525.Az

Şanlı nəslin unudulmaz yadigarı – “Poeziyamızın Şah Nigarı”- Fotolar


 

Şanlı nəslin unudulmaz yadigarı – “Poeziyamızın Şah Nigarı”- <b style="color:red">Fotolar</b>

Xəyalə ƏFƏNDİYEVA

 İyulun 9-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbi-bədii, fəlsəfi-estetik fikir tarixində böyük xidmətləri olan, öz zərif, bənzərsiz şeirləri ilə milli poeziyamızı zənginləşdirmiş Xalq şairi Nigar xanım Rəfibəylinin 100 illik yubileyilə bağlı “Azərbaycan ədəbiyyatında mübariz qadın obrazı və qadın şairlərimiz” mövzusunda respublika elmi konfransı keçirildi. Konfransda respublikanın görkəmli fikir adamları – Xalq yazıçısı Anar, professor Tofiq Məlikli, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, şair Çingiz Əlioğlu və başqaları  iştirak edirdilər.

Konfransın bədii hissəsini giriş sözü ilə muzeyin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov açaraq qonaqları salamladı və Nigar xanım Rəfibəyli ilə bağlı düşüncələrini bölüşdü: “Nigar xanım Azərbaycanın həm ədəbiyyatında, həm də ictimai-siyasi fikir tarixində böyük xidmətləri olan bir ziyalıdır. Onun mənsub olduğu böyük nəsil – Rəfibəylilər nəsli Azərbaycanın istiqlalı, azadlıq mücadiləsi yolunda böyük və əvəzsiz xidmətlər göstəriblər. Rəfibəylilər nəslinin digər nümayəndələri kimi Nigar xanım da çox fırtınalı, təlatümlü bir həyat yaşayıb. Amma hər zaman, hər addımında, rejimin hansı çətinlikləri ilə üzləşməsinə baxmayaraq, bu adın və bu soyadın ucalığını, böyüklüyünü, seçkinliyini qoruyub saxlayıb. Bu gün bu işıqlı ziyalının 100 illik yubileyinin məhz burada – Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilməsi də təsadüfi xarakter daşımır. Əslində bu, bir rəmzdir. Belə ki, Nigar xanım dəfələrlə bu muzeydə olub və onun bir çox əlyazmaları indi də muzeyimizdə qorunub-saxlanılır. Nigar xanımın övladı, Azərbaycanın Xalq  yazıçısı Anar ilk dəfə məhz bu muzeydə əmək fəaliyyətinə başlayıb.  Rəfibəylilər nəslinin daha bir görkəmli nümayəndəsi Cavad Rəfibəyli də burada çalışıb. Cavad bəy Azərbaycan ictimai fikir tarixində misilsiz xidmətlər göstərmiş ziyalı olub. Amma təəssüflər olsun ki, məhz Rəfibəyli soyadı daşıdığına görə sürgün olunub, sürgündən qayıtdıqdan sonra isə ona yalnız Gəncədə orta məktəbdə ibtidai siniflərə rus dili müəllimi işləməyə icazə veriblər. Nigar xanım məşəqqətlərlə üzləşsə belə bu onun yaradıcılığına qətiyyən mənfi təsir göstərmirdi. Əksinə, Nigar xanım heç vaxt bu miskinlərə fikir vermir, özündə güc tapıb gözəl şeirlər yazırdı.

Nigar xanımın həm ana babası, həm də ata babası çox sayılan, hörmətli el ağsaqqalları, müdrik insanlar olub. Ata babası Ələkbər kişi millət fədaisi idi. Məmməd Səid Ordubadi “Qanlı sənələr”i yazanda  erməni qırğını ilə bağlı bütün faktları dəqiqliyi ilə yazmaq üçün Ələkbər kişiyə müraciət edirdi. Ələkbər kişi o qədər milli yanğılı, vətənpərvər bir adam idi ki, bunların hamısını detallarına qədər bilirdi və istər sözdə, istər əməldə mübarizəsindən qalmırdı.

