525.Az

"Cümhuriyyətin 9 şəkli" adlı bədii-sənədli filmin təqdimatı oldu


 

"Cümhuriyyətin 9 şəkli" adlı bədii-sənədli filmin təqdimatı oldu<b style="color:red"></b>

Nizami Kino Mərkəzində "Veysəloğlu" şirkətlər qrupunun dəstəyi ilə "Cinealliance" kino şirkətinin  hazırladığı "Cümhuriyyətin 9 şəkli" adlı bədii-sənədli filmin təqdimatı keçirilib.

Film Azərbaycan Xalq Cümhuriyyətin 100 illik yubileyi münasibətilə hazırlanıb. Təqdimat mərasimində çıxış edən filmin ssenari müəllifi Orxan Fikrətoğlu qeyd edib ki, ekran işində Cümhuriyyət qurucularının həyat və fəaliyyətindən bəhs olunur: "Filmin özəlliyi baş verənlərin tarixçi, salnaməçi baxışından yox, Qafqaz İslam Ordusunun fotoqrafı olmuş sıravi əsgərin çəkdiyi fotoşəkillərin dilindən təqdim edilməsidir".

Ekran işində o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlandığını deyən ssenari müəllifi qeyd edib ki, bu şəkillər vasitəsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir: "Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir. Vizual mətnin əsas mesajı 23 aylıq möhtəşəm tarixin bir insanın düşüncə süzgəcindən keçirilməsi, bugünkü tamaşacıya bəsit dəlillərlə və çox sadə şəkildə catdırılamasıdır. Filmdə iki ilə yaxın müddət ərzində dövlət quruculuğu prosesinin bir cox sahələrə uğurla şaxələnməsi, hüquq mühafizə, məhkəmə, bank, poçt-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş uğurlar xüsusi olaraq vurğulanır".

O.Fikrətoğlu əlavə edib ki, aktyor oyunu, bədii mətnlə müşayiət olunan foto və video arxivlə bərabər rəsm cizgilərinin anidən canlanması və digər mənbəyə fokuslanması Azərbaycan kinosu ücün yeni bir sintez mədəniyyəti formalaşdırır: "Film baba ilə nəvənin timsalında iki fərqli baxış bucağının, iki müxtəlif yaş nəslinin Azərbaycan Xalq Cümhuriyyətinə olan oxşar münasibətidir. Hər iki nəsil öz şanlı tarixinə hörmət edir, cümhuriyyət qurucularının əzmkar fəaliyyətini yüksək qiymətləndirir".

Filmin quruluşçu rejissoru Elxan Cəfərov isə Cümhuriyyətlə bağlı ekran işi hazırlamağın qürurverici və böyük məsuliyyət tələb edən iş olduğunu qeyd edib. Rejissor bu filmin çəkilişinin ona həvalə edildiyi üçün olduqca şad olduğunu bildirib.

"Veysəloğlu" şirkətlər qrupunun Biznesə dəstək üzrə baş direktoru İlqar Nuri isə qeyd edib ki, təmsil etdiyi şirkət iqtisadi sahədə fəaliyyət göstərməsinə baxmayaraq, korporativ sosial məsuliyyət məsələsinə də ciddi önəm verir, ictimai fəaliyyətlərlə də məşğul olur. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzaladığını xatırladan şirkət nümayəndəsi hesab edir ki, bu cür fəaliyyətlərdə təkcə dövlət qurumları yox, eyni zamanda, qeyri-dövlət təşkilatları, özəl şirkətlər də çıxış etməli, ümummilli məsələlərdə xüsusi fəallıq nümayiş etdirməlidir: "Təsadüfi deyil ki, ölkənin paytaxtı Bakı ilə yanaşı, bölgələrdə və xaricdə biz bu cür silsilə tədbirlərin keçirildiyinə şahidlik etdik. Bu mənada, "Veysəloğlu" şirkətlər qrupu da prezidentin müvafiq sərəncamına uyğun olaraq, fərdi təşəbbüslərlə çıxış edib, Cümhuriyyət qurucularıyla bağlı kitab və filmin ərsəyə gəlməsinə nail olub".

Daha sonra çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı ekran işini yüksək qiymətləndirib, Cümhuriyyət dövrü və xadimlərinin əzmkar fəaliyyəti ilə bağlı görülən hər bir işin alqışa, diqqətə layiq olduğunu bildirib.

Çıxışlardan sonra film nümayiş etdirilib.

Qeyd edək ki, filmdə baş rolun ifaçısı Azərbaycanın xalq artisti Rasim Balayevdir.

Ceyhun ABASOV

 





01.06.2018    çap et  çap et