525.Az

Cümhuriyyətin proloqu və epiloqu - Gəncə


 

MİLLİ ƏNƏNƏLƏR BEŞİYİ OLAN GƏNCƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİK TARİXİNƏ MİSİLSİZ SƏHİFƏLƏR YAZMAQLA YANAŞI, CÜMHURİYYƏT DÜŞMƏNLƏRİNƏ QARŞI MÜQAVİMƏTİLƏ DƏ SEÇİLİB

Cümhuriyyətin proloqu və epiloqu - <b style="color:red">Gəncə</b>

20-ci əsrin əvvəllərində şərq aləmində ilk respublikanın yaranması ilə nəticələnən milli-siyasi intibahımızın formalaşmasında Azərbaycan milli ruhunun aynası olan Gəncənin böyük rolu olub.

Həmçinin, dünyadakı mürəkkəb təlatümlər içində qura bildiyimiz, lakin işğala məruz qalan Cümhuriyyətimiz üçün qəmlə bərabər ümidlə dolu vida sözlərini də istilaçıya qarşı üsyanda 12 minədək şəhidinin dili ilə söyləmək bu qədim şəhərin taleyinə düşüb. Beləcə, Cümhuriyyətin başlanğıcında olduğu kimi, sonunda da Gəncə idi.
 
Milli ideyanın təşəkkülü 

20-ci əsrin əvvəllərində Rusiya İmperiyası inqilabi təlatümlər dövrünə qədəm qoyarkən, xalqın taleyini düşünən və bu məqsədlə milli təşkilatlanma zərurətini anlayan Azərbaycan liderləri milli-siyasi tariximizin başlanğıc nöqtəsi sayıla bilən bir aktı gerçəkləşdirdilər. Bu haqda tanınmış amerikalı alim Tadeuş Sviyetoxovskinin (1932 - 2016) aşağıdakı fikirləri olduqca diqqətəlayiqdir:

"Daşnakların ali təşkilatlarının olmasına cavab olaraq, ayrı-ayrılıqda mübarizə aparan müsəlman qrupları öz fəaliyyətlərini koordinasiya etməyə başladılar... "Difai" adlanan bu təşkilat 1905-ci ilin yazında Gəncədə, bununla öz siyasi karyeralarını müəyyən etmiş buradakı tanınan adamların - Şəfi  Rüstəmbəyovun, Ələkbər və Xəlil  Xasməmmədovların, İsmayıl Ziyadxanovun, Nəsib Yusifbəylinin və doktor Həsən Ağayevin təşəbbüsü ilə yaradıldı. Bakıdan onlara Əhməd Ağayev də qoşuldu. Təşkilatın yaranması Gəncənin milli-azadlıq hərəkatının mərkəzinə çevrilməsi demək idi və bu statusunu şəhər gələcəkdə də qorumuş olacaqdı". (Tadeuş Sviyetaxovski. "Russkiy Azerbaydjan". Bax  "Xazar" jurnalı, rus d. №1. 1990.səh.101). Müəllif, həmçinin, "Difai"yə qədər Gəncədə "Qeyrət" adlı milli təşkilatın mövcud olduğunu da qeyd edir.

Müdafiə mənası verən "Difai"nin rəmzi kimi Gəncənin Rəfibəylilər nəslinin nişanı qəbul edilmişdi.

Özünün gizli yaydığı bəyannamələrdə  "Difai" qan tökülmənin əleyhinə olduğunu bəyan edir, lakin erməniləri xəbərdar edirdi ki, onlar tərəfindən ola bilən  zorakılıqlara adekvat cavab veriləcək.

Təşkilat doğrudan da fərdi cəzalandırma aktlarına əl atırdı. Əsasən erməniləri müsəlmanlar əleyhinə zorakılığa təhrik edən çar hərbi və polis çinovnikləri, həmçinin, millətindən asılı olmayaraq ara qızışdıran provakatorlar "Difai"nin qərarı ilə qətlə yetirilmişdilər.  Bir qayda olaraq qərar icra olunduqdan sonra Gəncənin küçə və divarlarında "Difai"nin bu haqda məşhur möhürlü elanları vurulurdu.

