525.Az

Cümhuriyyət sənədlərinin etibarlı saxlancı


 

Cümhuriyyət sənədlərinin etibarlı saxlancı<b style="color:red"></b>

“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”.

Heydər Əliyev

Epiqraf seçilən kəlam müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqımızın tarixinə və bu tarixin yazılmasına ciddi münasibətinin göstəricisidir.

Həqiqətən də, xalq öz keçmişini bilməyəndə, gələcəyini də qura bilmir. Keçmiş isə, ilk növbədə, yaddaşlarda yaşayır. Yazılı (kağız əsaslı və rəqəmsal), görüntülü (kino-foto) və səsli (fono) arxiv sənədləri isə xalqın milli-faktoloji yaddaşı, maddi-mənəvi sərvətidir. Mükəmməl arxivi olan xalqın etibarlı qorunan tarixi mirası var deməkdir. Arxiv sənədləri bu baxımdan xalqın öz tarixini öyrənmək, dərk etmək, ondan faydalanmaq və ibrət dərsi götürmək üçün əvəzsiz mənbələrdir. Ümummilli lider Heydər Əliyevin aşağıdakı müdrik düşüncəsi arxiv xidmətinin siqlətini, arxiv sənədinin dəyərini, arxiv işinin siyasi və elmi-tarixi əhəmiyyətini dəqiq və sərrast ifadə edir: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkinci də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

Hal-hazırda bilavasitə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində sənədlərin istifadə edilmək məqsədilə qəbulunu, saxlanmasını və uçotunu həyata keçirən 6 dövlət arxivi (Azərbaycan Respublikası Dövlət Arxivi, Dövlət Tarix Arxivi, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Dövlət Elm və Texnika Sənədləri Arxivi, Dövlət Kino-foto Sənədləri Arxivi, Dövlət Səs Yazıları Arxivi), eləcə də Dövlət Arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 57 rayon (şəhər) dövlət arxivi fəaliyyət göstərir. Bu arxivlərdə 15000-dən artıq fond, 3,7 milyona yaxın saxlama vahidi, 650 milyon vərəqdən artıq kağız əsaslı, 450 minə yaxın kino-foto və foto-video sənəd mühafizə olunur.