Ələkbər kişinin oğlu, Nigar xanımın atası Xudadat bəy bu millət üçün canını fəda edənlərdən olub. O, Avropada təhsil almış ilk azərbaycanlı alitəhsilli cərrah idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Nazirlər Kabineti formalaşarkən ilk səhiyyə nazirimiz Xudadat bəy Rəfibəyli oldu. O, həm də Gəncənin general-qubernatoru idi. Amma çox keçmədi ki, Azərbaycan Cümhuriyyətinin başı üzərindən qara yellər əsməyə başladı, Xudadat bəy Rəfibəyli, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli istiqlal yolunda qurban getdilər.

Bundan sonra Xudadat bəyin soyadını bu nəslin üstündə bir damğa kimi görməyə başladılar. Rəfibəylilərin böyük hissəsi ölkədən didərgin düşdü. Sovet hökuməti həmişə bu nəsli, bu kimi bir sıra nəsilləri özünə düşmən bildi və onlara təzyiqlər göstərməyə davam etdi. Bütün bu təzyiqlərə baxmayaraq, Nigar xanım həmişə bu möhtəşəm soyadını qoruyub saxladı və ona sadiq qaldı. Sovet dövründə rejim onlara düşmən olsa da, belə bir dönəmdə Nigar xanım Xalq şairi fəxri adına layiq görüldü.

Nigar xanım heç bir təzyiqə əyilmədən, “danosbazlara” fikir vermədən, yorulmadan yazdı, yaratdı, tarixdə yaşadı, şeirləri ona “qoşa qanad” oldu, şeirləri ilə uçdu, səmalarda pərvazlandı. Onun xatirəsi həmişəlik bu millətin qəlbində yaşayacaq”.

Rafael Hüseynovun bu duyğulu çıxışı konfrans iştirakçılarının gözləri önündə Nigar xanımın cəsur, mərd, məsum və şairanə obrazını canlandırdı. Sonra Nigar xanım Rəfibəyli ilə Rəsul Rzanın öz ifalarında şeirləri səsləndirildi və onların birgə həyatının “əbədiləşən anlar”ı – xatirə rəsmləri təqdim olundu.

Daha sonra Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov Nigar xanımla bağlı xatirələrini paylaşdı: “Əgər bu konfrans 10-15 il öncə keçirilsəydi, onda Nigar xanımı tanıyan, onunla bir mühitdə işləyən dostları, yoldaşları, həmkarları, rəfiqələri də iştirak edərdi. Çox təəssüflər olsun ki, bu gün Nigar xanım və onun bir çox yaxınları, əzizləri bizim aramızda yoxdur.

1981-ci ilin iyul ayı idi. Nigar xanım dünyasını dəyişmişdi. Sağlığında ondan “əl çəkməyən” mənasızlar həyatdan gedəndən sonra da Nigar xanım haqqında danışmaqdan yorulmurdular. Günlərin birində Heydər Əliyev məni çağırıb dedi ki, Həsən, deyirlər, Nigar xanımın yasında Anar molla dəvət edib, Quran oxudub. Bunu dəqiqləşdir, öyrən. Mən də Anar müəllimdən soruşdum. O dedi: “Bəli, Həsən, mən anamın yasına molla da dəvət etmişəm, Quran da oxutmuşam. Birinci, bu, mənim anamın vəsiyyəti idi. İkinci də öz arzum idi”. İndi gənclərə məntiqsiz görünə bilər ki, bu nə deməkdir, yasda molla gəlib Quran oxuyar da. Amma bizim yaşadığımız həmin dövr elə idi ki, bu cür şeylər yasaq olunmuşdu. Belə bir zamanda Anar müəllimin bu addımı çox-çox cəsarətli bir addım idi. Bu sanki zamana meydan oxumaq demək idi. Mən Anara dərin təşəkkürümü bildirirəm. Ona görə ki, anası Nigar xanımın, atası Rəsul müəllimin işıqlı yolunu şərəflə davam etdirir. Onların adının ucalığını və böyüklüyünü ləyaqətlə qoruyur”.

Tədbirin aparıcısı, professor Rafael Hüseynov Nigar xanımın təkcə özünün deyil, bütövlükdə ailəsinin üzləşdiyi acı gerçəkliklərdən danışdı: “1929-cu ildə Nigar xanımın qardaşı Kamil bəy Azərbaycanı tərk edib mühacir həyatı yaşamağa məcbur oldu. XX yüzildə bu nəsil 9 dəfə repressiya olunub. Amma onlar sürgündə də, məhbəsdə də öz mərdliyini qoruyub saxladı.

