525.Az

"Cümhuriyyət tariximiz - qürurumuzdur"


 

BİLİK FONDU AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNƏ SİLSİLƏ TƏDBİRLƏR HƏSR EDİR

"Cümhuriyyət tariximiz - qürurumuzdur" <b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələn tələblər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən uğurla həyata keçirilir.

Bilik Fondu 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunduğunu nəzərə alıb, Şərqdə ilk dəfə qurulan demokratik respublika haqqında əhalinin daha dolğun bilgilərlə təmin olunması məqsədilə silsilə tədbirlər keçirir.

Bu tədbirlər həm məzmununa, həm coğrafiyasına, həm də xarakterinə görə müxtəlifliyi ilə seçilir.

Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova və mətbuat katibi Ceyhun Musaoğlu qurumun Xalq Cümhuriyyətinə həsr etdikləri tədbirlər barədə maraqlı fikirlər söyləyiblər.  

- Yəqin ki, Cümhuriyyətə həsr olunan tədbirləriniz hansısa plan əsasında gerçəkləşir.

- X.Hüseynova: Əlbəttə. Cənab Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli Sərəncamından sonra Bilik Fondunun İdarə Heyəti toplandı. Müzakirələr nəticəsində belə qərara  gəldik ki, öncə Fondun əməkdaşları Cümhuriyyət barədə maariflənsinlər. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova qonağımız oldu və demokratik respublikamız haqqında çox maraqlı bilgilər əldə etdik. Əməkdaşlarımız alim və mütəxəssislərlə birgə mühazirələrə, görüşlərə, təqdimatlara cəlb olunanda bu bilgilər gərəyimiz oldu.

- C.Musaoğlu: Firdovsiyyə xanım, həqiqətən, faktlara əsaslanan bilgilərini bizimlə bölüşdü. Müzakirələrin nəticəsi olaraq, "Cümhuriyyət tariximiz - qürurumuzdur" layihəsini hazırladıq və bu layihə çərçivəsində yola çıxdıq. Ümumiyyətlə, Bilik Fondu bütün maarifləndirici tədbirlərini qabaqcadan hazırlanmış və İdarə Heyəti tərəfindən təsdiq olunmuş proqramlar çərçivəsində gerçəkləşdirir.

- X.Hüseynova: Cümhuriyyətə həsr olunan tədbirlərimiz davam etməkdədir. İndiyədək 70-ə yaxın tədbir keçirmişik. Müxtəlif rayonlardan gələn sosial sifarişlər onu deməyə əsas verir ki, bu rəqəmi ilin sonuna qədər ən azı 100-ə çatdıracağıq. Keçirdiyimiz tədbirlərin 6-sı elmi-praktik konfrans, 2-si beynəlxalq konfrans, 1-i "dəyirmi masa" formatında olub. Digərləri mühazirələr, film nümayişləri, kitab təqdimatlarıdır.

- C. Musaoğlu: Konfranslara bir sıra dövlət qurumları da dəstək verib. "Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik" mövzusunda elmi konfrans AMEA-nın Fəlsəfə İnstitutu, "Cümhuriyyət tariximiz - qürurumuzdur" mövzusunda konfrans AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu və Şabran Rayon İcra Hakimiyyəti, "Soyqırım hadisələri müasir elmi araşdırmalarda" mövzusunda Beynəlxalq Elmi Konfrans Gürcüstanın Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstan Milli Elmlər Akademiyası, "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda elmi-praktik konfrans Şamaxı Rayon İcra Hakimiyyəti, "Cümhuriyyətimizin 100 ili" mövzusunda elmi-praktik konfrans Şabran rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənib.

"Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda" III Beynəlxalq Şagird Konfransı və  "Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə" mövzusunda elmi-praktiki konfranslar Fondun təşkilatçılığı ilə keçirilib.

- X.Hüseynova: Konfranslarda həm yerli, həm də xarici ölkə alimləri məruzələr ediblər. İştirakçılar Cümhuriyyət dövrünün araşdırılaraq öyrənilməsi və təbliğ edilməsinə xidmət edən çıxışları böyük maraqla qarşılayıblar. Alimlər ilk demokratik dövlətin Türk dünyasına nümunə olduğunu bildiriblər. Konfranslarda geniş fikir mübadiləsi aparılıb, tarixi gerçəkliklərdən həm də nəticə çıxarılması tövsiyə olunub. Əsas məqsədimiz maarifləndirmədir və demək olar ki, hər dəfə bu məqsədimizə nail ola bilirik.

- C.Musaoğlu: Yeri gəlmişkən, mayın 21-də AMEA-nın Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin iştirakı ilə "Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft amili" mövzusunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində "dəyirmi masa" təşkil etdik. Tədbirdə İnstitutun gənc alimləri maraqlı məruzələr səsləndirdilər. Kollecin rəhbərliyi bu məruzələrdən dərs prosesində də istifadə olunacağını vurğuladı. Bu yanaşmadan çox razı qaldıq. Deməli, gördüyümüz işin real təsiri oldu.

- Bəs mühazirələriniz hansı bölgələri əhatə edib?

