525.Az

Tiflisdə mərasim, Gəncədə şənlik, Bakıda təşviş


 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİ İLİ ELAN ETMİŞDİR

Tiflisdə mərasim, Gəncədə şənlik, Bakıda təşviş <b style="color:red"></b>

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

(Əvvəli ötən şənbə saylarımızda) 

TİFLİSDƏ MƏRASİM, GƏNCƏDƏ ŞƏNLİK, BAKIDA TƏŞVİŞ 

1918-ci ilin may günlərində Tiflisdə və Zaqafqaziyada cərəyan edən tarixi əhəmiyyətli hadisələr haqqında yazılanlar da çoxdur, təhriflər və uydurmalar da az deyil. O dövrün mətbuat orqanlarında dərc olunmuş yazıları diqqətlə nəzərdən keçirib müqayisə etdikdə, qalmış az-çox arxiv sənədlərilə tanış oiduqda, həmçinin həmin hadisələrin fəal iştirakçısı olmuş şəxslərin təəssürat və xatirələrini oxuduqda belə bu mənzərəni bütün dəqiqliyi ilə aydınlaşdırmaq o qədər də asan olmur. Bu, mənim təəssüratımdır. Məlumdur ki, 1918-ci ilin mayında Tiflisdə Azərbaycan dilində mətbuat orqanı nəşr olunmurdu. Rus, gürcü və erməni dillərində isə xeyli qəzet çıxırdı. Gürcü tarixçiləri 1918-ci ilin mayında ölkədə baş vermiş hadisələrdən əsasən aşağıdakılan mühüm hesab edirlər: 1) 1918-ci il mayın 11-də Batumda Almaniya, Türkiyə, Zaqafqaziya, Şimali Qafqaz və Dağıstan nümayəndə heyətlərinin iştirakı ilə sülh konfransının açılışı; 2) Mayın 14-də Gürcü Milli Şurasının “əksinqilaba” qarşı mübarizə məqsədilə alman silahlı qüvvələrinin dəvət edilməsi barədə qərari; 3) Mayın 17-də Abxaziya və Suxumun bolşeviklərdən azad edilməsi; 4) Mayın 26-da Zaqafqaziya Seyminin öz səlahiyyətlərinə xitam verməsi və Gürcü Milli Şurası tərəfindən müstəqil Gürcüstan Respublikasının elan edilməsi, N.Ramişvilinin hökumət başçısı təyin edilməsi.

Bakıda ana dilində nəşr olunan yenanə gündəlik “Hümmət” qəzeti bu xəbərləri Tehrandan aldığı teleqrama əsaslanaraq oxucularına belə təqdim edildi. İtalyan, ingilis, fransız və amerikan konsulları 26 mayda Tiflisdən çıxdılar. Amerika və Fransa konsulxanasını və rəiyyətlərini mühafizə etmək vəzifəsi İran general konsuluna tapşırılmışdır. Ayın 26-da Seym özünü buraxılmış elan etdi. Zaqafqaziya hökuməti düşdü. Gürcüstan özünü müstəqil elan etdi. Zaqafqaziyanın müsəlman əhalisi olan yerlərində də (quberniyalarında da) dəxi ayrılmaq istənilir”.

“Hümmət” qəzetinin mayın 27-də Tiflisdən aldığı və dərc etdiyi “Gürcüstan istiqlalının elanı” sərlövhəli xəbərdə deyilirdi:

“Zaqafqaziya Seymi qapanandan sonra, dvoretsin (canişin sarayının - Ş.H.) Ağ zalında Gürcü Milli Komitəsinin üzvləri Jordaniyanın sədarəti altında bir iclas yapdılar. Jordaniya öz nitqində Gürcüstan istiqlaliyyətini təbrik edərək dedi ki, gürcü milləti özünün keçmiş padşahlıq zamanında Gürcüstan nahiyəsində olan sair millətlər nümayəndələri ilə gözəl əlaqədə bulunduqları kimi indi də o gözəl məsləki təqib edəcəklər...”

