq nöqtəsi insanı çürütməkdir.

Emosional dönəmlər keçirirsən. Bəzən affekt halda olursan. Bu ərəfələr xeyli çəkçevir edib, ən axırda planlaşdırdığın qətliama bir göz qırpımında qərar vermiş kimi hiss edirsən özünü. Dünyaya sığdırmadığın insanı parçalara bölürsən ki, yox olsun. Əvvəllər dərinliyində bəlkə də yüz yol boğulduğun gözlərini unudursan. Bir gün dodaqlarında qalan öpüş izlərini məhv edirsən! Növbəti gün ağzının suyuna qarışan əsrarəngiz dadı zəhər bilirsən! Sonra baxırsan ki, artıq səsini də xatırlamırsan, qulağına gələn sədasına kar olursan! Qucağında boş qalan yerə daş döşəyirsən. Qollarının arasına onu deyil, yoxluğu sığdırırsan. İllərlə qurduğun cümlələri təkrarlayırsan, başlanğıcla körpü qurmağa çalışırsan, aradakı uçurumu görəndə az qala düşüb min tikəyə bölünəsən! Unutmaq ehtirası o qədər şiddətli olur ki, onun bədənindən hissə-hissə necə kəsilib götürüldüyünə şahid olursan. Eynən aborta qərar verən qadın kimi soyuqqanlı davranırsan. Artıq bircə tikəsini də vücudunda daşımaq istəmirsən. Dərini soyub tökürsən ki,  izi də silinsin! Ağırlığından xilas olmaq, məsuliyyətindən qurtulmaq, nəfəs aldığı dünyadan başını götürüb qaçmaq istəyirsən.

Onu xatırladan nə varsa yandırıb külünü yellərə verirsən. Telefonun səsini dəyişirsən! Çünki gələn səs ölüm zəngi, hər mesaj qulağında partlayan bomba təsiri bağışlayır. Alışdırdıqlarını tərgidirsən!

Ürəyin soyumur, sosial şəbəkəyə əl atırsan! Günlərdir canın bahasına apardığın mübarizəni Mark Zükerbergin yaratdığı bircə toxunuşla nöqtələyirsən. Heyrətlənirsən! Artıq nə paylaşdıqlarını, nə bəyənmələrini görürsən. Peyğəmbər kəlamı kimi müqəddəs bildiyin cümlələri də onu silib atmağa mane ola bilmir! Bölüşdüyü şəkilləri ekranda böyüdüb barmaqlarının ucu ilə tumarladığın günləri unudursan və birdəfəlik “qara siyahı”ya atırsan. Unutmaq güc gəlir. Sadəcə gördüyün deyil, görmədiyin yerlərdən də yox etmək istəyirsən. Silgini götürüb başının içinə əl atırsan, beynindən tək-tək silmək istəyirsən. Hətta bəzən dizlərini yerə atıb, yaddaşını silsin deyə Allahdan möcüzə diləyirsən!

Unutmaq vücudda doğan tərəddüddür. Bu proses bir növ alzheimer kimidir. Hüceyrələrinə ayaq basdığı andan sürətlə beyninə yayılır. Qarşısına keçən nə varsa qatıb qabağına yuyub aparır. Beyindəki pozulmanın miqyası getdikcə genişlənir. Unutqanlıqla başlayan bu mərhələdə düşünmək azalır, öyrənmək çətinləşir, davranış pozulmaları ilə davam edir. Dünənə qədər sənin üçün vazkeçilməz olan hər şeyi, bu gün xatırlamaqda çətinlik çəkirsən.

Vaxt keçdikcə xəstəlik həyatına daha sərt şəkildə nüfuz edir. Artıq adları da yaddan çıxardırsan. Bu xəstəlikdə yeganə hissedilən sevgi olur. Ən son mərhələdə onu da unudursan. Və silinmiş beyinlə yaşamağa davam edirsən.

Vücudundan yığışıb getdiyi günü, özünün öz bədənində sürgündə olduğun vaxtı unudursan. Artıq nə qədər çalxalasan da, dibə çökən xatirələr üzə çıxmır.

Unutmaq buna görə dəhşətlidir. Amma bəzən qaçınılmaz olur. Əzablı, onu yada salan məqamlardan qurtulmağın başqa yolunu görmürsən.

Bir dəfə qərar verirsənsə, hər şeyin bircə toxunuş qədər asan olduğunu fikirləşirsən. Buna görə də, Zükerbergin “əngəlləmə” funksiyası inqilabdır. Günlərcə çəkilən ağrıları, zülmət çökən beyni bir toxunuşla aydınladır, sızıltıdan xilas edir. Ən azı sən belə hiss etmək istəyirsən, özünü bu cür ovutmağa, hər şeyin belə sadə olduğuna inandırmağa çalışırsan.

Ananın dediyini xatırlayırsan, “Darıxma, hər şey gözünü yumub açana qədər keçəcək”. Bilmirsən gözün neçə vaxt bağlı qalır, ancaq açdığını hiss edəndə artıq heç nəyi xatırlamırsan. Sanki bütün xatirələr surət qatarına yüklənərək həyatından çıxıb getmiş olur. Bu məqamda bir daha əmin olursan ki, surət bütün gözəlliklərin qatilidir. Bəlkə də belə tezliklə unutmaq istəmirdin. Amma buna qərar verəndə əmin idin ki, qurtuluşun üçün bütün dünya əl-ələ verib.

Xeyli müddət keçir, baxırsan ki, “artıq hər kəs kimi olub”. Sehirsiz nəfəs kimidir! Daha gəlişi həyəcanlandırmır, hərarəti isitmir, soyuqluğu dondurmur, gedişi cəhənnəmin oduna tullamır. Sönən ocaq, quruyan bulaq, solan çiçəkdən fərqi yoxdur. Dünyadakı yeddi milyarddan biridir. Markın “bloku”ndakı sığınacağı da xarabalığa bənzəyir. Büələcə, dağılmış şəhər, işğal olunmuş yurd, müharibə, ölüm kimi unudursan!

Türkan TURAN

 





26.05.2018    çap et  çap et