O zaman Əliheydər Qarayev “Madam, madmazel və cənab Rəfibəyov” adlı bir məqalə yazmışdı. Madam deyəndə Nigar xanımın anası Cəvahir xanımı, madmazel deyəndə onun özünü, cənab deyəndə isə atası Xudadat bəyi nəzərdə tuturdu.  Bundan sonra artıq ailəyə qarşı belə təzyiqlər başlandı. Bir-birinin ardınca ikrah doğuran məqalələr yazılır, onlara qətiyyən layiq olmadığı sözlər ünvanlanırdı. O zaman Nigarın cəmisi 17 yaşı var idi. Və 17 yaşlı bu qız kişi kimi özünün, atasının, ailəsinin haqqını, mövqeyini müdafiə elədi. İndi Həsən Həsənovun dediklərindən də aydın görürsünüz ki, nəinki onun sağlığında, hətta dünyasını dəyişəndən sonra da Nigar xanımla bağlı təzyiqlər vardı. 7 yaşından atasız qalan bu körpə qızcığaz həyatın bütün acılarını yaşadı, amma sınmadı, əyilmədi, imkan vermədi ki, keçirdiyi faciələr onun içində kin, nifrət toxumu səpsin. Nigar xanım həyatı boyunca öz zərifliyini qorudu, saxladı. Həmişə güllərdən, çiçəklərdən, təbiətin gözəlliklərindən, ülviyyətdən yazdı. Düşdüyü bütün bəlaların içində gözəlliyi axtarıb tapmağı və nəzmə çəkməyi bacardı”.

Xalq şairi Nəriman Həsənzadə özünəməxsus həssaslıqla və kövrək notlarla çıxışına başladı: “Bu gecə Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün xüsusi bir gecədir. Çünki biz əsrlər, qərinələr keçsə də, heç zaman unudulmayacaq, öz əməlləri ilə bu xalqın yoluna nur çiləyən gözəl bir xanımın xatirəsinin işığına toplaşmışıq. Belə bir təşəbbüs göstərdiyi üçün ilk öncə konfransın təşkilatçısı Rafael müəllimə dərin təşəkkürümü bildirirəm. Bir də ona görə təşəkkür edirəm ki, “Rəfibəylilər” haqqında dəyərli bir əsər yazıb. Bu kitab həm də Azərbaycanın Cümhuriyyətinin tərcümeyi-halıdır.

Nigar xanım həyatım boyunca mənə çox böyük yaxşılıqlar edib. Mən hərbi xidmətdə olanda xəbər gəldi ki, anam rəhmətə gedib. Mənim də həyatda anamdan başqa kimsəm yox idi. Elə çiynimdə avtomat birbaşa evimizə yollandım. Anamı dəfn etdim, yasdan sonra hərbi hissəyə qayıdanda eşitdim ki, məni hərbi tribunala veriblər. O vaxt bunun cəzası azı 10 il həbs idi. Amma rəhmətlik Nigar xanım və Rəsul müəllim generala müraciət etdilər ki, onun heç kimi yoxdur və xahiş etdilər, mən həbs cəzasından xilas oldum. Nigar xanım bu cür hamının dərdinə yanan, qayğıkeş bir qadın idi. Onların mənim həyatımda çox böyük rolu olub.

Bir əli mətbəxdə, qabda-qaşıqda, bir əli həmişə oğul-uşaqda və Rəsul Rzanın üstündə olurdu. Amma bütün bunlarla yanaşı ürəkləri oxşayan, bənzərsiz şeirlər yazır və orijinaldan – Hüqodan, Nazim Hikmətdən, Voyniçdən, Çexovdan, Şevçenkodan bədii tərcümələr edirdi.

Mən əminəm ki, illər keçsə də, Nigar xanım, onun əziz xatirəsi, yaratdığı əsərlər ürəklərə yol tapacaq, söz sərraflarının qəlbində yaşayacaq və Nigar Rəfibəyli ömrü gələn nəsillərə bir nümunə olacaq”.