Göstərdiyimiz kimi, gürcülər alman qoşunlarını yardıma dəvət edib öz müstəqilliklərini elan etdilər. Bunu nəzərə alan Azərbaycan nümayəndə heyəti də Batum danışıqlarında Türkiyə tərəfinə eyni xahişdə bulunmuşdu. “Hümmət” qəzetində dərc olunmuş bir yazıda (№89) göstərilirdi ki, Batuma qaçqınlar məsələsinə nəhayət vermək üçün getmiş doktor Xosrov bəy Sultanov Tiflis qəzetlərindən birinə verdiyi müsahibədə demişdir ki, “mənimlə bərabər Şərqi Zaqafqaziya camaatının vəkilləri də vardı ki, müsəlman olan yerlərə bolşeviklər ilə mübarizə etmək üçün türklərdən kömək istəyim. Türklər cavab verdilər ki, bizim gəlməyimiz Zaqafqaziya hökumətinin xahiş və tələbindən asılıdır. Zaqafqaziya hökuməti isə Türkiyə qonşusunda olan müsəlmanların mühafizə edilməsini özünə müqəddəs vəzifə hesab edir”. Sonra yazıda oxuyuruq: “Türklərin gəlməsi anarxiyanı yatırıb ermənilərlə münasibətin yaxşılaşmasına xidmət edəcəkdir. İndilikdə bu nəticələr görünməkdədir. Məsələn, Gəncə quberniyasında Nuru paşanın əmrinə görə ermənilərin dağılmış qaçqınları öz yerlərinə qayıdırlar. Ağdam və Bərdədə indi ermənilər vardır, hansı ki, qabaqca yox idi. Bundan belə məlum olur ki, qüvvətli bir hökumət lazımdır ki, ixtişaşı yatırsın...”

“Hümmət” qəzeti 18 iyun tarixli 92-ci nömrəsində Tiflis mənbələrinə istinadla “Nazim paşa Gəncədə” sərlövhəli yazı dərc etmişdi. Məlumdur ki, mayın 28-də təşkil olunmuş Fətəli Xan Xoyskinin başçılıq etdiyi Azərbaycan hökuməti iyunun əvvəllərində Tiflisdən Gəncəyə gəldi. Hökumətdən əvvəl Gəncəyə gələn türk qoşunlarının Gəncədə necə qarşılanması qəzetdə belə təsvir edilirdi: “İyunun 12-də müsəlmanlar ermənilərə ultimatum verdilərki, silahları verin. Vaxt keçən kimi top atəşi açıldı. Ermənilər ağ bayraq qaldırıb təslim olublar. Türk və gəncəli əsgərləri tərəfindən erməni hissəsi işğal olundu... Şəhərdə rahətlikdir... Nazim paşa qabaqca Gəncəyə gələrək camaat tərəfindən təntənəli surətdə istiqbal edilmişdir. Vağzaldan şəhərə kimi xalçalar döşənərək hər yerdə izdiham var idi. Musiqi dəxi çalınırdı.

Nazim paşa nitq edərək demişdir ki, sizi təbrik edirəm. Çoxdan bəri Türkiyənin sizlərə qovuşmaq arzusu bu gün hasil oldu. Bu gün mənim viladətimin (anadan olmağımın) ikinci günüdür.

İndi 15 gündür ki, biz bütün zəhmətlərə mütəhəmmil olaraq (qatlaşaraq) sizləri görmək üçün İstanbuldan çıxmışıq...

Məsciddə çox təntənəli duaxanlıq oldu. Nazim paşa piyada olaraq şəhərdə gəzməyə başladı. Camaat dəxi onunla bərabər gedirdilər. Sonra Nazim paşanı onun üçün hazırlanmış evə apardılar...

Hal-hazırda Nazim paşa Nuru paşa ilə bərabər kəndlilər arasında təbliğat edirlər... Camaat onları milli mahnılarla qarşılayırlar”.

Azərbaycan istiqlalını və xalqın istiqlal savaşına qardaşlıq köməyinə gəlmiş türk ordusu hissələrini böyük ruh yüksəkliyi və sevinclə qarşılayan gəncəlilərin əksinə olaraq Bakıda möhkəm yuva salmış bolşevik-daşnak güruhu, xəyanətkar qüvvələr çox böyük təşviş içində idilər. Onlar Bakını əldən verməmək üçün hər cür xəyanət və cinayətə əl atırdılar. Bolşeviklərin əsas ümidi Sovet Rusiyası idi. Maraqlıdır ki, hümmətçilərin “Əxbar” qəzeti müsəlmanlara qarşı çevrilmiş mart qırğınından sonra sosialist adı ilə fəaliyyət göstərən daşnakları və onlarla birgə hərəkət edənləri ifşa edərək “Qurd tələyə düşüb” sərlövhəli çox qısa bir xəbərində yazırdı: “Müsəlmanlar arasında xəbər dağıdıldı ki, “Adə, vaxsey bütün rus, erməni sosialistləri yalandan sosialistlərdir, ancaq müsəlman sosialistləri anlamaz olduqlarına görə ürəkdən millətlərə məhəbbət edirlər. Məsələn, baxın Şaumyana o gizlində daşnak-sakandır, üzdə bolşevik...”