T.Sviyetoxovski yazır: "Tatar-erməni müharibəsində yaranaraq, "Difai" özünün əsasən antirusiya fəaliyyəti ilə Şamilin dövründən bəri heç bir təşkilatlanmış müqavimət görməyən bir ölkədə, çar rejiminə çoxillik dilsiz-ağızsız itaəti çatlatmış oldu".

Birinci Dünya Müharibəsinin başlanması ilə Çar Rusiyasında ictimai-siyasi mühit keyfiyyətcə yeni çalarlar almış oldu. İlk mərhələdə burada yaşayan müsəlmanların əksəriyyəti  1914-cü ilin yayında Avstriya-Macarıstan və Almaniyaya müharibə elan etmiş Çar hökumətini dəstəkləyirdilər. Lakin bir neçə aydan sonra Türkiyənin Rusiyaya qarşı müharibəyə girməsi xüsusən azərbaycanlılar arasında birmənalı qarşılana bilməzdi. Azərbaycanın artıq yetkinləşmiş siyasi liderləri tarixi təlatümlərin buradan da yan keçməyəcəyini duyurdular və bu çətin şəraitdə millətin öz taleyinə sahib durması yönündə fəaliyyətlərini artırırdılar. Mütəqillik əldə etmək ideyası Gəncədəki fəalların amalına çevrilmişdi.

Difaiçilərin yaratdığı Gəncə Milli Komitəsi 1915-ci ilin fevralında gizlincə cəbhə xəttini keçərək, Türk komandanı Ənvər paşanın Ərzurumdakı qərargahına gəlmişdi. Məqsəd - tərkibinə Bakı, İrəvan və Gəncə quberniyalarının, eləcə də Terek və Dağıstan vilayətlərinin daxil olduğu Respublikanın (!) yaradılmasına Türkiyənin dəstəyinin təmin edilməsi idi. Lakin hadisələrin sonrakı inkişafı - Türk qoşunlarının 1914-cü ilin noyabrında Qafqaz cəbhəsində uğurla başladığı hərbi əməliyyatın bir neçə aydan sonra məğlubiyyətlə nəticələnməsi bu planın gerçəkləşməsinə imkan vermədi (Bax T. Sv.-ski, göst. mənbə). 

Mənbələrə istinad etdikdə,  Gəncə Milli Komitəsinin ən azı müharibənin ilk aylarından yaradıldığı aydınlaşır. Nağı bəy Şeyxzamanlı özünün "İstiqlal mücadiləsi xatirələri"ndə  " Milli Komitənin 14 nəfər üzvü olduğunu  və idarə heyətinə Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyini yazır.

Komitə hadisələrin gedişini, siyasi şəraitin tələblərini  duyaraq, özünün silahlı dəstələrini də yaratmışdı. Tənəzzülə uğrayan çar ordusunun cəbhələrdən fərar edən  əsgərlərindən silahların müxtəlif yollarla alınıb Gəncəyə göndərilməsi də bu məqsədə xidmət edirdi. İlk vaxtlar Komitənin iki silahlı dəstəsi mövcud idi. Bunlardan biri Nağı Şeyxzamanlının rəhbərlik etdiyi "Gənclik" təşkilatı, digəri Gəncənin addımlı adamlarından olan Sarı Ələkbərin silahlı dəstəsi idi. Çar rejiminin başağrısı olan qaçaq hərəkatının nümayəndələri ( İbrahim, Qənbər və b.), həmçinin  rus əsirliyindən qaçaraq Komitə ilə əlaqə yaratmış türk hərbçiləri (onlardan biri, Hüsaməddin Tuğac idarə heyətinin üzvi idi və o, sonralar Nuri paşa komandanlığı altında Türk hərbi yardımının təmin olunmasında əməli rol oynayacaqdı) də qurumun işinə ciddi yardım edirdilər.