Tədbirin bu məqamında Rafael Hüseynov Nigar xanımla bağlı maraqlı və diqqətçəkən bir məqama toxundu: “Məndə Nigar xanımın iki fotosu var, birində skripka çalır, birində piano. Digər fotoda isə Rəsul müəllim tar çalır. Ümumiyyətlə, bu ailə musiqiyə ürəkdən bağlı idi. Nigar xanımın ruhunda musiqidən gələn bir zəriflik var idi. O, üz tutduğu hər bir həyat hadisəsinə təkcə şeir yazmırdı, nəğmə bəstələyirdi. Onun şeirlərinə böyük Cavidin nakam oğlu, Ərtoğrul Cavid gözəl nəğmələr bəstələmişdi. İndi də şairənin şeirlərinə musiqi yazılır, nəğmələr bəstələnir. Bu sənətkarlardan biri – hörmətli Faiq Sücəddinov bu məclisdə iştirak edir”.

Nigar xanımın şeirlərinə nəğmələr qoşan bəstəkar Faiq Sücəddinov pianoda ifasıyla şairənin xatirəsini andı. Daha sonra bəstəkar pianoda Nigar Rəfibəylinin “Ana” şeirinə bəstələdiyi nəğməni müşayiət etdi. Onun müşayiətini və əməkdar artist İlqar Muradovun ifasını iştirakçılar rəğbətlə qarşıladılar.

“Ana” mahnısından sonra  Azərbaycanın Milli Dram Teatrının aktrisası Münəvvər Əliyevanın ifasında Nigar xanımın “Sənsiz” şeiri gurultulu alqışlara səbəb oldu.

Rafael Hüseynov Nigar xanımın ailəsindən olan general-mayor Akif Rəfiyevə söz verməmişdən əvvəl bir məqamı xatırlatdı: “30-cu illərdə Rəfibəylilərə qarşı dəhşətli repressiyalar baş verirdi. Sovet rejimi bu soyadı daşıyanlara düşmən kimi baxırdı. Amma Nigar Rəfibəyli bu soyadı daşıya-daşıya Xalq şairi oldu, onun qohumu Akif Rəfiyev general-mayor rütbəsinəcən ucaldı”.

General Akif Rəfiyev isə qonaqlara Nigar xanıma aid çox xoş xatirələrini paylaşdı: “1955-ci il idi. Bakıya universitetə sənədlərimi verməyə gəlmişdim. Hüquqşünas olmaq istəyirdim. Qəbul imtahanı zamanı rəhmətlik Həmid Araslı və Cəfər Xəndan soyadıma görə məni tanıdılar, bildilər ki, Nigar xanımın qohumuyam, Nigar xanımın soyadını daşıdığıma görə mənə qiymət yazıb imtahandan keçirdilər. Mən onda Nigar xanımın nə qədər böyük hörmət sahibi olduğunu gördüm.

Bir dəfə Rəsul Rza mənə danışdı ki, akademiyada Üzeyir bəylə rastlaşdım. Üzeyir bəy dedi ki, Rəsul, bilirəm, sən Nigara biganə deyilsən, amma bu namərdlər onun haqqında məqalə-filan yazırlar. Bilirsən ki, o, Xudadat bəy kimi böyük bir şəxsiyyətin qızıdır. Böyük bir nəslin övladıdır. Onu qoru, Rəsul!”

Çıxışının sonunda A.Rəfiyev muzeyin rəhbərliyinə, ailəsi adından, mənsub olduğu nəslin adından, belə bir gecə təşkil etdikləri üçün təşəkkürünü bildirdi.

 “Yada düşdü” jurnalının baş redaktoru, yazıçı Nahid Hacızadə çıxışında Nigar xanımı “Poeziyamızın Şah Nigarı” adlandırdı və qeyd etdi ki, jurnalın yeni sayında Nigar xanımın 100 illiyi münasibətilə “Qəlbimizdə yaşayan sözlər” rubrikasında onun “Sənsiz” şeirini və Rəsul Rza ilə birgə şəkillərini oxuculara təqdim ediblər.

Sonra tanınmış sənətkar Rizvan Sədirxanov Rəsul Rzanın “Görmədim” şeirinə bəstələdiyi mahnını oxudu.