Tarix öz işini görürdü. Əgər gürcülər almanlara arxalınırdılarsa, daşnaklar Qərb dövlətlərinə, birinci növbədə ingilislərə ümid bəsləyirdilər. 1918-ci ilin avqustunda ingilis hərbi hissəsinin irandan Bakıya gəlişi belə daşnakları və Azərbaycan istiqlalı düşmənlərini xilas etmədi. 1918-ci il sentyabrın 15-də Bakı bolşevik-daşnak və milli xəyanətkarlardan xilas edildi. Müstəqil Azərbaycanın üçrəngli bayrağı ölkənin əbədi paytaxtında dalğalanmağa başladı.

Professor Herbert Yanski 1938-ci ildə Berlində işıq üzü görmüş “Azərbaycan istiqlalı” məqaləsində yazırdı ki, “1918-ci ildə rus əsiri olan türklər üçün bir istiqbal açıldı; həsrətini çəkdikləri hürriyyətə qovuşacaqlardı. Müstəqil bir dövlətin təməlini quran ilk türk yurdu Azərbaycan idi”.

28 mayın həqiqi tarixi qiymətini anlamaq və vermək üçün ən azı uzun müddətdən sonra belə o dövrün tarixi şəxsiyyətləri səviyyəsində düşünmək, milli qeyrət və namus sahibi olmaq gərəkdir. Ümid gələcəyədir! 

İSTİQLAL BAYRAMI 

Mayısın 27-də daha şəhər bayraqlar ilə müzəyyən edilmişdi. Hər kəsdə bir təlaş görünməkdə idi. Paytaxtımızın yuxarı his-sələrində belə alaqapı qayrılmaqda idi. Küçələr boyu məftillər çəkilərək əlvan fanuslar, rəgbərəng bayraqlar asılırdı. Türk ətfalı da işbu bayramın əzəmətini, hörmətini düşündüklərindəndir ki, bir gün əvvəl rəsmi keçidə hazırlanırdılar. Kağız papaqlar, taxta silah-lar hazırlanır, dalanlarda təlimat yapılırdı.

Gözlənilən 28 Mayıs günəşi tülu etdi. Artıq paytaxtın bəzəyi on qat artmışdı. Sokak boyu aşağı-yuxarı baxacaq evlərdən üç rəngli, hilallı, ulduz nişanlı bayraqların yellənməsi insanın qəlbində fərəh oyadırdı.

Yaşıllıqlar ilə bəzənmiş balkonlardan asılmış qiymətli xalılar, ipək örtüklər, “Yaşasın istiqlal!”, “Yaşasın Azərbaycan!” yazılı bayraqlar millətdə ruhi-vətən və millət məhəbbətini layi-qincə göstərirdi.

Marşurut qərarı üzrə məktəblərin çocuqları buradan Məclisi-Məbusan (parlaman) qarşısına getməli idi. Bazar küçəsi ipək parçalar, xalılar və rəngbərəng bayraq ilə bəzədilmişdi.

Məclisi-Məbusan bir gün əvvəldən istiqlal bayramı libası geyinmişdi. Damında elektrikdən “Yaşasın istiqlal!” şüarı yazıl-mış, böyük qapısı üstündə məşhur türk nəqqaşı Əzim Əzimzadə tərəfindən yazılmış istiqlal embleması elektrik lampaları ilə bə-zənmişdi. İşbu rəsm olduqca mənalı və calibi-diqqət idi. Bir gün əvvəl buradan keçənlər biixtiyar durub rəsmə baxır, gözəlliyini və manidar olduğunu tanımadığı başqa bir tamaşaçıya söyləyirdi.

Bu rəsmdə Azərbaycanın tarixi nümunələri mahiranə bir surət-də təcəmmö etmişdi: Qız qalası üzərində üç rəngli Azərbaycan bay-rağı, Suraxanıdakı tarixi Atəşgədə, sentyabr müharibəsində xəsarət almış Yanar Dağ...

Digər tərəfə minarələrində ay-ulduz rəkz edilmiş, Xan məscid-lərini tülu etmiş, istiqlal günəşi işıqladır. Zanbaq kimi istiqlal səmasında Vətən, İstiqlaliyyət və Məhəbbət nişanı, mülk bütün Azərbaycan üzərində üç rəngli hilal-ulduzlu “Yaşasın istiqlal!” şüarlı bayrağı tutmuşdu.

Həqiqət işbu rəsmi-şayan təhsin idi.

Bələdiyyə idarəsi də bayraqlar içində idi. Bir sözlə, bay-raqlar, bayraqlar! Yaşıl ot, əlvan parçalardan alaqapılar bəzədil-miş idi. Küçəyə çıxan balkon elektrik ilə çıraqban edilmişdi. Şəhər bağı və bulvarda da bələdiyyə idarəsi tərəfindən alaqapılar bəzənib hesabsız milli bayraqlar asılmışdı. İçəri şəhərdəki bütün məscidlərin minarələri başında milli bayraqlar rəkz edilərək elektrik ilə çıraqban edilmişdi. Xan sarayları üzərində də milli bayraqlar asılmış, məşhur Qız qalası çıraqban edilmişsə də üzə-rində iki böyük bayraq rəkz edilmişdi.

