525.Az

Uşaqları müdafiə etməyən dünyanın “Uşaqları Müdafiə Günü”


 

Uşaqları müdafiə etməyən dünyanın “Uşaqları Müdafiə Günü”<b style="color:red"></b>

Yazdığım hekayələrə, esselərə nəzər salarkən görürəm ki, onların böyük əksəriyyətinin ya əsas mövzusu, ya baş qəhrəmanı, ya da təhkiyəçisi məhz uşaqlardır.

Demək ki, şüuraltında məni ən çox narahat edən məsələ məhz azyaşlılarla bağlıdır. Onların həyatı, yaşantısı, düşüncələri, gələcəklərinin təminatı hər zaman bir insan və himayəçilik duyğusu ilə bütün düşüncələrimi çuğlayır.

Deyirlər, uşaqlar gələcəyimizdir. Buna görə də gələcəyimizi doğru və daha gözəl şəkildə yaratmaq onları cəmiyyətə, dövlətə, insanlara faydalı şəxsiyyət kimi formalaşdıra bilməyimizdən asılıdır. Bu mənada azyaşlılar hər zaman dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. Təsadüfi deyil ki, ilin bir günü məhz onlara həsr olunub. Təbii ki, bu diqqəti və onlara qayğını daha da artırmaq məqsədilə.

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu günün məhz 1 iyun tarixində qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də sözügedən tarixi uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Bu bayramla yanaşı, BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT-nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün qeyd edilir. Ölkəmizdə uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində saysız-hesabsız işlər görülüb və bu işlərin siyahısı ilbəil artmaqdadır. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası formalaşıb, "uşaq hüquqları haqqında" qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunudur.

Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr də həyata keçirilir.

Bu tendensiya hələ Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən yaranmağa başlayıb. O, bir dövlət başçısı kimi uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayardı. Bu, indi onun ənənələrini yaşadan və layiqli şəkildə davam etdirən Heydər Əliyev Fondunun da prioritetlərindən biridir. Fondun Prezidenti Mehriban xanım Əliyeva "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır" devizini tutaraq, çox sadə bir mərama söykənib: "Azərbaycan uşaqlarını bəxtəvər görmək".

Təsadüfi deyil ki, Fondun yarandıqdan sonra ilk ən böyük tədbiri uşaqlarla bağlı oldu. 2004-cü ilin sentyabrında  Fond nəcib təşəbbüslə 30-a yaxın uşaq evi və internat məktəbində tərbiyə alan kimsəsiz və istedadlı uşaqları sevindirdi, Səttar Bəhlulzadə adına sərgi salonunda onların "Mən Azərbaycanı sevirəm" adlı sərgisini təşkil etdi. Elə həmin tədbirlə də uşaq evi və internat məktəblərinə qayğının təməli qoyuldu. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə böyük rezonans doğurdu. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi" layihələrinin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə döndü.

Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin "Uşaq İli" elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, dövlətimiz uşaqların sabahı üçün böyük tədbirlər görür.

Bütün bunlarla yanaşı, bu gün də istər ölkəmizdə, istərsə də dünyada acınacaqlı şəraitdə yaşayan, aclıqla, səfalətlə üz-üzə qalan uşaqların sayı heç də az deyil. Xəbər proqramları, sosial media hər gün zorakılığa məruz qalan, az yaşda evləndirilən, müharibələrdə güllələr altında can verən, diləndirilən, işləməyə, pul qazanmağa məcbur qoyulan uşaqlar haqqında informasiyalarla dolub-daşır.

Bunların əsas səbəblərini araşdırsaq, o qədər mətləblər çıxar ki qarşımıza. Onlardan biri də bütün dünyanı qanlı ovuclarının içində saxlayan müharibələrdir. Azdırmı kiçicik bədənlərini kor gülləyə beşik edən körpələr?! Nə deyirlər onların adına? Şəhid uşaqlar? Uşaqdan şəhid olarmı? Onsuz da onlar mələk deyillərmi?

Nə yazıq ki, bu qədər dəyişən, inkişaf edən, müasirləşən dünyamızda hələ də balalarımızı tam mənası ilə müdafiə edəcək, qoruyacaq cəmiyyət qura bilməmişik.

Bu yazını yazarkən saytların birində elə bu mövzuyla əlaqəli bir xəbər diqqətimi çəkdi. Orada deyilirdi ki, "Save the Children" təşkilatının araşdırmasına görə, dünyada uşaqların yarısından çoxu - 1,2 milyard azyaşlı risk altındadır.

Uşaqlar əsasən yoxsulluq, müharibə və qız uşaqlarına edilən ayrı-seçkilik təhlükəsi ilə üz-üzədirlər. Hazırlanmış sənədə əsasən, 1 milyard uşaq aclığın, 240 milyon uşaq müharibənin, 575 milyon qız isə ayrı-seçkilik təhlükəsinin hökm sürdüyü ölkələrdə yaşayır. Əvvəlki illərlə müqayisədə, bu il bu riskin artmasının səbəbi kimi yardımların lazımi yerlərə vaxtında və sürətlə çatdırılmaması göstərilir.

Uşaqların ən yaxşı müdafiə olunduğu ölkələrin isə Sinqapur, Sloveniya, Norveç, İsveç və Finlandiya olduğu açıqlanıb.

Fikir verdinizsə, bu siyahının içərisində inkişaf etmiş, bütün dünyaya hökmranlıq etməkdə olan ölkələrin heç birinin adı yoxdur. Bəs əsas problem nədir? Hara baxır o ölkələr, necə inkişaf edirlər ki, körpələri belə qorumaqdan acizdirlər? Torpaq davasının, mülk hərisliyinin, siyasi oyunların içərisində boğaza qədər günaha batmış dünyanın tək xilas yolunun uşaqlara qayğı olduğundan xəbəri yoxdurmu?!

Varlıqları ilə bizləri ata, ana, xala, dayı, əmi, bibi, nənə, baba edən, xırdaca dilləri ilə adımızın qarşısına dünyanın ən gözəl statuslarını, "vəzifələri"ni əlavə edən məsumlar, sizləri həqiqi mənası ilə müdafiə edə bilmədiyimiz dünyamızda "Uşaqları Müdafiə Günü"nüz mübarək! Bu dünyada tərk dərdiniz oyuncağınızın qırılan ayağı olsun, təki qəlbiniz qırılmasın! Sizə tək diləyim Sizi sözün əsl mənasında müdafiə edə biləcəyimiz sağlam bir cəmiyyətin qurulmasıdır! Gələcək sizin olsun!

 





01.06.2018    çap et  çap et