- X.Hüseynova: 2018-ci ilin yanvar ayından başlayaraq, Bilik Fondu Oğuz, Xızı, Şamaxı, İsmayıllı, Şəmkir, Şabran, Salyan, Quba, Qusar, Cəlilabad, Masallı, Abşeron rayonları və Gəncə şəhərində, paytaxtın Binəqədi, Suraxanı, Xəzər, Səbail, Nizami, Yasamal, Xətai, Sabunçu, Qaradağ, Nəsimi, Nərimanov rayonlarında, eləcə də Türkiyə, Rusiya və Gürcüstanda alim və tədqiqatçıların, millət vəkilləri və tanınmış jurnalistlərin mühazirələrini təşkil edib. Bu mühazirələrin təşkilində Fondun yerli nümayəndələri və Bilik evləri yaxından iştirak ediblər. Mühazirələrdən faydalananların sayı 10 mini keçib.

Fondun Monitorinq və proqnozlaşdırma qrupu və Sosioloji Sorğu Mərkəzi tədbirlərin monitorinqini aparıb, iştirakçılar arasında sorğular keçiriblər. Məlum olub ki, "Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycan Respublikasına aparan 100 il",  "Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixində yeri və rolu", "Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçiliyin ideya əsasları və varislik", "Cümhuriyyət tariximiz və müasirlik", "Cümhuriyyət Parlamentinə gedən yol", "Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti", "Müasir Azərbaycan - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir", "Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil", "Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri", "AXC dövründə qadınlar", "Tarixin 100 ili - 100 ilin tarixi", "Cümhuriyyət dövrü ədəbiyyatı və onun təmsilçiləri", "Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər", "Azərbaycan Xalq Cümhuriyyəti sənədli filmlərdə", "Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan ədəbiyyatında", "Əhməd Cavad - İstiqlalımızın tərənnümçüsü", "Cümhuriyyət dövrü və mətbuat", "Cümhuriyyət dövründə musiqi" və başqa adını çəkmədiyim mövzular, xüsusən, dinləyicilərin böyük marağına səbəb olub.

- Onda sizdə mühazirələri maraqla qarşılanan alimlərin də adları olmamış deyil...

- C.Musaoğlu: Əlbəttə müəyyənləşdirmişik. Öncədən onu deyim ki, Bilik Fondunun Lektorlar qrupunun üzvləri olan alim və mütəxəssislərin sayı 400-dən artıqdır. Biz onların hər birinə yüksək dəyər və qiymət veririk. Sadəcə çıxışları ilə auditoriyanın marağına səbəb olan bir neçə lektorun adını xüsusi ilə çəkmək olar. Alim və tədqiqatçılardan Möhsün Nağısoylu, Misir Mərdanov, İlham Məmmədzadə, Anar İsgəndərli, Tofiq Mustafazadə, Alxan Məmmədov, Firdovsiyyə Əhmədova, Qalib Sayılov, Yeganə İsmayılova, Nuridə İsmayılova, Nardanə Yusifova, Boran Əziz, Mətanət Şəkixanova, millət vəkilləri Aydın Mirzəzadə, Hikmət Babaoğlu, KİV rəhbərləri Rəşad Məcid, İlham Quliyev, Vüqar Rəhimzadə, Akif Aşırlı auditoriyanın həsrətlə gözlədiyi mühazirəçilərimizdəndir.

- Bəs hansı filmlərin təqdimatlarını keçirmisiniz? Cümhuriyyət ilinə həsr olunan nəşrləriniz olubmu?

- X.Hüseynova: Bilik Fondu ilə "ARB Aranfilm" studiyasi arasında əməkdaşlıq çərçivəsində sənədli filmlərin mütəmadi olaraq müxtəlif məkanlarda nümayişini təşkil etmişik. "Sarmaşıqlı məzarlar", "Parisdən məktublar", "Gizli istiqlalçılar", "Həqiqətin özü", "Düdəngədən Münhenə" filmləri tamaşaçıların marağına səbəb olub. KİV bütün bu təqdimatları geniş şəkildə işıqlandırıb. 

- C.Musaoğlu: Bilik Fondunun Ölkədaxili layihələr sektoru tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti: 100 suala 100 cavab" adlı məlumat kitabçası tərtib edilib və tarixçi alimlər tərəfindən çapa tövsiyə olunub. Bununla yanaşı, Cümhuriyyətə həsr olunmuş şagird konfransının materilları da nəşrə hazırdır.

- X.Hüseynova: Sektorun nəzdində fəaliyyət göstərən Sosioloji Sorğu Mərkəzi ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra orta, orta-ixtisas və ali məktəblərdə təhsil alan yüzlərlə yeniyetmə və gəncin iştirakı ilə "Gənclikdən soraq" layihəsi çərçivəsində "Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz" mövzusunda bilik yarışmaları keçirir.

Maarifləndirici tədbirlərimiz davam etdirilir. Bilik Fondunun dəstəyi ilə bölgələrdə fəaliyyət göstərən Oğuz, Qax, Şəmkir, İsmayıllı, Ağdaş, Astara, Ağstafa, Tərtər və Nardaran Bilik evlərində, Bilik Fondunun nəzdində fəaliyyət göstərən "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubu və "Gənc jurnalistlər" Klubunda mütəmadi tədbirlər hazırlanır.

"Azərbaycan Xalq Cümhuriyyəti İli"nin başa çatmasına hələ çox var. Qarşıda bizi yeni konfranslar və elmi seminarlar, silsilə mühazirələr və müzakirələr, film və kitab təqdimatları, intellektual müsabiqələr və elmi turlar gözləyir.

Alim və tədqiqatçıları qürurumuz olan Cümhuriyyət tariximizlə bağlı maarifləndirmə işində bizə dəstək göstərməyə, gənclərimizi bu dəstəkdən faydalanmağa dəvət edirik.

 





30.05.2018    çap et  çap et