Təzəpir camei çıraqban edilmiş, bayraqlar asılmışdı. Bütün paytaxtdakı minarələr elektrik ilə tənvin, milli bayraqlar ilə təzyin edilmişdi.

Dövlət binaları, nazirliklər, xüsusilə Daxiliyyə nazirliyi olduqca qəşəng bəzənmişdi. Bulvardan Daxiliyyə nazirliyinə bax-dıqda ay-ulduza bürünmüş işıqlı, bəzəkli bir qala kimi gözə çarpırdı. Bulvar qarşısındakı hesabsız bayraqlar ilə müzəyyən qayıqlar paytaxtı salamlayaraq böyük bayram ilə təbrik edirdilər.

Saat 9 radələrində Məclisi-Məbusan qarşısında izdiham qələbəlik bir dərəcədə idi ki, artıq keçməyə yol tapmaq namümkün idi. Bütün o dairədəki evlərin damları, pəncərə və balkonları tamaşaçılar ilə dolmuş idi. Damda qoşa zurna çalınır. Qarşıdakı balkonda məşhur tarzən Şirin, məşhur xanəndə Cabbar Qaryağdı oğlu çalıb oxuyurdu.

Saat 10 radələrində mədən dairələrindən “Müsavat” və “Hümmət” firqələri tərəfindən təşkil edilmiş fəhlələr bayraq və musiqi ilə gəldilər. “Hümmət” firqəsinin bir çox al və milli bayraqları ilə bərabər embleması, “Müsavat”ın bir çox bayraq və embleması aralığı təzyin edirdi. Bir az keçmədən minlərlə məktəb şagirdləri havada kiçik milli bayraqları yelləyərək “Yaşasın!” sədaları ilə dairəyə gəldilər. Ətfalın səsləri asimanə bülənd olurdu. İzdiham da çocuqların sədalarından cünbişə gələrək “Yaşa!” - deyə onlara qoşuldular. Tam 15 dəqiqə işbu kütleyi-əzim “Yaşasın!” sədaları, əl şıqqıltıları bütün ətrafı gumbuldatdı. Bələdiyyə idarəsi qarşısından tutmuş Məclisi-Məbusan dairəsi, Parapet bulvarı, dövlət dairəsi tamaşaçılar ilə xıncaxınc idi.

Dəstə-dəstə mini-mini çocuqlar antik xalılarda taxta silahlar ilə ağır topxanaları ilə əlam bir əsgər kimi marş oxuyaraq gəzirdilər...

Bir az keçmədən “Müsavat”ın bəzəkli avtomobili, türk mürət-tiblərinin avtomobili dairəyə gəldi, türk mürəttibləri doğrudan da “əntiqə” bəzənmişdilər. İçərisində iki hürufat kassası qoyulmuş, iki nəfər mürəttib iş əlbisəsində cümlə yığır...

Bir az keçəndən sonra Məclisi-Məbusan qarşısında M.Ə.Rəsulzadə cənabları kürsiyi-xitabətə çıxaraq xalqın alqışları altında bir nitq irad edərək camaatı milli böyük bayram və bəx-tiyarlıq ilə təbrik etdi: “Bizim düşmənlərimiz, azadlıq və istiqla-liyyətimizi gözləri götürməyən rəqiblərimiz deyirlər ki, Azərbaycan istiqlalını xanlar, bəylər elan etmişlər. Xalq onu istəmir. İştə camaat, bugünki izdiham, bugünki bəşaşət istiqlaliyyətin xanlar deyil, bəylər deyil, xalq tərəfindən elan edildiyini düşmənlərimiz artıq görsünlər” (Xalqın alqışları altında nitqinə xitam verir). Ondan sonra başqa natiqlər də nitq etdilər...

“Azərbaycan”, 1 həziran (iyun) 1919, №192

HƏŞƏMƏTLİ BİR GÜN

(MÜSAVAT MƏSLƏKİNİN ELANİ-ZƏFƏRİ) 