Vuruşan ölkələr içərisində ən çox hərbi və siyasi böhran keçirən Rusiyada 1917-ci ilin fevralında baş verən  inqilabdan sonra çar ordusu hissələrinin daha da sarsılması fürsətindən yararlanan  Gəncə Milli Komitəsi  artıq şəhərdə vəziyyəti tamamilə öz nəzarəti altına aldı. Aparılan tədbirlər nəticəsində burada bir nəfər də olsun rus əsgəri qalmamışdı. Onlar tərksilah edilərək öz evlərinə göndərilmişdi. 

Şübhəsiz, millətin fiziki müdafiəsi ilə yaranmış "Difai"dən və milli özünüdərkin möhkəmlənməsi üçün təcrübə qazandırmış Gəncə Milli Komitəsindən sonra siyasi təkamülün yeni mərhələsi zərurəti yarandı.

Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə, əvvəllər "Difai"ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri - Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyov, Xasməmmədli, Şeyxzamanlı qardaşları və başqaları Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad məramlı bir partiyanın - "Türk Ədəmi-mərkəziyyət firqəsi"nin əsasını qoydular. Buradaca qeyd edək ki, istər lüğəti, istərsə də siyasi mənada "Ədəmi-mərkəziyyət" ifadəsi sərbəstliyi, müstəqil fəaliyyəti, özü-özünə cavabdehliyi bildirən desentralizasiya, qeyri-mərkəziyyətçilik mənasında anlanılmalıdır. Həm də keçmiş difaiçilər öz yeni siyasi partiyalarının adını əvvəllərdən (1906-cı ildən) sıx əlaqədə olduqları Türkiyə Ədəmi-mərkəziyyətçi Liqasının adından götürmüşdülər. Bu liqa İttihad və Tərəqqi uğrunda Gənc Türk Komitəsinin liberal (!) qanadı idi (bax: T.Sviyetoxovski, "Russkiy Azerbaydjan" "Xazar" (rusca) jurnalı, №2, 1990, səh 88). Elə "ədəmi mərkəziyyət" ifadəsinin özü də Avropadan gəlmə "liberalizm"in o vaxtkı türk dilli üslubunda tərcüməsidir. Və azad, sərbəst cəmiyyət qurulmasının ən doğru təxmininin məhz istiqlal və ya muxtariyyət (o tarixi şəraitdə əlbəttə ki, Rusiya üçün federativ quruluş məqbul hesab edilirdi) olduğu partiyanın proqramında vurğulanırdı.

"Türk Ədəmi-Mərkəziyyət firqəsi" öz məqsədləri və proqramı ilə xalqı tanış etmək üçün 1917-ci ilin martında, Novruz bayramı günü Gəncənin Şah Abbas məscidinin önündə izdihamlı mitinq keçirdi. Mitinqdə partiyanın lideri N.Yusifbəyli nitq söyləmiş, ilk dəfə olaraq Azərbaycan anlayışı siyasi mənada işlədilərək "Yaşasın Azərbaycan muxtariyyəti!, Yaşasın Demokratik Respublika!, Yaşasın Türk Ədəmi-mərkəziyyət partiyası!" şüarları səslənmişdi ("Bakı" qəzeti, 12 aprel, 1917-ci il; həmçinin, bax həmin yazı Mövsüm Əliyev-ön söz. M.Ə.Rəsulzadənin "Çağdaş Azərbaycan tarixi" kitabına. Bakı, 1991, səh.9).

Bildiyimiz kimi, 1911-ci ildə Bakıda "Müsavat" gizli partiyasının əsası qoyulmuş və ümumislami xarakter daşıyan ilk məram sənədində adının verdiyi "bərabərlik" anlamına uyğun olaraq müsəlmanların ruslarla hüquq bərabərliyinin təmin edilməsi, həmçinin, "bütün islam dünyasının milli-inqilabi oyanışı və azadlığı uğrunda mübarizə" təşkilatın məqsədləri elan olunmuşdu (bax: "Müsavat" bülleteni, №1(5), 1993. Bakı)

Fevral inqilabının gerçəkləşməsindən sonra Bakıda milli maraqların əsas təmsilçisi "Müsavat" gizli qrup halından kütləvi partiyaya çevrilməsi dövrünü yaşayırdı. T.Sviyetoxovskinin fikrincə, leqal vəziyyətə keçdiyi ilk həftələr ərzində əsasən sıralarını genişləndirməklə məşğul olan "Müsavat"ın rəhbərlərinin, görünür, Gəncədəki siyasətçilərlə iş birliyinə qədər konkret fəaliyyət proqramları yox idi (T.Sviyetoxovski. Göstərilən mənbə, həmin səhifədə).

