525.Az

Media layihəsi çərçivəsində sonuncu təlim


 

Media layihəsi çərçivəsində sonuncu təlim <b style="color:red"></b>

İyunun 5-də "Loqos"un Azadlıq filialında Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" layihəsi çərçivəsində sonuncu təlim keçirilib.
 
"Psixoloji mövzuda yazan jurnalistlərin hazırlığı məsələsi"   mövzusunda keçirilən təlimi yazıçı, jurnalist Pərvin Nurəliyeva və "Loqos"un psixoterapevt Elmir Əkbər aparıblar.

Təlimdən öncə PXTİB-nin icraçı direktoru Leyla Kərimova media layihəsinin əsasnaməsi haqqında  məlumat verib.

"Loqos"un və PXTİB-nin rəhbəri Təranə Məmmədova layihənin yaranma səbəbindən və mahiyyətindən danışıb. Qeyd edib ki, həyatımızın bütün sahələrində psixoloji durumlarla qarşılaşırıq. Bunun üçün cəmiyyətlə bilavasitə münasibətdə olan jurnalistlər insanların və ümumi cəmiyyətin psixologiyasına müəyyən mənada bələd olmalıdırlar. Gənc jurnalistlər arasında keçirilən bu təlimlər də onların psixoloji biliklərinin artırılması məqsədini daşıyır. Layihənin ilk dəfədən böyük uğur qazandığını və peşəkar jurnalistləri özünə cəlb edə bildiyini məmnunluqla vurğulayan T.Məmmədova bu faktın özünün də gələcəkdə layihənin daha da genişləndirilməsində mühüm rol oynayacağına inandığını qeyd edib. Təlimdə iştirak edən ekspert təlimçilərin "Loqos" mütəxəssisləri tərəfindən xüsusi həssaslıqla seçildiyini diqqətə çatdıran rəhbər, onların nəzəri və praktiki təcrübələri sayəsində apardıqları bu təlimlərin iştirakçı jurnalistlərin yaradıcılığında mühüm izlər qoyacağına inandığını da deyib.

Daha sonra mövzu əsasında təlim aparılıb. Yazıçı, jurnalist Pərvin Nurəliyeva çıxışında qeyd edib ki, həyatı, dünyanı və insanları psixologiyadan kənarda təsəvvür etmək mümkün deyil. Bu mənada "Loqos"un təşkil etdiyi layihəni təqdirəlayiq hesab edən təlimçi mərkəzin fəaliyyəti və gördüyü işlərlə mətbuat vasitəsilə izlədiyini qeyd edib: "Mən bir yazıçı, jurnalistdən əlavə, bir insan, pedaqoq və ana olaraq, bu gün "Loqos" kimi insanlarımızın, uşaqlarımızın və eləcə də cəmiyyətimizin psixoloji durumunun qeydinə qalan bir mərkəzin fəaliyyətindən çox sevinirəm və bu gün burda olmaqdan çox məmnunam. Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, insanlar mütləq özlərinin və ətrafının gözlə görüb hiss edə biləcəyi bir problem yaranarkən bu cür mərkəzlərə müraciət etməlidir. Halbuki elə deyil. Psixologiya elə bir sahədir ki, yalnız elm olmaqla kifayətlənmir, ən adi anlarımızdan həyatımızda, dünyada baş verən ən mühüm hadisələrə qədər hər bir yerdə mövcuddur. Buna görə də bu sahəni müəyyən mənada bilmək və həyatımızda tətbiq etmək çox önəmlidir. Bu mənada jurnalistlər və yazarlar daha diqqətli olmalıdır. Çünki onlar bilavasitə insanlarla, cəmiyyətlə işləyirlər və onlara təsir etmə gücünə malikdirlər".