28 Mayıs

Üç boyalı bayraqlara örtülmüş dər və divar, rəngin və zəngin xalılarla bəzənmiş pəncərə və balkonlar, sokakları doldurmuş təmənnak gözlər, mütəbəssüm çöhrələr, göylərə inikas edən elektrik ziyalı lampalar, Parlaman qarşısında məhşəri-kübrayı andıran o on minlərcə qəfalı izdiham, hürriyyət meydanında Şollar suyunun bir sərinlik nəşr edərək yüksəklərə fışqıran fəvvarəsi yanında sərbəstliyi bəsait olaraq duran əskərlər, əskərlərin hökumət rəisi təbrikinə müqabil “Yaşa! Yaşa! Yaşa!” deyə böyük meydanı dolduran möhtəşəm sədaları və bu sədaya bir inikas olaraq yerdən, göydən, hər yandan qopan alqışlar, küçələrdə gəzişən izdihama ağ çarşaflarilə lətif hüsn və şairanə bir məna verən xanımlar, musiqi tərənnümatına qovuşan “Yaşasın!” sədaları, natiqlərin same ilə bərabər qəlblərə verdigi həyəcan və təhsislər, türk mətbəə işçilərinin tarix təbaəti, aktyorlarımızın da ələlümum mazimizi canlı bir surətdə təşhirlə paytaxt küçələrini gəzişmələri, “kiçik” əskərlərin “böyük” toplar və “son sistemli” tüfənglə rəfilə etmələri, daha nələr, nələr - iştə İstiqlal Günü paytaxtımızın aldığı mənzərənin səthi bir surətdə çizilən xütuti-əsliyəsi...

Bakı tarixinin bəlkə də bu ana qədər qeyd eləmədigi bu böyük gündə bir çoxları kəndi-kəndilərinə:

Əcəba, bu uykumudur!? - diyordular.

Əvət, bu Azərbaycan tarixinin ən böyük həqiqətini təşkil edən gün o qədər xariqüladə idi ki, uykuya bənziyordu.

Fəqət bu həqiqəti bundan iki sənə əqəll Mayısın 28-də şənglər yapan xəlq bugünki kibi təsəvvür və xəyal etməmişdisə də, Azərbaycan şüarını ortaya atan firqəmiz istiqbalda böylə bir günə malik olacağımızı heç şübhəsiz ki, təsəvvür eləmişdi.

Müsavatçılar üçün bu gün ikili bayramdır. Milli bayram - fikir bayramı!

Bundan bir sənə əvvəl ümum fəlakət və anarşi içində olaraq millət vəkilləri tərəfindən elan olunan istiqlal, etiraf etməlidir ki, xəlqimizdə böyük bir hissiyyat və ümid oyatmıyor, hər kəs onu bir növ məcburiyyətlə qəbul ediyordu. Fəqət bir sənə sonra fikri-istiqlalın nə dərəcədə ümumi və milli olduğunu görüyoruz.

Görüyoruz ki, bundan bir sənə əvvəl Tiflisin bir guşəsində qalan Azərbaycan müməssilləri nə böyük bir vəzifəyi nə qədər hüsni-ifa etmişlər və millətin istədigini nə dərəcədə doğru olaraq dərk eləmişlərdir.

Mayısın 28-də istiqlal bayramını qeyri-qabil təsvir bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstər-dilər ki, istiqlaldan əl çəkmiyəcəklər və bütün cahangirlərə dedilər ki:

- İstiqlal xanların, bəylərin, ağaların degil Azərbaycan xəlqinin, bütün millətin amalı, ən müqəddəs idealıdır.

Böylə bir hissiyyata malik olan millətin həqqini hər kəs tanımalı, bu milləti bu qədər sevdigi hürriyyət və istiqlalını müda-fiə üçün mübarizə edə bilər bir halə qoymalıdır.

Növzadi-istiqlal bir yaşına çatdı. Möhtəşəm İstiqlal bayramı ilə bu növzad artıq süddən ayrıldı. Parlaman məbuslarından birisinin dedigi kibi “dili xörəyə dəyən uşaq artıq süd yeməz!”

Azərbaycan milləti artıq əsarətə getməz!

Yaşasın Azərbaycan!

M.Ə.Rəsulzadə

”İstiqlal” qəzeti,

31 mayıs 1919, №17

Dər - qapı
Rəngin - gözəl, lətif
Mütəbəssim - gülümsəyən
Məhşər - qələbəlik
Kübrayi - ən böyük
Səfbəstə - sıraya düzülmüş
Same - eşidən
Təşhir - şöhrətləndirmə
Rəbi - uca, yüksək
Əqəll - daha az 

NƏ BÖYÜK BAYRAM! 

Azərbaycan türkləri bu gün ilk dəfə olaraq böyük bir bayram saxlıyorlar.

İstiqlal bayramı!

Bundan bir sənə əvvəl Zaqafqasiyanın müqəddəratını həll üçün Tiflisə toplanmış olan müsəlman vəkilləri tarixin öylə bir anına təsadüf eləmişlərdi ki, yüz sənəlik dövrü-əsarətə yalnız yüksək bir amal nəticəsi deyil, eyni zamanda zəruri bir ehtiyac kibi xatimə vermək məcburiyyətində qalışlardı.