Sözügedən arxiv fondlarından 163-ü Azərbaycan Xalq Cümhuriyyətinin may 1918 - aprel 1920-ci illər arasındakı fəaliyyəti dövrünə aiddir. Azərbaycan Respublikasının Dövlət Arxivində qorunan həmin fondlarda Cümhuriyyətin quruluş mərhələsini, Parlamentinin və 5 Hökumətinin Tiflis, Gəncə və Bakıdakı 23 aylıq fəaliyyətini əks etdirən 26299 saxlama vahidindən ibarət arxiv sənədləri qorunmaqdadır. Bu sənədlər, eləcə də dövlət arxivlərinin müxtəlif fondlarında və elmi-məlumat kitabxanasında mühafizə edilən sənəd və materiallar şahidlik edir ki, XX əsrin ilk iki onilliyində xalqımızın tarixində baş verən taleyüklü hadisələr - Azərbaycan Milli Şurasının yaradılması, dövlət müstəqilliyimizin rəsmi Aktı olan “İstiqlal Bəyannaməsi”nin qəbulu, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınması -  Şərqin ilk demokratik və parlamentli dövlətində baş vermişdir. Bu cahanşümul hadisələr millətimizin əsrlərboyu öz içində daşıdığı  azadlıq və müstəqillik arzusunun gerçəkləşməsinin, suveren Azərbaycan xalqının milli mənlik şüurunun özünə qayıtmasının və öz müqəddəratını təyin etməyə qadir olmasının sübutu idi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il keçməsinə baxmayaraq, dövlətçilik tariximizdəki rolu daima minnətdarlıq və qədirşünaslıqla xatırlanmış, bu mirasa böyük diqqət və ehtiramla yanaşılmışdır.  Bu gün də Cümhuriyyətin tarixi, onun görkəmli şəxsiyyətlərinin fəaliyyəti dərindən öyrənilir, ideyaları təbliğ edilir, təcrübələrindən bəhrələnilir. Ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə münasibət baxımından söylədiyi aşağıdakı sözlər xalqımızın dövlətçilik və müstəqillik fəlsəfəsini izah edir: “Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə söyləməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik”.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini davam etdirən xalqımız bu tarixi varislik üzərində öz müstəqil dövlətini yaratdı və ümummilli liderin qətiyyəti sayəsində onu qoruyub saxlamaq mümkün oldu. Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider də yetişdirdi. Bu gün respublikamızda bütün sahələrdəki dayanıqlı sosial-iqtisadi inkişaf və uğurlar, ictimai-siyasi sabitlik və dövlətimizin dünyada artan nüfuzu müstəqilliyimizin, eləcə də ulu öndərin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik keyfiyyətlərinin, öz xalqına qəlbən bağlılığının, milli dövlətçilik fəlsəfəsinə, azərbaycançılıq ideologiyasına və bütün demokratik ənənələrə sadiqliyinin bəhrəsidir.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökumətlərinin fəaliyyəti dövrünə aid əvəzsiz mənbə olan arxiv sənədləri və  materialları ilk dəfə toplu halda 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 1998-ci il 30 yanvar tarixli  və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” 1998-ci il 22 fevral tarixli Sərəncamlarına əsasən işıq üzü görmüşdür. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi,  tarix elmləri doktoru Ataxan Paşayevin redaktorluğu və bilavasitə rəhbərliyi ilə hazırlanan  və ümumi həcmi 5000 səhifəyə yaxın olan 6 adda 7 cildlik topluda Azərbaycan Xalq Cümhuriyyətinin dövlət idarəçiliyi, qanunvericilik fəaliyyəti, daxili və xarici siyasəti, ordu quruculuğu, hüquq-mühafizə sistemi və başqa mühüm sahələrdə gördüyü işlər geniş əksini tapmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənmək üçün oxucuların və tədqiqatçıların ixtiyarına verilmiş bu misilsiz çoxcildlik mənbə ulu öndərin Azərbaycan tarixinin şanlı səhifələrini yazan dövlət xadimlərinin şərəfinə ucaltdığı ilk möhtəşəm abidə idi.

Azərbaycan Xalq Cümhuriyyəti şərəfinə sonrakı tarixi əhəmiyyətli tədbirlər - 25 may 2007-ci ildə Bakıda ucaldılmış “İstiqlal Bəyannaməsi” abidəsinin açılışı, ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın nəşri, “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” 2008-ci il 15 fevral tarixli və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamlar Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, xalqımızın tarixi keçmişinin öyrənilməsini və dövlət müstəqilliyimizin təbliğini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 illik fəaliyyəti dövründə həyata keçirilmişdir.

Prezident İlham Əliyevin ölkəmizin ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 10 yanvar 2018-ci il tarixli Sərəncamında 100 il əvvəl mayın 28-də Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Azərbaycan xalqının həyatında misilsiz hadisə kimi qiymətləndirilir. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı qeyd edilir. Prezident İlham Əliyevin yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə fikirləri xalqımıza, onun tarixinə və bu gününə verilən ən gözəl dəyərdir: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.

Müstəqillik illərində Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv fondlarında mühafizə olunan sənəd və materiallardan 200-dən artıq elmi tədqiqatçı istifadə etmiş, dissertasiya, monoqrafiya və məqalələr yazmışlar. Milli Arxiv İdarəsi və Dövlət arxivləri əməkdaşları tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinə dair çoxcildlik sənəd topluları hazırlanmış, yüzlərlə elmi və publisistik məqalə qələmə alınmışdır. “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə də çoxşaxəli tədbirlər həyata keçirilir, toplular tərtib edilir, kitablar və məqalələr yazılır. Əminik ki, bütün bunlar şanlı tariximizin daha dərindən öyrənilməsinə, xalqımızın, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli dövlətçilik və azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsinə xidmət edəcəkdir.

 





28.05.2018    çap et  çap et