Diqqəti sosial mediaya və sosial şəbəkələrin informasiya ötürücülüyünə çəkən təlimçi burada nəyin deyil, necə yazmağın önəmindən danışıb. Hazırda informasiya yüklü dünyamızda, o cümlədən, ölkəmizdə xəbər saytlarının diqqəti daha çox mənfi yüklü xəbərlər çəkdiyini təəssüflə vurğulayan Pərvin deyib ki, bu xəbərlər belə mümkün qədər mülayim və dəhşət saçmadan çatdırılmalıdır: "Xəbəri çatdırmaqdan çox şey asılıdır. Neqativ yüklü xəbəri iki cür çatdırmaq olar. Birində jurnalist elə yazar ki, onu oxuyan adam qorxuya, ruh düşkünlüyünə düşər, ağır travma alar, sarsıntı keçirər. Həmin oxucunun o xəbərdən aldığı o mənəvi ağrının səbəbkarı bilavasitə həmin jurnalistdir. Bir də elə jurnalist olar ki, həmin xəbəri elə tərzdə yazar, oxucu onu oxuyub təəssüflənər, amma öz həyatına daxil edib psixoloji travmalar yaşamaz.

Son dövrlərdə həqiqəti birbaşa söyləmək tendensiyası yaranıb. Bilən, bilməyən hər kəs həqiqətin müdafiəçisi kimi çıxış edir. Bəli, jurnalistin birinci vəzifəsidir həqiqəti araşdırmalarından və təsdiqini tapdıqdan sonra olduğu kimi ictimaiyyətə çatdırsın. Amma necə çatdırsın? Məsələ də budur.  Hər həqiqət həqiqətdir deyə sərt şəkildə söylənməz. Bayaq da dediyim kimi, jurnalist çatdırdığı informasiyaya mülayimlik qatmağı bacarmalıdır.

Hərdən deyirlər ki, insanlarımız bayağı yumorlara da gülürlər. Mən bunun üzərində çox düşündüm və məni qane edən bir cavab tapdım. İnsanımız gülməli olmayan bir şeyə də niyə gülür? Çünki haqqında danışdığımız media onun onsuz da məişət, ailə, həyat qayğılarıyla yüklənmiş çiyinlərini bir də bu bəd xəbərlərlə o qədər yükləyir ki, insan azacıq yumor olan hər şeyə gülür və bununla bir növ stress atmış olur. İnsanımız sanki gülüşə acdır və özü özünə gülmək üçün bəhanə yaradır".

Psixoterapevt Elmir Əkbər də mövzuyla bağlı düşüncələrini bölüşüb. Pərvinin fikirlərinə əlavə olaraq deyib ki, insanların psixologiyasına təsir edən əsas faktorlardan biri sənətdir. Məsələn, oxuduğu kitab, izlədiyi film, dinlədiyi musiqi bilavasitə insanın altşüuruna təsir edərək onun psixologiyasını formalaşdırır. Hətta bu faktdan müxtəlif ölkələr bir-birinə qarşı açdıqları psixoloji savaşlarda da istifadə ediblər Buna görə də insan şüurlu şəkildə özü özünü yönləndirməli, daha səviyyəli, onun ruhunu, mənəviyyatını qidalandıran sənət əsərləri ilə təmasda olmalıdırlar.

İştirakçıların intiharla bağlı maraqlandıqları sualı cavablandıran psixoloq deyib ki, heç zaman intiharların nədən və niyə, harada daha çox baş verdiyini müəyyənləşdirmək olmaz. İntihar insanın özünün daxili aləmi və psixoloji durumu ilə bağlı qərardır. Heç bir intiharın səbəbi bizim bəzi jurnalistlərimizin göstərməyə çalışdıqları qədər bəsit ola bilməz. İnsan beyni, hissləri o qədər qarışıq müxanizmdir ki, heç zaman onun haqqında konkret və ümumi söz demək mümkün deyil.

Daha sonra təlimçi və psixoloq jurnalistlərin mövzu üzrə suallarını cavablandırıblar. Təlim müzakirələrlə davam edib.

Şahanə MÜŞFİQ

 





07.06.2018    çap et  çap et