Əvət, Zaqafqasiya millətləri bilməcburiyyə elani-istiqlal etmişlərdi.

Bilməcburiyyə elani-istiqlal!

İstiqlalımıza düşmən olanlar bu iki “məcburiyyət” və “istiqlal” sözlərinin bir araya toplanmasını “ictimai ziddin” qəbi-lindən ədd etməklə, Zaqafqasiya cümhuriyyətlərinin qeyri-təbii olduqlarını isbat etmək istərlər.

Fəqət bu mülahizə zahirdə doğru görünsə də, batində öylə degildir.

Bir növzadın məsimeyi-madərdən xilas olub da dünyaya gəlməsi heç şübhəsiz bir vəqei-istiqlaldır. Qadının vəzi-həmlinə digər təbirlə bizdə “azad olmaq” deyirlər. Halbuki bu “azadlıq” eyni zamanda, bir zərurəti-təbiiyyə, bir məcburiyyətdir.

Öylə bir məcburiyyət ki, həyati-aləm ona bağlıdır!

Zaqafqasiya “Seym”inin elani-istiqlalə məxsus olan günündə “kadet” firqəsi nümayəndəsi “Seym” əzalarının o gün vəzifələrinin ağırlığından duyduqları hissiyyata tərcüman olaraq, hər kəsi özü kibi təsəvvür edərək: “Bakınız sanki “Seym” bir möhtəzirin başı üstündə durmuşdur” - dediyinə müqabilən bən: “Əfv edərsiniz, bu iztirab və əndişə bir möhtəzirin deyil, bir ləhvisənin* başı üstündə görülən iztirabdır”.

Zaqafqasiya ləhvisəsinin “azad”lığı çox müşkilatla olmuşdu. Çünki birdən üç növzad doğmuşdu:

Gürcüstan, Azərbaycan və Ermənistan!

Hər növzad kibi istiqlal dəxi can kibi sevildigi halda canan kibi cəfakardır. Bir növzad paydar olub kəndi başına dolanır bir adam oluncaya qədər ata və anasına nə əndişələr, nə qəmlər, nə qüssələr verməz!

İştə eyni iztirabları, eyni qüssə və dərdləri, fəqət bununla tovəm olan sevinc itminanları biz keçən sənəyi istiqlalda keçirmədikmi?..

Mart hadisati-əliməsinin bir nəticəsi olaraq davam edən Bakı əsarəti, Şamaxının bu dəfə yer altındakı məvadi - bir kaniyyədən degil, insanların fitrətindəki şərarətdən mütəzərrər olub da, xak ilə yeksan olması; Osmanlı türk qardaşlarımızın son ümidsizlik dəmində yetişib də bizi düşmənlərdən xilası; Bakının istirdadı, sonra ingilislərlə bərabər Biçeraxov və sairələrinin gəlişi ilə hasil olan iztirab və əndişə, Parlamanın mütəntən surətdə açılması, Azərbaycan ordusunun vürudi, Qarabağ, Naxçıvan, Lənkəran məsələ-ləri, Dağıstan faciəsi, nəhayət bugünkü şənliklər - iştə bir sənəlik həyati-istiqlalın xof ilə ümid arasındakı iztirab və imtinan dəqiqələri!

Hər nasılsa növzadımız bir yaşına çatdı.

Bu bir ilin ərzində azərbaycanlıların maddətən verdikləri qurbanlara müqabil qazandıqları yalnız xaricin bizi müstəqil bir millət kibi tanımaya doğru və göstərdigi bəzi təmayülat degil, ən böyük şeyi fikri-hürriyyət və istiqlalın artıq milli bir fikir olduğu keyfiyyətidir.

Bundan iki sənə əvvəl biz türkçülər Azərbaycan şüarını böyük güldəstənin zəngin bir gülü kibi təsəvvür etdikdə, yalnız rus kadetləri ilə sosialistlərindən degil, öz kadetlərimizlə sosia-listlərimizdən dəxi müqabilə görüyorduq.

Bir sənə sonra bütün firqələr bunu bir zərurət kibi qəbul edərək Azərbaycan istiqlalının elanına iştirak etdilər. Bu gün isə hər kəs onu bir mövhibə kibi qarşılayıb bir amal və bir ideal kibi alqışlayır!

Bu alqışlar yalnız siyasi firqələrin nümayəndələrindən degil, ağac tüfəngləri ilə “iləri, iləri!” - deyə sokakları dolaşan gənclərlə “Azərbaycan əsgərini” yaşar gözləri və “Allah bəd nəzərdən saxlasın” duası ilə ötürən cəmaətdən, nəşeyi-istiqlalı dərk etmiş xəlqdən gəliyor.

Bundan altı ay əvvəl Azərbaycan Məclisi-Məbusanın açıldığı gün “Bir kərə yüksələn bayraq bir daha enməz!” - demişdim.