1917-ci ilin aprelin 15-dən 20-dək Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. N.Yusifbəylinin rəhbərliyi altında Gəncədən olan yenilikci siyasətçilərin fəallığı bu toplantının siyasi ab-havasını müəyyənləşdirirdi. "Azərbaycan ideyasını siyasi bir mətləb" kimi aydınlaşdıran konkret proqrama malik "Ədəmi-mərkəziyyət" firqəsi öz məramına, xüsusən də müsavatçılar arasında  çoxlu tərəfdar toplamış oldu.

Qurultayın yekun sənədində qeyd olunurdu ki, müsəlman xalqlarının maraqlarının təmin olunması Rusiyanın ərazi-federativ prinsiplərə əsaslanan demokratik respublika şəklində qurulması ilə gerçəkləşə bilər. Bu, həmçinin, digər prinsipial məsələlərdə "Ədəmi-mərkəziyyət"lə "Müsavat"ın ümumi mövqeyi bu iki partiyanın birləşmə prosesinin başlanğıcını qoydu. Hər iki partiyanın liderlərinin böyük uğurla iştirak etdiyi 1 may 1917-ci il tarixində Moskvada keçirilmiş Ümumrusiya müsəlmanları Qurultayında muxtariyyət prinsiplərinə dair onların tezisləri çoxluq tərəfindən müdafiə edilərək Qətnamədə əksini tapmış oldu. Uğurlu nəticələrdən məmnun qalan iki aparıcı siyasi təşkilatların liderləri öz məqsəd ümumiliyini nəzərə alaraq birləşmə prosesini gerçəkləşdirməyi qərara aldılar. Həmçinin, hər iki qurultaya sədrlik etmiş görkəmli ictimai-siyasi xadimimiz Əlimərdan bəy Topçubaşov da milli məqsədlər naminə bu iki təşkilatın birləşməsi xüsusunda partiyaların liderləri - M.Ə.Rəsulzadəyə və N.Yusifbəyliyə məsləhət vermişdi.

1917-ci may ayının axırlarında hər iki təşkilatın birləşərək "Türk Ədəmi-mərkəziyyət firqəsi - Müsavat" adlandırılması qərara alındı. İki təşkilatın rəsmi surətdə qovuşması iyunun 20-də birgə Mərkəzi Komitənin yaradılması ilə başa çatdı. Mərkəzi Komitədə Bakı və Gəncə siyasətçiləri bərabər sayda təmsil olunurdular. Xüsusi olaraq qeyd edilməlidir ki, hər iki təşkilatı birləşdirən əsas prinsip - ədəmi-mərkəziyyət, özü də dini deyil, milli əsaslarla adəmi-mərkəziyyət (!) idi ki, siyasi Azərbaycan ideyasının məğzini məhz bu təşkil edirdi.

Petroqraddakı bolşevik çevrilişinin baş verməsindən sonra, oktyabrın 26-dan 31-dək Bakıda "Türk Ədəmi-mərkəziyyət firqəsi Müsavat"ın I qurultayı keçirildi. Toplantı irəlidəki siyasi mübarizədə partiyanın strategiya və taktikasını müəyyənləşdirərək onun yeni proqramını qəbul etdi. Bu sənəd N.Yusifbəylinin başçılığı altındakı siyasətçilərin ədəmi-mərkəziyyət prinsipləri zəminindəki, hələ yaz aylarından siyasi aləmdə və geniş kütlələrdə böyük rezonans və rəğbət doğuran məramnaməsi əsasında tərtib olunmuşdu.