Xalq artisti, professor Amaliya Pənahova da Nigar xanımla bağlı dəyərli fikirlər söylədi: “Nigar xanımın qəlbi elə böyük məhəbbətlə dolu idi ki, bu, onun şeirlərində də özünü göstərir. Keşməkeşli həyat yolu, düşdüyü fırtınalar onu sındırmadı, daha da mətinləşdirdi. Biz keçmişə baxdıqca onun varlığı ilə fəxr edir, qürur duyuruq. Onun həyatı bizim gəncliyimiz üçün dəyərli örnəkdir”. Aktrisa öz çıxışını Nigar xanımın “Günəşdən gənclik istədim” şeiri ilə yekunlaşdırdı.

Milli Dram Teatrının aktrisası Münəvvər Əliyevanın övladı, 9 yaşlı Həcər Əliyeva Nigar Rəfibəylinin “Durna oluram gecələr” şeirini söylədi. Balaca Həcərin Nigar Rəfibəyli poeziyasını bu cür duyması tədbir iştirakçılarını təsirləndirdi.

Şair Fikrət Sadıq Nigar xanımın sözə həssas münasibətindən, şairənin incə və zərif ruhundan, gözəl şeirlərindən söz açdı.

Azərbaycan jurnalının baş redaktoru İntiqam Qasımzadə Nigar Rəfibəylinin   onun ailəsinə doğma adam olduğunu vurğuladı: “Bizim ailənin qurulmasında, atamla anamın qovuşmasında, taleyində Nigar xanımın böyük rolu var. Bizim ailəmizə onun nurundan, işığından pay düşüb. Mənim valideynlərim Nigar xanımı özlərinə böyük bacı biliblər. Onun zövqü o qədər gözəl olub ki, atam anamın bəxt üzüyünü  seçməsini Nigar xanıma həvalə edib.

İnsanların ən kamili gözəllik xüsusiyyətlərini özündə cəmləşdirən insandı. Nigar xanım həm zahirən, həm də daxilən gözəl insan olub. Onun insaniyyəti kimi, yaradıcılığı da yüksək səviyyədə olub. Onun yaradıcılığının sirri, sehri, sadəliyində, gözəlliyində, səmimiliyindədir”.

Şair Çingiz Əlioğlu Nigar xanımın yaradıcılığında dünya poeziyası ilə səsləşmələrdən söz açdı və rus şairəsi Anna Axmatova ilə Nigar Rəfibəyli yaradıcılığı arasında paralellərdən danışdı.

Konfransın açılış hissəsinin sonunda Rafael Hüseynov Xalq yazıçısı Anara xüsusi təşəkkürünü bildirdi: “Rəsul Rza və Nigar Rəfibəylinin layiqli övladı Anar müəllimə dərin təşəkkürümü bildirirəm, ona görə ki, o ocağın, o evin işığını  sönməyə qoymayıb, daha da şölələndirib. Onların adının ülviyyətini qorumaq üçün hər cür çətinliklərə sinə gərib və Rəsul müəllimlə Nigar xanıma çox layiqli övlad olub”.

Xalq yazıçısı Anar tədbirin sonunda bütün qonaqlara minnətdarlığını bildirdi: “Qonaqlara, muzeyin əməkdaşlarına, tədbir təşkilatçılarına təşəkkür edirəm ki, mənim anamın xatirəsini hörmətlə anıblar, belə möhtəşəm bir konfrans təşkil ediblər. Bu gün tədbirin məhz Nizami Muzeyində keçirilməsi bir növ rəmzi xarakter daşıyır. Cümhuriyyət dövründə babam Xudadat bəy səhiyyə naziri olduğu üçün buraya köçüblər, anam 5 yaşında olanda burda yaşayıb. Ona görə bu muzey mənimçün doğmadır.

Mən, ailəmiz adından, anamın xatirəsinə bu cür ehtiram bəslədiyiniz üçün    hamınıza təşəkkür edirəm”.

Daha sonra konfrans “Xalq şairi Nigar Rəfibəylinin ədəbiyyatımız və ədəbi əlaqələrimizdə yeri”, “Azərbaycan ədəbiyyatında qadın mövzusu və yazıçı qadınlarımız” adlı bölmə iclaslarında öz işini davam etdirdi.