O zaman, içində bulunduğumuz zaman o qədər müşkül və o qədər pərxöf idi ki, yüksəltdigimiz bayrağı pək də yüksək qaldıramıyor, onu yalnız Parlaman binasına münhəsir etdirib də “müdara” göstərmək məcburiyyətində qalıyorduq.

Bu məcburiyyətdən mütəəssir olan bəzi bədbinlər “hanı - ya bir kərə yüksələn bayraq, bir daha endiriləməz!” - diyordunuz, diyordular!

İştə qoy bugünkü gün milli bayraqlara boyanmış Azərbaycan paytaxtı o kibi bədbinlərin qəlbini təsfiyə etsin!

Bir sənəlik həyat həqiqətən də göstərdi ki: bir kərə açılmış livai-hürriyyət bir daha bükülməz!

Doğrudur ki, bu gün yüksəltdigimiz istiqlal bayrağını endirməgə, açdığımız livai-hürriyyəti bükməyə çalışan düşmənlər var. Bu düşmənlər bu gün hər tərəfdən bizə pusu qurmaqda, bizi təhdid etməkdədirlər.

Fəqət bir tərəfdən millətimizin gündən-günə artan əzmi-millisinə, istiqlal və hürriyyəti yolunda sabit qalacağına, digər tərəfdən də nə desələr-desinlər, dünya üzərində təsirsiz qalmayacaq milliyyət fikri-müəzzəminin bilaxirə elani-zəfər edəcəginə inanmaqla, bu tarixi-millimizdə misli namüsəyyur böyük bayramla yekdigərimizi təbrik edəlim də, inanalım ki, bir yaşına çatmış növzadi-istiqlal təhlükəli qranlarını keçirir.

Bir kərə yüksələn livai-istiqlal, bir daha enməz!

M.Ə.Rəsulzadə
”Azərbaycan”, 28 Mayıs 1919, №190

Növzad - yeni doğulmuş
Möhtəzir - can verən
Mövhibə - hədiyyə, bəxşiş
Müdara - zahirdə dostluq göstərmə
Təsfiyə - saflaşdırma
Liva - bayraq
Müsəyyir - hərəkətə gətirilən 

TÜRKİYƏ MƏSƏLƏSİ 

Həlli gözlənməkdə olan dünya məsələləri arasında bizi ən çox əlaqədar edən ana məsələlərdən biri yox, bir neçəsi heç şübhəsiz ki, Türkiyə məsələsidir.

Türkiyə məsələsi heç bir zaman biz azərbaycanlılar üçün ürəgimizin ən nazik pərdələri ilə hiss olunur bir məsələ halından xaric olmamışdır.

Aləmi-islamın hər zamanda kəndi daha həssas, daha rəqiq və daha həyəcanlı olaraq duyduğu bir məsələ bizim üçün həm türk, həm də azərbaycanlı olmaq etibarilə daha incə və daha müəssir bir duyğu və qayğı halını iktisab eləmişdir.

Biz qəddar düşmən əlində biaman düşüb də “Ay haray, imdad!..” deyə bağırdığımız pək ümidsiz bir zamanda “harayımıza” çatan “dil və din” qardaşlarımızın əndişəli günlərini nasıl duymaz burada Bakı xilasında şəhid düşən qazilər və orada İstanbulu müdafiə üçün sinələrini sipər edən fədailərin eyni bir vəzifə, eyni bir ümid və məqsəd yolunda ölə bildiklərini nasıl unuturuz?!.

Antantanın Azərbaycan istiqlalını təsdiqi xəbəri yas içində bulunan İstanbulda bir toy kibi tələqqi edilmiş, istiqlalımızı təs-diq günlərində yapdığımız şənliklərdə İstanbulun türklərdən alınacağına aid çıxarılan xəbərlər xəlqimizdə toy içində bir yas təsiri hasil etdirmişdi.

Təbiidir ki, kəndisilə bu dərəcədə mərbut bulunan bir məsələyə Azərbaycan əfkari-ümumiyyəsi heç bir zaman laqeyd qalamaz. Bu xüsusdakı qeydkeşligini Azərbaycan əfkari-ümumiyyəsi ilə bərabər vəziyyəti-siyasiyyəmizin münasib bir şəkildə olmaq üzrə məhafili-siyasiyyəsi dəxi münasib gördükcə bəyan eləmişdir.

Bakının türklərdən alınacağı xəbəri Azərbaycanda nə kibi bir təsir hasil edərsə, İstanbulun türklərdən alınacağı xəbəri də - daha ağır demək istəməsək - hər halda eyni təsiri hasil edər. Öylə də İzmirin yunanlara təslimi, Naxçıvanın ermənilərə təslimindən az tələqqi olunamaz.