N.Yusifbəylinin və onun qeyri-mərkəziyyətçilik ideyalarının istər azərbaycanlıların milli siyasiləşməsində, istərsə də Azərbaycanın coğrafi - siyasi məna kəsb edərək beynəlxalq arenada "gözə çarpdırılması"nda və nəhayət, xəritədə olmayan yeni bir Azərbaycan Respublikasının yaradılmasında müstəsna rolu olmuşdur. Milli azadlıq hərəkatının görkəmli xadimlərindən  olan M.Ə.Rəsulzadənin aşağıdakı sözlərinə diqqət yetirək: "Azərbaycan ideyasını SİYASİ BİR MƏTLƏB şəklində formulə etmək şərəfi Nəsib bəyindir. O, milli Azərbaycan demokratiyasının yetişdirdiyi elə bir müməssildir (nümayəndə - Z.M.) ki, milli Azərbaycan hərəkatının İSTİQLALA MÜNCƏR OLAN QAYƏSİNİ FORMULƏ ETMƏK  onun adı ilə bağlıdır. Sadəcə bu, Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir isim halına qoymaq üçün kafidir... Müzəffər istiqlal nəslinin ilk yapacağı şürkan vəzifələrdən birincisi SİYASİ AZƏRBAYCANÇILIĞIN (! - Z.M) ilk mübaşirlərindən (qabaqda gedənlərindən - Z.M.) olan Nəsib bəyin adını əbədiləşdirmək və Bakı və Gəncədə ona abidələr tikməkdən ibarət olmalıdır" (M.Ə.Rəsulzadə "İstila qurbanları. Yusifbəyli Nəsib bəy", "Odlu yurd" №3, 27 aprel, 1929. Ankara; Həmçinin bax: həmin yazı "Ədəbiyyat" qəzeti, 22 fevral, 1991).

Beləcə, millətin fiziki müdafiəsindən başlayaraq azad yaşama ideyasına gətirən, "Difai"dən "Ədəmi-mərkəziyyət"əcən keçən bu yol Cümhuriyyətin qurulmasına aparırdı. 

İki il sonra. Cümhuriyyətin xilasına son cəhd 

Cümhuriyyətin 1920-ci ilin aprelin 28-də bolşeviklər tərəfindən faktiki işğalı da təbii ki, mühafizəkar Gəncədə yalnız birmənalı qarşılana bilərdi. Həmin hadisədən bir ay keçməmiş, bolşeviklərə qarşı güclü müqavimətin - təşkilatlanmış, irimiqyaslı silahlı üsyanın baş verməsini də elə yuxarıda dediyimiz milli ənənəçilik amillərilə bağlamaq lazımdır.

Bolşevik istilasına qarşı 1920-ci ilin mayında baş verən Gəncə üsyanı haqda ən mötəbər mənbələrdən biri əlbəttə ki, bu üsyanın bilavasitə iştirakçısı və aparıcı simalarından biri olan Azərbaycan Ordusunun 3-cü Gəncə piyada alayının komandiri polkovnik Cahangir Kazımbəylinin xatirələridir. Qürbətdən Vətənə onilliklərdən sonra gəlib-çatmış bu xatirələrdə Cahangir bəyin, Gəncə üsyanının BAŞLICA SƏBƏBİ kimi, AZƏRBAYCAN XALQININ XARAKTERİNİ  göstərməsi çox diqqətçəkəndir. Doğrudan da yalan və təxribatlar yolu ilə Azərbaycanı zəbt edə bilmiş bolşeviklər, milli xarakteri, ənənələri, dəyərləri nəzərə almadan hər şeyi, necə deyərlər, "sovetləşdirməyə" girişmişdilər.