Bölmə iclasını giriş sözü ilə açan professor Rafael Hüseynov “Tarix boyu şeirimizdə qadın obrazı və qadın şairlərimiz” mövzusunda maraqlı bir məruzə ilə çıxış etdi: “Azərbaycan ədəbiyyatında Məhsəti Gəncəvidən başlayaraq istedadlı, mübariz qadın sənətkarlar olub. Xurşudbanu Natəvan, Hökümə Bülluri, Mədinə Gülgün, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, Tahirə Qürrətüleyn  ədəbiyyatımızın parlaq nümayəndələri olub. Nigar Rəfibəylinin ədəbi irsi  qadın dünyasının gözəllikləri, sirləri, əsrarəngiz mövzuları ilə yanaşı, həm də ictimai məzmunu ilə diqqəti cəlb edir.

Çağdaş dövrümüzdə bu ədəbi nəslin istedadlı və layiqli davamçıları vardır ki, onlardan biri – “525-ci qəzet”in yazarı, istedadlı nasir, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Pərvin Nurəliyeva bu konfransda iştirak edir. Onun çıxışından əvvəl bir məqamı qeyd etmək istəyirəm ki, Pərvin Rəsul Rza və Nigar Rəfibəyli irsinə çox həssaslıqla yanaşan, onları duya bilən bir gəncdir. O, həm də Nigar Rəfibəylinin çapa hazırlanmış “Seçilmiş əsərləri”nə ön söz yazıb”.

Pərvin Nurəliyeva “Nigar Rəfibəyli yaradıcılığında məsuliyyət və reallıq” mövzusunda  dərin, əhatəli və duyğulu bir məruzə ilə çıxış etdi: “Qadın olmaq hər şeydən öncə  məsuliyyətdir.  Nigar xanım üçün bu məsuliyyət üçqat idi: Xudadat bəyin qızı, Rəsul Rzanın xanımı və Anarın anası olmaq...

Baxmayaraq ki, Nigar xanım yer adamı deyildi, onun ruhu göylərdəydi, amma o, yeri də, göyü də, reallığı da, üzərinə düşən bütün məsuliyyətləri tam mənası ilə dərk edirdi.

Təəssüfər olsun ki, bu gün ədəbiyyata gələn gənc xanım yazarlarda məhz bu duyğu çatışmır. Son illər istər prozada, istər poeziyada az-çox tanınan kimi gənc xanımlar belə düşünürlər ki, sənətdə hansısa kiçik bir uğur qazandınsa, şəxsi həyatı tamamən bir kənara qoymaq, bütün məsuliyyəti boynundan atmaq lazımdır. Əslində isə belə deyil. Bu mənada Nigar xanım bizim üçün örnəkdir. Nigar xanımın həyat yolu və yaradıcılığı bizə sübut etdi ki, zamanını, ruhunu, gücünü ailəsinə, övladlarına ayırmaq, neçə-neçə şeiri onlara qurban verməklə də ədəbiyyatda qalmaq, əbədiyyət qazanmaq olar”.

Fikirlərini əsaslandıran məruzəçi bununla bağlı Nigar Rəfibəyli yaradıcılığından misallar gətirdi, onun şeirlərindən, çap olunmuş gündəliklərindən parçalar oxudu. Konfrans iştirakçılarının diqqətlə dinlədikləri məruzə ətrafında maraqlı müzakirə aparıldı. 

Daha sonra konfrans Xatirə Bəşirlinin “Nigar Rəfibəylinin Nizami muzeyində qorunan əlyazmaları”, Kəmalə Nəbiyevanın “Nigar Rəfibəyli poeziyasında müraciətlərin emotiv-aksioloji funksiyası”, Səba Namazovanın “Nigar Rəfibəylinin poetik dünyası”, Yaşar Qasımbəylinin “Özbək və Azərbaycan şeirində Nigar Rəfibəyli obrazı”, İnarə Səfiyevanın “Nigar Rəfibəyli yaradıcılığında qadın obrazları”, Sevil Məmmədəliyevanın “Nigar Rəfibəyli klassiklər haqqında”, Gülər Abdullabəyovanın “Nigar Rəfibəyli və Adam Miskeviç”, Aynur Nəcəfovanın “Anna Axmatova və Nigar Rəfibəyli” mövzusunda bir-birindən maraqlı məruzələri ilə öz işini davam etdirdi.

 





11.07.2013    çap et  çap et