Azərbaycan xəlqinin - türklük, müsəlmanlıq əlaqəsi bir yanda - sadə həqpərvərligi və insani düşüncəsi belə bu qədər məkfinəti-mətanət və mərdlik göstərən əsatürlü türkünü təbiisindən məhrum bir halda görməyi qətiyyən təsəvvür edəməz. Çünki bunu nə hövsələsinə sığdırıyor, nə də vicdani-bəşərə rəva görür.

Çünki o, bütün o alərə rəğmən Anadolu türk qardaşında böyük bir həyat qabiliyyəti görür, bunun dəlili olmaq üzrə də Türkiyənin bugünki halını göstərir “xəstə adam” tələqqi olunan məmləkət bütün talesizliginə rəğmən məğlubiyyətin acı təsirlərinə Rusiyadan da, Avstriyadan da daha ziyadə təhəmmül göstərdi. Qəvami-ictimaiyyəsini dağıtmadı, şirazeyi-binasını pozmadı. Həm həqiqətən də öylə: bütün yoxsulluqlar içərisində bu gün səlahinə sarılı hüquqi-təbiisini təkrar bazusi və son qətrə qanı ilə müdafiəyə mühəyya bir millət görmüyormuşuz?!.

Əvət, bir millət görüyoruz ki, Ərəbistanın kəndisindən ayrılmasına tamamilə razı, fəqət kəndisinin əksəriyyətlə oturduğu yerlərdə kəndi hökuməti, kəndi idarəsi, kəndi hüquqi və kəndi hürriyyəsilə yaşamağa azim!

Bir millət ki, onun bugünki bu həqqi-müddalərinə bütün türk millətləri, bütün aləmi-islam degil, Avropa əfkari-ümumiyyəsinin də qismi-mühimmi bu gün boyun qoymaqda davasını həqli görməkdədirlər.

İştə bir azərbaycanlı nöqteyi-nəzərindən böylə milli bir rabitə və mənəvi bir qüdsiyyətlə tələqqi olunan məsələnin surəti həllinə aid varid olan müxtəlif xəbərlər təbiidir ki, pək ziyadə bir diqqətlə təqib olunur.

Keçən nüsxələrimizdən birisində Türkiyə müqəddəratının İstanbula aid fəqərəsində üç surət həllin təsəvvür olunduğunu yazmışdıq. Bu surətlərdən Türkiyə faidəsinə olan qism həqqində ingilis siyasətinin daha pək inkar olmadığını qeyd eləmişdik. Son posta ilə alınan mətbuat ingilis nöqteyi-nəzərində dəxi bu xüsusda getdikcə kəsbi-vüzuh etməkdə olduğunu göstəriyordu. Nəhayət, axırki günlərdə alınan teleqraflar qəti surətdə göstəriyor ki, İstanbul məsələsi türklərin faidəsinə olaraq həll edilmişdir.

Bu xəbər bittəbii əfkari-ümumiyyə üzərində böyük bir hissi-təsir hasil edəcəkdir.

Fəqət Türkiyə məsələsinin hüsni-həllinə bir müqəddimə ola biləcək bu xəbər daha məsələnin tamamilə müvafiq bir şəkildə həll olunduğunu göstərəməz. Anadolu hərəkati-milliyyəsi yalnız İstanbul məsələsilə iktifa edəmiyor, ortada bir də İzmir məsələsi var, o da həll olunmalı, o böyük haqsızlıq dəxi təshih olunmalıdır.

Bir İstanbul, bir İzmir məsələlərinin fövqündə bir də Anadolu türklügünün həqiqi istiqlalı və iqtisadi inkişafının təmini məsələsi vardır.

Türkiyə əski ərazisindən, Rumelisindən, Misirindən, Tunisindən, Şamından, Hicazından, İraqından, Beynəlnəhrinindən həpsindən keçər, bəşərta ki, Anadolu təkrar kapitalyusyunlara məruz qalmasın, bəşərta ki, artıq qanı, canını kəndi yurduna, kəndi övladına sərf edən türk məhmədcigi yurdunun həqiqi sahibi olsun.

Böylə olursa, o zaman türkün yaralı qəlbi sağala bilər və böylə olursa, o zaman Türkiyənin dostları rahət bir nəfəs çəkib dünyada ədalətin mövcud olduğuna inanırlar! Ümid edəlim ki, böylə olacaq. Çünki türk milləti böylə istiyor, çünki vicdani-bəşəriyyət böylə əmr ediyor!

M.Ə.Rəsulzadə
”İstiqlal” qəzeti, 17 şubat (fevral) 1920, №6

Rəqiq - incə, həssas

(Ardı var)

 





04.06.2018    çap et  çap et