Buradaca, mühüm bir məqamı vurğulamaq yerinə düşər. Azərbaycanın milli azadlıq hərəkatı, eləcə də Gəncə üsyanı ruslara, rus xalqına qarşı mibarizə deyildi. Bilindiyi kimi, Azərbaycan Cümhuriyyətinin əsasını qoyanların əksəriyyəti rusca təhsil görmüşdü və rus xalqının dəyərlərinə və mədəniyyətinə həmişə rəğbətlə yanaşırdı (Bu material üçün təqdim etdiyimiz fotonun arxasında Cahangir bəyin öz əli ilə yazdığı rusca qeydlər də buna dəlalət edən bir ştrixdir. Yeri gəlmişkən, bu orijinal fotonu azərbaycanlı mühacirlərlə görüşlərində Cümhuriyyətimizin tarixinin yorulmaz araşdırıcılarından olmuş rəhmətlik Xanlar müəllim Bayramov əldə edib və onu 2003-cü ildə bu sətirlərin müəllifinə bağışlayıb). Elə Azərbaycana da Avropa və mədəni dünya dəyərləri Rusiya vasitəsilə gəlmişdi. Mübarizə, hər şeyin üstündən xətt çəkmək istəyən, milli dəyərlərə xor baxan, dağıdıcı xarakterli bolşevizmə, xüsusən erkən sovet təzyiq dalğasına qarşı idi. Heç bir mədəni xalq belə ifrat rejimi qəbul edə bilməzdi.

Bolşevikləri ən çox "kədərləndirən" o idi ki, onlar Azərbaycanda arzuladıqları "sinfi mübarizə"yə rast gəlməmişdilər. Cahangir Kazımbəyli də öz xatirələrində bu fakta toxunaraq, Azərbaycanda xalqın müxtəlif təbəqələri arasında elə də dərin ziddiyyətlərin müşahidə edilmədiyini, millətin əksərən yekdil olduğunu qeyd edir. Bu hal bolşeviklərin maraqlarına cavab vermədiyindən, onlar ziddiyyətləri süni olaraq yaratmağa başladılar. Ziyalılara "bəy", "xan" deyərək, kənd yerlərində isə nüfuzlu şəxslərə rusca "kulak"ın burada daha zorba səslənən bir "tapıntısı" kimi "qolçomaq" adı qoyaraq, onları məhv etməyə girişdilər.

Bolşeviklər Gəncədə əslində, əhali arasında əsl təxribatla məşğul olan bir "Şəriət alayı" da yaratmışdılar. Azərbaycan Ordusunun nizamlı hissələrinin mövcudluğu isə bolşeviklər üçün arzuolunmaz idi. Odur ki, onlar Gəncədəki 1-ci Azərbaycan Divizionunda, o cümlədən, diviziona daxil olan, C. Kazımbəylinin komandanlığı altındakı 3-cü alayda "təftiş" aparmaqla, silahları Qızıl Ordu hissələrinə və "şəriətçilərə" ötürməyə cəhd göstərirdilər. Divizionun komandiri Cavad bəy Şıxlinski artıq vəzifəsindən kənarlaşdırılmış, onun yerinə Qızıl Ordunun bir rus zabiti təyin edilmişdi. Şəhərdə isə başıpozuq "qızıl" əsgərlər qarət və qətllər törədir, sərxoşluq edir, əhalinin milli heysiyyatı ilə oynayırdılar.

Bu dözülməz halın məntiqi nəticəsinin kəskin etirazlar olduğunu vurğulayan C.Kazımbəyli qeyd edir ki,  şəhərdə və onun ətrafındakı "hərbi-siyası vəziyyət bolşeviklərə qarşı çıxış üçün əlverişli idi".

Azərbaycanin ayrı-ayrı bölgələrində də bolşeviklərlə xalq arasında toqquşmalar haqda soraqlar gəlirdi. Digər tərəfdən, Azərbaycanı işğal edən bolşeviklər buradan Gürcüstana müharibə elan etmiş və qüvvələrini bu ölkə ilə sərhəddə çəkmişdilər.

Belə bir şəraitdə, Gəncənin nüfuzlu adamları və Azərbaycan ordu hissələrinin rəhbərləri məşvərətə yığışaraq, üsyana başlamağa qərar verirlər. Həmçinin, Gürcüstan ordusu ilə, eləcə də ordumuzun Qarabağ dəstələri ilə birgə fəaliyyət üçün əlaqə yaratmaq məqsədilə, Tiflisə və Tərtərə də emissarlar göndərilir.

Sonrakı hadisələr sırf hərbi xarakter daşıdığından, onları peşəkar hərbçi polkovnik C. Kazımbəylinin sözügedən xatirələrindən olduğu kimi, iqtibas etmək daha məqsədəuyğundur:

"Mayın 24-də gündüz saat 4-də mən Bağman qəsəbəsində üsyana başçılıq edəcək şəxslərlə müşavirə keçirirəm. Onların arasında bolşeviklərə qarşı, onların gəldiyi andan barışmaz mövqe tutan və sonadək mübarizə aparan Sarı Ələkbər və Qəmbəri qeyd etməliyəm. Müşavirədə qərara alınır ki, onlar hər biri, öz dəstəsilə, Bağman tərəfdən hərəkətə başlayaraq, Gəncə çayını keçəcək və şəhərin erməni hissəsində yerləşmiş Qızıl Ordu hissələrinə hücum edəcəklər...

Saat 6-da bizim batalyon və rota komandirləri ilə müşavirə keçirib, plan qururuq...

İlk atəşlər açılan kimi, şəhərin demək olar ki, bütün kişi əhalisi ələ nə gəldi silahlanaraq, küçələrə çıxır və döyüşən dəstələrimizə köməyə gəlir...

Axşam saat 11-də, özünün bütün komandir heyəti və artilleriyası ilə birgə bütün qırmızı diviziya, eləcə də "Şəriət alayı" tərk-silah edilərək, şəhər həbsxanasına salınır".

Beləliklə, mayın 24-dən 25-nə keçən gecə şəhər üsyançıların əlinə keçir. Bu ilk hücumlarla əməliyyatın birinci hissəsinin gerçəkləşdiyini qeyd edən C. Kazımbəyli davam edərək yazır:

"Növbəti mərhələ yeni, milli hakimiyyət formalaşdırmaq, bolşeviklərlə vuruşan GÜRCÜSTAN ORDUSU İLƏ ƏLAQƏ YARATMAQ, şəhərin müdafiəsini təşkil etməkdir...

Mayın 25-də şəhərdə keçirilən müzakirədə yerli hakimiyyətin təşkili üçün ümumi rəhbərlik general Məmməd Mirzə Qacara, artilleriya hissələrinin təşkili general Cavad bəy Şıxlinskiyə, eləcə də öz alayımın təşkili mənə tapşırılır...

Mayın 26-da təxminən səhar saat 10-da Yelenendorf (indiki Göygöl şəhəri - Z.M.) tərəfdən erməni-bolşevik qüvvələrinin hücumu haqda xəbərlər gəlir. Bu istiqamətdə mövqe tutan 2-ci artilleriya batalyonumuz hücumun qarşısını alaraq, əks hücuma keçir, düşmənə ağır itkilər verir...

Həmin gün Şamxor tərəfdən bolşeviklərin piyada hissələrinin hücumunun da qarşısı alınır. Axşam düşmənin artilleriya atəşləri əks zərbələrlə susdurulur. Mayın 27-də bolşeviklərin yeddi hücumu dəf edilir, düşmənin artilleriya atəşi bütün gün davam edir...

Gürcüstandan və Qarabağ dəstəsindən gözlənilən kömək isə gəlib çıxmır, bolşeviklərin fəallığı artmaqdadır".

C. Kazımbəyli mayın 28-də Azərbaycan istiqlalının elan edildiyi günün ikinci ildönümündə döyüşən Gəncədə təntənəli toplantı keçirildiyini, burada mübarizənin sonadək davam etdirilməsi haqda yekdil qərara gəlindiyini bildirir. Düşmən hücumları isə bütün istiqamətlərdən artmaqda idi. Lakin həmin bayram günü üsyançılar daha cəsarətlə vuruşaraq, düşmənin bütün həmlələrini dəf edirlər.

Bu arada GÜRCÜSTANIN BOLŞEVİKLƏRLƏ SÜLH SAZİŞİ BAĞLADIĞI və bu səbəbdən artıq bu cəbhədə bir nəfər də olsun qızıl əsgərin qalmadığı xəbəri bəlli olur. Bu, GƏNCƏ ÜSYANÇILARI ÜÇÜN FACİƏ DEMƏK İDİ. Bu xüsusda mühüm bir məqama diqqət yetirilməlidir: GƏNCƏDƏKİ ÜSYANA TƏKAN VERƏN SƏBƏBLƏRDƏN BİRİ DƏ BOLŞEVİKLƏRİN AZƏRBAYCAN ƏRAZİSİNDƏN GÜRCÜSTANA MÜHARİBƏ ELAN ETMƏSİ OLMUŞDU. Azərbaycan Cümhuriyyətinin Gürcüstanla DOSTLUQ VƏ HƏRBİ KÖMƏK BARƏDƏ SAZİŞİ var idi. Azərbaycan xalqı ÖZ ÖHDƏLİYİNƏ ƏMƏL EDƏRƏK, DOSTLUQ SAZİŞİNDƏ OLDUĞU GÜRCÜSTANA QARŞI BOLŞEVİK TƏHLÜKƏSİNİN DƏ QARŞISINI ALIRDI. Və təbii ki, gürcülərin də bu sazişə uyğun olaraq Azərbaycandakı üsyançılara KÖMƏK EDƏCƏKLƏRİNƏ ÜMİD EDİLİRDİ. Nə yazıq ki, belə olmadı. Əksinə, GÜRCÜSTAN BOLŞEVİKLƏRLƏ ANLAŞDI.

Gəncədə üsyançıların silah-sursatları tükənməkdə idi.  Lakin güclü müqavimət daha bir neçə gün çəkir. Cahangir bəy yazır:

"... Mayın 31-də və iyunun 1-də düşmənin şiddətli hücumları müdafiəçilər tərəfindən düşmənə böyük itkilər verməklə dəf olunur... Şiddətli düşmən hücumu, şəhərin mühasirə həlqəsinin get-gedə daralması, ardı-arası kəsilməyən atəşlərin gurultusu, rota və partizan dəstələrimizin bir cəbhədən digərinə atılması, döyüş meydanında peyda olmuş silahlı qadınların döyüşçülərimizi ruhlandıraraq, onları sonadək mübarizəyə səsləməsi çox güclü təəssüratlar yaradırdı...

İyunun 2-də vağzal tərəfdən bolşeviklərin zirehli maşın və piyadaları şəhərin mərkəzinə doğru irəliləyir. Vəziyyət bizim üçün çox ağır hal alıb. Geri çəkilmək labüddür. Lakin bunun üçün şəhəri hər tərəfdən dövrələmiş düşmənin mühasirəsini yarmaq gərəkdir...

İyunun 4-də qızğın hücumla bu həlqədi qıra bilirik. Bu istiqamətdən bir neçə saat ərzində sakinlər hərəkətə keçərək, şəhəri tərk edirlər...

İyunun 4-dən 5-nə keçən gecə mən 3-cü Gəncə alayının qalıqlarını buraxdım. Partizanlar da dağılışdılar. Azərbaycan xalqının silahlı etirazı beləcə bitdi..."

Bu etirazla xalqımız öz istəyinin ziddinə olaraq hər hansı bir rejimin ona asanlıqla sırına bilməyəcəyini bir daha sübut etmiş oldu.

Gəncə üsyanı 1918-ci ilin mayında istiqlalını bəyan etmiş millətimizin bu istiqlalı boğmaq istəyənlərin niyyətinə qarşı 12 min nəfərədək qurbanın qanı ilə atdığı etiraz imzası idi. Qanla yazılan isə heç vaxt unudulmur. Bu imza həm də Cümhuriyyətlə vidalaşmaya son sözlər idi. Odur ki, istiqlal tariximizdə həm ilk, həm də son sözün Gəncəyə məxsus olduğunu deyə bilərik. Bu istiqlalın başlanğıcında Gəncə durduğu kimi, ona son xidməti də Gəncə göstərib.

Gəncə

 





05.06.2018    çap et  çap et